|
|
|
|
02 avqust, 2001-ci il. Cömə axşamı
|#84(308)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
Avropa İnsan Haqları Məhkəməsinin Türkiyə barəsində çıxardığı son qərar təkcə Ankarada deyil, Qərbdə də kifayət qədər gözlənilməz sayılıb. Məhkəmə səs çoxluğu ilə "Rifah" partiyasının apelyasiya şikayətini rədd edib. Bununla da mövcud olduğu 50 il ərzində Avropa Məhkəməsi ilk dəfə rəsmi Ankaranın lehinə qərar verib. Bu qərarın gerçək motivləri bizim üçün maraq doğuracaq məsələdir.
Avropa Şurası yanında fəaliyyət göstərən İnsan Haqları Məhkəməsinin Rifah Partiyası barədə qərarı Türkiyədə səbirsizliklə gözlənilirdi. Çünki bu qərar Türkiyədə siyasi İslamın hansı tendensiya üzrə inkişaf edəcəyinə müəyyən aydınlıq gətirməli idi. 1998-ci ildə Türkiyə Konstitusiya Məhkəməsinin qərarı ilə dünyəvi dövlətçilik prinsiplərinə zidd fəaliyyətinə görə qapadılan "Rifah" Avropa Məhkəməsinə şikayət etmişdi. Buna qədər Türkiyədə siyasi partiyaların fəaliyyətinə xitam verilməsi bir qayda olaraq Avropa Şurası və Qərbin digər demokratik tə`sisatları tərəfindən sərt qınaqla qarşılanmış, həmin addımlar Türkiyədə insan haqlarının pozulması kimi dəyərləndirilmişdi. Bütövlükdə Avropa İnsan Haqları Məhkəməsi Türkiyənin hakimiyyət qurumları və məhkəmə instansiyalarından edilən apelyasiya müraciətlərinə baxarkən məhz iddiaçıların xeyrinə qərar çıxarır. Avropa Birliyi Türkiyənin qarşısına qoyduğu öhdəliklər sırasında bu məqamı xüsusi olaraq vurğulayır.
Məhz bu səbəbdən Avropa Məhkəməsinin "Rifah"ın bağlanmasını haqlı sayması nisbətən gözlənilməzdir. Lakin məsələnin mahiyyətinə varan Türkiyə və Qərb icmalçıları Avropa Məhkəməsinin sözügedən qərarında uzağa gedən siyasi məqsədin olduğunu təsdiqləyirlər. Məsələ ondadır ki, Türkiyədə "Rifah"ın hakimiyyətə gəlməsi və Nəcməddin Ərbəkan hökumətinin ölkəni Avropadan uzaqlaşdıraraq İran, Liviya və s. dövlətlərin tərəfdaşı etmək cəhdləri Avropada da əndişə yaratmışdı. Avropa lap qonşuluğunda fundamentalist, klerikal dövlətin peyda olmasını böyük təhlükə kimi görürdü. Buna görə də Ərbakanın hakimiyyətdən düşürülməsi əslində Avropa və Amerikanın ürəyincə idi. Qərb demokratiyası özünün strateji məqsədlərinin və bəlli standartlarının qeydinə qalmaqdadır. Təsadüfi deyil ki, Türkiyədə siyasi İslam xəttinin tərəfdarları Avropa Məhkəməsinin qərarını ikili standartlar siyasətinin nəticəsi sayaraq qəti şəkildə pisləyirlər. Maraqlıdır ki, Avropa Məhkəməsinin qərarı Türkiyədə "Rifah"ın siyasi varisi olan "Fəzilət"in də eyni qaydada bağlanmasından (o da Avropa Məhkəməsinə şikayət edib) və İslam təmayüllü yeni Səadət (onun sədri "Fəzilət"in qurucusu Rəcai Kutandır) Partiyasının tə`sis edilməsindən sonraya təsadüf edir. Avropa Məhkəməsinin qərarı bu qüvvələrə eşitdirilən əlamətdar bir mesajdır.
Bununla belə, Qərb strukturları, Amerika və Avropa Türkiyədə siyasi İslamın önünü birdəfəlik kəsə bilməcəyinin fərqindədir. Üstəlik bu yöndə radikal qadağa kursunun tətbiqinin əks effekt doğurduğu da faktdır. Odur ki, həm rəsmi Ankara, həm də onun strateji tərəfdaşı olan Vaşinqton Türkiyədə siyasi İslamın daha mö`tədil, yumşaq variantının təşviq edilməsində maraqlıdır. Hazırda sabiq "rifahçı", siyasi baxım və mülahizələrinə görə mərkəz sağa xeyli yaxın olan Rəcəb Tayyub Ərdoğanın ətrafında "islahatçı" islamçı qüvvələrin təmərküzləşməsi bu baxımdan Qərbi də ümumən qane edir. O ki qaldı Avropa Məhkəməsinin son qərarının motivlərinə, e`tiraf etməliyik ki, bu instansiya da beynəlxalq müstəvidə insan haqlarına cavabdeh olan ali məhkəmə orqanı olmaqla yanaşı, məxsusi keyfiyyətlərdən, siyasi maraqlardan xali deyil.
Söhbət Qara dəniz sahilindəki iqlimdən deyil, MDB zirvəsindəki siyasi atmosferdən gedir. Təbii ki, Azərbaycan ictimaiyyətini ilk növbədə prezident Heydər Əliyevin Rusiya və Ermənistan rəhbərləri ilə aparacağı danışıqların nəticəsi maraqlandırır.
MDB liderləri dalbadal üçüncü ildir ki, yayın qızmarında Qara dəniz sahilində toplaşırlar. Ötən və inişil Yaltada Ukrayna prezidentinin qonağı olan MDB rəhbərləri bu dəfə Vladimir Putinin təşəbbüsü ilə bir araya gəliblər. Sammit qeyri-formal səciyyə daşıdığından onun konkret gündəliyi və müzakirə predmeti yoxdur. Liderlərin toplaşacağı masa üzərində imzalanacaq hansısa saziş və prtokol layihəsi də yoxdur. Soçidə Rusiya prezidentinə qonaq olan MDB prezidentləri (Gürcüstan və Türkmənistan prezidentləri sammitə qatılmayıblar) möhtəşəm "Daqomıs" bağ evində ikitərəfli və çoxtərəfli müzakirələr aparacaqlar. Avqustun 3-dək davam edəcək liderlər zirvəsində Rusiya prezidenti tərəfindən ortaya qoyulacaq müzakirə mövzuları ümumən bəllidir. Putin həmkarlarına beynəlxalq təhlükəsizlik və ABŞ-ın birtərəfli qaydada çıxmağa hazırlaşdığı raket hücumundan müdafiə sistemi ("PRO"), terrorizmlə mübarizə və münaqişələrin sahlmanlanması yönündə müzakirələr aparmağı təklif edib. Bundan əlavə, Rusiya prezidenti "Böyük 8-liy"in Genuyada keçirilmiş sammiti barədə həmkarlarına mə`lumat verəcək.
Soçi zirvəsinin Azərbaycan üçün maraq doğuran ilk məqamı da elə Genuya danışıqları ilə bağlıdır. Putin-Buş danışıqlarında Dağlıq Qarabağ tənzimlənməsinə hansı yerin ayrıldığı və iki həmsədrin prosesin perspektivi barədə qənaəti Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündə masaya yatırılmalıdır. Zirvə gedişində Putin-Əliyev-Köçəryan formatında görüşün olub-olmayacağı bəlli deyil, amma Azərbaycan rəhbəri həm Rusiya, həm də Ermənistan prezidentləri ilə ikitərəfli görüş keçirəcəyini bildirib. Halbuki sammit öncəsi bir sıra icmalçılar Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşünün keçiriləcəyinə şübhə ilə yanaşırdılar. Bir qədər əvvəl XİN başçısı Vilayət Quliyevin prezidentlər səviyyəsində danışıqların səmərə vermədiyi və müzakirələrin nisbətən aşağı formatda aparılmasının vacibliyi barədə qənaəti də bu şübhənin əsasında dururdu. Bununla belə, prezidentlərin Soçi görüşünün tənzimləmədə dönüş mərhələsi olacağını gözləməyə əsas yoxdur. Hərçənd son vaxtlar Ermənistan cəmiyyətində Levon Ter-Petrosyan tərəfdarlarının (Türkiyə-Ermənistan "barışıq komissiyası"nda da onlar təmsil olunur) fəallaşması və Köçəryanın yeritdiyi siyasətə yönəlik tənqidin intensivləşməsi ona işarədir ki, rəsmi Yerevanın sülh prosesindəki qeyri-konstruktiv mövqeyi erməni ictimaiyyətində "dalan əhvalı" formalaşdırıb. Vəziyyəti daha realist dəyərləndirən erməni siyasiləri bu dalandan çıxmaq üçün müəyyən güzəştlərin zəruriliyini daha ucadan e`tiraf edirlər. Çünki cari vəziyyətin davam etməsi vaxt və fəsadlar baxımından Ermənistanın ziyanına işləyir. Hətta bu günlərdə həbsxanadan çıxmış Köçəryanın sərt tənqidçilərindən olan Yeni Yol Partiyasının lideri Aşot Bleyan Qarabağın Azərbaycan torpağı olduğunu və orada ermənilərin hansı özünüidarə statusunda yaşayacağının bilavasitə Bakı ilə Xankəndi arasında həll edilməsinin vacibliyini vurğulayaraq rəsmi Yerevanı danışıqlar prosesindən kənarlaşmağa çağırıb. İndi Yerevandakı bu ab-havanın Soçi danışıqlarının atmosferinə hansı yeniliyi gətirəcəyini gözləmək qalır.
|