|
|
|
|
04 avqust, 2001-ci il. Şənbə
|#84(308)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
Prezident Heydər Əliyev "konkret nəticə" əldə edilməyincə, Ermənistanın dövlət başçısı Robert Köçəryanla danışıqların "detallarını açmaq" niyyətində deyil. Bunu dünən Soçidən qayıdarkən jurnalistlərə bildirib.
"Paris prinsiplərinə" qayıtmağın zəruriliyi barədə erməni tərəfin bəyanatlarını şərh edən dövlət başçısı bu fikirləri danışıqların məzmununun düzgün izah edilməməsilə əlaqələndirib. Onun sözlərinə görə, Parisdə bir neçə variant müzakirə olunub. Belə müzakirələr əvvəllər də olub. Xüsusilə 1999-cu ildə Naxçıvan görüşündə prezidentlər "bir çox məsələlərlə bağlı razılığa gəliblər". Lakin bir neçə aydan sonra Ermənistan bu razılaşmadan "imtina edib". Buna görə də ölkə başçısının sözlərinə görə, Azərbaycan da Ermənistanın 1999-cu ildə Naxçıvanda əldə edilmiş razılaşmaları pozmasından danışa bilər.
Paris və Ki Uest görüşünə gəlinc, tərəflər bə’zi məsələlərlə bağlı razılığa gəliblər, lakin sonra həmin fikirlərdən daşınıblar. Ölkə başçısının sözlərinə görə, belə şeyləri "nizamlanma prinsipləri" adlandırmaq olmaz.
Azərbaycanın xarici şirkətlərlə imzaladığı neft müqavilələri çərçivəsində bütün işlər davam etdiriləcək.
Bu barədə prezident Heydər Əliyev Azərbaycan və İran arasında mübahisə tənzimlənməyincə, BP-nin Xəzərin cənubunda işləri dayandırmağı barədə bəyanatını jurnalistlərə şərh edərkən bildirib. Ölkə başçısı qeyd edib ki, "BP şəxsən ona bu barədə mə’lumat verməyib. Şirkət müraciət etdikdən sonra dövlət başçısı öz mövqeyini bildirəcək".
"Şahdəniz" yatağından çıxarılacaq qazın nəqli layihəsinə dair Gürüstanla Azərbaycan arasında saziş imzalanmasına gəlincə, Əliyev deyib ki, heç bir problem yoxdur. Qonşu ölkədə situasiya normallaşan kimi, Şevardnadzenin Bakıya səfəri baş tutacaq. Səfər zamanı müvafiq sazişlər imzalanacaq.
Rəsmi Bakı İranın bə’zi rəsmi şəxslərinin Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarına reaksiya vermək niyyətində deyil. Bu barədə dünən prezident Heydər Əliyev Soçidən qayıdarkən Bakı hava limanında jurnalistlərə bildirib.
O deyib ki, Azərbaycanda da bə’zi qüvvələr var ki, Cənubi Azərbaycanla birləşmək ideyaları irəli sürür. Buna misal olaraq Bütöv Azərbaycan Birliyini göstərib.
Əliyev Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi barədə tələbləri Çe Gevaranın Latın Amerikasında sosializmin qurulması uğrunda apardığı mübarizə ilə müqayisə edib. Onun fikrincə, bütün bunlar İranla münasibətlərin kəskinləşməsinə yönəlib və populizm sayılır.
Prezidentin sözlərinə görə, İran da Azərbaycanın özünə birləşdirilməsi barədə əks arqumentlər irəli sürə bilər. Belə ki, Cənubi Azərbaycanda 30 mln. azərbaycanlı yaşayır. Azərbaycan Respublikasında isə onların sayı 8 mln. nəfərdir. Əliyev bir daha qeyd edib ki, Azərbaycan İranın daxili işlərinə qarışmır və Tehrandan da bunu tələb edir.
"Azərbaycana səfərin nəticələrini uğurlu sayır və hər iki xalqın daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacağına ümid bəsləyirəm," - deyə İraq vəqf və dini işlər naziri Əbdülmünin Əhməd Saleh dünən vətənə yola düşməzdən öncə "İrşad" Dini Araşdırmalar Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycan-İraq əlaqələrini daha da inkişaf etdirmək üçün Ə.Saleh İraqa ziyarətə gələn Azərbayan zəvvarlarının ölkəyə girişini asanlaşdırmaq, Səddam Hüseyn Universitetində azərbaycanlı tələbələrin dini təhsil alması üçün türk dilində fakültə yaratmaq haqda razılıq əldə olunduğunu bildirib, amma bu razılığın saziş şəklində imzalanacağı konkret vaxtı göstərməyib. Ə.Saleh yaxın zamanda İraqda Azərbaycan səfirliyinin açılacağına ümid etdiyini deyib.
İranın Azərbaycan hava sərhədlərini son vaxtlar pozması ilə bağlı iraqlı nazir "müsəlman dövlətləri arasında bütün problemlər danışıqlar yolu ilə həll olunmalıdır" deyib. İslamın təcavüzü rədd etdiyini bildirən nazir İranın vaxtilə "neftlə zəngin ərazilər əldə etməsi üçün" İraqla da müharibə etdiyini xatırladıb.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Azər Həsrət latın qrafikalı əlifbaya keçidlə bağlı müraciət qəbul edib. Müraciətdə deyilir: "Bu il avqustun 1-dən e`tibarən ölkəmizdə tarixi ədalətin bərpası kimi latın qrafikalı Azərbaycan əlifbasının təsdiqinə başlanıldı.
Lakin təəssüflər olsun ki, bə`zi jurnalist həmkarlarımız rus boyunduruğu olan kiril əlifbasının yaşadılması uğrunda üzdəniraq mücadiləyə qərar verdi. Onlar bu günədək Azərbaycanca çıxan qəzetlərini ya rusca buraxmaq, yaxud da ümumiyyətlə, latın qrafikalı əlifba ilə buraxmamaq qərarında olduqlarını bəyan etdilər. Jurnalistlərin Həmkarlar İttifaqı həmişə milli maraqları müdafiə edən bir qurum kimi ölkə vətəndaşlarına üz tutaraq avqustun 1-dək ana dilimizdə çıxıb əlifbaya görə Azərbaycan türkcəsindən imtina edən, həmçinin kiril əlifbası ilə nəşrini davam etdirən qəzetləri almamağa çağırır. Əlifbaya görə rus dilinə keçənlərə və kiril əlifbasından ayrıla bilməyənlərə yox deyin! Latın qrafikalı Azərbaycan əlifbasının bərpası təkcə tarixi ədalətsizliyin aradan qaldırılması deyil, həm də Azərbaycanın dünyaya inteqrasiyası istiqamətində atılan olduqca önəmli addımdır. Buna görə də, rus dilini və əlifbasını ana dilimizdən və əlifbamızdan üstün tutanlara öz yerini göstərmək şansınızı qaçırmayın!
Avqustun 2-də Sumqayıt şəhər polis əməkdaşları 1 kq. heroin aşkar edərək götürüb.
Bu barədə "Turan"a DİN mətbuat xidmətindən bildiriblər. Mənbənin mə’lumatına görə, heroin əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini, 1949-cu il təvəllüdlü Rasim Qurbanovdan götürülüb.
Soçidə MDB ölkələri başçılarının sammitində Rusiya, Azərbaycan və Qazaxıstan prezidentləri Xəzərin bölgüsü ilə bağlı prinsipial razılığa gəliblər.
Bu xəbəri jurnalistlərə bəyan edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, adı çəkilən dövlətlərin liderləri və həmçinin Türkmənistan arasında Xəzər dənizinin orta xətt bölgüsünə dair fikir ayrılığı artıq mövcud deyil. Həmin xətt dənizin dibiylə aparılmalıdır. Bundan başqa, N.Nazarbayev xatırlatdı ki, MDB keçmiş SSRİ-nin hüquqi varisidir. SSRİ və İran arasında 1921 və 1940-cı ildə müvafiq dövlət sənədlərində əksini tapan sazişdə sərhədlər tə`yin olunub. Bu sənədə yenidən baxış arzuedilməz nəticələrə gətirib çıxarar.
Qazaxıstan prezidentinin sözlərinə görə, o və Vladimir Putin öz ölkələrinin ekspertlərinə sərhədlərin orta xətt üzrə tə`yin edilməsinə dair protokolun hazırlanması üçün müvafiq sərəncam verib.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində Xəzərin cənubunda son vaxtlar yaranan gərginlikdən narahat olduğunu bildirib və Xəzərin sülh dənizi olması üçün bütün qüvvələrin sə`y göstərməsinin zəruri olduğunu vurğulayıb. "Bütün mübahisələr yalnız sülh yoluyla, birbaşa dialoq, mehriban qonşuluq və ən əsası beynəlxalq prinsiplərə uyğun həll edilməlidir. Burada güc metodları yolverilməzdir".
Sözünə davam edən prezident V.Putin qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu barədə razılığa bacardıqca tez gəlmək lazımdır. Bu isə bütün Xəzəryanı dövlətlərin faydalı əməkdaşlığının möhkəm hüquqi bazaya söykənməsinə imkan verər.
Çünki binalarda daxili kommunikasiya xətləri,
su və kanalizasiya sistemləri və s. nəzərə alınmayıb
Bakı Şəhər İcra Hakimiyyətindən aldığımız mə`lumata görə, 1999-2001-ci illər ərzində Bakı şəhərində tikilən kooperativ binaların heç birində tikinti sahəsi texniki standartlara uyğun gəlmədiyindən, dövlət komissiyası tərəfindən qəbul edilməyib.
Sözügedən binalarda daxili komunikasiya xətləri, su və kanalizasiya sistemləri nəzərə alınmayıb. Məhz bu səbəbdən belə vəziyyətdə olan binalarda sakinləri yerləşdirmək qeyri-qanuni sayılır. Hal-hazırda İcra Hakimiyyətinin Me`marlığa nəzərət departamenti 6 yaşayış-tikinti binaları inşa edən kooperativlərin sənədləri üzərində yoxlama aparır.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, kooperativ binaların tikilməsi 1980-cı illərin sonunda, 1990-cı illərin əvvələrində, dövlətin belə layihələrə buraxdığı kreditin tükəndiyindən dondurulmuşdur. Çünki bu kredit binaların tikilməsində xərclənən vəsaitin smeta dəyərinin 70 faizini təşkil edirdi. Ancaq indi kooperativ binaların tikilməsi yaşayış kooperativinin üzvləri tərəfindən maliyyələşdirilir.
Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları 6 nəfər cinayətkar dəstə üzvünü həbs edib. İlkin əməliyyat tədbirləri nəticəsində mə`lum olub ki, dəstəyə Özbəkistan vətəndaşı Kamilov Ampina Qafar oğlu rəhbərlik edirmiş.
Cinayətkar dəstənin digər üzvləri isə bunlardır: Balakən rayon sakini Alim Şahmanov, Bakı şəhər sakinləri- Fuad Qəhrəmanov, Rəşid Qulamov və İntiqam Əzizov.
Yenicə yaradılmış dəstə Özbəkistandan respublikamıza narkotik maddə gətirərək, satışıyla məşğul olub. Əməliyyat tədbiri zamanı A.Kamilovdan 200 qram heroin, F.Qəhrəmanovdan 2 ədəd iynə, heroin və müxtəlif çəkidə başqa tərkibli narkotik vasitələr də aşkar edilərək, götürülüb. Dəstənin sonuncu həbs edilən üzvü İ.Əzizovdan isə 40 qram marixuana tapılıb.
İşin istintaqı Daxili İşlər Nazirliyinin Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq idarəsində aparılır.
Dünən Dövlət Gömrük Komitəsinin əməkdaşları Yalama gömrük məntəqəsində Bakı-Moskva qatarını saxlayaraq, axtarış aparıblar.
Nəticədə qatardan silah-sursat, qanunsuz dərman preparatları aşkar edilib. Aldığımız mə`lumata görə, aşkarlanan sursatlar arasında 4 ədəd ov tüfəngi, 1800 ədəd patron, 600 ədəd patron qırmaları da olub. Faktla bağlı iki nəfər Bakı şəhər sakini - Mövlud Məmmədov, Faiq Hüseynov barəsində həbs qəti imkan tədbiri seçilib.
Dünən Təhsil Nazirliyində yeni dərsliklərin təqdimat mərasimi keçirilib. Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın ümumtəhsil məktəbləri üçün 150 adda dərslik və bir o qədər də dərs vəsaiti çap olunmalıdır. "Təhsil Nazirliyinin strateji xətti şagirdləri yeni milli dərsliklərlə tə’min etməkdir," - deyə o vurğulayıb.
Nazir bildirib ki, bu il sentyabrın 1-də ibtidai sinif (I-IV siniflər) şagirdlərinin hamısı yeni dərsliklərlə tə’min olunacaq. Dərsliklərin çapı başa çatıb. Avqustun sonunadək məktəblərə göndəriləcək.
Qeyd edək ki, ibtidai siniflər dərsliklərlə pulsuz tə’min olunur.
Nazirin sözlərinə görə, V-XI sinif dərslikləri isə çap olunduqca satışa buraxılır. Təhsil Azərbaycan dilində olan məktəblər üçün yeni redaksiyada "Azərbaycan tarixi" dərslikləri çap olunub, "Ümumi tarix" dərsliklərinin hazırlanması işi başa çatdırılıb. Bununla yanaşı, nazir bu gün təhsil rus dilində olan məktəblərin 6-cı sinifləri üçün çapdan buraxılmış "Azərbaycan tarixi" dərsliyini də təqdim edib. Təhsil rus dilində olan məktəblər üçün 30 dərslik hazırlanıb. Başqa dərsliklər üzərində iş davam etdirilir.
M.Mərdanovun sözlərinə görə, artıq Təhsil Nazirliyində diasporla iş üzrə şö’bə təşkil edilir. Şö’bənin əsas vəzifələrindən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıları milli dərsliklərlə tə’min etməkdir.
Dünən Yasamal rayonu ərazisində avtomobil qəzası baş verib. Şərifzadə küçəsində "VAZ 2101" markalı 10 NN 830 dövlət nömrə nişanlı avtomaşın yolun sol kənarından çıxaraq, ağaca dəyib.
Nəticədə ağac sınıb, avtomaşın isə xeyli əzilib. Avtomaşının bir neçə ehtiyat hissələri maşın ağaca dəydiyi yerdən dayandığı məsafəyə qədər səpələnib. Hətta qabaq şüşə avtomaşından 3-4 metr irəli düşüb. Şahidlərin dediyinə görə, qəzaya uğrayan avtomaşın çox iti sür`ətlə hərəkət edirmiş. Sürücü də daxil olmaqla avtomaşında olan iki nəfərdən biri çox ağır xəsarət alıb. Onlar M.Nağıyev adına TTYX-na köçürülüblər. Yaralıların kimliyi və vəziyyəti barədə xəstəxanadan dəqiq mə`lumat almaq istəyimiz baş tutmadı. Avtomaşından sağ çıxan olan digər adını demək istəməyən şəxs qəzanın baş vermə səbəblərini izah etmədi. Lakin söylədi ki, qəzaya düşmüş xidməti avtomaşında heç kəs sərxoş və içkili vəziyyətdə olmayıb.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsində təhqiqat aparılır.
Avqustun 15-də Nizami Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyilə şəhər meri Haıbala Abutalıbovun "Bakinskiy bulvar" qəzetinə qarşı iddiası üzrə iclas keçiriləcək.
Qəzetin redaktoru Elmar Hüseynov bildirib ki, iddiaya qəzetin 16 iyul sayında dərc edilən "Dövlət reketi" adlı məqalə səbəb olub. Məqalədə şəhər rəhbərliyinin qanunsuz olaraq ticarət obyektlərini sökməsi, digər qanunsuzluq və paytaxt sakinlərinin hüquqlarının pozulması faktlarından danışılıb.
Mer şərəf və ləyaqəti təhqir edildiyi üçün məqalə müəllifi və redaktordan 100 mln. manat həcmində təzminat ödəməyi tələb edib. Abutalıbov məhkəməyə təqdim etdiyi ərizədə "Bakinskiy bulvar" qəzetini bağlamağı və "cəmiyyəti bu reket- qəzetdən xilas etməyi" tələb edib.
Dünən Astanada Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının hərbi-texniki nümayəndəliyi açılıb.
"Hərbi-texniki nümayəndəliyin vəzifəsi Qazaxıstan və Türkiyə müdafiə idarələri arasında hərbi əməkdaşlığın koordinasiyasıdır," - deyə Qazaxıstan SQ Baş Qərargahının rəis müavini Yuri Kurmatov jurnalistlərə bildirib.
Qazaxıstanda Türkiyə SQ Baş Qərargahının hərbi-texniki nümayəndəsi Mustafa Özsoy qeyd edib ki, "Ankara Qazaxıstan SQ-nin modernləşdirilməsi və islahatlar aparılmasına öz töhfəsini verməyə hazırdır".
Qazaxıstan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair 11 saziş imzalanıb. Daha 4 sənədin imzalanacağı gözlənilir. Bundan əlavə, hərbi tibb sahəsində niyyət protokolu imzalanıb. Sənəd təkcə personalın təhsilini deyil, həmçinin pulsuz tibbi yardım göstərilməsi üçün vəsait ayrılmasını nəzərdə tutur.
2010-i ilədək Türkiyə və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlıq proqramı Qazaxıstan SQ-yə 10 mln. dollar məbləğində yardım göstərilməsini nəzərdə tutur. Həmin vəsait xüsusi tə’yinatlı bölmələr üçün avtomobil, o cümlədən hərbi texnika alınmasına sərf ediləcək.
|