Avanqard

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Reportaj
Sənət
Avanqard
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
02 avqust, 2001-ci il. Cömə axşamı |#84(308)|Həftədə II, IV, VI günlər təzələnir
Hip-hop
Yaradıcılıq azadlığının ifadəsi olan incəsənət növü, yoxsa adi küçə xuliqanlığı?

Müasir incəsənətin bir çox istiqamətlərinin sosial zəmində yarandığı danılmazdır. Bunlardan biri də artıq Azərbaycanda, ən azı, şou-biznes terminologiyasına daxil olmuş hip-hopdur. Son vaxtlar bə’zi müğənnilərin milli estradaya "ən yeni üslub" kimi daxil etdikləri hip-hop, əslində, XX əsrin üçüncü çərəyində ABŞ-da intişar tapmış, oradan isə köhnə dünyaya - Avropaya və üzü bəri yayılmış, ayrı-ayrı tərkib hissələri olan bütöv bir alternativ incəsənət növü, submədəniyyətdir. Hip-hop - musiqidir, rəngkarlıqdır, rəqsdir, idmandır, poeziyadır, geyim dəbidir... Hip-hop öz mahiyyətinə görə həm də sosial hadisədir.

***
Bu mədəniyyətin tərkib hissələrindən biri müasir alternativ musiqi növlərindən biri olan repdir. 15 il əvvəl ABŞ-da yaranıb və caz musiqisi kimi o da qaradərili insanların müasirləşdirilmiş dini musiqisi sayılır. Lakin repi bə’zən müasir dövrün musiqili poeziyası da adlandırırlar. Cəmiyyətdəki sosial bəlalara qarşı mübarizəyə, sağlam həyat tərzinə çağırış ifadə edən sözlər güclü elektron musiqi alətlərinin ritmik sədası altında onu dinləyənlərin duyğu və düşüncələrinə güclü tə’sir göstərir. Bütün dünyada bu musiqi janrı öz populyarlığını günbəgün genişləndirməkdədir.

***
Hip-hopun başqa bir istiqaməti - "brek-dans" adlanan, bədənin ritmik və kəskin hərəkəti ilə müşayiət olunan rəqs üslubu isə mə’nəvi və fiziki azadlığın təcəssümü kimi yeniyetmə və gənclərin həyatına möhkəm daxil olub. Təsadüfi deyil ki, hələ totalitar rejimin gücdən düşmədiyi bir dövrdə keçmiş SSRİ-yə, xüsusən, onun iri şəhərlərinə "yol tapan" bu rəqsi yeniyetmələr gizli şəkildə öyrənir və əsasən də tində-küçədə ifa edirdilər. İctimai asayişin keşikçiləri - milislər ayaqlarına iri altlıqlı "krassovkalar", əyinlərinə rəngi sürtülmüş "cins" geyən "brek-dans"çılarla adi küçə xuliqanları kimi rəftar edirdilər. Yeniyetmələrin ən böyük qorxusu isə milisdən onların oxuduğu təhsil ocaqlarına məktub göndərilməsi idi...

***

ABŞ-da "brek-dans"ın yaranması 1974-cü ilə təsadüf edir: bu rəqsin "atası" sayılan Corc Braun həmin vaxt "Get on the good foot" adlı mahnısına çəkdiyi klipə küçə uşaqlarından ibarət rəqqaslar qrupu də’vət etmişdi. 80-ci illərin əvvəllərində isə "brek-dans" sür’ətlə yayılmağa başladı. Bir qədər də keçəcək, bu rəqslərə akrobatik ünsürlər də əlavə ediləcək, "brenk-dans", sözün həqiqi mə’nasında, baş-ayaq qoyulacaqdı... İndi biz Amerika filmlərində rəqqas komandalarının bərk asfaltda baş və kürək üstə necə kəskin hərəkətlər etdiyini tez-tez izləyirik. 80-ci illərin axırlarında artıq ABŞ-da məşhur "brenk-dans"çılar küçələrdə deyil, telestudiyalarda oynayırdılar. Hətta belə bir ehtimal yaranmışdı ki, rəqqaslar bir daha küçələrə qayıtmayacaqlar. Lakin tezliklə "brek-dans" bir bomba kimi Avropaya düşdü və yenidən azadlığın simvoluna çevrildi...

***

"Qrafitti" - hip-hop mədəniyyətinin rəngkarlıq qolu da gənc nəslin yaradıcılıq təxəyyülünün, fantaziyasının geniş əks olunduğu bir alternativ incəsənət növüdür. Hərflərin və təsvirlərin qeyri-adi qovuşuğundan yaranan bu küçə rəngkarlığı heç də hamı üçün anlaşıqlı olmur. Digər tərəfdən, "qrfitto"nun cinəyət, yoxsa yaradıcılıq olması məsələsi də mübahisə mövzusu olaraq qalır. "Qrafitti"nin (arxeoloqlar qədim yazılı abidələ üzərindəki yazılardan danışarkən bu termindən istifadə edirlər) əsası ötən əsrin 60-cı illərində Nyu-Yorkda küçə uşaqlarının daşa-divara həkk etdikləri sadə yazı və təsvirlərlə qoyulub. Əvvəllər bunlar adicə imzalardan, ləqəb və təxəllüslərdən başqa bir şey olmazdılar. Özü də uşaqlar öz "rəsmlər"ini qalın markerlə çəkərdilər. Sonralar müxtəlif rənglər doldurulmuş aerozol balonları peyda oldu. Bundan sonra qara rənglə çəkilmiş sadə "imzalar" daha mürəkkəb və əlvan kompozisiyalarla əvəz olundu. İndi uşaqlar və yeniyetmələr öz fantaziyalarını təkcə daş-divar üzərində deyil, daha geniş yerlərdə - səki və meydanlarda gerçəkləşdirməyə başladılar. Onlar rəng aerozolları qolduqların altında gizlədib hətta parklara, muzeylərə də hücum çəkirdilər. Bu cür qanunsuz, icazəsiz rəssamlıq yaşlı amerikalıları narazı salmaya bilməzdi. 1991-ci ildə Los-Ancelesdə şəhər hakimiyyəti İncəsənət Tarixi Mərkəzində " Küçə mədəniyyəti - qraffito vandalizmi" mövzusunda 24 saatlıq konfrans keçirdi. Müxtəlif ictimai təşkilatları təşkil edən 60 nəfərədək adam müzakirələrdə iştirak etdi. Son nəticədə küçə rəssamlığının qanuniləşməsinə tərəfdar çıxan olmadı. Hətta bə’zi siyasətçilər divar üzərində rəsm çəkənlərə qarşı hüquqi-inzibati tədbirləri sərtləşdirməyi tələb etdilər. Bununla belə, şəhər hakimiyyəti incəsənətin yeni növünə qarşı yumşaq münasibət göstərərək, küçə rəssamlarının sərgisini keçirməyə razılaşdı. Əvvəllər "qrafitti"lərdə - divar yazılarında, əsasən, ədəbsiz sözlər yer alırdısa, onların vasitəsilə indi daha çox həyatda baş verən ən müxtəlif hadisələrə kinayəli münasibət ifadə edilir. Hər bir məqamı da qeyd etmək lazımdır: incəsənətin bu növündə "çalışan" yalnız oğlanlardır...

***

"Qrafitti" Azərbaycanda Qərbdə və Rusiyada olduğu qədər kütləviləşməsə də, müəyyən təzahürləri ilə diqqəti cəlb etməkdədir. Yaşayış binalarının divarlarında, pilləkənlərdə dəcəl uşaqların qaraladıqları müxtəlif yazı və təsvirlərlə azmı rastlaşırıq?.. Təbii ki, bu yazıda məqsədimiz heç də balaca soydaşlarımızın, necə deyərlər, yadına daş salmaq deyildi. Sadəcə, müasir mədəniyyətin daha bir istiqaməti barədə mə’lumat vermək idi.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Reportaj | Sənət | Avanqard | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd