Xəzərin sahilindəki qanunsuz tikililər söküləcəkmi?
Dəniz kənarının 130 metrlik zolağında yerləşən
binaların ləğvi məsələsinə münasibət müxtəlifdir
Xəzər dənizinin mövcud ekoloji durumu və Abşeron yarımadasındakı çirkli ərazilərin təmizlənməsi hökumətin əsas vəzifələrindən birinə çevrilib. Ötən həftə Bakıda keçirilən Xəzər Ekoloji İnvestisiya Forumunda da belə bir fikir xüsusi vurğulanıb ki, Xəzərdə və dənizsahili ərazilərdə çirklənmənin qarşısı təcili alınmalıdır. Çünki Xəzərdə baş verən ekoloji fəsadlar dənizdə bioresursların məhvinə, ümumiyyətlə isə Abşeron yarımadasında ekoloji tarazlığın pozulmasına səbəb olur.
Təəssüf ki, həm hökumət, həm də yerli və beynəlxalq ekoloji təşkilatlar problemin həllinə dair konsepsiyalar işləyib hazırlasalar da, hələlik bu sahədə ciddi irəliləyiş nəzərə çarpmır. Budəfəki araşdırmamızda isə bilavsitə Xəzərin ekoloji mühitinə təsir edə biləcək vacib bir məsələdən - ölkə başçısının fərmanının necə icra olunmasından danışacağıq.
Artıq "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında" prezidentin 13 yanvar 2003-cü il tarixli sərəncamından iki ilə yaxın vaxt ötür. Lakin apardığımız araşdırmalardan da məlum olur ki, sözügedən sərəncam nəinki icra olunmayıb, hətta onun fundamental tələbləri pozulub. Belə ki, sərəncamın imzalandığı ilk aylarda Xızı, Dəvəçi və Siyəzən rayonlarında, habelə Sumqayıt şəhərinin Xəzərə yaxın ərazilərindəki tikililərin sökülməsinə başlanılıb. Lakin sərəncamda adları çəkilən ayrı-ayrı nazirliklər bəzi tikililərin sökülməməsi, onlardan başqa məqsədlər üçün istifadə olunması ilə bağlı təkliflər irəli sürüb.
Nazirlər Kabinetindən isə "Bizim ƏSR"ə bildiriblər ki, Xəzər sahilindəki tikililərin siyahısının hazırlanması prosesi hələ tam başa çatdırılmayıb: "Çünki Xızı, Dəvəçi, və Siyəzəndən fərqli olaraq Bakı və Sumqayıt şəhərlərinin dənizkənarı ərazilərindəki tikililərin siyahısı hökumətə təqdim olunmayıb. Amma müvafiq qurumlar hökumətin tapşırığı əsasında sahilyanı zonalarda yerləşən bu cür obyektlərin sayını müəyyənləşdirməklə məşğuldur".
Qeyd edək ki, artıq Neftçala, Lənkəran, Xaçmaz, Abşeron, Xızı, Dəvəçi və Siyəzən rayonları ərazisində söküləcək tikililərin siyahısı hazırdır və indi həmin binaların kimə məxsus olması da, demək olar ki, müəyyənləşib. Siyahıda qeyd olunan tikililərin sayına gəlincə, adı çəkilən rayonlarda belə tikililərin sayı 2 min 500-ə yaxındır. Bundan başqa, bəzi dövlət müəssisələri də var ki, onlar da sahil zolağındakı tikililərin siyahısını hazırlayaraq Prezidentin İcra Aparatına və Nazirlər Kabinetinə təqdim ediblər. Gənclər, İdman və Turizm Nazirliyinin (GİTN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə hazırladığı birgə siyahı Nazirlər Kabinetinə təqdim olunsa da, sonradan həmin sənədlər də ümumi siyahıya daxil edilmək üçün NK-ya göndərilib. Hökumət isə Xəzər sahilinin 130 metrlik zolağında yerləşən tikililərin hamısını sökmək fikrində deyil.
Sahilyanı ərazilərdəki tikililərlə bağlı ən maraqlı təklif isə GİTN-dən gəlib. Hələ ötən ilin əvvəllərində GİTN-in Turizm Baş İdarəsində yaradılmış xüsusi komissiya sahilboyu əraziləri altı zonaya bölməklə geniş araşdırmalar aparıb. Nəticədə isə əvvəllər fəaliyyət göstərən pansionatların, istirahət mərkəzlərinin, habelə daşınan əmlakın yerləşdiyi ərazilərdə turizm üçün yararlı ola biləcək tikililərin sökülməməsi daha məqsədəuyğun hesab edilib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) isə bildiriblər ki, ölkə başçısının sözügedən sərəncamında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı xeyli işlər görülüb. Ötən iki il ərzində dəniz sahilinin 130 metrlik zolağında yerləşən torpaq sahələrindəki bütün tikililərin inventarlaşdırılması başa çatdırılıb. Həmçinin sahilboyu torpaq sahələrində vaxtilə ayrı-ayrı şəxslərin qanunsuz inşa etdiyi bağ evləri və digər obyektlərin bir qismi sökülüb. Bundan başqa, hüquqi və fiziki şəxslərə icarəyə verilmiş obyektlərin də tamamilə sökülməsi, yaxud başqa məqsədlər üçün istifadə olunması nəzərdə tutulub. Lakin Nazirlər Kabinetində aparılan araşdırmalar başa çatmadığından, bu işin geniş şəkildə həyata keçirilməsi ləngiyir.
Qeyd edək ki, müvafiq qurumların bir araya gələ bilməməsi də sərəncamın icrasını ləngidir. Amma dəniz sahillərinin abadlaşdırılmasında marağı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə sözügedən sərəncamla bağlı müvafiq tədbirlər planı hazırlayıb. Həmin plana əsasən, ərazidəki qanunsuz tikililər sökülməklə yanaşı, neftlə çirklənmiş sahələr də təmizlənməlidir. Lakin hökumət maliyyə vəsaiti ayırmadığından sözügedən tədbirlərin icrası ləngiyir. Nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə müxbirimizlə söhbətində bildirib ki, həmin tədbirlərin bir hissəsi yaxın vaxtlarda Dünya Bankının ayırdığı vəsaitlər hesabına reallaşacaq. Görüləcək işlər arasında sahilboyu ərazilərdə Milli Parkın yaradılması və neftlə çirklənmiş torpaqların təmizlənməsi də var. Sərəncamda nəzərdə tutulan digər tədbirlər isə müvafiq qurumlarla birgə kompleks şəkildə həyata keçirilməlidir.
Xəzərin çirklənməsi səbəblərindən danışan R.Səttarzadə bildirib ki, dəniz suyundakı tullantıların təxminən 1,5 faizini neft məhsulları təşkil edir. Neftin dənizə axmasının əsas səbəblərindən biri isə sovet dövründə konservasiya olmuş və hazırda dəniz suyu altında qalmış quyularda baş verən sızmadır. Bundan başqa, neft quyularının düzgün istismar edilməməsi dənizi, eyni zamanda Abşeron yarımadasını da karbohidrogen qalıqları ilə çirkləndirib.
O qeyd edib ki, hazırda Abşeronda təxminən 30 min hektara yaxın neftlə çirklənmiş torpaq sahəsi var. Bunun təxminən 20 faizə qədərində neft torpağın 1 metrdən çox dərinliyinə hopub. Problemin aradan qaldırılması üçün Azərbaycanda ən böyük sutəmizləyici qurğu sayılan "Hövsan" stansiyasında yenidənqurma işləri aparılacaq. Sahil zolağındakı tikililərin sökülməsi isə müvafiq nazirliklərin iştirakı ilə hökumət səviyyəsində həll olunmalıdır.
E.SALAHOV
Mənzil sertifikatları buraxılacaq
Bununla, vətəndaşlar yeni tikilən mənzili əvvəlcədən alarkən güzəşt əldə edəcəklər
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkə vətəndaşları üçün maraqlı və sərfəli olan yeni sənəd hazırlayıb. Komitə sədri mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi haqqında əsasnaməni təsdiq edib. Sənədə əsasən, mənzil tikintisi ilə məşğul olmaq istəyən sahibkarlar öncə mənzil sertifikatları buraxa bilərlər. Birjada satışa çıxarılacaq həmin sertifikatları alan şəxslər orada göstərilən mənzillərin sahibinə çevrilirlər. Bu, həm də maliyyə çatışmazlığının həlli deməkdir.
Qeyd edək ki, hazırda tikinti şirkətləri binaların təməli qoyulandan mənzilləri satmağa başlayırlar. Evlər sahəsindən asılı olaraq qiymətləndirilir və bəzən müqavilə, bəzən də şifahi razılaşma əsasında alıcılar tapılır. Bina hazır olandan sonra həmin müqavilələr və ya sövdələşmələr əsasında mənzillər öz sahiblərinə təhvil verilir. Bu prosesi daha asan və hüquqi baxımdan etibarlı etmək məqsədilə QKDK mənzil sertifikatları buraxmağı qərara alıb.
Bəs mənzil sertifikatlarının əhəmiyyəti nədir? Ev tikməklə məşğul olan sahibkar əvvəlcədən müştəri və pul toplamaq məqsədilə bir binadakı mənzillərin sayı qədər sertifikat buraxır. Onların qiymətini də həmin şəxs özü müəyyən edir. Sertifikatların hər birində mənzilin ünvanı, sahəsi, otaqların sayı, bir sözlə, bütün müqavilə şərtləri göstərilir. Eyni zamanda mənzilin texniki və istehlak göstəriciləri, təhvil verilmə vaxtı dəqiq şəkildə əksini tapır. Tikinti şirkətinin sahibi həmin sertifikatları gələcək mülkiyyətçilərə satır. Bir nüansı qeyd edək ki, sertifikat vasitəsilə mənzillərin alınması bazar qiymətlərindən ucuz başa gələcək. Burada mənzillər qabaqcadan alındığı üçün onların gələcək sahiblərinə müəyyən güzəştlər edilir. Məsələn, əgər hazırda yeni tikilən binalarda 2 otaqlı mənzil 30 min dollara satılırsa, mənzil sertifikatı əldə etməklə eyni evi 20-25 min dollara almaq olar. Mənzillər hazır olduqda vətəndaşlar əvvəlcədən aldıqları sertifikatları sahibkara təqdim edərək evi və onun qeydiyyat vəsiqəsini (kupça) əldə edirlər. Beləliklə, həmin şəxs sertifikatla yeni mənzilə sahib olur.
Digər maraqlı məqam odur ki, mənzil sertifikatları indiki müqavilələr kimi tanışlar arasında dövr etməyəcək, birjada satışa çaxarılacaq. Bu zaman sahibkarla alıcı arasında heç bir şifahi razılaşma aparmaq mümkün olmayacaq. Ancaq mənzil alverçiləri burada kifayət qədər qazanc əldə edə bilərlər. Belə ki, onlar birjadan bir neçə və ya onlarla mənzilin sertifikatını alaraq bir müddətdən sonra hazır mənzillərə sahib ola bilərlər. Çünki qanunvericilikdə bununla bağlı heç bir məhdudiyyət yoxdur. Sonradan onlar həmin evləri ayrı-ayrı vətəndaşlara bazar qiymətinə sataraq divident əldə edəcəklər.
Bundan əlavə, mənzil sertifikatlarının üstünlükləri də mövcuddur. Bu haqda məlumat verən QKDK-nın Borc Bazarının Tənzimlənməsi və Girov Əməliyyatlarının Uçotu Departamentinin rəisi Əzim Abbasov bildirib ki, həmin sertifikatlar qiymətli kağız hesab olunur və mütləq QKDK-da dövlət reyestrinə daxil edilməlidir. Bundan sonra qüvvəyə minən sənədi sahibi sata, bağışlaya, geri qaytara və ya girov qoya bilər. Qeyd edək ki, hazırda banklar ipoteka kreditlərinin verilməsində maraqlıdırlar, lakin bu sahədə qanunvericilik və işlək mexanizm olmadığından həmin gəlirdən məhrum olublar. Ancaq mənzil sertifikatları girov obyekti kimi mühüm əhəmiyyətli sənəd olduğundan, banklar onlarla işləməyə maraq göstərəcəklər. Ə.Abbasov mənzil sertifikatlarını girov qoyaraq bankdan kredit alan zaman üçtərəfli müqavilənin bağlanmasının da mümkünlüyünü istisna etməyib. Onun sözlərinə görə, kredit verilərkən sertifikat sahibi ilə bank rəhbəri arasında bağlanan müqaviləyə təminat vermək məqsədilə tikinti şirkətinin təmsilçisi də imza ata bilər.
Qeyd edək ki, mənzil sertifikatları təkcə evlərin tikintisində deyil, digər yaşayış və qeyri-yaşayış obyektlərində istifadə edilə bilər. Bu təcrübə Azərbaycanda yeni olsa da, qonşu Rusiyada bir neçə ildir tətbiq olunur. Artıq bu ölkədə hökumət də belə sertifikatlar buraxır. Zəlzələ, qəza və digər fövqəladə hallarda bu təcrübə xüsusilə önə çəkilir. Həmin hadisələr zamanı mənzilləri dağılan, ciddi zədə alan, qəza vəziyyətinə düşən sakinlər müvəqqəti yaşayış yerinə köçürülməklə yanaşı, mənzil sertifikatları da əldə edirlər. Ə.Abbasov Azərbaycanda da belə təcrübənin müsbət effekt verəcəyinə əmindir. Məsələn, uzun illərdir mənzil növbəsi gözləyən əlilləri mənzil sertifikatı ilə təmin etmək olar.
İ.XANLARQIZI
|