|
|
|
|
#86(310)
|
 |
O öz sözləri ilə desək, övladının xoşbəxt gələcəyi üçün min cür əzab-əziyyətə qatlaşan və qarşılığında hansısa məkrli, alçaq niyyətli insanların günahı ucbatından bütün arzuları ürəyində qalan məhkum atadır. Qızının bədbəxtliyinin səbəbkarından qisas almaq istəyirdi bu ata. Lakin nəsibi dəmir barmaqlıqlar oldu.
...N.Hüseynov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırdı. 4 övlad atasıdır. Ötən ilə kimi sakit, firavan həyat sürüb onun ailəsi. Lakin keçən ilin mayında qızları Samirənin başına gətirilən olaydan sonra ailənin sakit yaşamına son qoyulub.
Hər şey ötən ilin mayında başladı. Mayın 24-də Nazim kiçik qızı Samirə ilə qonşu kənddən, qohumlarıgildən gəlirdi.
Şəhərə xeyli qalmış avtomaşın yolda xarab olur. Nazim nə qədər əlləşsə də, avtomaşın işə düşmür və ata-bala xeyli yolda qalırlar. Artıq axşam düşürdü, lakin hələ də avtomaşını işə salmaq mümkünsüz idi. Nazim maşının ehtiyat hissələrini sazlamağa çalışırdı, qızı isə yolun kənarında oturub gözləyirdi. Həmin əsnada Nazim yolun qarşı tərəfində bir avtomaşının dayandığını görür. Sürücü avtomaşından düşərək onlara tərəf gələndə Nazim həmyerlisi Namiq İsmayılovu tanıyır. Namiq onlara yaxınlaşaraq, kömək etmək istəyir. Lakin heç nə alınmayanda o, Nazimi qızı ilə birgə öz avtomaşını ilə aparmağı təklif edir. Qızının yolda qalmasından narahatlanan ata onun təklifinə məmnuniyyətlə razı olur. Onlar gecə şəhərə çatanda artıq saat biri haqlamışdı. Buna görə də Nazim gördüyü yaxşılığın müqabilində sürücüyə yorulduğunu bəhanə edərək, "gecə bizdə qal, səhər yola düşərsən" deyir. Nazimin həyat yoldaşı və digər uşaqları evdə olmadığından Samirə özü qonaq üçün süfrə hazırlayır. Hər ikisi yeyib-içdikdən sonra səhər tezdən yola çıxacağını bildirən Namiq yatmaq istədiyini bildirir. Nazimin göstərişi ilə Samirə qonağa rahat yer hazırlayır. Bu arada qız Namiqin onu tez-tez süzdüyünün şahidi olsa da, fikir verməyir.
Gecədən xeyli keçmiş mətbəxdə işləyən Samirə səs eşidir. Bayıra çıxanda görür ki, Namiq çöldə o tərəf bu tərəfə var-gəl edir. Heç nə anlamayan qız işini qurtarıb yatmaq üçün otağına çəkilir. Yatağına girmək istəyəndə qapının açıldığını hiss edir. Başını qaldıranda Namiqi başının üstünü kəsdirdiyni görür. Bu zaman Namiq əli ilə onun ağzını tutaraq, "atanı öldürmüşəm, səsini çıxarsan, səni də öldürəcəyəm" deyərək, vəhşi kimi onun üzərinə atılır. Qızı qorxudan Namiq istəyinə nail olur... Daha sonra isə qıza kimsəyə bir söz deyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyir.
Törətdiyi vəhşilikdən sonra səhəri gözləməyən Namiq evi tərk edir. Atasını həqiqətən də öldürdüyünü zənn edən qız onun meyiti ilə qarşılaşacağından qorxaraq, otağından çıxmır.
Artıq hava işıqlaşırdı. Nazimin qəflətən "Samirə" deyə çağırmasından ürəklənən qız yan otağa keçir və atasını sağ görəndə sevindiyindən öz ağrısını bir anlıq unudur. Dünyadan xəbəri olmayan Nazim qızına qonağın guya tələsdiyini və onları narahat etmədən səs salmayaraq getdiyini bildirir. Hətta o, Namiqin xəbərsiz getməsindən təssüflənir də. Amma Samirənin ürəyindən qara qanlar axırdı. "Görəsən atası böyük hörmətlə "qonaq" adlandırdığı bu nanəcib şəxsin zavallı qızının namusuna toxunduğunu eşitsə nə edəcək" sualı Samirəni çox qorxudurdu. Atasına heç bir söz deməyən Samirə anasını gözləməyi üstün tutur.
Hadisənin ertəsi günü evlərinə dönən anasına bütün olanları danışır, lakin atasına bir söz deməməyi tapşıırır. Eşitdiklərindən şoka düşən ana qızının yalvarışlarına baxmayaraq, Nazimə evinə qonaq yox, düşmən gətirdiyini söyləyərək, "düşmən sənin balanı bədbəxt edib" deyir.
Nazim bir anlıq dəhşətli yuxu gördyünü zənn edir. Arvadının söylədikləri onu dəliyə çevirir.
"Onu öz əllərimlə öldürəcəyəm," - deyə qışqırıb-hönkürən ata elə həmin gün bıçaq götürərək, Namiqin yaşadığı evə yollanır. Qapını Namiqin həyat yoldaşı açanda Nazim ondan ərini çölə çağırmasını tələb edir. Namiqdən səs-soraq çıxmayanda Nazim onun ünvanına nalayiq söyüşlər yağdırır, üstəlik onu qorxaq da adlandırır. Bütün bunları evdə eşidən Namiq həyətə düşür. Özünü olanlardan bixəbər kimi göstərən Namiq Nazimə yaxınlaşaraq, nə baş verdiyini soruşur. Onun belə soyuqqanlı davranması Nazimi özündən çıxarır. O, cavab olaraq, əlindəki bıçaqla Namiqə bir neçə zərbə vurur. Onun öldüyünü zənn edən Nazim dərhal şəhər polis şö`bəsinə gəlir.
Xəstəxanaya çatdırılan N.İsmayılovu xilas etmək mümkün olur. Lakin törətdiyi əməli isə cəzasız qalmır...
Gəncə Şəhər Prokurorluğunda hər ikisinin barəsində ayrılıqda cinayət işi qaldırılır və sübuta yetirilən istintaq məhkəməyə göndərilir.
Məhkəmə prosesində N.Hüseynov qızının qisasını ala bilmədiyi üçün təəssüflənirdi. "Heyf ki, onu öldürə bilmədim," - deyir.
Məhkəmənin hökmünə əsasən N.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edildi. N.Hüseynova isə 3 il cəza kəsildi.
nÜlviyyə HÜSEYNLİ
Vətənə xəyanət də daxil olmaqla CM-nin 20-yə yaxın maddəsiylə təqsirləndirilən Əliyusif Tahirovun və digərlərinin məhkəmə prosesi dünən başlayan andan qalmaqalsız ötüşmədi. Deyəsən, elə ilk gündən 2 həftəlik fasilə verilən məhkəmə araşdırması yenə də bir müddət işini dayandıracaq. Xatırladaq ki, məhkəmə iclası 1 saylı Bayıl təcridxanasında aparılır.
Belə ki, məhkəmə kollegiyası müttəhim Canmirzə Mirzəyevin barəsində həbs-qəti imkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatəti müzakirə etdi. Dövlət ittihamçısı E.Abdullayev buna e`tiraz etsə də, vəkillər vəsatətin tə`min edilməsinə tərəfdar çıxdılar. Bir neçə dəqiqəlik müşavirədən sonra məhkəmə kollegiyası vəsatətin məqsədəuyğun olmadığı barədə qərar çıxardı.
Bu arada keçən iclasda verdiyi açıqlamalarına görə yadda qalan müttəhim Dəyanət Kərimovun vəziyyətinin pisləşməsi hakimin nəzərindən yayınmadı. Q.Əsgərovun "deyəsən, sənin halın pisdi", sualına cavab olaraq, D.Kərimov "hələ ki, dözürəm, ancaq bilmirəm, nə vaxta qədər tab gətirəcəyəm," - söylədi. Həkimin gəldiyini bildirən nəzarətçilər onu zaldan çıxartdılar. Müttəhim Həsən Mustafayevin vəkili isə tarixi əhəmiyyət daşıdığına görə məhkəmənin gedişini videolentə köçürməyi təklif etdi.
Sədarətin bu səlahiyyəti yalnız məhkəməyə aid etməsi vəkil Elton Quliyevin narazılığına səbəb oldu. O, hakimin məhkəmənin açıq keçirilməsi prinsipini pozduğunu və C.Mirzəyevlə bağlı qərarını qeyri-obyektivlik adlandırdı. Sədarəti ittiham tərəfin dediyilə "oturub-durmaq"da günahlandıran vəkil bütünlüklə məhkəmə tərkibinə e`tiraz etdi. Müttəhim C.Mirzəyev isə əlində əlavə sübutların olduğunu vurğulayaraq, "sizi Eduard Hüseynovun seyfindən çıxan sənədlər belə maraqlandırmır" deyə hakimləri qınadı. Məhkəmə E.Quliyevin vəsatətini tə`min edərək, baxılması üçün Apellyasiya Məhkəməsinə göndərdi.
Xatırladaq ki, proses başlayan gündən artıq ikinci dəfədir məhkəmə kollegiyasına e`tiraz edilir.
Astara rayonunun Ərkivan kəndinin 30 yaşlı sakini Bəhruz Əliyev həyat yoldaşı Minayə Abbasovanı özünü öldürmə həddinə çatdırmaqda və yaxın qohumu Eyvaz Əliyevə xəsarət yetirməkdə təqsirləndirilərək, mühakimə edilir.
İstintaq materiallarından aydın olur ki, 9 il əvvəl ailə həyatı qurmuş Bəhruzla Minayə vaxtaşırı məişət problemləri ilə üzləşiblər. Belə ki, onlar tez-tez yaşayış yerlərini dəyişməli olublar: əvvəlcə oğlanın atası evində, sonra qızın xalasıgildə sığınacaq tapan gənc ailədə daim dava-dalaş gedib. İki övladını belə nəzərə almayan Bəhruz həyat yoldaşına, necə deyərlər, göz verib, işıq verməyib, qısqancılıq zəminində və ya başqa səbəblərdən tez-tez döyüb, təhqir edib.
Minayənin xalası Leyla bacısı qızının gününü göy əskiyə bükmüş kürükəni evdən qovmaq məcburiyyətində qalıb. Bundan sonra Bəhruz həmkəndlisi Şahverdi Şahverdiyevin təzə tikdiyi evə gözətçilik etməyə başlayıb və 1996-cı ildə həyat yoldaşından rəsmən ayrılıb.
Bununla belə, Bəhruz tez-tez gecələr Minayənin yaşadığı evə gələrək onun rahatlığını pozur, söyür, ləyaqətini alçaldırmış. Axırı qadın dərdini öz dayısı Eyvaza deməli olub. Eyvaz Bəhruzla görüşüb, münaqişəni yoluna qoyacağını bildirib. 1996-ci ilin axırlarında o, keçmiş kürəkənin yaşadığı evə gəlib. Qarşılıqlı iradlar əsasında yaranan mübahisə axırı əlbəyaxa davaya çevrilib. Bəhruzun sözlərindən əsəbləşən Eyvaza sillə vurub. Bunun əvəzini çıxmaq üçün Eyvaz evə girib ov tüfəngi götürüb və bayıra çıxan kimi Eyvaza atəş açıb. Qəlpələr Eyvazın üz nahiyəsini və sağ əlini yüngül yaralayıb. Bəhruzun onu öldürəcəyindən ehtiyat edən Eyvaz oradan qaçıb. Amma heç yerə şikayət etməyib. Yalnız bacısı qızı öz həyatına qəsd etdikdən sonra o da Bəhruzdan şikayət verib...
Minayənin intihara əl atmasına səbəb isə keçmiş ərinin hədə və təhqirlərindən cana doyması olub. Hadisə ötən il oktyabrın 6-da baş verib. Bəhruzun növbəti hücumundan sonra Minayə üstünə neft tökərək, özünü yandırıb. Qonşular onu xəstəxanaya çatdırıblar, lakin uzun müddət müalicə aparılsa da, ağır dərəcədə yanmış qadını xilas etmək mümkün olmayıb. Bu il yanvarın 4-də iki uşaq anası Minayə Abbasova dünyasını dəyişib. Onun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə edilən keçmiş həyat yoldaşı isə öz naqis əməllərinə görə yaxın günlərdə cəzasını alacaq.
|