Azərbaycan İslam dünyasının bir parçasıdır
Rəsmi Bakı müsəlman ölkələri ilə sıx əməkdaşlığı xarici siyasətin əsas prioritetlərindən hesab edir
Qətər dövləti Fars körfəzində eyniadlı yarımadada (Ərəbistan yarımadasının şərq hissəsi) yerləşir. Ərazisi 22 min kv km, əhalisi təxminən 600 min nəfərdir.
Qətər XVII əsrin əvvəlindən Birinci Dünya müharibəsinədək Osmanlı imperiyasının tərkibində olub, 1914-cü ildə Britaniyanın nəzarətinə keçib. 1971-ci ilədək Britaniyanın protektoratı olub, həmin il sentyabrın 1-də müstəqillik əldə edib. 70-ci illərdə Fars körfəzi ölkələrində başlanan neft bumu Qətərdə də özünü göstərib. Qərb, o cümlədən ABŞ sərmayəsi ilə ölkə iqtisadi sıçrayışa nail olub. Hazırda OPEC-in 11 üzvündən biri olan Qətərdə gündəlik neft istehsalı təxminən 1 milyon barreldir (ildə 55-60 milyon ton). Müqayisə üçün deyək ki, Azərbaycanda bu həcmdə neft istehsalı 2008-ci ildə gözlənilir.
Qətər dövlət quruluşuna görə monarxiyadır. Hələ Osmanlı idarəçiliyi dövründən ölkədə al Tani sülaləsi hakimiyyətdədir. Müasir Qətər neftin gətirdiyi böyük zənginliyin bariz nümunəsidir. Paytaxt Dohə gözəlliyi, ultramüasir göydələnləri ilə körfəzin ən cəlbedici şəhərlərindəndir.
Qətər regionda ABŞ-ın əsas müttəfiqlərindəndir. Birləşmiş Ştatların Fars körfəzindəki hərbi komandanlığı burada yerləşir.
Ölkənin rəsmi dili ərəb dili olsa da, ingilis dili də işlək ünsiyyət vasitəsidir. Media (o cümlədən ingilis dilində) yüksək inkişaf edib. Məşhur "Əl-Cəzirə" televiziyası isə ərəb dünyasının CNN-i sayılır.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Qətər dövlətinin əmiri şeyx Həməd bin Xəlifə Al Taninin dəvətilə bu ölkəyə rəsmi səfər edib. Bu, İlham Əliyevin dövlət başçısı postunda ərəb ölkəsinə ilk ziyarəti idi.
Müstəqilliyini bərpa edəndən sonra sivil, dünyəvi dövlətçilik kursunu uğurla davam etdirən, inkişaf etmiş Qərb ölkələri ilə tərəfdaşlığını dərinləşdirən Azərbaycan, eyni zamanda İslam dünyasının bir parçası olduğunu heç zaman gözardı etmir və qardaş müsəlman ölkələri ilə də əməkdaşlığını genişləndirir. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ilk xarici səfərləri sırasında İrana və Səudiyyə Ərəbistanına (1994-cü ilin yayında) səfərlər etmişdi.
İslam dövlətləri ilə əməkdaşlıq Azərbaycan üçün təkcə iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından deyil, həmçinin ölkəmizin haqq səsinin dünyaya çatdırılması, beynəlxalq müstəvidə Qarabağ probleminə ədalətli münasibətin formalaşması üçün vacib amildir. Öz növbəsində bütövlükdə İslam dünyası, o cümlədən müstəqilliyimizi 1991-ci ilin dekabrında tanıyan və ölkəmizi sıralarına qəbul edən İslam Konfransı Təşkilatı bu illər ərzində hər zaman Azərbaycanın haqq işini dəstəkləyib.
Prezident İ.Əliyev müsəlman ölkələri ilə sıx əməkdaşlıq xəttini uğurla davam etdirir. Dövlət başçısının 2004-cü ilin martında Qazaxıstana və Özbəkistana rəsmi səfərləri, həmçinin Pakistan (iyul) və İran (avqust) prezidentlərinin ölkəmizə səfərləri bunun bariz nümunəsidir.
Azərbaycan prezidentinin Yaxın Şərq və Fars körfəzi regionunun mühüm ölkələrindən olan Qətər əmirliyinə səfəri də iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Qətər rəhbərlərinin apardığı danışıqlarda bu məsələ geniş müzakirə olunub.
Prezident İ.Əliyevi öz ölkəsində görməyindən məmnunluğunu ifadə edən Həməd bin Xəlifə Al Tani Azərbaycanla Qətər arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. O ümidvar olduğunu bildirib ki, Azərbaycan prezidentinin səfəri iqtisadi və digər sahələrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək.
Qətər əmirinin sözlərinə görə, Azərbaycanın Dohədə səfirliyinin açılması, xarici işlər nazirlərinin, habelə iş adamlarının qarşılıqlı səfərlərinin təşkili ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə real töhfə verə bilər.
Öz növbəsində prezident İ.Əliyev ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlər olduğunu vurğulayaraq zəngin və böyük maliyyə imkanlarına malik olan Qətərin Azərbaycanda bir sıra iqtisadi layihələr həyata keçirməsinin mümkünlüyünü qeyd edib. Prezident Qətərdə Azərbaycan səfirliyinin açılmasının nəzərdə tutulduğunu, eyni zamanda, iki ölkə nazirlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə iqtisadi komissiyanın yaradılması üçün addımlar atılacağını deyib.
Dövlət başçısı Ermənistanın Azərbaycana təcavüzünə toxunaraq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyini açıqlayıb. Prezident beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və İslam Konfransı Təşkilatında bu məsələnin müzakirəsi zamanı həmişə ölkəmizin mövqeyini dəstəklədiyinə görə Qətərin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə vurğulanıb ki, Qətərin Azərbaycanda müəyyən sahələrə sərmayə qoymaq imkanları var və bu, tərəflərin müvafiq dövlət qurumlarının iştirakı ilə reallaşdırılmalıdır. Azərbaycandan müxtəlif sahələr üzrə mütəxəssislərin, o cümlədən həkimlərin, idman mütəxəssislərinin işləmək üçün Qətərə dəvət olunması barədə şifahi razılıq əldə edilib. Sonra hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Danışıqlardan sonra "Əmiri-divan" sarayında Azərbaycan-Qətər sənədləri imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Qətər əmiri Həməd bin Xəlifə Al Taninin iştirak etdiyi mərasimdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında anlaşma, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan və Qətər xarici işlər nazirlikləri arasında anlaşma memorandumu, Azərbaycan və Qətər arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, iqtisadi-ticarət və texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. Sənədlərə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov və Qətər baş nazirinin birinci müavini, XİN başçısı Həməd bin Casim bin Cabir Al Tani imza atıblar. İki ölkənin milli olimpiya komitələri arasında əməkdaşlıq memorandumunu isə Azərbaycan MOK-un baş katibi Ağacan Abiyev və Qətər XİN başçısı imzalayıblar.
Səhiyyə və idmanla bağlı imzalanmış sənədlərdə Azərbaycan mütəxəssislərinin Qətərə dəvət olunması və yerli mütəxəssislərin hazırlanmasına kömək göstərməsi nəzərdə tutulur. Qeyd edək ki, 2005-ci ildə keçiriləcək ərəb ölkələri çempionatında və 2006-cı ildə Asiya ölkələri çempionatında çıxış edəcək Qətər öz idmançılarının yaxşı hazırlaşmasını təmin etmək baxımından milli olimpiya komitələri arasında imzalanmış memoranduma böyük əhəmiyyət verir və bu sahədə Azərbaycanın idman mütəxəssislərinin təcrübəsindən bəhrələnmək niyyətindədir. Xarici işlər nazirlikləri arasında imzalanmış sənəd isə digər qurumların əməkdaşlığa cəlb olunması sahəsində çərçivə mexanizminin yaradılması məqsədi daşıyır.
Azərbaycan prezidenti səfər çərçivəsində Dohədə İslam Konfransı Təşkilatının (İKT) gələn ilin yanvarından fəaliyyətə başlayacaq yeni baş katibi Ekmələddin İhsanoğlunu onun xahişi ilə qəbul edib. Görüşdə Azərbaycanla İKT arasında əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Dekabrın 1-də səhər Azərbaycan rəhbərinin Qətər dövlətinin başçısı ilə daha bir görüşü olub. Görüşdə bu səfərin Azərbaycanla Qətər arasında iqtisadi-siyasi və digər sahələrdə əlaqələrin möhkəmlənməsi üçün zəmin olduğu, münasibətlərin genişləndirilməsindən ötrü bütün imkanlardan istifadə edilməsinin zəruriliyi bir daha vurğulanıb.
Bununla da prezidentin Qətərə rəsmi səfəri başa çatıb və dövlət başçısı Bakıya qayıdıb.
Müsəlman ölkələrinin gəncləri
Bakıda bir araya gəldilər
İKT ölkələri gənclər təşkilatlarının
Baş Assambleyası təsis edilib
Dekabrın 1-3-də "Gülüstan" sarayında İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin gənclər təşkilatlarının Baş Assambleyasının təsis yığıncağı keçirilib.
Forumun keçirilməsi barədə təşəbbüsü 2001-ci ildə Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası irəli sürmüşdü. Ötən müddət ərzində forumla bağlı hazırlıq işləri görülmüş, İKT ölkələri xarici işlər nazirlərinin cari ilin iyununda İstanbulda keçirilən iclasında Baş Assambleyanın Bakıda çağırılması haqqında qərar qəbul edilmişdi.
Forumda İKT-yə üzv olan 57 ölkədən 35-nin, o cümlədən Türkiyə, İran, İraq, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Misir, Əlcəzair, Liviya, Qazaxıstan, Qırğızıstan, Bosniya və Hersoqovinanın nümayəndələri iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, gənclər, idman və turizm naziri Əbulfəs Qarayev, Küveyt Vəqflər və İslam İşləri Nazirliyinin nümayəndəsi Adil əl-Fəlah, Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının prezidenti Nədim Qaya və başqaları forum iştirakçılarını salamlayıblar.
Natiqlər İslam dövlətlərinin gənclər təşkilatının yaradılmasının əhəmiyyətini vurğulayıblar. Vahid strukturda birləşməyi və öz problemlərini birgə həll etməyi qarşısına məqsəd qoyan gənclər başlanmış işin bütün məsuliyyətini başa düşdüklərini nəzərə çatdırıblar.
Çıxışlarda qeyd olunub ki, hazırda dünyada 1 milyarddan çox müsəlman yaşıyır, onların yarısı 15-30 yaşlı gənclərdir. Bildirilib ki, yaradılacaq qurum müsəlman dövlətlərində gəclərin problemlərinin həlli və islami dəyərlərin dünyada təbliği istiqamətində səylərini əsirgəməyəcək.
Eyni zamanda vurğulanıb ki, belə mötəbər forumun Bakıda keçirilməsi ölkəmizin İslam dünyasında nüfuzunun yüksəldiyinə sübutdur. Azərbaycan nümayəndələri forum iştirakçılarının diqqətini Qarabağ münaqişəsinə yönəldərək bu problemlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında İslam dövlətlərinin gənclər təşkilatlarının rolunu önə çəkiblər. İştirakçılar "dəyirmi masa"lar keçirərək, yeni təşkilatın başlıca vəzifə və məqsədlərini müəyyənləşdiriblər. Forumun sonunda İKT ölkələri gənclər təşkilatlarının Baş Assambleyası təsis edilib, qurumun nizamnaməsi və proqramı qəbul edilib, təşkilatın rəhbər heyəti seçilib.
|