İş günü

Ana səhifə
Xəbərlər
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Nostalji
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#85(309)|
Azərbaycanda hansı narkotiklərdən istifadə olunur?
Missionerlərə qarşı birgə mübarizə


Azərbaycanda hansı narkotiklərdən istifadə olunur?

Narkomaniya haqqında biliklər nə qədər sistemli, əhatəli olsa da, cəmiyyət bu bəlanın qarşısının alınması üçün nə qədər fəal mübarizə aparsa da, bir yandan insan təbiətindəki özünəqənimlik və düşkünlük, yazıqlıq və müqavimətsizlik, digər tərəfdən sınanmamış şeylərə qeyri-adi cazibə bu sirli bəladan birdəfəlik qurtulmağa imkan vermir. "Ağ ölüm"lə mübarizə nə qədər kütləviləşsə də, dövlətlərin bir-biri qarşısında götürdüyü öhdəliklərin, proqramların əsas müddəalarında yer alsa da, narkomaniya bəlası bütün cəmiyyətlərin bir nömrəli SOS siqnalı, həyəcan təbili olaraq qalır. Zaman göstərir ki, bu sahədə göstərilən sə’ylərin ciddi nəticələrə gətirib çıxarmaması müəyyən mə’nada cəmiyyətin narkotiklər, onların tə’sir gücü haqda mə’lumatlandırılmamasıdır. Cari yazıda narkotiklərin təsnifatı, Azərbaycanda bu qorxulu bəlanın yayılma dərəcəsi, onunla mübarizənin hazırkı vəziyyəti və başqa məsələlərə toxunmağı qərara aldıq. Elə isə...

1-ci qrup
Morfin, heroin, kodein, metadon, fentalin və digər preparatlar. Məhz həmin narkotiklər asılılığın ağır formasını yaradır.

2-ci qrup
Kokain və müxtəlif amfetaminlər: benzedrin, fenamin, pervitin, MDMA və s. Bu narkotikləri qəbul edənlərdə də asılılıq yaranır ancaq bir qədər fərqli mə`nada. Yə`ni uzun müddətli psixoloji fəsadlarla müşayiət olunur.

3-cü qrup
Hallyusinogenlər - xüsusən də LSD-25. Sözügedən narkotik 1938-ci ildə isveçrəli Albert Xofman tərəfindən hazırlanıb. O bunu edərkən hamiləlik vaxtı qadınların miqren və spazmalarını aradan qaldırmaq məqsədi güdüb. Hazırda ən güclü hallyusinogen dimetiltriptamin (DMT) adlanır. Həmin preparat Cənubi Amerikada bitən bə`zi ağacların kökündən hazırlanır. Ən zəif hallyusinogen isə marixuanadır. Qeyd: BMT-nin mə`lumatlarına görə, dünyada 8 milyon nəfər heroin, 13,3 milyon nəfər kokain, 141,2 milyon nəfər marixuana, 280 milyon nəfər isə sintetik narkotiklər qəbul edir. "Qızıl üçbucaq" ölkələrində ildə təqribən 2500 ton xammal istehsal olunur ki, həmin məhsuldan da 250 ton heroin alınır. Elə həmin qədər də "Qızıl aypara" ölkələrində (Əfqanıstan və Pakistan) istehsal olunur. Latın Amerikasında ildə 100 tona yaxın opium hazırlanır. Məsələn, Peru, Kolumbiya və Boliviyada 1300 ton kokain hazırlanması üçün xammal istehsal edilir. Mərakeşdə isə ildə 2500 ton həşiş istehsal olunur. Marixuanaya gəlincə isə, bunun istehsalı ilə bağlı rəqəmləri müəyyən etmək mümkün olmayıb. Dünyada narkoticarətin dövriyyəsi ildə 400 milyard dollar həcmində qiymətləndirilir. Bu dünya ticarətinin 8 faizi deməkdir. Azərbaycanda qeydə alınmış narkomanların rəsmi sayı 13 min nəfərdir. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatları tərəfindən e`tiraf olunur ki, bu rəqəm reallığı əks etdirmir. Qeyri-rəsmi hesablamalar bu göstəricinin 10-12 dəfə çox olduğunu göstərir. İldə Azərbaycanda nə qədər narkotik istehsal olunduğu barədə isə dəqiq mə’lumat yoxdur. Bircə onu deyə bilərik ki, Geologiya və Təbii Ehtiyatlar Komitəsində məmləkətin narkotik yetişdirilən və ticarəti ilə məşğul olan guşələrinin xəritəsi hazırlanır.

Azərbaycanda yayılmış narkotiklər
Kannabis (Hind çətənəsi)
Marixuana. Çətənənin yuxarı hissəsində yetişən "şişka"dan və yarpaqlarından alınır.
Həşiş. Çətənə "başlıq"larının ("şişka") preslənməsindən alınan qətran. Plastilini xatırladan tünd yaşıl, bə`zi hallarda qəhvəyi rəngə çalır. Fiziki asılılıq yaratmasa da, çoxlu istifadə etdikdə yuxululuq, yaddaş çatışmazlığı, tənbəllik, müşahidə zəifliyi, ürək bulanmaları, qorxu yaradır.

Opiatlar
Morfin. Uzun müddətdir ki, tibbdə istifadə olunan ağrıkəsici preparat. Həb və ampula şəklində istehsal olunur.
Kodein. Morfindən təqribən 6 dəfə zəifdir. Əsasən, başağrısı və öskürək üçün nəzərdə tutulmuş həblərin tərkibində olur.
Heroin. Boz və qəhvəyi rəngə çalan toz. Opiantların içərisində ən güclü və populyar narkotik hesab olunur.

Psixostimulyatorlar
Efedrin. Acı dadan ağ toz. 1985-ci ilə kimi həb və ampula şəklində apteklərdə sərbəst satılırdı.
Benzedrin. Preparat əsasən həb və toz şəklində olur.
Kokain. Ağ toz şəklində yarımsintetik preparat.
Bu narkotikləri qəbul etdikdə yaradıcılıq enerjisi artır, yorğunluq və özünəinamsızlıq aradan qalxır.
Güclü psixoloji asılılıq yaradır. Həddən çox qəbul etdikdə depressiya və ani ölüm halları baş verir.
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyi geniş yayıldığından dövlət strukturlarının narkotizmə qarşı mübarizə siyasətinə yenidən baxması zərurəti yaranıb. Çünki ölkəmizdə QİÇS-ə yoluxanların 60 faizini narkomanlar təşkil edir.
Həbsxanalarda risqli davranış qrupuna aid edilən şəxslərin də az olmadığı bir qrup insanın uzun müddət ətraf mühitdən təcrid olunmuş vəziyyətdə bir yerdə saxlanılması hər hansı infeksiyaya, o cümlədən QİÇS-ə yoluxması təhlükəsini artırır. Aldığımız mə`lumata görə, bu gün məhbuslar arasında 24 nəfər NIV-daşıyıcısı var. Onu da qeyd edək ki, son iki il ərzində 15 min məhbusdan hələlik yalnız 4 minə yaxını müayinədən keçirilib. Bir çox dünya ölkələrində və Rusiyada narkotik qəbul edənlər üçün Cinayət Məcəlləsində məs’uliyyət nəzərdə tutulmur. Azərbaycanda isə narkotik qəbul edən də, onu saxlayıb satan da həbs olunur. Bu məsələlərlə bağlı qanunvericilikdə boşluqlar vardır. Ekspertlərin hesablamalarına görə, QİÇS-ə yoluxanların 90 faizi bu xəstəliyi orqanizminə infeksiyalı şprislər vasitəsilə daxil edir. Bu kimi halların qarşısının alınması üçün dünya dövlətlərində pulsuz şprislər paylayan xüsusi məntəqələr fəaliyyət göstərir. Narkotika aludəçiləri sərbəst şəkildə həmin obyektdən şpris əldə edə bilərlər. Məsələn, Azərbaycanda da belə proqramı həyata keçirmək olmazmı? Məsələ burasındadır ki, narkotika qəbul etmək ölkə qanunvericiliyinə görə cinayət sayır. Daha nəzərə alınmır ki, narkotika həvəskarı həbsxanaya atılsa belə, orada istədiyini tapıb qəbul edəcək. Özü də bizim həbsxanalarda. Sonda onu deyək ki, Azərbaycanda narkomaniya ilə mübarizə çox zəif təşkil olunub. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən narkodispanserlərdə cəmi 1, yaxud 2 həkim çalışır. Dövlətin 1 narkomanın müalicəsinə ayırdığı vəsait isə vur-tut 17 min manatdır.

Missionerlərə qarşı birgə mübarizə
İraqın dini işlər naziri Əbdül Saleh və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu və digər məsələlərdə razılığa gəliblər

İraqda Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin açılması planlaşdırılır. Bu barədə QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İraqın dini işlər naziri Əbdül Saleh ilə "İrşad" mehmanxanasında birgə keçirdiyi mətbuat konfransında mə`lumat verib. Allahşükür Paşazadənin sözlərinə görə, QMİ-nin İraqda nümayəndəliyinin açılması Azərbaycanın və İraqın dini idarələrinin əlaqələrinin dərinləşməsinə imkan verəcək. Bundan başqa, Səddam Hüseyn adına İslam Elmləri Universitetində ali dini təhsil alması üçün azərbaycanlılara yer verilməsi barədə razılıq əldə olunub.
İraq tərəfi azərbaycanlıların ehtiyaclarını ödəmək üçün həmin universitetdə türk bölməsi də açmağa hazırdır. A.Paşazade mə`lumat verib ki, səfər gedişində tərəflər missioner dini cərəyanlara qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Əbdül Saleh qeyd edib ki, Azərbaycan-İraq əlaqələrinin perspektivi var. O bildirib ki, din sahəsində əməkdaşlıq bir neçə istiqamətdə - Azərbaycan vətəndaşlarının İraqın müqəddəs yerlərinə ziyarətinin sadələşdirilməsi, azərbaycanlı zəvvarların və dini təhsil almaq istəyən digər vətəndaşların İraq ərazisindən digər ərəb ölkələrinə tranziti və s. olacaq. Əbdül Salehin fikrincə, hər iki ölkənin əlaqələrinin dərinləşməsi bu dövlətlərin beynəlxalq və regional konfranslarda, forumlarda öz mövqelərini əlaqələndirmək imkanı yaradacaq. Müsəlman dövlətləri arasında işğalçılıq yolverilməzdir və bütün mübahisəli məsələlər onların arasında yalnız sülh yolu ilə həll edilməlidir. Bu sözlər də İran hərbi-hava qüvvələrinin son vaxtlar Azərbaycanın hava sərhədlərini pozmasına münasibət bildirən Əbdül Salehə məxsusdur. Onun fikrincə, Azərbaycan və İran müsəlman dövlətləridir və ona görə də yaranmış bütün problemlər açıq dialoq yolu ilə həll edilməlidir. Hacı Allahşükür Paşazadə bu məsələdə Əbdül Salehin baxışları ilə tam razı olduğunu bildirib. BMT-nin İraqa qarşı tətbiq etdiyi embarqodan danışan Əbdül Saleh son vaxtlar qonşu ölkələrin bu rejimi zəiflətdiklərini bildirib. Lakin İran əksinə, İraqa qarşı embarqo rejimini gücləndirib. Ə.Saleh qeyd edib ki, İran hətta İraqa yük gətirən təyyarələrə də öz ərazisindən keçməyə qadağa qoyub. Qeyd edək ki, dini işlər naziri Əbdül Salehin rəhbərlik etdiyi İraq nümayəndə hey`əti iyulun 28-dən Bakıdadır. Səfər gedişində Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər naziri Vilayət Quliyev, Dini İşlər üzrə Komitənin sədri Rafiq Əliyev və digər şəxslərlə görüşlər keçirib. Nümayəndə hey`əti dünən İraqa yola düşüb.

 Ana səhifə | Xəbərlər | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Nostalji | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd