Reportaj

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Reportaj
Sənət
Avanqard
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
02 avqust, 2001-ci il. Cömə axşamı |#84(308)|Həftədə II, IV, VI günlər təzələnir


Bura Livandır...

Əvvəli ötən sayımızda

Südlü dağ

Livan - etnosların, konfessiyaların, dinlərin, mədəniyyət və sivilizisiyaların toqquşduğu və həm də qaynayıb-qarışdığı bir yerdir. Bəlkə də Livan fenomeninin əsl mahiyyəti də elə bundadır. Deyilənə görə, ərəblər Livana eramızın ilk əsrlərində gəliblər. İlk dəfə dağlarda qar görən ərəblər buranı "ləbən" (süd) çağırıblar. Guya, Livan (ərəbcə lubnən) adının etimologiyası elə bundan irəli gəlir. Ərəblər gələnə kimi ölkədə sami mənşəli finikiyalılar yaşamışlar. Bundan başqa, Roma və yunan mənşəli xalqların da burada məskunlaşıb qaldığı söylənilir. Sonrakı əsrlərdə Bizans imperatorluğunda kilsə tə`qibləri zamanı sami mənşəli xristian-maronilər Suriyanın daxili rayonlarından köçərək dağlıq Livanda sığınacaq tapırlar. İslam meydana gəldikdən sonra ölkədə ərəb elementi güclənməyə başlayır. Coğrafi şəraitinə görə təbii sığınacaq sayılan Livan istər xristianlıq, istərsə də İslam yarandığı gündən tə`qib olunan dini icmalar üçün azadlıq adası olmuşdur. Təsadüfi deyil ki, bugünkü Livanda 6 müsəlman və 10-dan çox xristian icması mövcuddur.

Hər kənddə mətbəə...

Livanda kəndlə şəhər arasındakı fərq o qədər də böyük deyil. Xristian kəndləri daha çox inkişaf edib. Livanda çalışan isveçrəlilərin dediyinə görə, bu kəndlər İsveçrədəki kəndlərə daha çox bənzəyir. Çoxmərtəbəli binalar və dəbdəbəli villalar adamı heyran edir. Əksər müsəlman kəndləri də 3-4 mərtəbəli, villa formasında tikilmiş dəbdəbəli evlərdən ibarətdir. Hər kənddə çoxlu dükan, məktəb, restoran və az qala mətbəə var. Təsadüfi deyil ki, Livan həm də ərəb dünyasının nəşriyyatı sayılır. Az qala hər kənddə şəhərdəki infrastrukturları tapmaq mümkündür. Kənd əhalisi mədəni səviyyə baxımından da şəhərdən geri qalmır. Bu ölkədə vətəndaş müharibəsi 1992-ci ildə qurtarıb. Müharibə Beyrutu və bir çox digər şəhərləri xarabalığa çevrmişdi. Sudan başqa, digər yeraltı sərvətlərin kasad olduğu bu kiçik ölkədə son 8-9 il ərzində o dərəcədə güclü abadlıq-tikinti işləri aparılıb ki, buna təəccüb edirsən. Sanki Beyrut, o cümlədən ölkənin digər şəhərləri yenidən doğulub. Əl-Naluqa, əl-Əşrəfiyyə, Fərdan, əl-Ramlə əl-Beyda şəhərin ən möhtəşəm və abad küçələri sayılır. Buradakı məscidlər şəhərin avropasayağı görkəminə orijinal bir çalar verir. Küçə divarlarında az qala hər addımbaşı ərəblərin Atatürkü hesab olunan Camal Əbdül Nasirin plakatları var. Hafiz Əsədin, Kral Feysəlin, nəhayət Xomeyninin, Beşda Seyyid Həsən Nəsrullah olmaqla Livan hizbullahının digər sabiq liderləri, habelə baş nazir Rəfiq-əl-Həriri, spiker Nəbih Bərri, Kamal Cümblat kimi müasir şəxsiyyətlərin plakatları da Beyrutun divarlarını bəzəyir.

Əlifba məsələsi...

Ərəb dünyasının mədəniyyət mərkəzi sayılan Beyrut, həm də mətbuat və nəşriyyat mərkəzidir. Buradakı mətbuat azadlığının analoqu heç bir ərəb ölkəsində yoxdur. Bu, 50-60-cı illərdə Camal Əbdül Nasirin liderliyi ilə bütün ərəb ölkələrini bürüyən panərəbizm dalğası dövründə xüsusilə gözə çarpırdı. Nasirin panərəbizminə qarşı panislamizmlə cavab verən Səudiyyə kralı Feysəl bu işdə Livan mətbuatına xüsusi önəm verirdi. Hal-hazırda ərəblərin bir nömrəli beynəlxalq qəzeti sayılan və Londondan yayılan ərəbdilli məşhur "əl-Həyat" qəzeti elə 50-ci illərdəki mətbuat yarışmaları zamanı Livanda Səudiyyə kralının maliyyəsi hesabına tə`sis olunmuşdu.
Qeyd edim ki, məhz Livan ərəbləri ərəb qəzetçiliyinin pionerləri, ərəb mədəni dirçəlişinin öndərləri olmuşlar. Livanda ilk qəzeti xristian missionerləri hələ 1840-cı ildə buraxmışlar. Livanlı jurnalist Əhməd Faris Şidyaq 1850-ci ildə Tunisdə ilk dəfə "əl-Raid" adlı jurnalı ərsəyə gətirib. Livanlılar bütün ərəb regionunda jurnalistikada pioner olmuşlar. Əhməd Şidyaq sonralar Osmanlı paytaxtı İstanbuldan də`vət alaraq 1860-cı ilə orada ərəbdilli "əl-Cəvaib" qəzetini çıxarmışdır. Livanın ilk müsəlman jurnalisti 1875-ci ildə "Səmərat əl-fünun" adlı gündəlik qəzeti nəşr etmişdi. 1875-ci ildə Misirə köçən Səlim Təqla məşhur "əl-Əhram" qəzetinin nəşrinə başladı. Bir neçə il sonra yenə də Misirə köçmüş livanlılar Faris əl-Nimr və Yaqub Sərruf "əl-Muqəttəf" və "əl-Muqəttəm" dərgilərinin nəşrinə başlayırlar. Qeyd edim ki, ilk ərəb ensiklopediyalarının və lüğətlərinin müəlliflərinin əksəriyyəti Livan ziyalıları olmuşlar. Ərəb ədəbi dilinin dirçəldilməsində Butros Bustani və Nasir əl-Yazicinin əvəzsiz xidmətləri olmuşdur. İlk müasir sanballı lüğəti məhz 1875-ci ildə "Muhit əl-Muhit" (okeanın okeanı) adı ilə o, buraxmışdır. Habelə onun nəşr etdiyi 5-cildlik "Dairət əl-məarif" ensiklopediyası o dövrdə ərəb regionu üçün mühüm hadisə idi. 1895-ci ildə Misirə köçən məşhur Livan yazıçısı Circi Zeydan Misirdə "əl-Hilal" jurnalının nəşrinə başlayır. Onun müəllifi olduğu çoxcildlik "Ərəb ədəbiyyatı tarixi" və "İslam sivilizasiyası tarixi" əsərləri mühüm mədəni hadisə idi.
Bu gün də Beyrutda yüzlərlə qəzet, jurnal və dövri nəşriyyat çıxır. Aparıcı yerli qəzetlər bunlardır: "ən-Nəhar", "əd-Diyar", "əs-Səfir", "əl-Mustəqbəl", "əc-Siyasə", "əl-Liva" və s. Bundan başqa 260 milyonluq ərəbdilli oxucular üçün nəzərdə tutulmuş həftəlik dərgilər - "əl-Həvadis" ("Olaylar"), "əl-Vatən-əl-arabi" ("Ərəb vətəni") və "əl-Usbu əl-arabi" ("Ərəb həftəsi") kimi jurnallar Beyrutda nəşr olunur. Ərəb jurnalistikasının kralı, həm də kral və prezidentlərin jurnalisti hesab olunan Kərəm Mülhim Kərəm Livan jurnalistləri Assosiasiyasının sədri, həm də "əl-Nəvadis" jurnalının baş redaktorudur. Amma jurnal və qəzetlər bizdəkindən xeyli bahadır. Məsələn, aparıcı qəzetlər "əs-Səfir" və "ən Nəhar" təqribən 1 dollara, "əl-Nəvadis" və "əl-Vatən əl-arabi" jurnalları iki dollaradır.
Livan qəzetlərində Azərbaycan mövzusuna çox nadir hallarda toxunulur. Əlbəttə, bunun səbəbləri müəyyən dərəcədə mənə aydındır. Azərbaycan uzun müddət sovet İttifaqının subyekti olduğundan və superdövlətin problemlərinə toxunmadan onunla bə`zən əməkdaşlıq etməyə məcbur olan ərəb dövlətləri sanki bizi unutmuşlar. Digər tərəfdən, Sovetlərdən əvvəl ərəb əlifbasının mövcudluğu Azərbaycanı ərəb və islam dünyasından təcrid etmirdi. Sonradan yaranan əlifba fərqləri əlbəttə ərəb jurnalistikasının Azərbaycanın problemlərinə marağını azaldıb. Çünki Azərbaycanın problemləri ərəb mətbuatına çıxarılsa belə, həmin qəzetləri bizdə oxuya biləcək oxucu dairəsi yoxdur. Bu məsələni bir sıra livanlı alimlər və jurnalistlərlə də müzakirə etdim. Əlifba fərqi məsələsini bəhanə elədilər. O zaman Türkiyəni arqument gətirdim. Türkiyədə də fərqli əlifbadır. Amma Türkiyənin problemləri, ölkədə baş verən gündəlik olaylar dərc olunur, bizimkilər isə yox. Bu halda onlar susub qaldılar. Sadəcə olaraq bu sahədə işləmək və əlaqələri gücləndirməyin zərurəti meydana çıxır. Azərbaycan öz səsini ərəb dünyasına çatdırmaq sahəsində, habelə təbliğat və informasiya işini bu regionda qurmaq yolunda ciddi işlər görə bilər.

Livan diasporu

Hər bir livanlıya görə Livan iki hissədən ibarətdir. Biri paytaxtı Beyrut olan Livan, o biri isə bütün dünyaya səpələnmiş və ümumi sayı 14 milyona çatan Livan diasporu. Təkcə bunu demək kifayət edər ki, Braziliyada 3 milyon livanlı yaşayır. Braziliya ştatlarından səkkizinin qubernatoru Livan mənşəlidir. Bundan başqa, Kolumbiyanın və Ekvadorun iki sabiq prezidenti Livan mənşəli ərəblər idilər. Argentinanın sabiq prezidenti, hal-hazırda isə həbsdə olan Karlos Munim (ingiliscə Menem deyirlər) Suriyadan olan xristian ərəbdir. Ümumiyyətlə, Livan diasporunun tarixi 1860-cı ildən başlanır. 1841-1845-ci ildə Livanda baş vermiş müsəlman-xristian qarşıdurması Livan və ümumiyyətlə, Şamın digər xristian əhalisinə ciddi xəbərdarlıq idi. 1860-cı ildə yenidən qızışmış müsəlman-xristian qarşıdurmasında druzlar təşəbbüsü ələ alıb bir çox xristian şəhər və kəndlərini darmadağın etdilər. Elə bu dövrdə on minlərlə livanlı Cənubi və Şimali Amerikaya, Avstraliyaya və Qərbi Afrikaya üz tutdular. Orada onlar özlərinə yeni iş və həyat perspektivi tapdılar. Beləliklə, hər il həmin ölkələrə yeni-yeni livanlı köçləri başladı. Bu gün ABŞ-ın Detroyt şəhərində 300 mindən çox livanlı ərəb yaşayır. Onların əksər hissəsi Fordun maşın zavodlarında çalışır. Livanlıların xaricə axını o dərəcədə güclü olmuşdur ki, mühacirətdə yaranan ərəbdilli məhcər (diaspor) ədəbiyyatı ərəb ədəbiyyatının zəngin, proqressiv və ayrılmaz hissəsi olmuşdur. Diaspor ədəbiyyatının parlaq simalarından olan Cübran Xəlil Cübran, Mixail Nueymə nəinki ərəblərin, habelə Qərb dünyasının sevimli yazıçıları hesab olunur.
Qeyd edim ki, Cənubi Amerika ölkələrinə köç edən livanlılar orada "Elturko" adı ilə tanınmışlar. Bu da onların osmanlı Türkiyəsinin təbəələri olmaları ilə bağlı idi. Ancaq mühacirətdə olan livanlıların hamısı xristian mənşəli deyil. Onların xeyli hissəsi müsəlmanlardır. Məsələn, 1958, habelə 1975-1992-ci il vətəndaş müharibəsi zamanı çoxlu müsəlman əhali ölkəni tərk etmişdir. Kanadada güclü druz, Avstraliyada, Qərbi Afrika və Körfəz ölkələrində güclü şiə diasporu, habelə Fransada, Amerikada və Braziliyada nüfuzlu sünni diasporu mövcuddur. ABŞ-ın hazırkı energetika naziri İbrahim Spenser, Beynəlxalq Ticarət Palatasının prezidenti Corc Qəssar, keçmiş ABŞ prezidentliyinə namizəd Ralf Nadir, BMT Baş Assambleyasının sabiq sədri və bir çox başqaları Livan mənşəlidirlər. 1977-ci ildə (vətəndaş müharibəsi illərində) ölkəni tərk edən Konkor mükafatı laureatı Əmin Məluf hazırda Fransada yaşayır. Onun tarixi səpkidə, xüsusən ara-sıra türk tarixi ilə bağlı olan əsərləri - "Səmərqənd", "Səlib yürüşləri", "Tanyus qayası", "Afrikalı Leon", "Məlikşah" və bir çox digər əsərləri həm ərəb dünyasında, həm də İngiltərə və Fransada kifayət qədər tanınmışdır.
Maraqlı cəhət budur ki, dağıdılmış Livanın müharibədən sonra abadlaşdırılmasında diasporun böyük rolu var. Hətta müharibə gedə-gedə Livan bankları işini dayandırmırdı. Hər gün xaricdən göndərilən çoxsaylı pul köçürmələri hesabına müharibənin gedişində yeni-yeni hotellər, möhtəşəm tikililər inşa olunurdu. Ölkənin əhalisi 4 milyon olduğu halda, xaricdə 14 milyon livanlı yaşayır. Hamısının da ölkəylə əlaqəsi var. Çox az ailə tapılar ki, bir kimsəsi xaricdə işləməsin. Məhz bu xüsusiyyətlərinə görə, məhz xaricdən göndərilən pullar hesabına Livan nəinki Yaxın Şərqin İsveçrəsinə, həm də Avstraliyaya, ABŞ-a, Braziliya və Fransaya bənzəyir. Özü də həmin ölkələrin me`marlıq üslubunda tikilmiş villaları ilə, ən son model maşınları ilə...

Ardı var

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Reportaj | Sənət | Avanqard | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd