|
|
|
|
#85(309)|
|
 |
Xəzərin hüquqi statusu ilə bağlı Rusiya, Azərbaycan və Qazaxıstan prezidentlərinin MDB sammiti çərçivəsində apardığı üçtərəfli danışıqlar uğurlu olub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev jurnalistlərlə söhbətində bildirdiyinə görə, hər üç dövlət Xəzərin "orta xətt prinsipi" ilə bölünməsi məsələsində razılığa gəlib.
Rusiya prezidenti administrasiyası başçısının müavini Sergey Prixodko da deyilənləri təsdiqləyib. Əlavə edib ki, tərəflərin mövqeyi orta xəttin müəyyənləşdirilməsi, Xəzərin hüquqi statusu, bu və ya digər yataqların mənsubluğu ilə bağlı bütün məsələlərdə üst-üstə düşüb. O, Azərbaycan və Rusiyanın Xəzərin statusu ilə bağlı mövqelərinin ciddi şəkildə yaxınlaşdığını xüsusi vurğulayıb. Rusiya prezidenti V.Putin isə öz növbəsində Xəzərlə bağlı mübahisələr zəminində hansısa dövlətin güc nümayiş etdirməsinin yolverilməz olduğunu vurğulayıb.
İndiki halda, rəsmi Moskvanın bu mövqeyinə İran tərəfinin reaksiyası xüsusi maraq doğurur. Hərçənd siyasi müşahidəçilər Xəzərlə bağlı mübahisələr zəminində
Rusiya-İran münasibətlərinin gərginləşəcəyini proqnozlaşdırmırlar. Millət vəkili İqbal Ağazadənin fikrincə, Putinin son açıqlamaları heç də Azərbaycanı dəstəkləyən mövqe deyil. "Rəsmi Moskva da bəyanatında bildirib ki, Xəzərin statusunun danışıqlar masası arxasında həll olunmasını istəyir. Bu baxımdan, Rusiyanın sözügedən məsələdə birmə’nalı olaraq Azərbaycanı dəstəklədiyini demək olmaz. Əslində, İran, Türkmənistan və Rusiya Xəzərlə bağlı eyni strateji xətt yürüdürlər. Sadəcə, zaman-zaman onların funksiyaları dəyişir. Əvvəl Rusiya prosesə mane olurdu, indi isə bu funksiyanı Türkmənistan və İran həyata keçirir. Əslində, bu alyansın məqsədi həmişə Xəzərin statusu məsələsində Azərbaycanı sıxışdırmaq olub. Azərbaycana görə Rusiyanın İranla baş-başa gələcəyini gözləmək absurddur. Çünki İranı elə bu özbaşınalıqlara sövq edən amil Rusiyanın Azərbaycana qarşı münasibətidir", - deyən İqbal Ağazadənin sözlərinə görə, İranın prosesləri hərbi müstəviyə keçirməsi təhlükəsi ciddi deyil. Millət vəkili hesab edir ki, Rəsmi Tehranın son manevrləri İran daxilində gedən proseslərlə bilavasitə bağlıdır: "İran öz daxilində aktivləşən milli-azadlıq mübarizəsinin qarşısını bu hərbi manevrlərlə almaq istəyir. Amma bu da əks effekt verə bilər. Nəticə e’tibarilə Azərbaycan mövqeyində israrlı olarsa və bu işə xarici neft şirkətlərini də cəlb edə bilsə, İranı mövqeyindən geri çəkilməyə məcbur edər".
"Bakı-Ceyhan neft kəmərinin Ermənistandan keçməsi ilə bağlı Corc Buşa müraciət edən ABŞ konqresmenləri ermənilərdən külli miqdarda pul alıblar.
Odur ki, hər kvartalda bu məsələni qabardırlar", - politoloq Hikmət Hacızadə müxbirimizlə söhbətində belə deyib. Onun sözlərinə görə, "ermənipərəst" konqresmenlər zaman-zaman bu cür açıqlamalarla çıxış etsələr də, Corc Buş administrasiyası neft kəmərinin mə’lum səbəblərdən Ermənistandan keçməsinin qeyri-mümkünlüyünü yaxşı başa düşür. Azərbaycan hökumətinin mövqeyini haqlı sayan Hacızadə hesab edir ki, yalnız münaqişənin həllindən sonra neft kəmərinin Ermənistandan keçməsi mümkündür. Onun fikrincə, indiki şəraitdə Qərb şirkətləri də kifayət qədər risk tələb edən layihəyə vəsait ayırmaqdan imtina edəcəklər: "Münaqişə bitməmiş bu layihəyə pul ayıran da olmayacaq. Amma prinsip e’tibarilə neft kəmərinin Ermənistandan keçməsi variantının nə vaxtsa reallaşması mümkündür".
Hikmət Hacızadənin sözlərinə görə, artıq Ermənistan da iqtisadi dirçəlişinin münaqişənin həllindən asılı olduğunu başa düşür. Politoloq rəsmi Yerevanın son vaxtlar Bakı-Ceyhan kəmərinə daha ciddi maraq göstərməsini də bununla izah edir.
İqtidaryönlü partiyalar birliyi olan Məşvərət Məclisi (MM) dünənki qapalı toplantısında Azərbaycan-İran münasibətlərini müzakirə edib.
Tədbirdə İranın Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyi və onun səbəbləri geniş təhlil edilib. Mənbənin mə’lumatına görə, qurumun bu məsələ ilə bağlı növbəti tədbirinə İranın Azərbaycandakı səfiri də də’vət olunacaq.
Millət vəkili, kommunistlərin lideri Ramiz Əhmədovun İranın Azərbaycana yönəlik hərbi manevrlərinə haqq qazandırmaq cəhdləri "islahatçı" Kommunist Partiyasının sədri Firudin Həsənovun hiddətinə səbəb olub. Məsələ ilə bağlı "Bizim ƏSR"ə açıqlama verən Firudin Həsənov kommunist həmkarı Ramiz Əhmədovu Azərbaycan dövlətçiliyinə xəyanətdə günahlandırıb:
"Bu, həmin Ramiz Əhmədovdur ki, PKK lideri Abdulla Öcalanı "cani-dildən" dəstəkləyir, ermənilərlə "Qırmızı Körpü"də qardaşlıq görüşləri keçirir. O, hər zaman Azərbaycan dövlətçiliyinin maraqlarına zidd addımlar atıb və buna görə də Azərbaycan cəmiyyətindən təcrid olunmalıdır. Bu adam söylədiyi fikirlərə görə, məs’uliyyət daşımalıdır".
"İslahatçı" kommunistlərin lideri həmçinin, AQB-nin də İranla bağlı mövqeyinin ölkə dövlətçiliyi üçün təhlükəli olduğunu dedi. Onun fikrincə, Konstitusiyaya zidd mövqedən çıxış edən partiyaların fəaliyyəti dayandırılmalıdır: "Onlar da hava sərhədlərinin pozulmasını adi hal kimi qarşılayırlar. Sosial-demokratların, islamçıların və o quruma daxil olan partiyaların bu mövqeyi olduqca təhlükəlidir. Azərbaycanın müstəqilliyinin əleyhinə gedən qüvvələr öz məs’uliyyətlərini başa düşmürlərmi?".
Firudin Həsənovun sözlərinə görə, Azərbaycan kommunistləri həmişə ölkənin ərazi bütövlüyünün pozulmasına yönələn hərəkətlərə qarşı olublar və İranın son addımlarını pisləyirlər: "İran Azərbaycanın müstəqilliyinə təcavüz edir. Ancaq bu dövlət başa düşməlidir ki, Azərbaycan iki əsr bundan əvvəlki müdafiəsiz ölkə deyil. Azərbaycan kommunistləri heç zaman bu təcavüzkar addımları dəstəkləyə bilməzlər".
Dünən Bakı Ali Hərbi Dənizçilik Məktəbinin (BAHDM) ümumi yığıncağı keçirilib. Tədbirdə "Gəmiçilik" kafedrasının sabiq müəllimi, hazırda məhkəməsi gedən Canmirzə Mirzəyevin BADHM-də rəis əvəzi işlədiyi müddətdə yol verdiyi qanun pozuntuları açıqlanıb.
Yığıncaq iştirakçıları sonda Ali Məhkəməyə və KİV rəhbərlərinə müraciət qəbul ediblər. Müraciətdə bildirilir ki, Canmirzə Mirzəyev 1993-cü ildən - BADHM-in ilk azərbaycanlı rəisi Eduard Hüseynov qətlə yetirildikdən sonra məktəb rəisinin vəzifəsini icra etməyə başlamış və "əliəyri" adamları ətrafına yığaraq dövlət əmlakını dağıtmaqla məşğul olmuşdur: "Məktəb rəisinin ali və tədris işləri üzrə müavini Zatulivatrovun bilavasitə iştirakı ilə məktəbə kursant qəbulu zamanı açıq qanunsuzluğa yol verilmiş, qəbul imtahanlarında "qeyri-kafi" qiymət alan 100 abituriyent məktəb rəisinin əmri ilə BADHM-ə qeyri-qanuni qəbul olunmuşdur. Mirzəyevin himayədarlığı nəticəsində Zatulivatrov tədris prosesində xeyli qanun pozuntusuna yol verərək qeyri-qanuni yolla külli miqdarda vəsait toplamış, sonra isə hüquq-mühafizə orqanlarından gizlənərək Azərbaycandan qaçmışdır".
Müraciətdə daha sonra qeyd olunur ki, həmin dövrdə mənzil-məişət komissiyasına başçılıq edən I dərəcəli kapitan Kaytükovun iştirakı ilə 500 mənzil qeyri-qanuni şəkildə mənimsənilib: "C.Mirzəyev məktəbə rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ideyaları, dövlət dili tam sıxışdırılmış, bə’zi milli kadrlar məktəbdən uzaqlaşdırılmışdır. Bundan başqa, Mirzəyev məktəb rəisi işlədiyi vaxtlarda milli dövlətçiliyimizə qarşı çıxan və dövlət çevrilişinə cəhd edən qara qüvvələrlə əlaqə saxlamış və vaxtaşırı onları məktəbdə keçirilən tədbirlərə də’vət etmişdir. Belə adamlardan biri də Rövşən Cavadov olmuşdur. Sonradan onunla C.Mirzəyevi çirkin və cinayətkar əməllər birləşdirmişdir".
Yığıncaq iştirakçıları sonda bə’zi qəzetlərin hadisəyə qərəzli və qeyri-obyektiv münasibət göstərməsindən narahatlıq keçirdiklərini bildiriblər. Onlar məhkəmə işinin obyektiv aparılmasına mane olan amillərin aradan qaldırılmasını tələb edir.
|