![]() |
|
|
Səfirlik də bir Qarabağdır...
Osmanlının acığına... Ermənilərin Livana gəlmə tarixi 1740-cı ildən başlanır. O zaman buraya gəlmiş üç erməni yepiskopu qriqoryanlıqdan imtina edib katolizmi qəbul edir. 1895-1896-cı ildə Osmanlı dövlətinə qarşı müharibəyə başlayan ermənilərin yeni-yeni axınları Livana gəlir. 1860-cı ildə Livanda xristian-müsəlman qarşıdurması zamanı Fransa buraya qoşun çıxarır. Fransanın, Rusiya, Prussiya, İngiltərə, Avstriya və İtaliyanın Osmanlı dövlətinə göstərdiyi təzyiq nəticəsində Livana xüsusi status verilir. Belə ki, xüsusi əyalət e`lan olunan Livanı Osmanlı təbəəsi olan katolik mütəsərrif idarə etməli idi. 1816-1869-cu ildən ölkənin ilk mütəsərrifi erməni Davud Əfəndi paşa tə`yin olunmuşdu. Tətbiq olunmuş bu status 1920-ci ilə - Böyük Livan yaradılana qədər davam etmişdi. Belə ki, xristianların əsasən məskun olduğu dağlıq Livanın iqtisadi perspektivi çox zəif olduğundan 1920-ci ildə Fransız mandat dairələri münbit Biqaa vadisini və tarixi Şam vilayətinə daxil olan digər əraziləri Livana ilhaq edərək hazırkı sərhədlərə malik olan ölkəni formalaşdırırdılar. İlhaq olunan həmin ərazilərin əksər əhalisini şiələr və sünnilər təşkil etdiyindən yeni yaradılmış dövlətdə demoqrafik balans müsəlmanların xeyrinə dəyişdi. Belə bir şəraitdə fransız mandat dairələri və maroni siyasiləri yaranmış balansı dəyişdirmək üçün 1915-ci ildən başlayaraq ölkəyə erməni köçlərini xüsusi qaydada təşviqləndirdilər. Ölkəyə daxil olan hər bir erməniyə dərhal vətəndaşlıq verilir, siyahıya alınırdı. Qaçan da erməni, satan da... 1943-cü ildə Livan müstəqilliyini qazandı. Elə bu dövrdən e`tibarən ərəb ölkələrində - İraqda, Suriyada, Fələstin, Livan və Misirdə məskunlaşmış erməni diasporu üçün Beyrut əsas mərkəzə çevrildi. Halbuki bu rolu 1930-43-cü illərdə Qahirə oynayırdı. 1946-cı ildə Ermənistandakı rəsmilərin planı əsasında Livandan 70 min əhali bu ölkəyə köçürüldü. Ermənilər yeni köçlər hesabına öz ərazilərini genişləndirmək və sonradan didərgin salınacaq İrəvan azərilərinin yaşadıqları yerlərdə məskunlaşmaq istəyirdilər (?). Bununla belə, həmin ermənilərin müəyyən qismi 1960-61-ci illərdə yenidən Livana qayıdır. Vətəndaş müharibəsi başlayan zaman Livandakı ermənilərin sayı təxminən 230-250 minə qədər olub, ölkə əhalisinin 6,5 faizini təşkil edirdi. Hal-hazırda bu göstərici vətəndaş müharibəsi zamanı bir çox ermənilərin Avropa və Amerikaya köçməsindən sonra 6,2-6,3 faizə düşüb. Vətəndaş müharibəsindəki xristian-müsəlman qarşıdurması zamanı maronilər ermənilərin onlar tərəfindən vuruşacağına ümid bəsləyirdilər. Vaxtilə ermənilərin Livana gəlməsini təşviqləndirən maronilərin bu ümidləri doğrulmayanda onlar 1978-1979-cu illərdə ermənilərin yaşadıqları məhəllələri artilleriya atəşinə tutdular. Nəticədə 600 nəfərə yaxın erməni öldürüldü. Bundan sonra ermənilərin Livandan deportasiyasını qarşıya qoyan xristian yaraqlıları sonralar bu planı aylıq vergi ilə əvəz etdilər. Ermənilərin xristianlar tərəfindən müharibədə iştirak etmədiklərinə görə... Prezidentin anası... Ermənilər Livan cəmiyyətində əməlli-başlı qol-budaq atıblar. Parlamentdə deputatları var. İdman və Gənclər Nazirliyinə rəhbərliyi erməni edir. Çoxlu adlı-sanlı biznesmenləri var. Ölkə prezidentinin anası və habelə arvadı Andrea erməni mənşəlidir. Livanda olduğum sonuncu həftədə Bürc Həmmud sektorunda vətəndaş müharibəsində həlak olmuş erməni qurbanlarının xatirəsinə qoyulmuş abidənin açılış lentini məhz prezident Emil Ləhhudun oğlu kəsdi. Elə həmin həftə Ermənistan Müdafiə Nazirliyindən Livana nümayəndə hey`əti gəlmişdi. Daş me`marlığında ermənilərin burada öz dəst-xətti var. Ermənilər yaşayan yerlərdə dəri aşısı və kustar sənaye inkişaf edib. Livanda onlar misilsiz zərgərlər hesab olunurlar. Bundan başqa, İsveçrənin Rado, Rolex, Kolber, Rovina kimi bir çox saat firmalarını ermənilər təmsil edir. Onlar ölkə sənayesinin 14 faizinə nəzarət edirlər. Bu, Livanın mövqeyi deyil! Livanda ermənilərin milli nəşrləri, qəzetləri, məktəbləri, hətta universitetləri də var. Beyrutda hər il 100-ə qədər erməni dilində kitab nəşr olunur. "Ararat", "Zartunq" və "Aztek" kimi gündəlik qəzetləri və bir sıra jurnalları çıxır. Beyrutdan başqa onlar ölkənin Sur, Sayda, Trabulus, Cunia, Cəzzin kimi digər şəhərlərində yaşayırlar. Təkcə Beyrutun özündə 10-dan çox erməni məktəbi var. Səfərimin son həftəsində Livana gəlmiş azərbaycanlı jurnalistlərlə birlikdə ölkənin baş naziri, prezident, xarici işlər naziri, Hizbullah lideri, Hnçak və Ramkavar partiyalarının liderləri ilə görüşdük. Erməni liderlərinin Qarabağla mövqeyi belə idi: ya Qarabağ müstəqil erməni dövləti e`lan edilməli, ya da Ermənistana verilməlidir. Maraqlı idi ki, hər iki partiyanın lideri Türkiyə türkcəsində də danışa bilirdilər. Livanın baş nazirinə erməni deputatların parlamentdə genosidlə bağlı bəyanat yaymaqları haqda sual veriləndə baş nazir Rafiq əl-Həriri dərhal köməkçilərindən birinə telefon açıb məsələylə bağlı soruşdu. "Bəli, erməni mənşəli deputatlar belə bir bəyanat yayıblar" cavabı verildi. Baş nazir "bu, rəsmi Livanın mövqeyi deyil. Sadəcə olaraq erməni diasporunun işidir. Ermənilər burada heç nə edə bilməzlər. Mən sizin prezidentinizi yaxşı tanıyıram. Mənim dostumdur. Çox müdrik adamdır", dedi. Livanın xarici işlər naziri Mahmud Həmmud Azərbaycanın mövqeyini dəstəklədiyini bildirdi. Türkiyədə və Rusiyada səfir işlədiyini dedi. Nazir 1998-ci ildə Londonda olarkən Azərbaycan prezidenti Heydər Əliyevlə görüşdüyünü qeyd etdi. Həm baş nazir, həm də xarici işlər naziri müsəlmandır. Bütün bu görüşlərin baş tutması da fəxri konsul Nəzih Qəssubun şəxsi tanışlığı sayəsində baş tutdu. Xristian-maroni olan Nəzih Qəssub Livanda məşhur isimlərdən biridir. İlyas Hiravinin dövründə xarici işlər nazirinin iqtisadi məsələlər üzrə məsləhətçisi işləyib. Azərbaycan prezidenti ilə 1997-ci ildə İKT-in Tehran sammitində tanış olub. Livan kimi ermənilərin güclü diaspora malik olduğu bir ölkədə onun Azərbaycanın maraqlırını təmsil etməsi həm uğurlu tapıntı, həm də düzgün seçimdir. Nəzih Qəssub tanınmış Bəni Haşim nəslindəndir. Bu nəsil XVII əsrdə Livanda xristianlığı qəbul edib. Ara-sıra mətbuatda Azərbaycanla bağlı məqalə də dərc etdirir. Son məqalə mən Livanda olarkən "əl-Muraqib" jurnalında nəşr edilmişdi. İki səhifədən ibarət yazı prezident Heydər Əliyevin neft siyasəti və Bakı-Ceyhan neft kəmərinə həsr olunmuşdu. Ardı var |
|