İdman

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Reportaj
Sənət
Avanqard
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
02 avqust, 2001-ci il. Cömə axşamı |#84(308)|Həftədə II, IV, VI günlər təzələnir
"Futbolda ən çox qorxduğum təsadüfdür"
Qədir yeddinci oldu
"Şəfa"da gürcülərə müraciət etdi
Türk klubu "Araz"ın qonağı oldu


"Futbolda ən çox qorxduğum təsadüfdür"
Bizimlə müsahibəsində Ağasəlim Mircavadov "Şəmkir"də keçirdiyi iki illik məşqçilik dönəminə qayıtdı

Onun adı "Şəmkir"in tarixi ilə həmişə bağlı olacaq. O, "Şəmkir"i yaratmaqla yanaşı, eyni zamanda ona verilən imkanlardan bəhrələnərək Şəmkir rayonunda futbolun kütləviliyini tə’min etdi. Heç kimin tanımadığı "Şəmkir"i öz oyun üslubu ilə seçilən komanda halına gətirərək, onu dalbadal iki dəfə ölkə çempionluğuna yüksəltdi. Nəhayət, onun klubunun adı Çempionlar Liqası turnirində mərhələ keçən ilk Azərbaycan komandası kimi futbol tariximizə düşdü. Bu gün o, "Şəmkir"lə deyil. Klubdan ayrılmasından artıq iki həftə ötsə də, "Şəmkir"də keçirdiyi iki illik məşqçilik dövründə kifayət qədər yeniliklər etmiş insanın yaşadığı maraqlı məqamları bir daha onunla bölüşmək istədik. Bu məqsədlə onun evinə üz tutduq. Söhbət, əlbəttə ki, "Şəmkir"in keçmiş məşqçisi Ağasəlim Mircavadovdan gedir.

İki il bundan əvvəl "Şəmkir"in baş məşqçisi tə’yin edildiniz. Həmin günləri necə xatırlayırsınız?
- Futbolun inkişaf səviyyəsinə görə, Qərb zonasında mərkəz Gəncə sayılırdı. Şəmkirdə isə futbolun son illər əldə etdiyi inkişafı iki şəxsin - klubun prezidenti Şahbaz Süleymanov və rayon icra başçısı Aslan Aslanovun adı ilə bağlıdır. Düzü, kluba gələcəyimi gözləmirdim. Baş məşqçi kimi çalışdığım "U-21"lə Bilgəhdə tə’lim-məşqlərində olarkən Şahbaz Süleymanov mənimlə görüşüb, Şəmkirə də’vət etdi. Açığı, rayonda çalışmaq o qədər əlverişli deyildi. Əvvəllər Ağdamda məşqçilik etmişdim. Bilirdim ki, rayonda futbolu inkişaf etdirmək xeyli vaxt və enerji tələb edir. Ancaq Şahbazla söhbətdə onun ağıllı fikirləri, klubun bütün ehtiyaclarının ödəniləcəyi haqqında verdiyi və’dlər xoşuma gəldi. Şəmkirə gələndə dedim ki, birinci il komandanı çempion etməyə söz vermirəm. Əsas məsələ güclü kollektiv yaratmaqdır. Elə kollektiv ki, onun öz oyun üslubu olsun. Yalnız bundan sonra biz Azərbaycan çempionu olmaq və Avropa miqyaslı yarışlarda çıxış etmək məsələsini qoya bilərik. Bundan ötrü də oyunçuların maddi problemləri və klubun zəruri inventarlar məsələsi həll edilməlidir. Məşqlərə bir həftə qalmış prezidentlə İstanbula getdik. Təxminən 40 min dollarlıq inventar - futbol geyimləri, mülki paltarlar, toplar, butsı və s. aldıq.
Siz komandaya gələndə "Şəmkir" UEFA Kuboku turnirində debüt edirdi...
- Bəli, UEFA kuboku uğrunda yarışda Ukraynanın "Krivbass" komandası ilə qarşılaşdıq. Səfərdə 3:O, Bakıda isə 2:0 hesabı ilə uduzduq. Əksər oyunçular birinci dəfə idi bu miqyaslı oyunda çıxış edirdilər. O vaxt uduzmağımızı faciəyə çevirmədilər. Anlayırdılar ki, belə də olmalıdır. Çünki əsas məsələ hələ qabaqda idi. Sizə deyim ki, birinci il bir çempionluğa çətinlik çəkmədən yüksəldik. Bunu heç kim gözləmirdi.
O vaxt Əhməd Ələsgərovun başçılıq etdiyi "Neftçi" çempionata güclü başlamışdı. Komandada çempion olacağınıza ümid vardımı?
- Biz oynayırdıq, ancaq çempion olacağımızı gözləmirdik. Hey’ətin 90 faizi dəyişmişdi. Oyunçuları ən müxtəlif klublardan gətirmişdik. Futbolçuları birinci yer uğrunda mübarizəyə hazırlamaq üçün vaxt lazım idi. Mənim iş prinsipimdən biri də budur ki, biz məşqdən əlavə həftədə bir dəfə taktika üzərində işləyirik. Məşqdən əvvəl onu təhlil edir, yalnız bundan sonra yeni məşqə başlayırdıq. Elə olurdu ki, hətta yeməkxanada çörək yeyəndə də taktika haqqında söhbət edirdik.
Və çempion oldunuz. 1993-cü ildə "Qarabağ"ı, 2000-ci ildə "Şəmkir"i çempion etdiniz. Sizin üçün fərq nədə idi?
- "Qarabağ" o vaxt SSRİ çempionatında bufer zonası deyilən birincilikdə oynayırdı. SSRİ dağılandan sonra hərə bir yana getdi. Sonra kluba qayıdıb, uşaqları topladım. SSRİ birinciliyində oynamışdıq deyə, bizdə inam güclü idi. Futbolçuların əksəriyyəti 20-21 yaşında idi. "Qarabağ"ın 70 faizini yerli oyunçular təşkil edirdi. Onların bazası da var idi, stadionları da yaxşı vəziyyətdə idi. Həmin dövrdə "Qarabağ" məhz bu cəhətlərinə görə üstün idi. "Şəmkir"də isə müxtəlif xarakterli futbolçuları bir araya yığmaq lazım oldu. Klubun formalaşmasında məşqçi korpusunun və prezidentin, rayon icra başçısının böyük əməyi oldu. Oyunun mahiyyətinə gəldikdə isə "Qarabağ"ın o zamankı oyunu bam-başqaydı. Onun oyunu "Şəmkir" sonuncu dəfə çempion olduğu vaxt göstərdiyi oyunu xatırladırdı.
Ancaq, birinci il asanlıqla çempion olan "Şəmkir" ikinci mövsümünü o qədər də inamlı başlamadı...
- İkinci mövsümə hazırlaşanda prezident qarşısında məsələ qoydum ki, bizə bir-iki oyunçu lazımdır. Çünki, daha da yaxşı oynamaq, oyunumuzu daha inkişaf etdirmək üçün tələb olunurdu. Düzünə qalsa, o hey’ətlə Azərbaycanda birinci olmaq mümkün idi, ancaq daha səviyyəli yarışda qalib olmazdı. Mövsüm ərəfəsində klubda arxayınlıq vardı. Nəticədə, öz meydanımızda "Viləş"ə uduzduq, Bakıda "Neftçi" ilə və "Xəzər Universiteti" ilə heç-heçə oynadıq. Odur ki, nizam-intizam üzərində işlədik. Digər tərəfdən ikinci il artıq "Şəmkir"i tanıdılar. Hər bir komanda "Şəmkir"ə qarşı xüsusi hazırlıq görür, oynayırdı. Bu, məni çox sevindirirdi. Deməli, işimizə qiymət verirdilər.
İki çempionluq arasında "Skonto" qalibiyyəti də var. Bu qələbənin səbəbini üç amillə əlaqələndirirlər. Birincilər qələbədə futbolçuların komanda oyunu göstərməsinin, ikincilər Badri Kvaratsxeliyanın əməyinin, sonuncular isə təsadüfin nəticəsi hesab edir. Bunların hansı ilə razılaşırsınız?
- "Skonto" üzərində qələbəmiz bir illik əməyin bəhrəsi idi. Biz komanda oyunu sayəsində qələbə çaldıq. Mənim aləmimdə güclü kollektiv yaratmaq üçün birlik olmalıdır. Badri axırıncı dəqiqələrdə top vurdu. Axı, Badrinin ayağına top gəldi. Topu ona ötürən olmasaydı, qolu necə vura bilərdi? Bir oyunçunun iradəsini bütövlükdə "Şəmkir"in iradəsinə qarşı qoymaq olmaz...
Ancaq "Şəmkir"in iki illik uğurları sanki "Barri Taun"u müəyyən qədər gözdən saldı...
- Saldı. Səhvlərə yol verdik. Ancaq buna səhlənkarlıq demək olmazdı. "Barri Taun"a məğlub olmağımızı təsadüfin ayağına yazardım. Belə təsadüflərdən həmişə qorxmuşam. Futbol təsadüfləri sevmir, onun öz qanunları var. Həmin təsadüfi də, sən öz səhvinlə yaradırsan. Çünki, əgər başqa komanda sənin qarşında heç bir taktika qoymursa və bununla belə səhv edirsənsə, günah sənin özündədir.
Oyundan iki gün sonra gözlənilmədən iste’fa verdiniz. Yerinizə Qəhrəman Əliyev gətirildi. Bu düşünülmüş bir addım deyildimi?
- Deyə bilmərəm, bəlkə də bu, əvvəlcədən hazırlanmışdı? Klubun prezidenti ilə səhbət edəndə o mənim tərəfimi saxladı. Ola bilər ki, icra başçısı Aslan müəllimin fikri başqa olub. Ancaq getməyimin səbəbi komandanın uğursuzluğu ilə bağlı deyil. Bilirsiniz, artıq klubun prezidenti də vəzifəsindən gedib. Ancaq o, bir şəmkirli kimi kluba kömək edəcək. Q.Əliyevin gəlişinə gəldikdə isə, əlbəttə ki, klubu məşqçisiz qoymaq olmazdı.
Azərbaycanın tanınmış məşqçilərindən biri kimi, hansısa komandaya də’vət almamış deyilsiniz...
- Bəli. "Viləş"ə çağırıblar, getməmişəm. Rayonda çalışmaq istəmirəm. Milli komanda istisnadır. Çünki, onun baş məşqçisi var. Mən hələ ki, AFFA-nın nəzdində fəaliyyət göstərən Məşqçilər Şurasının sədri kimi fəaliyyətimi davam etdirəcəyəm.

Qədir yeddinci oldu

Yunanıstanın Partas şəhərində 20 yaşlı şahmatçıların Avropa birinciliyi başa çatıb.

Beynəlxalq qrossmeyster xalını bu yaxınlarda qazanmış Qədir Hüseynov 11 mümkün xaldan 7 xal toplayaraq, ingiltərəli Nikolas Pertlə 7-8-ci yerləri bölüşdürüb. Qələbə sevinci isə 8 xal toplamış gürcü şahmatçı Zviad İzoriyaya nəsib olub. Qızların yarışında isə 9,5 xalla Polşa nümayəndəsi İveta Radziyeviç birinci olub.

"Şəfa"da gürcülərə müraciət etdi
UEFA kuboku uğrunda yarışda ilk dəfə iştirak edəcək

"Şəfa" klubu gürcü legionerlərin xidmətindən istifadə etməyi düşünür.
Aldığımız mə’lumata görə, gürcüstanlı müdafiəçilər - 27 yaşlı Quram Aspindezelaşvili və 22 yaşlı David Petriaşvili hazırda klubda baxışdadırlar. Hərçənd bu futbolçular Gürcüstan milli seçmə komandasının hey’ətinə də’vət edilməsələr də, ölkələrində kifayət qədər tanınırlar. Məsələn, D.Petriaşvilinin sonuncu dəfə Kiprin "Apoel" klubunda çıxış etdiyi bildirilir.

Türk klubu "Araz"ın qonağı oldu

Naxçıvanda yerli futbol həvəskarları maraqlı bir oyuna tamaşa ediblər.
Yerli "Araz" yenidən qurulmuş stadionunda qonşu Türkiyənin "İqdırspor" klubunu qəbul edib. Türk klubu bu mövsümdən bu ölkənin ikinci divizionunda mübarizə aparmaq hüququ qazanıb. Maraqlı və açıq mübarizə şəraitində keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. "Araz"dan qolları Ceyhun Əliyev və Firuz Qulami vurub.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Reportaj | Sənət | Avanqard | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd