İç siyasət

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Reportaj
Sənət
Avanqard
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
02 avqust, 2001-ci il. Cömə axşamı |#84(308)|Həftədə II, IV, VI günlər təzələnir
"Azərbaycanı müharibəyə təhrik edirlər"
Ermənilər təşvişə düşüb
Soçi görüşü nə və`d edir?
İran azərbaycanlılarına xəbərdarlıq edildi


"Azərbaycanı müharibəyə təhrik edirlər"
Rüstəm Məmmədov: "İstənilən təhlükəyə hazır olmalıyıq"

Artıq bə’zi müxalif analitiklər məsələyə soyuqqanlıqla yanaşan rəsmi Bakını İranın hərbi manevrlərinə qarşı adekvat addımlar atmamaqda qınayırlar. Belə fikirlər var ki, İranın hərbi təhdidlərinə sərt cavablar verilməməsi Azərbaycanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər.
Prezident Aparatının bölmə müdiri, politoloq Rüstəm Məmmədov da yaranmış situasiyanın təhlükəli olduğunu deyir. İranın hərbi manevrlərinə qarşı tələsik addımlar atılmasını düzgün saymayan PA səlahiyyətlisinin fikrincə, bu, regionda çox ciddi fəsadlara səbəb ola bilər: "Bu, çox mürəkkəb vəziyyətdir. İranın son hərbi həmlə cəhdlərinə Azərbaycan, hələ ki, soyuqqanlı münasibət bildirir. Rəsmi Bakı mübahisənin danışıqlar yolu ilə həll edilməsinə hazır olduğunu bildirdi, İran-Azərbaycan hökumətlərarası komissiyası yenidən formalaşdırıldı. Bütün bunlardan sonra İranın eyni hərəkətləri təkrarlaması və gələcəkdə də istisna olunmaması Azərbaycanın qarşısında müəyyən yeni suallar qoyur. Azərbaycan hər bir addıma hazır olmalıdır". Politoloqun fikrincə, yaranmış vəziyyət hazırda beynəlxalq təşkilatların da diqqətindədir. Rüstəm Məmmədov deyir ki, İranın son addımları Azərbaycanı hərbi münaqişəyə təhrik etmək cəhdidir: "Azərbaycanın hər bir e’tiraz notası həm də BMT-də qeydiyyatdan keçir. Odur ki, məsələ beynəlxalq ictimaiyyətin də diqqətindədir. Hamı görür ki, Azərbaycan İranla mübahisələrin dinc yolla həllini istəyir. Hərbi qüvvənin tətbiqi nə İran üçün, nə də Azərbaycan üçün faydalı deyil. Xüsusən də nəzərə almalıyıq ki, bütün bunlar bizə qarşı yönəlmiş "provakasiya" idi. Burada Azərbaycanı hərbi münaqişəyə cəlb etmək istəyi də özünü göstərir. Biz istənilən halda soyuqqanlı olacağıq. Praktikadan da bəllidir ki, belə hadisələrə emosional reaksiya vermək ciddi münaqişələrə səbəb olur".
Rüstəm Məmmədov hesab edir ki, İran hərbi əməliyyatlara başlayarsa, beynəlxalq ictimaiyyətin adekvat addımları ilə üzləşəcək: "Təbii ki, Azərbaycana qarşı hansısa qəsd baş verərsə, artıq bu, yalnız Azərbaycanın problemi olmayacaq. Beynəlxalq təşkilatlar adekvat addım atmalı olacaqlar. Xüsusən də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü məsələni nəzarətdə saxlamalıdır. İran Azərbaycandan narazıdırsa, məhkəməyə müraciət etməlidir. Azərbaycana qarşı hər hansı iddianı hərbi zorla yeritmək istəyən dövlət ancaq təcavüzkar ola bilər".
İranın Xəzərlə bağlı iddialarının əsassız olduğunu bildirən Rüstəm Məmmədov fikrini belə izah etdi: "1921 və 1940-cı illərdə imzalanan müqavilələr artıq qüvvəsini itirib. Beynəlxalq hüquqa görə, yeni yaranan dövlətlər geopolitik tipli belə sazişlərdən imtina edə bilərlər. SSRİ dağılan kimi Qazaxıstan, Türkmənistan və Azərbaycan bu müqavilələrdən imtina ediblər. İkincisi, bu sazişlər hələ Sovet dövründə də işləmirdi, formal xarakter daşıyırdı. Üçüncüsü, İranın özü də SSRİ dağılanadək həmin sazişlərin fəaliyyətsizliyi barədə dəfələrlə nota verib. Belə olan təqdirdə İranın həmin müqavilələrə istinad etməsi heç bir məntiqə sığmır".

Ermənilər təşvişə düşüb
Naira Melkumyan Azərbaycanda müharibə əhval-ruhiyyəsinin güclənməsini "DQR" üçün ciddi təhlükə sayır

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli tərəfdarlarının artması Dağlıq Qarabağ separatçılarını ciddi narahat etməyə başlayıb. "DQR"in "xarici işlər naziri" Naira Melkumyan "Nezavisimaya qazeta"ya müsahibəsində rəsmi Bakının müharibə əhval-ruhiyyəli bəyanatlarının regionun təhlükəsizliyi üçün ciddi problemlər yaratdığını deyib.
Azərbaycanın müharibəyə başlamasını kifayət qədər real saydığını deyən Melkumyan bildirib ki, bunu gözləməmək uzaqgörənlik olmazdı: "Biz artıq müharibə hədələrinə adekvat olaraq təhlükəsizliyimizi tə’min etmək üçün müvafiq addımlar atırıq. Artıq Azərbaycan da başa düşməlidir ki, münaqişə dünya ictimaiyyətinin nəzarətindədir və müharibə ilə heç nəyə nail ola bilməyəcək". O həmçinin vurğulayıb ki, Azərbaycandakı indiki əhval-ruhiyyə ilə ATƏT-in Minsk Qrupu həmsədrləri heç nəyə nail ola bilməyəcəklər. "Azərbaycanlılar ermənilərin simasında özləri üçün tarixi düşmən obrazı yaradıblar. Bu cür münasibət hər hansı kompromisin əldə olunması ehtimalını kifayət qədər məhdudlaşdırır" - deyə, separatçıların nümayəndəsi vurğulayıb.
Melkumyan iddia edib ki, "DQR" danışıqlarda tərəf kimi iştirak etməyincə, problemin sülh yolu ilə həlli perspektivi görünmür: "Bu gün Dağlıq Qarabağın danışıqlarda müstəqil tərəf kimi iştirak etməməsi Azərbaycanın apardığı uzunmüddətli siyasətin nəticəsidir".

Soçi görüşü nə və`d edir?
Zərdüşt Əlizadə: "Xarici dövlətlərin qüvvələr nisbəti bizə hələ də imkan vermir ki, nəyisə yaxşılığa doğru dəyişə bilək"

Dünəndən başlayaraq Soçidə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü start götürüb. Soçi görüşündə Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan dövlət başçısı Robert Köçəryanın Qarabağ münaqişəsini müzakirə edəcəyi güman edilir.ÿ Dağlıq Qarabağ problemi ilə bağlı Rusiya prezidenti Vladimir Putinin də müəyyən danışıqlar aparacağı xəbər verilir.
Bəs prezidentlərin Soçi görüşündən nə gözlənilir? ASDP həmsədri Zərdüşt Əlizadə hesab edir ki, Soçi görüşündən ciddi nəticə əldə etmək mümkün olmayacaq: "Çünki dövlətlərin xarici qüvvələr nisbəti bizə hələ də imkan vermir ki, nəyisə yaxşılığa doğru dəyişə bilək. Praktika da göstərib ki, bu cür qeyri-rəsmi görüşlərdən nə isə əldə etmək mümkün olmayıb. Ona görə də prezidentlərin Soçidəki müzakirələri problemi aradan qaldıra bilməyəcək. Hesab edirəm ki, Soçi görüşünün əsas məqsədi tərəflərin bir-birinin mövqeyi ilə tanış olmaqdır".

İran azərbaycanlılarına xəbərdarlıq edildi
Piruz Dilənçi: "Tehran rejimi siyasi baxımdan fəal azərbaycanlıları nəzarətə götürüb"

Xəbər verildiyi kimi, İranda yaşayan azərbaycanlıların bir qismi Azərbaycan hökumətinə müraciətlərində rəsmi Tehranın son addımlarına kəskin e’tirazlarını bildiriblər. Cənublu soydaşlarımız İranın hərbi əməliyyatlara başlayacağı təqdirdə Azərbaycanla birgə olacağını bəyan ediblər.
CAMAH-ın Bakı ofisinin rəhbəri Piruz Dilənçi dünən həmin müraciəti Prezident Aparatına təqdim edib. Bu barədə "Bizim ƏSR"ə açıqlama verən Dilənçi müraciəti imzalayan şəxslər barədə müfəssəl mə’lumat verilməməsini belə izah edib ki, İranda onların təhlükəsizliyi üçün ciddi problemlər yarana bilər: "Azərbaycan iqtidarına ünvanlanmış həmin müraciət 3 metrdən artıq bir faks kağızıdır. Həmin müraciəti Cənubi Azərbaycanın nüfuzlu ziyalıları, universitet, institut müəllimləri, tanınmış şəxslər və hərəkatçılar imzalayıblar. Artıq bu gün (dünən-red.) həmin sənədi Azərbaycan rəsmilərinə təqdim etmişik. Amma həmin insanların təhlükəsizliyinə problem yaratmamaq üçün adlarını açıqlamırıq. Həmin adlar açıqlansa, İranda həmin şəxslərə qarşı ciddi repressiyalar başlayacaq".
Dilənçinin sözlərinə görə, həmin müraciətdən sonra Tehran rejimi siyasi baxımdan fəal azərbaycanlıları nəzarətə götürüb. O, CAMAH lideri Doktor Çöhrəqanlının İranı dəstəkləyən bəyanatını da bununla əlaqələndirdi: "Doktor Çöhrəqanlı görür ki, təhlükəsizliyi üçün ciddi problemlər yarana bilər. Bu halda, Azərbaycan da onu müdafiə etməyəcək. Ona görə də belə açıqlamalarla çıxış edir. Xatırladım ki, 5-6 ay əvvəl o, mənim barəmdə də mənfi fikirlər söyləmişdi. Ancaq İrandakı vəziyyəti bildiyim üçün ondan incimədim. Başa düşürəm ki, onu belə addımlara məcbur edirlər. Doktor Çöhrəqanlı və onun tərəfdarlarının İrana dəstək vermələri qətiyyən mümkün deyil".
CAMAH funksioneri bildirdi ki, İrandakı azərbaycanlılar son hadisələrdən xəbərsizdirlər. O, yaxın günlərdə Cənubda hər hansı kütləvi aksiyanın keçirilməyəcəyini söylədi: "Baş vermiş hadisələrin mahiyyəti barədə əhaliyə düzgün mə’lumatlar verilmir. Hətta İranın Azərbaycan ərazisində də yayımlanan "Səhər" televiziyası belə mə’lumatlar yayır ki, guya bizim kəşfiyyat gəmimiz bu dövlətin su sərhədlərini pozub. Təəssüf edirəm ki, İran ərazisində yayımlanan Azərbaycan televiziyası məsələnin mahiyyəti barədə müfəssəl mə’lumat vermir. ANS telekanalının verilişlərinə isə iyunun 23-dən e’tibarən baxmaq olmur. İran dövləti buraxdığı dalğa parazitləri ilə bu kanalın yayımına imkan vermir. Odur ki, sadə azərbaycanlılar nə baş verdiyindən xəbərsizdirlər. Vəziyyətlə ancaq ziyalılar tanışdırlar. Onlara da Tehran rejimi tərəfindən çox ciddi xəbərdarlıq edilib ki, kütləvi aksiyalar başlasa, ciddi tədbirlər görüləcək. İranda kütləvi aksiyaları əsasən tələbələr təşkil edirlər. İndi isə yay dövrü olduğu üçün onlardan nəsə gözləmək mümkün deyil".

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Reportaj | Sənət | Avanqard | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd