|
|
|
|
02 avqust, 2001-ci il. Cömə axşamı
|#84(308)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
1991-1995-ci illərdə baş vermiş sifarişli və hələ də bə`zi məqamlarda müəmmalı qalan qətllərlə bağlı Əliyusif Tahirovun və digərlərinin məhkəməsi davam edir. Görünür, bu günə qədər nəyisə gizləyənlər də artıq həqiqəti söyləmək üçün onlara son şans verildiyini başa düşürlər. Artıq 4-cü dəfə mühakimə edilən Dəyanət Kərimovdan tutmuş elə Ə.Tahirova qədər... Onlar qətillərin sifarişçisi barədə gəzən söz-söhbətlərə, nəhayət, yekun vuracaqlarını bildirirlər.
Hakimlərin yüksək peşəkarlıqla apardıqları dünənki məhkəmə istintaqı Bakı Ali Hərbi Dənizçilik Məktəbinin sabiq direktoru, kontr-admiral Eduard Hüseynovun qətlindəki qaranlıq məqamlara aydınlıq gətirdi.
Tektonik silah
Xatırladaq ki, Eduard Hüseynov 1993-cü il aprelin 23-də qətlə yetirilib. Ə.Tahirov dəstə üzvləri Dəyanət və Sultanla birlikdə mərhumu yaşadığı binanın qarşısında saat 19 radələrində güllələyiblər. Onun qətlini sifariş etməkdə günahlandırılan Canmirzə Mirzəyev 2 gündür ki, məhkəməyə ifadə verir. Onun sözlərinə görə, adı çəkilən məktəb Müdafiə Nazirliynə tabe olduqdan sonra 1992-ci ildə E.Hüseynov direktor tə`yin edilib. O, C.Mirzəyevə 1-ci müavin vəzifəsini təklif edib. Həmin vaxt Bakı Sovetinin deputatı olan C.Mirzəyev ancaq Tamerlan Qarayevin müdaxiləsindən sonra buna razılıq verib.
1993-cü ilin əvvəllərində "İntergeo-Tetis" mərkəzinin prezidenti Elçin Xəlilov xüsusi tektonik silah hazırladığını bildirib. C.Mirzəyev isə "elm və texnikanın yeni istiqamətləri üzrə" Leninqradda xüsusi təhsil aldığından həmin layihə ilə bağlı bə`zi ideyalar irəli sürüb. Silahı istehsal etmək üçün külli miqdarda vəsait tələb olunduğundan Rövşən Cavadova müraciət ediblər. O, E.Hüseynovla danışaraq, bu layihənin həyata keçirilməsi üçün köməklik göstərəcəyinə söz verib. Bunun üçün məktəbdəki bazada hərbi hissə yaradılıb. Lakin E.Hüseynovun "məndən icazəsiz heç bir iş görülməyəcək" deməsi, E.Xəlilovun isə layihənin rəhbəri kimi müstəqillik istəməsi işləri düyünə salıb. Buna görə də E.Xəlilovla birlikdə yenidən R.Cavadovun qəbulunda olublar. E.Xəlilov E.Hüseynovun hər vasitə ilə layihəyə mane olduğunu bildirib. Bazadan bə`zi şəxslərin işdən çıxarılacağını bildirən R.Cavadov "narahat olmayın, kimi lazımdırsa, götürərik, kimi lazımdır saxlayarıq" deyə onları yola salıb.
Layihə tam məxfi olub
Vəkil Elton Quliyevin suallarını cavablandıran C.Mirzəyevin ifadəsinə görə, adı çəkilən layihə tam məxfi, dövlət əhəmiyyətli məsələ olub. Layihənin nüsxələri yalnız E.Hüseynova, E.Xəlilova və bazada yaradılmış hərbi hissənin rəhbəri kontr-admiral Rafiq Əsgərova verilib. Bu layihə ilə xarici kəşfiyyatın maraqlanması reallıqdan kənar deyil.
"Məhv edilsin"
Təqsirləndirilən şəxsin sözlərinə əsasən, E.Hüseynov qətlə yetirilməmişdən bir neçə ay əvvəl müşavirədə bildirib ki, onu telefonla hədələyərək, öldürəcəklərini söyləyiblər. Bunu dəfələrlə təkrar edən direktoru aprelin 23-də güllələyiblər. Qətldən 3 gün sonra prokurorluğun və məktəbin mə`sul işçilərinin iştirakı ilə onun seyfi açılıb. Oradan çıxan sənədlər aktlaşdırılıb. Həmin sənədlərin arasında Şuşa ilə Laçının işğalı barədə E.Hüseynovun əlyazmaları, yuxarıda adı çəkilən layihə və digər məxfi mə`lumatlar olub. Bunu görən C.Mirzəyev sənədlərin dövləti əhəmiyyətini nəzərə alaraq, seyfin bağlanaraq, möhürlənməsini əmr edib. Baş Qərargah rəisi Nurəddin Sadıqovun qəbuluna gələn C.Mirzəyev ona mə`lumat verib. E.Hüseynovla dost olan N.Sadıqov həmin sənədlərdə təxminən nələr olduğunu bildiyindən onları tə`cili məhv etməyi tapşırıb. Lakin direktor müavini razılaşmayıb. N.Sadıqov o vaxtkı respublika hərbi prokuroru Rövşən Əliyev, Elçin Xəlilov, C.Mirzəyev və daha bir neçə mə`murdan ibarət komissiya yaradıb. Həmin komissiyaya E.Hüseynovun arxivini yandırmaqla məhv etmək tapşırılıb.
Sənədlər
Ə.Elçibəyə verilib
Komissiyanın iştirakı ilə sənədlərin hər birinə baxış keçirilib. Sonra yandırmaq üçün hərbi hissəyə, R.Əsgərovun otağına aparılıb. Lakin həmin vaxt respublikanın baş prokuroru İxtiyar Şirinov ora gələrək, buna mane olub. O, birbaşa sabiq prezident Ə.Elçibəylə telefon əlaqəsi yaradaraq, bununla bağlı məsləhət alıb. Əbülfəz bəyin tapşırığı ilə komissiya üzvləri sənədləri Prezidet Aparatına gətirərək, ona təqdim ediblər. Sonra İ.Şirinov N.Sadıqova zəng vuraraq, E.Hüseynovun arxivinin məhv edilməsi barədə göstəriş verib-vermədiyini soruşub. Baş Qərərgah rəisi belə bir əmr olmadığını bildirsə də, komissiya üzvlərindəki sənəd bunun əksini sübut edib. Sabiq prezident sənədləri götürərək, onların azad edilməsini tapşırıb.
Eduard Hüseynov xarici kəşfiyyata işləyib?..
E.Hüseynovun qətlini icra edən Həsən Mustafayevin "Canmirzə müəllim, həmin sənədləri gördükdən sonra siz heç güman etmirdinizmi ki, E.Hüseynov xarici kəşfiyyata işləyir" sualı bütün məhkəmə zalını şoka saldı. O, sözünə davam edərək dedi: "Biz E.Hüseynovu öldürməyə gedəndə Əliyusif bildirdi ki, bir nəfərdə bomba var, ancaq o həmin bombanı Qarabağda ermənilərə atmağa razılıq vermir. Həmin şəxs kəşfiyyatçıdır, mə`lumatları Rusiyaya ötürür". Müttəhim Canmirzə Mirzəyevinn bu işdən xəbəri olmadığını, sifarişin tamam başqa istiqamətdən gəldiyini bildirdi.
C.Mirzəyev Xocalı qırğını ilə bağlı kasetin E.Hüseynov vasitəsilə Rusiyaya ötürüldüyünü xatırlasa da, buna inanmağın onun üçün çətin olduğunu bildirdi. Lakin H.Mustafayev "siz bundan indi şübhələnirsiniz, ancaq biz o vaxt qətli icra etməyə gedəndə xəbər tutduq" söylədi.
Məktəbin əməkdaşı Qriqoryanın familiyasını dəyişərək, Həmidov soyadı ilə məktəbdə çalışması barədə hakimin sualına da C.Mirzəyev təsdiqedici cavab verdi.
İttiham saxtadır
Məhkəmə istintaqında R.Cavadovun yeznəsi Aydın Şirinov da sərbəst ifadə verdi. Bu zaman onun suallarını cavablandıran Ə.Tahirov dəfələrlə A.Şirinovun bağ evində olduğunu, Rəhim Qazıyevi qətlə yetirmək üçün maşın lazım olduğundan Akif Məhərrəmovu onun məsləhəti ilə öldürərək, mərhumun maşınını ələ keçirdiyini bildirdi. Lakin A.Şirinov Ə.Tahirovun əvvəldən ona qarşı düşmənçilik mövqeyi tutduğundan istintaqda yalan ifadə verdiyini bildirdi. O, Əliyusifin dediyi vaxt ticarət nazirinin müavini kimi Almaniyada rəsmi səfərdə olduğunu xatırlatdı. "A.Məhərrəmovla birlikdə 5 dost olmuşuq. 12 il mənim mağazamda baş satıcı işləyib. Sonra vəzifəyə keçməyimlə əlaqədar mağazanın bütün işlərini ona tapşırmışam. İstintaq mənə qarşı çox ağlagəlməz, cəfəng bir ittiham irəli sürüb," - söyləyən A.Şirinov xarici səfərdən qayıdan kimi dostunun tapılması üçün DİN-in Cinayət Axtarışı İdarəsinin rəisi Zakir Nəsirova müraciət etdiyini bildirdi. "Mən dostumu ən azı işdən çıxara bilərdim, onu oğurlatdırıb, maşınını, pulunu aramızda bölüşdürmək nədir? Bu dəhşətdir," - deyən A.Şirinov Ə.Tahirovu onunla R.Cavadovun tanış etdiyini xatırladı.
Ötən gün məhkəmə salonunda ürəkağrıdıcı bir mənzərənin şahidi olduq. Prosesin başlanmasına az qalmış yanında üç azyaşlı uşaq zala daxil olan qara örpəkli, yaşlı qadın əvvəlcə təəccüblə müttəhimlər kürsüsünə boylandı. Kürsüdə isə bir nəfər əyləşmişdi. Gördüklərindən sanki dəhşətə gələn qadın bir anlıq dayandı və hönkürməyə başladı. Hakimlər otağa daxil olanda əllərini onlara tərəf uzadaraq, sual dolu baxışlarla, "hanı mənim oğlumun qatilləri? Ya oğlumu qaytarın, ya da onun qatillərini cəzalandırın" deyə qışqıran ana əks təqdirdə elə buradaca özünü öldürəcəyini bildirdi. Konvoyların qadını sakitləşdirmək istəyi isə baş tutmadı. Hələ də ağlayan ananın sualına nəinki cavab verilmədi, həm də səs salaraq, prosesi pozması bəhanə edilərək onu və uşaqlarını zorla zaldan bayıra çıxardılar. Elə yağdırdığı suallardan aydın olurdu ki, onun oğlunu öldürüblər və hazırda müttəhimlər kürsüsündə oturan Telman Zeynalov bu cinayətdə təqsirləndirilir.
Xatırladaq ki, T.Zeynalovun törətdiyi cinayət barəsində hələ bu ilin əvvəlində Hacıqabul Rayon Prokurorluğunda aparılan istintaq zamanı qəzetimizdə ətraflı mə`lumat vermişdik. Belə ki, ötən il yanvarın 21-də Hacıqabul rayonunun "Muğan" qəsəbəsinin sakini T.Zeynalov həmkəndlisi Zaur Ağayevi xüsusi qəddarlıqla qətlə yetirib. Törətdiyi cinayətin ertəsi günü isə ifadəsinə görə valideynlərinin təhriki ilə polis şö`bəsinə gələrək, cinayətini e`tiraf edib. Qeyd edək ki, bu cinayət işinin ikinci dəfə aparılan istintaqının gəldiyi nəticə idi.
Bu ilin fevralında yekunlaşan istintaq T.Zeynalovun cinayətini sübuta yetirərək, cinayət işinin materiallarını məhkəmə istintaqına göndərdi.
Hacıqabul rayonunda keçirilən məhkəmə elə ilk prosesdən sonra zərərçəkənlərin şikayəti əsasında tə’xirə salındı. İstintaqın nəticəsi ilə razılaşmayan mərhumun valideynləri işin dayandırılması və yenidən istintaqa qaytarılması barədə vəsatət verdilər. Çünki valideynlər oğlanlarının qətlində bir deyil, 4 nəfərin günahkar olduğunu iddia edirdilər. Zərərəçəkənlər Hacıqabul Rayon Prokurorluğunu işə biganə yanaşmaqda təqsirləndiriblər. Belə ki, istintaqda olduğu kimi məhkəmədə də mərhumun atası Şəmsi özü sonuncu dəfə oğlunun evdən çıxmasının şahidi olduğunu bildirib. Atanın dediyinə görə, hadisə baş verən gecə oğlunu qonşuluqda yaşayan Taleh bayıra çağırıb. Bu zaman Şəmsi kişi Talehin yanında Telman, Elxas və Elman qardaşlarını, həmçin Elşən adlı şəxsi gördüyünü söyləyib.
Məhz ertəsi gün oğlunun öldürülməsini eşidən ata bu cinayətdə təkcə Telmanın deyil, digər adları çəkilən şəxslərin də əli olduğu qənaətindədir.
Bundan başqa, Ş.Zeynalov oğlunun kiçik yaşlarından boksla məşğul olduğunu deyir. Buna görə də Telmanın təkbaşına Zaura zor təbiq etməsi o qədər də inandırıcı görünmür. Mərhumun valideynləri qətl hadisəsində sözügedən şəxslərin də iştirak etdiyinə əmin olduqlarını bildiriblər.
Bundan sonra zərərçəkənlərin vəsatəti tə`min edilərək, cinayət işi növbəti dəfə istinqaqa qaytarılıb. Bu dəfə isə araşdırmanı Qaradağ Rayon Prokurorluğu aparıb.
Üçüncü istintaqın müsbət nəticələr verəcəyi və Telmanla bahəm digər qatillərin də məs`uliyyətə cəlb ediləcəyi gümanında olan Zeynalovlar ailəsi səbrlə gözləyiblər.
Lakin bu araşdırma da əvvəlkilərdən heç fərqlənməyib. İstintaq T.Zeynalovun qətli tək törətdiyi qənaətinə gəlib.
Cinayət işinə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim A.Abdinbəyovun sədrliyi ilə baxıldı. Məhkəmədə ifadə verən Telman Zaurla tez-tez münaqişə etdiyini dedi. Mərhumun guya onu öldürəcəyi ilə hədələdiyini söyləyən Telman, necə deyərlər, onu qabaqlayıb. Sonda isə, "Zauru mən öldürmüşəm, başqa heç kimin günahı yoxdur" deyən Telman qardaşlarının günahsız olduğunu söylədi.
Şahid qismində ifadə verən Ağayevlərin böyük oğlu qardaşının qatillərinin azadlıqda gəzməsini hüquq-mühafizə orqanlarının işə düzgün yanaşmaması ilə əlaqələndirdi. O, digər cinayətkarların tutulması üçün sonadək mübarizə aparacağını bəyanlayaraq, "qardaşımın qatillərini özüm cəzalandıracağam" dedi.
Onu da deyək ki, Z.Ağayevə sonuncu övladını görmək qismət olmayıb. Məhkəmənin sonunda mərhumun atası T.Zeynalova ömürlük cəza verilməsini xahiş etdi.
Hökm isə belə oldu: T.Zeynalov 15 il müddətinə azadlıqdan məhrum edilsin. Məhkəmənin hökmüylə razılaşmayan Ağayevlər Apellyasiya Məhkəməsinə şikayət verəcəklər.
Sonda onu da bildirək ki, prosesin əvvəlində bayıra çıxarılan mərhumun anası məhkəmə qurtaranadək qapı ağzında ağlayırdı...
|