Avanqard

Ana səhifə
Xəbərlər
Reportaj
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#86(310)
Rumıniya bizi tanıyacaq...
"Salam, Dağlar"


Rumıniya bizi tanıyacaq...
Ovidius Universitetində Azərbaycan şö`bəsi yaradılacaq. BDU da isə rumın dili tədris olunacaq

Ötən ay Rumıniyanın Ovidius Univesitetinin də`vəti ilə bu ölkəyə səfər edən Rumın-Azərbaycan Cəmiyyətinin üzvləri bu günlərdə Vətənə dönüblər. Hələ bir müddət əvvəl Azərbaycana səfər edən Ovidius Universitetinin rektoru Adriano Bavari Rumıniyanın ən böyük romantik şairi Mixail Emeneskonun azərbaycanca tərcümə edilən şe`rlər kitabını görəndə çox sevinib və onun təqdimatını öz ölkəsində keçirməyi qərara alıb. Beləliklə də, adıçəkilən kitabın tərcüməçisi Fəridə Hacıyeva Rumın-Azərbaycan Cəmiyyətinin sədri Bənövşə Əzizova və kitaba ön söz yazan Bakı Dövlət Universitetinin dosenti Nüşabə Sadıqova ilə birgə həmin mərasimə qatılıblar.
Mərasimdən əvvəl isə onlar Babadağdakı 400 illik tarixi olan mədrəsənin Məcidiyyəyə köçürülməsinin yüz illiyi ilə əlaqədar keçirilən seminara də`vət olunublar. Nüşabə Sadıqova bizimlə söhbətə elə bu tədbirdən başladı:
Təqdimat mərasimindən bir neçə gün əvvəl mədrəsənin 100 illiyində iştirak etdik. Azərbaycan nümayəndə hey`ətinin seminarda çıxışı ikinci günə planlaşdırılmışdı. Amma mən istəyirdim ki, biz birinci gün çıxış edək. Çıxışlar üçün vaxt ayrıldığından heç olmasa təbrik üçün söz istədim. Qısa təbrik nitqim salonda bütün əhval-ruhiyyəni dəyişdi. Onlar bizim alimlərimiz, elm və təhsilimizin səviyyəsindən heyran qalmışdılar. Növbəti gün mənə verilən fürsətdən yararlanaraq azərbaycanlıların sevgili türk qardaşlarımızın göstərdikləri kimi çingənələr olmadığını onlara anlatdım. Rumınların ədəbiyyatı hardasa XIII əsrin sonlarından başlayıb. Çıxışımda şifahi və yazılı ədəbiyyatımızın inkişaf tarixindən danışdım. Bildirdim ki, bütün bunlar Azərbaycanın çox qədim mədəniyyətə malik dövlət və zəngin xalq olduğunu göstərir. Hətta rumın ədəbiyyatçılarından da bəhs etdim. Bundan sonra tədbir iştirakçılarının bizə və ümumiyyətlə Azərbaycan xalqına qarşı münasibəti tamam dəyişdi. Seminardan sonra bizə yaxınlaşıb əməkdaşlıq etmək niyyətində olduqlarını bildirənlər də vardı.
Qonaq olduğumuz Köstəncə şəhərində tatarların böyük şairi Mehmet Niyazinin vəfatının 70 illiyi qeyd olunurdu. Həmin tədbirə də qatıldıq. Onun yaradıcılığı ilə tanış olduqdan sonra bir məsələ məni çox ağrıtdı. M.Niyazinin şe`rlərini oxuduqca, bizim romantik şairlərimiz - Məhəmməd Hadi, Mikayıl Müşfiq, Hüseyn Cavid gözlərim önündə canlandı. Təəssüflər olsun ki, onun kitabına yazılan ön sözdə bir azəri şairinin də adı çəkilməmişdi. Kitabda şairin yaradıcılığına ancaq Avropa romantizminin tə`sirindən bəhs edilir. Mən həmin mərasimdə də bu məsələyə münasibətimi bildirdim. Bir məntiq var ki, Rumın-Türk ədəbiyyatı paralel şəkildə inkişaf edib. Onlar böyük mə`nada Türk mədəniyyətindən qaynaqlanıblar.
Səfərin əsas qayəsi isə M.Emeneskonun kitabının təqdimat mərasimində iştirakınız idi. Ovidiusdakı görüşləriniz necə keçdi?
- Öncədən onu qeyd edim ki, kitabın nəşrində, ümumiyyətlə rumın mədəniyyətinin Azərbaycanda yayılmasında Rumıniyanın respublikamızdakı səfiri Təhsin Cəmilin böyük rolu olub. O, Rumın-Azərbaycan Cəmiyyətinin yaranmasında da yaxından iştirak edib. Cəmiyyətdə keçirilən görüş zamanı A.Bavari kitabla tanış oldu və Təhsin bəylə birlikdə belə qərara gəldilər ki, kitabın təqdimatını Rumıniyada keçirsinlər. Bizdə universitetin daxili məsələlərini həll edən elmi şura fəaliyyət göstərir. Ovidius Universitetində də buna senat deyirlər. İyulun 17-də həmin senatda M.Emeneskonun şe`rlər kitabının təqdimat mərasimi oldu. Tədbirdə ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov, səfir T.Cəmil, A.Bavari, həmçinin qarşılıqlı əməkdaşlığa dair müqavilə bağlamaq üçün Köstəncəyə gələn Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Texniki Universitetin rektoru Havar Məmmədov da iştirak etdilər. Mərasim yüksək səviyyədə keçirildi. Çıxışlarda iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi xüsusi vurğulandı. Azərbaycan haqqındakı informasiya qıtlığını aradan götürmək üçün Rumıniyada Azərbaycan günlərinin keçirilməsi, Müstəqillik gününün qeyd edilməsini səfirlə razılaşdırdıq. Hamıya mə`lumdur ki, ən uğurlu tərcümə 20 faiz itirir. Tərcümə vasitəçi dildən olanda bu itki daha çox olur. Rektorlarla görüşdə belə bir təklif irəli sürdüm ki, hər iki ölkədə rumın-Azərbaycan dilini mükəmməl bilən mütəxəssislər hazırlansın və tərcümələr birbaşa olsun. Elə oradaca hər iki universitetin rektoru növbəti tədris ilindən Ovidius Universitetində Azərbaycan şö`bəsi, BDU-da isə Rumın şö`bəsinin açılmasına qərar verdilər.
Bütün sadaladıqlarınızın həyata keçirilməsi xalqlar arasında yaxınlaşma və dostluğa səbəb ola bilər. Bu əlaqələrin perspektivini necə görürsünüz?
Mən rumın-Azərbaycan ədəbi-mədəni əlaqələrinin indiki mərhələsini intibah dövrü adlandırardım. Qeyd edim ki, bu əlaqələr təxminən ötən əsrin 50-ci illərindən başlayıb. Lakin o vaxtlar Sovet ideologiyasının basqısı zamanı yalnız bu ideyaya xidmət edən əsərlər tərcümə olunurdu. İndi isə rumın ədəbiyyatının bədiyyəti e`tibarilə ruhumuza yaxın olduğunu duyuruq. Elə Mixail Emeneskonun yaradıcılığında türk lirikası hiss edilir. Mən çox təəssüflənirəm ki, Azərbaycan ədəbiyyatı haqqında Ruminiyanın mə`lumatı yoxdur. Bizim yazarlarımız haqqında heç nə bilmirlər. Bu xalqları bir-birinə tanıtmaq üçün Rumıniyada Eldar Həsənov, Azərbaycanda isə Təhsin Cəmilin gördüyü işləri yüksək qiymətləndirmək lazımdır. Rumın səfirinin köməkliyi ilə burada yaranan dostluq cəmiyyətinin adekvat forması orada yaradılır. Həmin quruma Rumıniyada təhsil alan Fərid adlı həmvətənimiz rəhbərlik edəcək. nAzərbaycan ən kiçik bir dövlətlə də əlaqələrini qurmalıdır, çünki bizim çatışmayan cəhətimiz təbliğatımızın çox zəif olmasıdır. Rumınların Azərbaycan haqqında təsəvvürləri varsa da, bu bir qədər yanlışdı. Onlar bizi təbii sərvətlərimizə görə çox varlı bir dövlət hesab edirlər. Səfərin ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, Azərbaycan ədəbiyyatı ilə tanış oldular, qarşılıqlı əlaqələrin inkişafı üçün mütəxəssislərin yetişdirilməsinə qərar verdilər. Biz çox zəngin mədəniyyətə malik olduğumuzu sübut etdik. Dostluq cəmiyyətləri bundan sonra da sıx əməkdaşlıq etsələr, Rumıniyada mədəniyyətimizi daha yaxından təbliğ edə biləcəyik.

"Salam, Dağlar"
Tacəddin Şahdağlının yeni kitabı haqqında bir neçə söz

Tacəddin Şahdağlı özünəməxsus lirik, qəlbləri oxşayan şe`rləri ilə yazıb-yaratdığı bu müddət ərzində özünə sanballı oxucu auditoriyası toplaya bilən şairlərdəndir.
Onun poeziyası - şe`r aləmi həmişə dövrün, zamanın qarşıya qoyduğu problemləri qabardaraq, oxucu kütləsini narahat edən suallara cavab axtarmışdır. Bu günlərdə Tacəddin Şahdağlının "Salam, Dağlar" adlı yeni şe`rlər kitabı çapdan çıxıb.
"Salam, Dağlar" toplusunda müəllif əsasən Azərbaycanın füsunkar gözəlliyinə, vətənin əvəzsizliyinə, itirilmiş doğma torpaqların nisgilinə həsr etdiyi şe’rlərini cəmləyib. Şairin "Anam Azərbaycan", "Sən olmasan", "Yurduma" və s. bu kimi vətənpərvərlik ruhunda yazdığı şe`rləri kitabın ruhunu əks etdirir. Azərbaycan kimi səfalı bir yurdun övladı olmasından qürur duyan müəllif onun hər daşını, hər qarış torpağını vəsfə layiq bilir. "Meşələr", "Dalğalar", "Bahar", "Bənzəyin" və c. bu silsilədən olan şe`rlərində vətənin təbiəti təsvir edilir.
Tacəddin Şahdağlı əmək, zəhmət adamlarını da unutmayıb.
Öz əməyi, gərəkli əməlləri işgüzarlıqları ilə xalqının, obasının, elinin xidmətində duran insanlar müəllifin poeziya obyektidir. Təsadüfi deyil ki, kitabın adı da xalqımızın xeyriyyəçi övladlarından olan Dağlar Səfərova müraciət formasındadır.
T.Şahdağlı ömürlərini-günlərini ilmələrə köçürən, yaddaşını xalçalara hopduran xalçaçı qızları da unutmayıb. "Xalça ömürlülər", "Xalçaçı qızlar", "Dünayət xanım" kimi şe`rlərində xalçaçı qızların əməyi qiymətləndirilir:

Hər xalça bir şe`rdir,
Heca ilmə yerində,
Min rayihə duyulur,
Onların hər birində.
Bu xalça şe`rləri
Toxuyur qızlarımız.
Deyəsən, elə şe`r,
Oxuyur qızlarımız.

Şair mili poeziyamızın ən’ənəvi mövzusundan bu dəfə də yan ötməyib. Azərbaycan gözəllərinə də şe"r həsr edib. "Gözəllər", "Trolleybusda gül bitib", "Taparam səni", "Nərgizgülü" və s. bu kimi şe`rlərini onların şə’ninə yazıb.
"Salam, Dağlar" kitabına həmçinin müəllifin satirik şe`rləri və "Qaraçılar" adlı poema-novellası da daxil edilib.

 Ana səhifə | Xəbərlər | Reportaj | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Mədəniyyət | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd