|
|
|
|
02 avqust, 2001-ci il. Cömə axşamı
|#84(308)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
Azərbaycana daha bir qələbəni "Bəri bax" qrupu gətirdi. Bu günlərdə "Slavyan bazarı"ndan vətənə əlidolu qayıdan "Bəri bax"çılar milli musiqimizi bu dəfə də layiqincə təmsil ediblər.
Gənc ifaçıların ən’ənəvi X Beynəlxalq musiqi festivalının - "Slavyan bazarı"nın iştirakçıları barədə söz-söhbət yayılanda Azərbaycandan orada kimin təmsil olunacağı hələ dəqiq deyildi. Bu mə’nada ki, festivala də’vətli olan "Bəri bax" qrupunun səfərə gedib-getməyəcəyi sual altında idi. Amma "Bəri bax" maliyyə çətinliyini dəf etdi və iyulun 19-dan 26-dək Belorusiyanın Vitebsk şəhərində keçirilən festival günlərinə qatıldı.
35 ölkədən 6 minə yaxın nəfərin yarışdığı festivalda "Bəri bax"ın qələbə qazanması qrup üzvlərinin özləri üçün də gözlənilməz olub.
Qrupun festivalda üç rəqibi olub. "Bəri bax" Vitebskdə buradakı solo konsertində təqdim etdiyi repertuarının ən şah mahnılarını ifa edib. "Bana bana gəl", "Zibeydə", "Qalalı", "Cücələrim", Azərbaycan və rus dillərində "Həyat, sən nə qəribəsən", üç amerikan cazı və əlbəttə ki, qonaq gəldiyi ölkənin milli musiqisindən nümunə. Caz stilində oxuduğu "Olesiya" adlı belorus mahnısını "Bəri bax" ən son məqamda hazırlaya bilib. Zəngin repertuar və yüksək ifaçılıq qabiliyyəti sözünü deyib. "Bəri bax" vokalçıların "Ən cingiltili səs" nominasiyasının qalibi e’lan edilib.
Amma bu, hamısı deyil. Bununla qələbəsini bitmiş hesab edən qrupu daha bir xüsusi mükafata Bolqarıstan nümayəndələri layiq görüblər. "Qızıl qızılgül" və "Kamerton" mükafatlarının sahibi kimi "Bəri bax"ın adı açıqlananda bu, heç kim üçün gözlənilməz olmayıb. Beləcə, qrup "Slavyan bazarı"nın yeganə mükafatını Azərbaycana gətirib.
Amerika prezidentinin xanımı Laura Buş əkiz qızları Barbara və Cennanın ətrafında səngimədən gəzən söz-söhbətdən, nəhayət ki, cana doydu və yumruğunu stola çırpdı: "Qızlarımdan əl çəkin!".
Amerikanın CNN kanalında "Inside Politics" adlı canlı proqrama çıxan ölkənin birinci xanımı "Qəzetlər, televiziyalar uşaqlarımın biabır edilməsi hesabına pul qazanmaq, satış problemlərini həll etmək istəyirlər" deyə qəyzlənib. 19 yaşlı əkiz qızlarının heç bir siyasi fəaliyyətlə məşğul olmadıqlarını deyən ana "Qızlarımı rahat buraxın. İmkan verin onlar öz adi həyatlarını yaşasınlar" xahiş edib. Dünənə qədər, yə’ni Corc Buşun prezident kürsüsünə qalxdığı günədək övladlarının səssiz-küysüz istədikləri tərzdə yaşadığını və heç bir söz-söhbət obyektinə çevrilmədiklərin deyən ana qızlarını günün bir nömrəli müzakirəsinə çıxaranlarını bu hərəkətini Buşlar ailəsinə hörmətsizlik kimi dəyərləndirir.
Xanım Buş qızlarının siqaret çəkməsi ilə bağlı gəzən söz-söhbəti birmə’nalı şəkildə yalan adlandırıb. Laura Buş "Mən özüm əvvəllər çəkirdim. Sonra tərgitdim. Mənim qızlarım siqaretin dadını da bilmirlər" deyib.
Rusiyanın "Bilbord" jurnalının yazdığına görə, özünü və təbii ki, iste’dadını da təsdiq etmiş "Na-Na" qrupunun ifaçıları Amerikanın məşhur səsyazma kompaniyası - "Aksess Rekordz" ilə müqavilə bağlayıblar. "Na-Na"nın ABŞ-da debütü gələn ilin əvvəllərinə nəzərdə tutulub. İndi başı albomlara qarışan "Na-Na"çıların Amerikaya hücumunun uğuruna Rusiyada hamı inanır.
Madonnanın dünya turnesi qalmaqalsız ötüşmür. İndi də Londonda konsert verən zaman müğənni bərk qorxub. Mahnıya uyğun səhnədə o baş-bu başa qaçan müğənninin rəqsi salondakılardan birini özündən elə çıxarıb ki, o, qəfildən səhnəyə dırmaşıb və olan-qalan qüvvəsi ilə Madonnaya doğru götürülüb.
Amma nahaq əziyyət çəkirmiş... Ulduza çathaçatda mühafizəçilər onu yaxalayıblar. İlk baxışdan özünü itirməyən Madonna rəqsini davam etdirə-etdirə gözaltı basqınçının sonrakı mə’lum aqibətini seyr etməyə də imkan tapıb. Konsertdən sonra isə o, e’tiraf edib ki, həyatında tək-tük hallarda belə qorxub.
|