|
|
|
|
#86(310)
|
 |
Rusiya prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi Soçi sammitindən sonra bəyan edib ki, Xəzərdə statusun müəyyənləşməsinə sün’i maneələr yaradan dövlətlərin mövqeyi danışıqlar prosesində nəzərə alınmaya bilər. Statusla bağlı mübahisələrin region üçün qlobal təhlükəyə çevrildiyi bir məqamda Putinin irəli sürdüyü tezis analitiklər tərəfindən maraqla qarşılanıb. Prezident Aparatının bölmə müdiri, Xəzərlə bağlı elmi araşdırmalar aparan Rüstəm Məmmədov Rusiya prezidentinin bu açıqlamasını problemin həlli istiqamətində ciddi addım sayır.
Politoloq müxbirimizlə söhbətində bildirib ki, Rəsmi Moskvanın bu mövqeyi Azərbaycanın da maraqlarına tam uyğundur: "Bir müddət əvvəl Rusiya prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Viktor Kolyujnı da bu tezisi irəli sürmüşdü. Bildirmişdi ki, statusun müəyyənləşdirilməsinə ciddi problemlər yaradan ölkə danışıqlar prosesindən uzaqlaşdırılmalıdır. Müsbət haldır ki, indi bu mövqeyi Putin də dilə gətirir. Azərbaycan da öz növbəsində Rusiyanın bu mövqeyini gücləndirmək istiqamətində çalışmalıdır. Əslində, Xəzərin statusu bu gün İransız da aparıla bilər. Çünki İran özünün Xəzərdəki sektorunu digər dövlətlərdən çox-çox əvvəl müəyyənləşdirib".
Rüstəm Məmmədov həmçinin qeyd edib ki, Türkmənistan da Xəzərlə bağlı iddialarından geri çəkilməli olacaq: "Türkmənistan digər Xəzəryanı dövlətlərə nisbətən özünü daha separatçı aparır. Bununla belə, Türkmənistanın İrana nisbətən MDB dövlətlərindən asılılığı daha çoxdur. Əvvəla ona görə ki, Türkmənistan bu qurum çərçivəsində əksər sazişlərin iştirakçısıdır, bu dövlətlər arasında tarixi, siyasi, iqtisadi inteqrasiya modelləri mövcuddur. Digər tərəfdən, Türkmənistan bir çox beynəlxalq layihələrin iştirakçısıdır və bu baxımdan, onun Avropaya çıxışı digər Xəzəryanı dövlətlərdən bilavasitə asılıdır. İrandan və Əfqanıstandan dünya bazarına çıxış Türkmənistan üçün çox çətindir. Odur ki, Xəzəryanı dövlətlərlə münasibətləri gərginləşdirmək Türkmənistan üçün ciddi tranzit problemləri yarada bilər. Bu baxımdan güman etmək olar ki, Türkmənistan Rusiya, Qazaxıstan və Azərbaycanın mövqeyi ilə hesablaşmalıdır. Çünki bu dövlətin neft və qaz ehtiyatları daxili bazarın tələbatından qat-qat çoxdur".
Politoloq hesab edir ki, əslində Türkmənistanın Xəzərlə bağlı mövqeyi digər dövlətlərdən zahirən göründüyü qədər də fərqli deyil. Eyni zamanda, Türkmənistan öz qazını dünya bazarına çıxarmaq uğrunda Azərbaycanla sivil mübarizə aparmadığından bu cür çıxılmaz vəziyyətlərə düşür".
"Azərbaycan qaçqınlarının geri qayıtması üçün heç bir problem yoxdur". "DQR"-in "xarici işlər naziri" Naira Melkumyanın bu ritorik bəyanatı siyasi dairələrdə birmə’nalı qarşılanmayıb. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin prezidenti, politoloq Mübariz Əhmədoğlunun fikrincə, Naira Melkumyanın söylədikləri ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların gedişinə işarə kimi də başa düşülə bilər.
"Ki Uest görüşündə danışıqların əsas mövzusu ətraf rayonlardan erməni işğalçı birləşmələrinin çıxarılması, qaçqın və məcburi köçkünlərin həmin rayonlarda yerləşdirilməsi olub. Naira Melkumyanın da bəyanatına məhz bu prizmadan yanaşmaq lazımdır. Yə’ni separatçıların xarici eksperti kimi onun da danışıqların detallarından xəbəri var. Ona görə də bir növ qabaqdangəlmişlik edir. O bilir ki, ATƏT-in MQ həmsədrləri gec-tez azərbaycanlı qaçqınları öz torpaqlarına qaytaracaq", - deyə politoloq bildirib.
Əhmədoğlu güman edir ki, məsələ danışıqların hazırkı mərhələsində də prioritet mövzusu olaraq qalır: "Bir müddət əvvəl Prezident Aparatında qaçqın və məcburi köçkünlərlə bağlı qapalı müzakirələr aparıldı. Yəqin ki, qaçqınların geri qayıtması üçün yaranmış problemləri həll etməkçün Azərbaycanda xüsusi struktur yaradılacaq. Yə’ni məsələni Azərbaycan hökuməti də ciddi müzakirə edir. Amma qaçqınların hansı qaydada və hansı ərazilərə qayıdacağı məsələsi hər iki tərəf üçün qaranlıq olaraq qalır. Ümumiyyətlə, isə Dağlıq Qarabağa azərbaycanlı ayağının dəyməsi ermənilərin məğlubiyyəti demək olacaq".
Mübariz Əhmədoğlu bu istiqamətdə aparılan danışıqların bir nəticə verməyəcəyi təqdirdə hərbi əməliyyatların başlanmasını da mümkün sayır: "Məsələ burasındadır ki, Azərbaycan artıq məsələni sür’ətləndirmək niyyətindədir. Yəqin ki, Azərbaycan hərb variantına yaxın vaxtlarda keçəcək. Qaçqın və məcburi köçkünlərin bu yolla geri qaytarılması variantı hazırda gündəmdədir".
Müxalifətin fəaliyyəti ilə bağlı təkliflərini İsa Qəmbərə çatdıran ADP baş katibi Sərdar Cəlaloğlu "Yeni Müsavat" qəzetindən narazılıq edir. Qalmaqal ondan başlayıb ki, qəzet İsa Qəmbərə istinadən Sərdar Cəlaloğlunun heç bir təklif vermədiyini yazıb.
Anlaşılmazlıqla bağlı İsa Qəmbərin üzr istədiyini deyən ADP baş katibi bildirdi ki, onun fikirləri qəzetdə bilərəkdən təhrif olunub. O, qəzet rəhbərliyini müxalifəti parçalamaqda ittiham edib: "İca bəy elə həmin günü mənə zəng vuraraq üzr istədi və bildirdi ki, qəzetdə onun fikirləri təhrif olunub. Açığı, bu onların partiyadaxili problemləridir. Orada ciddi qruplaşma gedir. İsa Qəmbəri pis vəziyyətdə qoymaq üçün belə axmaq vasitələrdən istifadə edirlər. Müxalifət daxilində birlik yaranması gözləniləndə hökumətin müxalifətdəki adamları fəallaşır. "Yeni Müsavat" qəzeti də bu kampaniyada iştirak edir".
ADP baş katibi həmçinin bildirdi ki, İsa Qəmbər onun təkliflərinə hələ cavab verməyib. Əlavə etdi ki, təkliflər müxalifətin payız aylarında fəallaşmasını nəzərdə tutur.
İqtisadi İnkişaf Nazirliyinin tələbi ilə Rəsulzadə qəsəbəsində yerləşən qərargahı tərk edən AMİP rəhbərliyi nəhayət ki, yeni binaya köçmək üçün tapşırıqlar veməyə başlayıb. Mə`lumatlı mənbədən aldığımız xəbərə görə, AMİP sədri E`tibar Məmmədov partiya üçün yeni qərargah tapıb.
Maraqlıdır ki, həmin qərargah indiyə kimi AMİP-çilərin köçəcəyi ehtimal edilən yerlərin heç biri deyil. Bildirilir ki, qərargah axtarışında E`tibar Məmmədov ofisi icaryə götürməyə yox, binanı almağa üstünlük verib. Əldə etdiyimiz mə`lumatlara görə, E`tibar Məmmədov "28 May" metrostansiyası yaxınlığında özəlləşdirilmiş qərargah alıb. Yeni qərargah 5 otaqdan ibarətdir.ÿHələlik binada tə`mir işləri aparılır. AMİP-çilərin yeni binaya nə zaman köçəcəyini dəqiqləşdirə bilmədik. Partiyaya yaxın şəxslərdən öyrəndik ki, qərargahda kosmetik tə`mir işləri başa çatdırılandan sonra, (təxminən iki-üç günə) AMİP-in mərkəzi aparatı yeni binaya köçməlidlər.
AMİP sədrinin müşaviri Məhərrəm Zülfüqarlı mə`lumatı təsdiqlədi: "Yadınızdadırsa, bu problem yarananda demişdik ki, biz qərargahsız qalmayacağıq. Bizim yeni bina tapmağımız o demək deyil ki, dövlətin bizə təklif edəcəyi bütün qərargahlardan imtina edirik. Bizim hakimiyyət qarşısında qaldırdığımız iddialar hələ də öz qüvvəsindədir. Əvvəlki qərargahımızı tərk edəndə razılaşmaya görə, İqtisadi İnkişaf Nazirliyi bizə təxminən elə o boyda bina verməli idi. Vəziyyətin dəyişməyəcəyini görüb özümüz qərargah axtardıq və tapdıq".
|