Aləm

Ana səhifə
Xəbərlər
Reportaj
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#86(310)
Hibrid Konstitusiya
İnternetdə könüllü partrul
Bütün Avropanın polisləri, birləşin!
Taliban missionerləri dara çəkir
"Cihad"ın 5 yaşı tamam oldu


Hibrid Konstitusiya
  İranda seçkili hakimiyyət qollarının digər növlərdən asılı olması dövlətin respublika statusunu sual altına alır

İranda mühafizəkar-islahatçı qarşıdurması keyfiyyət e’tibarilə yeni səviyyəyə qədəm qoyur. Ölkənin ali məqamları tərəfindən cidd-cəhdlə ört-basdır edilən konflikt parlament divarları arasında "partladı". Hadisələr o qədər ciddi şəkil aldı ki, Məhəmməd Xatəminin andiçmə mərasimi kimi vacib dövlət ritualı belə, tə’xirə salınmalı oldu. Məclisdə zirvəyə çatan konstitusiya böhranı artıq sıraları möhkəmlənmiş islahat tərəfdarlarının öz mövqelərini möhkəmləndirmək üçün atmaq istədikləri bir sıra addımlar nəticəsində baş verdi.
Belə ki, islahatçı millət vəkilləri qarşı düşərgənin (daha dəqiqi Ali Məhkəmə rəhbəri Ayətullah Şahrudinin) İslam Keşikçiləri Korpusunun rəhbərliyinə irəli sürdüyü dörd şəxsin namizədliyini dəstəkləməməklə bütün siyasi sistemi pat vəziyyətində qoydu. Əslində bu tədbir müqavimət zəminində baş versə də, (İslam Keşikçiləri Korpusu və ya "Sepahe Pasdarane Enqelabe Eslami" rejimin ana xəttinə nəzarəti əlində cəmləşdirmiş əsas güc dayaqlarından biridir və islahatçıların onun rəhbərliyinə radikalları gətirməsi növbəti çağırış üçün kütləvi repressiyalara qol qoyması demək idi), əslində mühafizəkarlara verilən bu rədd cavabı yeknəsəqliyi ilə seçilən İran siyasi həyatında kifayət qədər güclü aksiya, bir növ əks-həmlə sayıla bilər.
Bu arada bütün diqqət İran hakimiyyət dairələrində əsas fiqurlardan biri olan dini rəhbərin - Xameneinin reaksiyasına dikilib. Xamenei hələ Xatəminin hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq, mühafizəkarlarla yenilikçilər arasında dəqiq sərhədləşmə əmələ gəlməsini əngəlləyib. İranda baş verən son tələbə qiyamlarında, "zəncirvari qətllər"in törədilməsindən doğan kütləvi narazılıqlar zamanı dini rəhbərlik qarşıdurmanın səviyyəsini mümkün qədər azaldıb. Doğrudur, Xamenei baxışlarına görə, mühafizəkarlara çox yaxındır və yeri gəldikcə onları müdafiə edir. Amma bu halda ən az danışan iki nəfər varsa, o da məhz prezidentlə dini rəhbərdir. Prezident də iki gün əvvəl etdiyi çıxışında dini rəhbər qarşısında məs’ul olduğunu təsdiqləməklə qarşı tərəfə asi olmadığını nümayiş etdirməyə çalışır. Xülasə, dini rəhbərlə prezident öz sükutları ilə qütblərarası mübarizəni səngitmək istəsələr də, əslində onu öz dayaqlarına verməklə daha da kütləviləşdirirlər.
Son hadisələr bir daha göstərir ki, istənilən halda İranda hakimiyyətin bölüşdürülməsi və ona nəzarət məsələsində Konstitusiyanın özündə də aydın olmayan müddəalar var. Əgər İran prezident respublikasıdırsa, burada hakimiyyətin hər üç qolu müstəqil şəkildə fəaliyyət göstərirsə, ölkə başçısına nə qalır? Yalnız bu hakimiyyət qollarının fəaliyyətinin əlaqələndirilməsi. Bəs onda ali dini rəhbər nə üçündür? İranda bu şəxs prezidentin hərəkətlərinə nəzarət edir, yə’ni nəzarətçiyə nəzarət edir. Göründüyü kimi, hakimiyyətin bölünməsi dəqiq izah edilməyib.
nÇox maraqlıdır ki, ölkə konstitusiyası prezidenti xalq, parlament və dini rəhbər qarşısında məs’ul e’lan edir. Yenə də anlaşılmazlıq yaranır - parlamentlə dini rəhbər arasında müəyyən məsələlərin həllində yekdillik olmayanda prezident eyni zamanda iki instansiyanın hansının qarşısında məs’uliyyət daşımalıdır? Yaxın tarix göstərir ki, dini rəhbər müəyyən məsələlərdə parlamentin çıxardığı qanunları imzalamaya bilər. Məsələn, ötən il parlament azad mətbuatın xeyrinə bir neçə qanun qəbul etmişdi, amma o zaman dini rəhbər onları imzalamadı. Siyasi sistemə yüngül bir nəzər salmaq dini liderin Qəzaiyyə (Məhkəmə) arasından çıxdığını görməyə əsas verir. Belə çıxır ki, prezident hakimiyyətin qollarına nəzarət edir, onun özünün hərəkətləri və yeritdiyi siyasət isə bu qollardan birinin ixtiyarındadır. Dövrə qapanır.
nBundan başqa, dini liderin Qəzaiyyə və Məclislə münasibətləri də aydın deyil. Bir şey mə’lumdur ki, dini rəhbərin rə’yi əsas götürülür. Tarixən bu münasibətlər adi məsləhətləşmələr səviyyəsində qurulub. Bu gün də Xamenei Qəzaiyyəyə məktub yazaraq onun bu məsələlərə münasibətini ortaya qoymasını istəyib (parlamentin mövqeyi bəllidir). İndi bir şey bəlli deyil - fikir ixtilafı baş verdikdə dini rəhbər bu iki instansiyadan hansının rə’yini əsas götürməlidir? Qəribə paradoks yaranır - mənbəyi xalqdan olan hakimiyyət növü - parlament və prezident "oyundankənar vəziyyətə" salınıb. Bütün bunlar respublikanın şərtlərinə uyğun deyil. Faktiki olaraq seçilmə yolu ilə hakimiyyətə gələn bütün dairələr qeyri-seçki yolu ilə sədarətə çatmış hakimiyyət növlərindən asılıdır və ya ondan az əhəmiyyətlidir. Bütün bunlar bir daha göstərir ki, Fransa və Belçika əsas qanunlarının əsasında yaradılmış, amma islami ehkamlara söykənən mövcud hibrid konstitusiyanın dəyişdirilməsinə ehtiyac var.

İnternetdə könüllü partrul
  Hörümçək toru nasizmdən təmizlənir

Yenicə yaradılmış "İnternetdə sağlara qarşı birlikdə" qrupunun üzvləri yarım il ərzində faşizm ideyalarını yaymaqla məşğul olan 118 saytın bağlanmasına nail olublar.
Qrup ultrasağ təmayüllü qüvvələrin və nasist qruplaşmalarının İnternetdə qanunsuz təbliğatına qarşı mübarizə aparmağı özlərinin əsas vəzifəsi e’lan ediblər.
Təşkilatın üzvləri həmin tipli saytları tapır və sonra internet-provayderlərdən onları bağlamağı tələb edirlər. Son dövrlər neofaşist ideyalarını təbliğ edən internet resurslarının sayı xeyli artıb. Nasist və ultrasağ qruplaşmalarının fəaliyyətini nəzarətdə saxlayan Almaniya Vətəndaşlarının Konstitusiya Hüquqlarının Müdafiəsi Agentliyi də bu xoşagəlməz tendensiyanın mövcudluğunu təsdiqləyir.

Bütün Avropanın polisləri, birləşin!
  Qanun keşikçilərinin vahid korpusu yaradılır

Avropa ölkələri beynəlxalq səviyyədə keçirilən zirvə görüşlərinə mane ola biləcək kütləvi çıxışların qarşısını almaq üçün bundan sonra bir çox tədbirlər görməyə hazırlaşırlar.
Belə ki, Almaniya və İtaliya beynəlxalq sammitlər zamanı baş verən hərc-mərclik və küçə nümayişlərinə cavab olaraq polisin işinin daha da yaxşılaşdırılması üçün sə’yləri birləşdirmək niyyətindədirlər. İki ölkə nümayəndələrinin ötən istirahət günü İtaliyanın şimalında keçirilən danışıqlarında ümumavropa polis birləşmələrinin yaradılması məsələsinə baxılıb. Qeyd edək ki, ümumavropa polis korpusunun yaradılması ideyası Almaniyanın daxili işlər naziri Otto Şiliyə məxsusdur. İtaliyada keçirilən görüşdə bu ölkənin daxili işlər naziri Klaudio Skayola almaniyalı həmkarının təklifini dəstəkləyib. Tərəflər, Böyük Səkkizliyin bir qədər əvvəl Genuyada keçirilən sammitinin işinə də toxunublar. Otto Şili e’tiraf edib ki, nümayişdə iştirak edən almanların bir çoxu özlərini məs’uliyyətsizcəsinə aparıblar. Ancaq bununla belə, onun fikrincə, İtaliya polisi nümayişçilərin bir çoxu ilə son dərəcə sərt davranıb.

Taliban missionerləri dara çəkir
  Emissarlar əfqan uşaqlarını xristianlaşdırır

Əfqanıstanın Taliban hökuməti bu ölkədə fəaliyyət göstərən və xristianlığı yaymaqda ittiham edilən "Shelter Now International" adlı agentliyin fəaliyyətini qadağan edib.
Agentliyin 20-dən artıq əməkdaşı həbs edilib. Bundan əlavə xristian dininin tə’siri altına düşməkdə şübhəli bilinən 6 əfqan uşağı istintaqa cəlb edilib. Kabil hökumətinin mə’lumatına görə, aparılan axtarışlar zamanı təhlükəsizlik qüvvələri agentlikdə altı nüsxə Bibliya, habelə xristianlığı təbliğ edən kompüter diskləri tapıblar. Bu, xristianlığın yayılmasına qarşı yönəlmiş qanunun qüvvəyə minməsindən sonra ilk hadisədir.
Bi-bi-si agentliyi əməkdaşının Kabildən verdiyi mə’lumata görə, Taliban hökumətinin əfqanları xristianlığa cəlb etməyə cəhd edən istənilən adamı e’dam etmək haqqında sərəncamı var.

"Cihad"ın 5 yaşı tamam oldu
 Rusiya əsgəri bu günlər çimir eləmir

Avqustun 6-da Çeçenistanda məşhur "Cihad" əməliyyatının həyata keçirilməsinin 5 ili tamam olub. Xatırladaq ki, çeçen mücahidləri tərəfindən həyata keçirilən həmin əməliyyatda Rusiya qoşunlarının nəzarəti altında olan Qroznı (Cövhərqala) yenidən ələ keçirilmişdi.
Əməliyyatın 5-ci ildönümü ərəfəsində Rusiya tərəfi paytaxtda yüksək səviyyəli təhlükəsizlik tədbirləri görüldüyünü bildirsə də, yalnız ayın 5-dən 6-na keçən gecə Cövhərqala ətrafında yerləşən Rusiya blok-postları 58 dəfə hücuma mə’ruz qalıblar. Yalnız paytaxtda 4 rus əsgəri öldürülüb, onlardan 17-si yaralanıb. Bu haqda mə’lumatı prezident Aslan Məshədovun xüsusi nümayəndəsi Mahirbəy Vaçaqayev verib. O bildirib ki, Moskvanın yüksək təhlükəsizlik tədbirləri haqda dediyi sözlər Rusiya auditoriyasına hesablanıb və xalqı arxayınlaşdırmaq cəhdindən başqa bir şey deyil. ÿ

 Ana səhifə | Xəbərlər | Reportaj | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Mədəniyyət | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd