Pauza

Ana səhifə
Xəbərlər
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Nostalji
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#85(309)
Müharibə edək, yoxsa...
  Azərbaycan qonşu ölkə ilə yeni iqtisadi əlaqələr mərhələsinə qədəm qoyacaq

İran-Azərbaycan münasibətlərindəki cari situasiya nə qədər qəliz olsa da, çıxılmaz deyil. Hərçənd, vəziyyəti yalnız qara fonda təsvir edib çıxılmazlıq sindromu aşılayanlar, yaxud Tehrana yumruq göstərib əzələ nümayişinə çıxmağa çağıranlar da var. Amma istər pessimist, istərsə də major tonda davrananlar gerçəkdə təhlükəli (Azərbaycan üçün) ifrata varırlar. Azərbaycan Xəzərdə İranın rəvac verdiyi mübahisədə özünün haqlı prinsiplərindən geri çəkilməyəcək. Bunu ölkə rəhbərliyi birmə`nalı və aydın ifadə edib.
Eyni zamanda prezident Heydər Əliyev Azərbaycanın İranla münaqişə axtarmadığını vurğulayıb. Digər yandan, 23 iyul insidentindən sonra İranın siyasi bəyanatları (məsələləri siyasi-hüquqi müstəvidə çözmək barədə) ilə Xəzər akvatoriyası üzərində gerçəkləşdirdiyi hərəkətlərin (hərbi təyyarələrin Azərbaycan sektorundakı hava sərhədini mütəmadi olaraq pozması) ziddiyyət təşkil etdiyi göz qabağındadır.
Vəziyyəti real dəyərləndirmək üçün ona daha geniş çərçivədə baxmaq zəruridir. Birinci aktual məqam İranın qəzəbinin indiki tərzdə üzə çıxmasının motivləri ilə bağlıdır. Halbuki Tehran 1994-cü ildən bu yana ara-sıra özünün Xəzərdəki iddialarına və Bakının neft siyasətindən narahat olduğuna işarə vursa da, məsələ siyasi-dipolmatik qınaqdan o yana keçmirdi. Zənnimizcə, Tehranın bu həddi məhz indi aşması bilavasitə iqtisadi-ticari faktorla bağlıdır. Çünki İranın Azərbaycandan umacağı təkcə siyasi (geostrateji) amillərlə, Bakının Vaşinqtonla tərəfdaşlığı ilə bağlı deyil. Region ölkəsi kimi iri iqtisadi iddialara malik İran bu qəbildən maraqlarının da Azərbaycan tərəfindən ödənilməsini istəyir.
Təsadüfi deyil ki, 1995-1996-cı illərdə Azərbaycanın neft müqavilələrindən ("Şahdəniz" və "Lənkəran" (Talış-dəniz) iri paylar (10 faiz) alan İran Azərbaycanla indiki kimi davranmırdı. İran bu müqavilələrə üst-üstə 550 milyon dollar sərmayə qoymalıdır. Deməli, bundan üç qat artıq gəlir götürəcək. Maraqlıdır ki, "Lənkəran-dəniz" müqaviləsi üzrə strukturlar indi Tehranın qəzəbini doğuran "Alov" strukturundan daha cənubda və İranın Xəzərdəki İran sektorunun lap yaxınlığında yerləşir. Məntiqə görə, Tehran bu yatağın Azərbaycan tərəfindən işlədilməsinə daha kəskin reaksiya verməli idi. Amma İran həmin müqaviləyə deyil, özünün iştirak (mənfəət) payı olmayan "Alov" strukturu üzrə layihəyə e`tiraz edir və bunun səbəbi də aydındır. İranın 1998-ci ildə imzalanan müqaviləyə niyə məhz indi sərt reaksiya verməsi də təsadüf sayılmalıdır. Üç il öncə Azərbaycanın "böyük neft" faktoru hələ real deyildi, Bakı-Ceyhana qərar verilməmiş, Azərbaycan qazının ixracı barədə isə heç söhbət getmirdi. Öz növbəsində İran Azərbaycanla neft-qaz sahəsində, o cümlədən ixrac məsələsində əməkdaşlıq niyyətini gizlətmirdi. Lakin ötən müddətdə Tehranın nəinki Bakı-Ceyhandan, həmçinin bu günlərdə son sənədləri imzalanacaq qaz kəməri layihəsindən ("Şəhdəniz") əli çıxdı. Sonuncu İrana lap "yer elədi". Çünki Tehran sərmayə qoyduğu "Şahdəniz"in məhsulunun tranzitinə xüsusilə iddialı idi.
Bundan əlavə, İran Azərbaycanın neft müqavilələrində iddia etdiyindən az təmsil olunmasından da ciddi gileyildir. İndiyədək Bakının imzalıdığı 21 beynəlxalq müqavilədən (16-sı dənizdəki yataqlara aiddir) yalnız 2-dən pay götürən Tehran 1998-1999-cu illərdə özünü xüsusilə diqqətdənkənar hiss edib. Bu dövrdə Azərbaycanın demək olar ki, bütün müqavilələri ABŞ, Britaniya və Fransa şirkətləri ilə imzalanıb. Əlbəttə, o vaxtkı aşkar Qərb yönümlü tendensiya da məqsədsiz deyildi və Bakı bu siyasətlə Qərbin (ələlxüsus Amerikanın) Dağlıq Qarabağ tənzimlənməsinə yardımına nail olmaq istəyirdi. Cari situasiyadan (o cümlədən Qərbə olan ümidlərin gerçəkləşməməsindən sonra) baxanda bəlkə də o dövrdə İranın bəlli maraqlarına nisbətən işıq yandırmaq, o cümlədən Tehranın e`tirazını doğuran yataqların ("Savalan", "Alov") işlənməsinə bu ölkəni də cəlb etmək daha məqsədəuyğun olardı.
Lakin İranın iqtisadi səciyyəli ambisiyaları neft-qaz sektoru ilə məhdudlaşmır. İran 1998-ci ilin sentyabrında Bakıdakı beynəlxalq konfransla yolu açılan TRASEKA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsinə qarşıdır, çünki Amerika tərəfindən siyasiləşdirilən bu layihə İrandan yan keçir (Qərb-Şərq istiqaməti). 1998-1999-cu illərdən sonra Azərbaycan-İran ticarət dövriyyəsində də azalma tendensiyası başlanıb və vaxtilə Bakının xarici ticarətində 1-2-ci yerləri (17-18 faiz) tutan İran indi 5-6-cı yerə "sürüşüb".
Əlbəttə, Azərbaycanda İran malının "nüfuzu" bəllidir, amma unutmayaq ki, İranla iqtisadi əlaqələrin potensialı genişdir. Elə İranın Naxçıvana iqtisadi və elektrik enerjisi sahəsində yardımını vurğulamaq kifayətdir. Və buradaca qeyd etmək gərəkdir ki, ötən ilin sonunda İranın elektrik borcu məsələsini kəskin qoyması, habelə bir qədər əvvəl Araz üzərində Ermənistana SES tikmək məsələsində bizi təhdid etməsi də geniş iqtisadi ambisiyaların tə`min olunmasından doğan təzyiq elementləri idi. Beləliklə, İran istər Xəzərdəki ehtiyatların istismarı, istərsə də bilavasitə ticari-iqtisadi müstəvidə Azərbaycandan çox şey umur.
Sadalananlardan sonra müəyyən nəticəyə gəlmək olar. Əvvəla, Azərbaycan İranla problemlərin ciddi iqtisadi əsası olduğunun fərqindədir və vəziyyəti düzəltmək üçün konkret (praktik) addımları zəruri sayır. Prezidentin fərmanı ilə yaradılan dövlət komissiyası İranla iqtisadi əməkdaşlığın bütün spektrini diqqətə alıb və yaxın günlərdə birgə iclas keçiriləcək. Komissiyanın sədri Fərhad Əliyevin sözlərinə görə, prezidentin İrana səfəri gedişində gömrük, aviasiya, yükdaşımalar sahəsində (Bakı Tehranın lobbiləşdirdiyi Şimal-Cənub nəqliyyat dəhlizinə razılıq verib), habelə ikiqat vergiqoymanın ləğvi və geoloji işlərdə (buraya Xəzərdə əməkdaşlıq da daxildir) əməkdaşlığa dair sazişlər imzalanacaq. Ümumilikdə 15-dək ikitərəfli sənəd hazırlanıb. Bu, indiyədək iki ölkə arasında görünməmiş saziş toplusudur. Deməli, Azərbaycan prezidenti iki ildən bəri tə`xirə salınan İran səfərini ikitərəfli münasibətlərdə əlamətdar dönüş və tərəfdaşlıq mərhələsinə çevirmək əzmindədir. Bu atmosfer İranda da hiss olunmaqdadır və Tehran mediası səfərə böyük ümidlər bəslədiyini vurğulayır. Bütövlükdə İranın Azərbaycana münasibətinin dəyişməsini gözləmək çətindir, amma Bakının addımları sayəsində hüdudunu aşmış qəzəbin üstünə su səpildiyi yəqindir. Bu səbəbdən də guya, Azərbaycan ictimayyiətini və dövlətini İranla mühəribəyə çağıranlar yanılırlar: bizcə, hər iki dövlətin liderləri nəyin nə zaman baş verə biləcəyini bizdən daha yaxşı bilirlər...

 Ana səhifə | Xəbərlər | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Nostalji | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd