İdman

Ana səhifə
Xəbərlər
Reportaj
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#86(310)
Böyük futbolda "Şəfa" imzası
Əhməd Ələsgərov Bakıdadır
Yeganə atletimiz Dünya çempionatında uğursuz çıxış etdi


Böyük futbolda "Şəfa" imzası

Mə’lum olduğu kimi, avqustun 9-da UEFA kuboku uğrunda yarışların açılışı olacaq. Bu yarışda ölkəmizi "Neftçi"dən başqa, ilk dəfə olaraq "Şəfa" klubu futbolçuları da təmsil edəcək. Avropa miqyaslı yarışda debüt edən gənc klubumuzun rəqibi Slovakiyanın güclü "Olimpiya" komandasıdır. Bu məs’ul yarış ərəfəsində komandanın baş məşqçisi Əsgər Abdullayevlə görüşdük. Görüş zamanı Ə.Abdullayev püşkatmada komandasının bəxtinin gətirməməsindən gileylənsə də, yalnız qələbə uğrunda mübarizə aparacaqlarını dedi.

Əsgər müəllim, iki gündən sonra "Şəfa" UEFA kuboku yarışlarında debüt edəcək. Komandanızın hazırlığı haqqında nə deyə bilərsiniz?

- Hazırlıq dövründə xırda çətinlikləri nəzərə almasaq, ciddi problemlərlə üzləşməmişik. Havaların isti keçməsinə baxmayaraq, ümumilikdə futbolçular məşqlərə məs’uliyyətlə yanaşdılar. Bə’zi futbolçularda yüngül zədələr oldu. Ancaq onlara qarşı ciddi iradım yoxdur. Yenə deyirəm, futbolçulara verilən tapşırıqların yerinə yetirilməsindən narazılığım yoxdur.
Bir qədər əvvəl demişdiniz ki, "Şəfa" yoldaşlıq görüşləri keçirmək üçün İran və Türkiyəyə gedəcək. Xarici səfərləriniz nə üçün baş tutmadı?
- Bəli, dediyiniz ölkələrin klubları ilə yoldaşlıq görüşləri keçirməyi planlaşdırmışdıq. Bu məqsədlə həmin ölkələrə zəng etdik. İstəyirdik güclü rəqiblərlə görüşək. Ancaq görüşməyi planlaşdırdığımız klubların özləri hazırlıqlarını xaricdə keçirdiyindən istəyimiz baş tutmadı. Buna görə də, Bakıda qalıb, yerli klublarla qüvvəmizi sınayası olduq.
Rəqib "Olimpiya" klubu haqqında nə deyə bilərsiniz?
- Əvvəla onu deyim ki, "Olimpiya" haqqında mə’lumat almaq üçün klubun rəhbərliyinə dəfələrlə faks göndərsək də nəticəsi olmadı. Onlar bizə oyunlarının yazıldığı videokaset göndərmədilər. Odur ki, bizdə onların oyun üslubu, taktikası haqqında dolğun mə’lumat yoxdur. Sağ olsunlar, jurnalistlərimiz. Bu günlərdə "İdman" qəzetinin əməkdaşı "Olimpiya" klubunun hey’əti, futbolçuların ampluası, klubun hey’ətindəki yeniliklər haqqında İnternetdən götürdüyü mə’lumatları bizə gətirib. Bu, bizim üçün böyük köməkdir. Onu bilirik ki, "Olimpiya"nın oyunçuları hündürboy və fiziki cəhətdən hazırlıqlıdırlar.
Bu mövsümdə klubun hey’ətində nə kimi yeniliklər olub?
- "Xəzər Universiteti"ndən Adil Şükürovu, "Dinamo/Bakılı"dan isə Ramin Quliyevi kluba gətirmişik. Bu futbolçulara komandanın əsas hey’ətində yer verilib. Bundan başqa, Qroznının "Terek" klubundan Aleksandr Baxtin klubun hey’ətinə daxil edilib.
Hüquqi baxımdan "Şəfa"ya məxsus olan Tərlan Əhmədov və son günlərə kimi düşərgənizdə məşq edən Cahangirin adlarının birdən birə "Neftçi"nin UEFA-ya göndərilən iştirak ərizəsinə daxil edilməsi nə ilə əlaqədardır? Bəlkə, bu addım "Neftçi"nin yarışlarda daha şanslı olmasına görə atılıb?
- Yox, mən deməzdim ki, "Şəfa"nın şansı "Neftçi"dən azdır. Sadəcə olaraq, həmin futbolçular həmişə "Neftçi"də oynayıblar. Biz, əvəzində, "Neftçi"dən qapıçı Elxan Həsənovu və hücumçu Müşfiq Hüseynovu almışıq. Bununla əlaqədar klublar arasında razılıqlar olub.
Bu günlərdə kluba də’vət etdiyiniz gürcü legionerlərin taleyi necə oldu?
- Gürcüstandan kluba iki futbolçu - 27 yaşlı müdafiəçi Quram Aspindezalaşvili və 22 yaşlı hücumçu David Petriaşvili gəlmişdilər. Onlar pis tə’sir bağışlamadılar. Ancaq bu futbolçuların fiziki hazırlığı tələblərə cavab vermədiyinə görə, kluba transfer məsələsi hələlik gündəlikdən çıxırılıb. Futbolçular Gürcüstana qayıdıblar.
Komandanın lideri, milli komandanın futbolçusu Zaur Tağızadənin indiki durumu necədir?
- Zaurun qasıq nahiyəsində ağrıları var. Ona görə də "Neftçi"ilə keçirdiyimiz ikinci yoldaşlıq görüşündə iştirak etmədi. Zaurun oyun səviyyəsini hamımız yaxşı bilirik. İstənilən zaman, istənilən mövqedə öz sözünü deməyi bacaran bir futbolçudur. Hazırda müalicəsini davam etdirir. Zaur başda olmaqla, mən bütün futbolçularıma inanıram.
Zaurun Slovakiya komandası ilə görüşdə vurduğu qolun videoyazısını rəqiblərimiz görməmiş deyillər. Ona Azərbaycanın ən yaxşı futbolçusu kimi, çox güman ki, xüsusi diqqət ayrılacaq...
- Zaurun oyunu istədiyimiz kimi alınsa, onun qarşısını almaq asan olmayacaq. Onun yolunu ancaq kobudluqla kəsmək mümkündür. Mən inanırım ki, Zaur meydana mübariz ruhda çıxacaq və doğma klubuna kömək edəcək. Ola bilər ki, Zaurla oynayacaq bir futbolçu ayırsınlar. Ancaq mən əminəm ki, onu həmişə izləyəcəklər.
"Şəfa" nə vaxt yola düşür?
- Avqustun 8-də səhər "Şəfa" Lyublyanaya uçacaq. Həmin gün futbolçularla bir dəfə məşq etməyi planlaşdırırıq. Ayın 9-da oynayıb, Bakıya qayıdacağıq. Hakimlər briqadası Maltadandır. Görüşün baş hakimi Filip Aqiusdur. Cavab qarşılaşmasını avqustun 23-də yenicə tikilmiş "Şəfa" stadionunda keçirəcəyik. Həmin gün eyni zamanda bu gözəl stadionun açılışı olacaq. Bu, bizim üçün bir şərəfli tarixdir. Bir tərəfdən stadionun açılışı, digər tərəfdən "Şəfa"nın ilk beynəlxalq yarışa çıxmasıdır. Biz həmin qarşılaşmada azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.

P.S. "Şəfa" komandanın tərkibi barədə iştirak ərizəsini UEFA-ya təqdim edib. Bu təqdimata görə, ölkə kubokunun sahibi yarışa belə çıxır: Qapıçılar: Elşən Poladov, Elxan Həsənov, Mikayıl Yusifov Müdafiəçilər: Ramiz Məmmədov, Faiq Cabbarov, Füzuli Məmmədov, Dmitri Spirin, Ramin Quliyev; Yarımmüdafiəçilər: Adil Şükürov, Ruslan Masayev, Elçin Rəhmanov, Aleksandr Baxtin, Rəşad Sadıxov, Mixail Kitelman, Emin İmaməliyev, Ramal Hüseynov, Ayxan Abbasov, Aftandil Hacıyev; Hücumçular: Zaur Tağızadə, Samir Musayev, Müşfiq Hüseynov, Səbuhi Hacıyev.

Əhməd Ələsgərov Bakıdadır
Onun "Neftçi"yə baş məşqçi gətiriləcəyi haqqında şayiələr dolaşır

"www.azerifootboll" internet saytının mə’lumatına görə, tanınmış futbol mütəxəssisi Əhməd Ələsgərov bu günlər Bakıya gəlib.

Onu hətta "Neftçi" klubunun bazasında da görən olub. Bunun ardınca gəzən söz-səhbətlərə görə, paytaxt klubunun rəhbərliyi Ə.Ələsgərova klubun baş məşqçisi postunu tapşırmaq istəyir. Xatırladıq ki, Əhməd Ələsgərov 1999-cu ildə "Neftçi" və Azərbaycanın milli yığma komandasında baş məşqçi kimi çalışmış, bir sıra uğursuzluqlardan sonra Ukraynaya getmişdi.

Yeganə atletimiz Dünya çempionatında uğursuz çıxış etdi
Sidney Olimpiadasının iştirakçısı Sergey Boçkov təsnifat mərhələsini keçə bilməyib

Avqustun 3-də Kanadanın Edmonton şəhərində Beynəlxalq Həvəskar Yüngül Atletika Federasiyasının (Internetional Amateur Athletics Federation - IAAF) təşkilatçılığı ilə keçirilən Yüngül Atletika üzrə VIII Dünya Çempionatı start götürüb. Ayın 12-dək davam edəcək yarışlar həm də Olimpiya yarışlarında iştirak üçün lazım olan lisenziya xallarının verilməsi baxımından da əhəmiyyət kəsb edir.
İstər lisenziya, istərsə də reytinq xallarının hesablanmasında bu yarışların nəticələri daha böyük koefisentlə ölçülür. Edmonton turnirində Azərbaycanı yalnız bir idmançı - üç təkanla uzununa tullanma üzrə ölkə çempionu, Sidney Olimpiadasının iştirakçısı 22 yaşlı atlet Sergey Boçkov təmsil edir. Təəssüflə qeyd edilməlidir ki, Oleq Muxinin yetirməsi bu dəfə imkanlarından xeyli aşağı çıxış edərək turnirin ikinci, uzununa tullanma yarışlarının isə ilk günündəcə mübarizəni yarımçıq dayandırıb. Yarışın qaydalarına görə, kvalifikasiya mərhələsini keçməlidirlər. Bunun üçün atletlər 14 nəfərlik qruplarda mübarizə aparırlar. Hər qrupdan ilk yerləri tutanlar finala vəsiqə qazanır. Boçkov "A" qrupunda yarışırdı. Amma onun göstərdiyi nəticə idmançımızın yaxşı formada olmadığından xəbər verir. Belə ki, Boçkov respublika birinciliklərində göstərdiyi nəticədən (16 metr 50 santimetr) xeyli az məsafəyə tullanıb. Həmyerlimiz birinci cəhddə 16 metr 11 santimetr, ikinci cəhddə isə 16 metr 19 santimetr nəticə göstərib. Boçkovun ən yaxşı göstəricisi də elə ikinci cəhd olub. Belə ki, üçüncü cəhd ya alınmayıb, ya da baş tutmayıb. Həmyerlimiz hətta kvalifikasiya turunda belə öz qrupunda ən aşağı yerlədən birini tutub. Xatırladaq ki, "A" qrupunda birinci yeri tutan Devis Uolter (ABŞ) Boçkovdan nə az, nə çox - düz 1 metr 3 santimetr uzağa tullanıb. Belə getsə, yüngül atletlərimiz növbəti olimpiya yarışlarında da bütün ümidlərini vayl-kartlara bağlamalı olacaqlar.

 Ana səhifə | Xəbərlər | Reportaj | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Mədəniyyət | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd