#48(1025) ARENA
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Region

Dünya

Sərbəst

Araşdırma

İş həftəsi

Kriminal

Mədəniyyət

Cəmiyyət

Ədəbiyyat

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

ARXİV
    DEKABR 2004    
B.e Ç.a Ç. C.a C. Ş. B.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Pley-offa vəsiqə qazandıq

Qadın həndbolçulardan ibarət milli yığma komandalar arasında 2005-ci il dünya çempionatının qrup təsnifat yarışları başa çatıb. Bu mərhələni uğurla dəf edən Azərbaycan həndbolçuları ilk dəfə dünya birinciliyinin pley-off mərhələsinə vəsiqə qazanıblar.
Valeri Pevnitskinin başçılıq etdiyi yığmamız DÇ-nin finalına vəsiqə uğrunda İsveçrə, Yunanıstan, Portuqaliya, İtaliya və Bolqarıstan komandaları ilə eyni qrupda mübarizə aparıb. Komandamız ilk matçda Bolqarıstan komandasına qalib gələrək turnirə uğurla başlayıb. Yeri gəlmişkən, yığmamız bu oyunadək bolqarlarla üç dəfə qarşılaşsa da, görüşlərin heç birində rəqibinə üstün gələ bilməmişdi.
Start oyunundakı qələbədən sonra yaranan yaxşı əhval-ruhiyyə ikinci turda qızlarımıza dayaq ola bilməyib: həndbolçularımız Portuqaliya kollektivinə məğlub olub. Bu nəticə yığmamızın yarışların bu mərhələsini qrup birincisi kimi başa vurmaq şansını azaldıb.
Üçüncü turda İsveçrə millisi üzərində qazanılan qələbə həndbolçularımızın növbəti mərhələyə çıxmaq imkanlarını xeyli yaxşılaşdırıb. Amma növbəti turda Yunanıstana qarşı matçdakı heç-heçə yığmamızı DÇ-nin finalına aparan yolda əngəl ola bilərdi. Çünki komandamızın növbəti mərhələyə çıxması üçün son turda qələbə qazanması kifayət deyildi. Müvəffəqiyyət qazanmağımız üçün eyni zamanda Portuqaliya həndbolçularının Bolqarıstan yığmasına üstün gəlməsi də tələb olunurdu. Ancaq hər şey bizim üçün yaxşı qurtarıb. Portəgizlər sonuncu turda da meydançanı qalib kimi tərk edərək yığmamızın qarşısında "yaşıl işıq" yandırıblar. Azərbaycan həndbolçuları isə İtaliya komandasına qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanıblar.
Komandamızın qrup seçmə mərhələsində keçirdiyi bütün görüşlərin nəticələri və yekun turnir cədvəli ilə tanış olun:
Azərbaycan - Bolqarıstan - 28:21
Azərbaycan - Portuqaliya - 22:25
Azərbaycan - İsveçrə - 26:17
Azərbaycan - Yunanıstan - 24:24
Azərbaycan - İtaliya - 32:22
Bir daha xatırladırıq ki, seçmə komandamız DÇ-nin final mərhələsinə vəsiqə uğrunda üçüncü dəfə mübarizə aparırdı. Millimiz 1997-ci və 2003-cü illərdə DÇ-nin seçmə təsnifat yarışlarında iştirak etsə də, uğur qazana bilməmişdi.
Pley-off mərhələsində həndbolçularımızın rəqibi dekabrın 19-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək püşkatma mərasimindən sonra bilinəcək. Yalnız pley-off mərhələsini uğurla keçən kollektivlər DÇ-nin 2005-ci il dekabrın 5-dən 12-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək finalında çıxış etmək hüququ əldə edəcək.

"Azərreyl" qələbə yürüşünü davam etdirir

Qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirində ölkəmizin şərəfini layiqincə qoruyan Bakının "Azərreyl" klubu ardıcıl dördüncü qələbəsini qazanıb.
Gələn həftə, daha doğrusu, dekabrın 7-də Bakıda İtaliyanın "Sont Orsola Asistel" klubuni qəbul edəcək Faiq Qarayevin yetirmələri qrupun liderini müəyyən etməlidirlər.
"B" qrupunda çıxış edən voleybolçularımız dördüncü turda səfərdə Serbiya və Çernoqoriyanın "Srvena Zvezda"sı üzərində inamlı qələbə qazanıb - 3:0 (25:19, 26:24, 25:13). Komandamız birinci setdə xüsusilə inamlı təsir bağışlayıb. Amma ikinci setdə xeyli fəallaşan meydan sahibləri görüşün məcrasını dəyişməyə bir qədər yaxın olublar. Nəticədə, "Azərreyl" qələbəni tay-brekdə də olsa rəqibdən "qopara" bilib. Əvvəlki setdən lazımı nəticə çıxaran xanımlarımız sonuncu hissədə rəqibə göz açmağa imkan verməyiblər. Xatırladaq ki, "Azərreyl" bundan əvvəlki turlarda Polşanın "Kalisiya Vinyari", Çempionlar Liqasının hazırkı qalibi "Tenerife" və İstanbulun "Beşiktaş" klubları üzərində qələbəni bayram edib. Bu qrupdakı digər görüşlərdə aşağıdakı nə
ticələr qeydə alınıb: "Sant Orsola Asistel" (İtaliya) - "Beşiktaş" (Türkiyə) - 3:0 (25:13, 25:12, 25:15).
"Kalisiya Vinyari" (Polşa) - "Tenerife" (İspaniya) - 2:3 (25:21; 19:25; 25:15; 12:25; 18:20).
"A" qrupunda da İtaliya komandası liderlik edir. Bu qrupda keçirilən dördüncü turun görüşlərinin nəticələri və turnir cədvəlində son durum: "Kann" (Fransa) - "Uraloçka" (Rusiya) - 3:0 (25:20; 27:25; 25:13).
"Günəş Vakıfbank" (Türkiyə) - "Foppapedretti" (İtaliya) - 1:3 (20:25; 19:25; 29:27; 23:25).
"Hotel Kantur" (İspaniya) - "Stal" (Polşa) - 3:0 (25:17; 25:13; 27:25).
Yarış yeni, rəqiblər köhnə

Püşk yenə Polşa və Almaniya komandalarını bizə rəqib seçdi

Xorvatiyanın Zaqreb şəhərində voleybol üzrə qadınlar arasında 2005-ci il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşk gələn ilin sentyabr ayında bu şəhərdə təşkil olunacaq qitə birinciliyində yarışacaq Azərbaycan yığmasının rəqiblərini müəyyən edib.
Reqlamentə əsasən Avropa çempionatının final mərhələsinin iştirakçıları iki yarımqrupda mübarizə aparacaqlar. Azərbaycan voleybolçuları Polşa, Almaniya, Rumıniya, Serbiya və Çernoqoriya və Xorvatiya yığma komandaları ilə eyni yarımqrupda yarışacaq. İkinci yarımqrupda isə İtaliya, Türkiyə, Hollandiya, Bolqarıstan, İspaniya və Rusiya kollektivləri çıxış edəcəklər. Xatırladaq ki, qitə birinciliyinin final mərhələsində ilk dəfə çıxış edəcək Faiq Qarayevin yetirmələrini qarşıda çox çətin sınaq gözləyir. Çünki rəqiblərdən ikisi - Polşa və Almaniya qitənin ən güclü kollektivlərindən sayılır. Polşa yığması sonuncu Avropa çempionatının qalibi, Almaniya komandası isə yarışların bürünc mükafatçısı olub. Yeri gəlmişkən, hər iki komanda bizə yaxşı tanışdır. Voleybolçularımız yanvar ayında Bakıda keçirilən olimpiya təsnifat turnirində Polşa və Almaniya komandalarıyla oynayıb. Birincilərə 3:0 hesabı ilə qalib gələn yığmamız ikincilərə eyni hesabla məğlub olub.
2005-ci il Avropa çempionatının reqlamentinə görə hər yarımqrupda ilk iki yeri tutan komandalar 1-4-cü, üçüncü və dördüncülər 5-8-ci, sonuncular isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar. Sentyabrın 24-də yarımfinal, 25-də isə final qarşılaşmaları keçiriləcək.

1 qızıl, 1 bürünc

Ötən həftəsonu Sloveniyanın paytaxtı Lyublyanada yaşı 23-dən artıq olmayan gənc cüdoçular arasında Avropa çempionatı keçirilib.
35 ölkənin nümayəndələrinin mübarizə apardığı qitə birinciliyində Azərbaycanın beş cüdoçusu qüvvəsini sınayıb. Azərbaycan idmançılarının çıxışı kifayət qədər uğurlu olub. İdmançılarımız bir qızıl və bir bürünc medala layiq görülüblər.
Çəkisi 57 kq-dək olan qadın cüdoçuların mübarizəsində uğurla yarışan Kifayət Qasımova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamıza bürünc medalı isə Elxan Məmmədov (81 kq) qazandırıb. Yarışlarda çıxış edən digər idmançılarımız Elçin Əhədov (60 kq), Namiq Sultanov (66 kq) və Nigar Cabbarova (52 kq) imkanlarından aşağı səviyyədə çıxış ediblər.

"Qala" hələ ümidini itirməyib

Basketbol üzrə FİBA kuboku uğrunda yarışların qrup mərhələsində çıxış edən Bakının "Qala" klubu növbəti görüşünü keçirib.
"B" qrupunda mübarizə aparan Azərbaycan çempionu Olimpiya İdman Kompleksində Litvanın "Şyaulyay" komandasını qəbul edib. Matç 95:82 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Xatırladaq ki, Rimas Kurtinaytisin başçılıq etdiyi "Qala" yarışlara çox uğursuz başlayıb. Çempionumuz əvvəlcə öz meydançasında Ukraynanın "Nikolayev", ardınca səfərdə "Şyaulyay" klubuna uduzub. Lakin səfərdə "Nikolayev" komandasına 108:104 hesabı ilə qalib gələn komandamız növbəti mərhələyə çıxmaq şansını yenidən özünə qaytarıb. İstəyini bir tur əvvəl gerçəkləşdirməkdən ötrü basketbolçularımızdan bu dəfə qalib gəlmək tələb olunurdu. Təəssüf ki, rəqibin daha təcrübəli və səviyyəli olması "Qala"ya bunu etməyə imkan verməyib. Amma bununla belə, Rimas Kurtinaytisin komandası mübarizəni davam etdirmək şansını itirməyib.
Ardıcıl üçüncü qələbəsini qazanan "Şyaulyay" növbəti mərhələyə vəsiqə əldə edib. "Qala"nın taleyi məhz həmin qarşılaşmanın nəticəsindən asılıdır. Litva komandasının qələbə qazanacağı təqdirdə, "Qala" qrupda ikinci olacaq və növbəti mərhələyə vəsiqə əldə edəcək. Belə ki, həm "Nikolayev", həm də "Qala"nın aktivində 1 qələbə var. Ancaq şəxsi görüşərdəki xal fərqinə görə (+3) komandamız ukraynalıları üstələyəcək.

Anna Qurbanova yeddinci yerdə

Moskvada bədii gimnastika üzrə dünya kuboku uğrunda yarışların final mərhələsinə yekun vurulub. Yarışlarda ölkəmizi Afina Olimpiya oyunlarının iştirakçısı Anna Qurbanova təmsil edib.
Gənc gimnastımız planetin Alina Kabayeva, İrina Çaşina və Olqa Kapranova (hər üçü Rusiya), Aliyə Yusupova (Qazaxıstan), İnna Jukova (Belarus), Simona Peyçeva (Bolqarıstan) və Olesya Aşayeva (Özbəkistan) kimi ən güclü gimnastları arasında özünü itirməyib.
O, ən yaxşı nəticəni lentlə təmrinlərin icrasında göstərib. Anna 23,400 bal toplayaraq 6-cı yeri tutub. O, həlqə, gürz və topla hərəkətlərdə yeddinci nəticə göstərib. Qalib adına isə Rusiya gimnastları layiq görülüblər. Həlqə və lentlə təmrinlərin yerinə yetirilməsində Alina Kabayeva qələbə qazanıb. Gürz və topla hərəkətlərdə isə İrina Çaşina fərqlənib.
Yeri gəlmişkən, bu yarışlar dünya şəhrətli bədii gimnast Alina Kabayevanın karyerasında sonuncu olub. Karyerası ərzində mümkün olan bütün titul və mükafatları qazanan Alina böyük idmanı tərk etmək qərarına gəlib.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding