|
|
|
|
#85(309)
|
 |
Ötən ilin avqustunda "Naxçıvan-Bakı" marşrutu ilə uçan Tu-154" tipli təyyarəni qaçırmağa cəhd edən Müsavat Partiyası Culfa rayon təşkilatının sədri Mehdi Hüseynlinin barəsində qaldırılmış cinayət işinin məhkəmə istintaqı başlandı.
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə baxışına hazırlıq iclası keçirildi. Məhkəməyə hakim Mansur İbayev sədrlik edir.
İstintaq materiallarına görə, M.Hüseynli avqustun 18-də saat 16.34 radələrində Naxçıvan-Bakı marşrutu ilə A-254 reysini həyata keçirən, içərisində 184 nəfər sərnişin olan "Tu-154" tipli təyyarrənin 1-ci salonunda özü ilə götürdüyü kerosini üstünə töküb və kəndirlə qumbara "mulyaj"ını boynundan asmaqla təyyarənin hey`ətinə həmin predmetlərin partlayıcı maddə olduğunu və təyyarənin tualetinə partlayıcı maddə qoyduğunu bildirib. O, tələblərinə əməl edilməyəcəyi təqdirdə əlində tutduğu alışqanla özünü yandıracağı və qumbaraları partlatmaqla təyyarəni məhv edəcəyi ilə hədələyib. Hey`ətdən təyyarəni Türkiyənin Ankara şəhərinə sürməyi tələb edib. Bundan əvvəl "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə telefon əlaqəsi yaradaraq, təyyarəni qaçıracığını bildirib.
Sonra təyyarənin hey`əti sərnişinləri xilas etmək məqsədilə onun tələblərinə əməl olunacağını bildirib və əvvəlcə yanacaq götürmək məqsədilə Tbilisi şəhərinin hava limanına doğru uçuşu davam etdirməyə razılaşıb. Hava limanına enməyə 12 km qalmış təyyarə bələdçisi və daha üç sərnişin M.Hüseynovun əlindəki alışqanı vurub salaraq, onu zərərsizləşdiriblər.
Qeyd edək ki, ittihamnamədə törədilən cinayətdə R.Arifoğlunun xüsusi rolu olduğu göstərilir. Belə ki, istintaq materiallarında baş redaktorun M.Hüseynli ilə birgə baş verəcək hadisəni əvvəlcədən planlaşdırdığı bilidirilir.
İstintaqdakı ifadəsində M.Hüseynli siyasi fəaliyyətlə məşğul olan bir şəxs kimi cəmiyyətdə gedən proseslərdən kənarda qalmamaq məqsədilə parlamentə və Mərkəzi Seçki Komissiyasına seçkilər keçirilməsinə dair qanunlarda dəyişikliklər edilməsi barədə müxalifət qüvvələri və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən tələblərin qəbul olunmasını istəyib. Respublikada keçiriləcək seçkilərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyib. Bu məqsədlə o, təyyarəni girov götürüb Ankaraya aparmaqla seçkilərlə əlaqədar ölkə rəhbərliyi qarşısında tələblərini irəli sürəcəkmiş. Məhz bu yolla o, tələblərinin yerinə yetirilməsinə nail olmaq qərarına gəlib.
Qeyd edək ki, M.Hüseynlini vəkil Osman Kazımov və Vidadi Mahmudov müdafiə edirlər. Dövlət ittihamçıları Nazir Bayramov və Faiq Məmmədovdur.
Hazırlıq iclasında əvvəlcə vəkil O.Kazımov ittiham aktının cinayət işinin materiallarına uyğun tərtib edilmədiyini bildirdi.
Vəkil Vidadi Mahmudov vəsatət qaldıraraq, məhkəmədə iştirakı vacib olan şəxslərin adlarını sadaladı. O, milli təhlükəsizlik naziri Namiq Abbasovun da məhkəmədə ifadə verməsini tələb etdi. Həmçinin R.Arifoğlunun, müttəhimin qardaşı Məhəmməd Hüseynovun, "Yeni Müsavat" qəzetinin müxbiri Səbinə Əvəzqızının və daha bir neçə şəxsin ifadəsinin dinlənilməsinin vacibliyini vurğuladı.
Bundan başqa, məhkəməyə çağırılmalı olan şəxslər arasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin və təşkilat katibi Arif Hacıyevin də adı çəkildi.
Müdafiəçinin vəsatətinə e`tirazını bildirən dövlət ittihamçısı əlavə şahid dindirilməsinə ehtiyac olmadığını bildirərək, "bu bizim səmərəli vaxtımızı ala bilər" dedi.
Məhkəmə hey’əti müdafiəçilərin vəsatətini tə`min etmədi.
Məhkəmə prosesi avqustun 14-də başlanacaq.
Dələduzluq üçün özünəməxsus orijinal üsul seçmiş Bakı şəhər sakini Qurban Nurəliyev bu yaxınlarda "cəza"sını aldı. O, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti adını "mənimsəyibmiş"...
1993-cü ilin mart-dekabr aylarında, həqiqətən də, MTN-nin sərhəd qoşunlarında çavuş rütbəsi ilə xidmət edən Q.Nurəliyev səhlənkarlığına görə vəzifəsindən uzaqlaşdırılıb. Bununla belə, Viktor Mudrak adlı tanışı onu işə bərpa edəcəyinə söz verib. Leytenant formasında Qurbanın şəklini çəkən V.Mudrak bir müddətdən sonra görüşərək, onu vəzifəsinə bərpa olunması münasibətilə təbrik edib.
Q.Nurəliyev vəsiqənin saxta olduğunu başa düşsə də, özündə saxlayıb. O, 1996-cı ildən həmin vəsiqədən istifadə etməyə başlayıb. Bakı şəhər sakini Yuliya Axmerova ilə MTN-nin zabiti kimi tanış olan Qurban qadını məharətlə aldadıb.
Axmerova söhbət zamanı ABŞ-a köçmək istədiyini bildirib. Buna görə də onun pulu olduğunu başa düşən Qurban qadını soymaq qərarına gəlib. Tanışlıqlarından 2 ay sonra italyan dilini mükəmməl bildiyini və həmin ölkəyə uzunmüddətli diplomatik işə göndəriləcəyini deyərək, Yuliyaya evlənməyi təklif edib. Bundan sonra qadının ona inandığını anlayan Qurban yavaş-yavaş pul qoparmağa başlayıb. 1996-cı ilin iyulunda DİN-ə vermək adıyla Axmerovadan 150 dollar alıb. Bir neçə gündən sonra İtaliyaya getmək üçün sənədləri "hazırlamaq"dan ötrü 150 dollar da qoparıb. Avqust ayında onların İtaliyaya getməsi məsələsini həll edən şəxsə rüşvət vermək üçün pulu çatmadığını bəhanə edərək 35 dollar da istəyib. Sentyabr ayında onlar Qurbanın evində görüşüblər. Q.Nurəliyev bildirib ki, guya, İtaliyaya səfəri artıq həll olunub və banket vermək üçün ona 350 dollar lazımdır. Həmin pulları alandan sonra Qurban bu dəfə başqa bəhanə gətirib. Onun dediyinə görə, İtaliyaya getməyinə mane ola biləcək bə`zi sənədlər var. Həmin sənədlərin məhv edilməsinə görə qadından 150 dollar istəyib. Q.Nurəliyev hansısa nazirə rüşvət vermək adıyla təkrar 200 dollar alıb.
Bir il İtalya həsrətiylə yaşayan Y.Axmerova 1997-ci ilin yanvarın 1-də Qurbanın evinə gəlib. Bu dəfə Qurban onu daha gözlənilməz bir "sürpiriz"lə qarşılayıb. "Xərçəng xəstəliyinə tutulmuşam, Dağıstana müalicəyə gedirəm, mənə 500 dollar lazımdır" söyləyib. Sevgilisinə ürəyi yanan qadın Qurbana 470 dollar verib. 1997-ci ilin aprelində təkrar Qurbanın evində olarkən Yuliya təsadüfən orada öz sənədlərini, anketləri, diplomunun surətini aşkar edib. O başa düşüb ki, Qurban yalan danışaraq, 1755 dollarını mənimsəyib. Qadın pulları geri tələb edib. Ötən iki il ərzində Q.Nurəliyev onun 1255 dollarını qaytarıb...
"MTN-nin əməkdaşı"nın toruna düşənlərdən biri də köhnə tanışı Rasim Tahirov olub. Qurban ona bildirib ki, MTN-nin "Xarici Kəşfiyyat İdarəsində rəis köməkçisi" işləyir və dövlət əhəmiyyətli məsələlərlə məşğuldur. R.Tahirov ondan xahiş edib ki, Naxçıvanda mayor vəzifəsində qulluq edən qardaşı Ramiz Tahirovun Bakıya köçürülməsinə kömək etsin. Bunun çox asan olduğunu deyən Qurban üstəlik onu özü ilə götürməyə, sonra Londona göndərməyə söz verib. Onlar 1999-cu ilin oktyabrında Naxçıvana uçaraq, Ramizlə görüşüblər. Qurban özü ilə "kəşfiyyat idarəsi"nin blanklarını, anketini götürüb. Ramizlə söhbətdən sonra bildirib ki, o, kəşfiyyatda işləməyə yarayır. Oktyabrın sonunda Ramiz Bakıya gəlib. Qurban deyib ki, guya, rəhbərliyin yanında müsabiqədən keçməlidir. Qurban atası Faiq Nurəliyevdən dostu Ramizlə görüşməyi xahiş edib. Bunu atasına Ramizin onu görmək istəyilə izah edib. Təklikdə isə R.Tahirova atasını "kəşfiyyat idarəsinin rəis köməkçisi, general-mayor Faiq Abbasov" kimi təqdim edib. Bir müddət sonra isə Qurban Ramizin müharibədə iştirakı barədə sənəd əldə etmək üçün 800 min manat istəyib və həmin pula Beyləqandakı hərbi hissədən sənəd aldığını bildirib. Ötən ilin aprelində isə Ramizi kəşfiyyat idarəsinə deyil, Sərhəd Qoşunlarında tikinti hissələrinin birinə rəis tə’yin etmək imkanı olduğunu bildirib. Həmin iş üçün 2000 dollar tələb edib. Lakin Rasim tanımadığı adama pul verməyəcəyini bildirərək, həmin şəxslə görüşmək istədiyini deyib. Aprel ayında "işi düzəldən" N.Məmmədov soyadlı şəxslə yeyib-içməyə getmək adıyla ondan 100 min manat, həmçinin digər şəxsi məqsədləri üçün 2 milyon manat alıb...
Fuad Şeydabəyovun Qurbanın toruna düşməsinə səbəb isə Ramiz olub. F.Şeydabəyov bir təşkilata verdiyi malın pulunu ala bilmədiyindən gileylənib. Bir-iki gündən sonra Qurbanla Bakıdakı Almaniya səfirliyinin binası qarşısında görüşüblər. Qurban onu tanımadığı bir mənzilə gətirərək, Fariz Məmmədov və daha bir nəfər yaşlı kişi ilə tanış edib. Dərdini onlara danışan Fuada sonradan bildirib ki, həmin şəxs MTN-nin Baş Kəşfiyyat İdarəsinin rəisi, ağsaqqal kişi isə onun köməkçisi F.Abbasovdur. 4 gündən sonra onlar təkrar görüşüblər. F.Məmmədov bu işi həll etmək üçün 10 min dollar istəyib. Lakin Fuad ancaq pullarını geri alandan sonra həmin məbləği verəcəyini bildirib. Ötən ilin yanvarında Qurban ondan 50 dollar istəyib, sonralar müxtəlif bəhanələrlə bir dəfə 320 min manat nağd pul, bir dəfə 250 min manat məbləğində "Sim-Sim" telefon kartı, köynək, qayış, qalstuk, peçenye alıb... Xaricə köçmək istəyən Nataliya Ulanova isə Qurbanı ötən il avqustun 6-da tanıyıb və tezliklə 500 dollarını itirib. Fərid Məmmədov isə ekstrasens T.Dadaşovun qəbuluna düşmək üçün Qurbana üz tutub və xeyli maddi ziyan görüb.
Bu günlərdə mühakiməsi başa çatan Q.Nuriyevə 6 il müddətinə həbs cəzası kəsilib.
|