|
|
|
|
#86(310)
|
 |
"Bakı payızı - 88"
Şəhər də dəyişib, zaman da.
İstidən bir azca dincini alan Bakıda 88-ci ilin əsər-əlaməti yoxdur. Şəhərin özüllüyündə o qədər yeniliklər var ki, sadalasan, saya gəlməz.
Özünü yetərincə duyduran zamanın təqvimində isə 2001-il yazılıb.
Axı bütün bunların "Bakı payızı - 88" mahnı müsabiqəsinə nə dəxli? Dəxli var. Azərbaycan estradasında özünəməxsus yer tutan Zülfiyyə Xanbabayeva ilə geniş tamaşaçı auditoriyasının tanışlığı məhz bu dövrə təsadüf edir. Və bu təqvim illərin o üzündə qalsa da, Zülfiyyə onu unudulmağa qoymur. Ötən gün "Royal Garden Klub"da gerçəkləşən solo konsertində olduğu kimi.
Səhnəmizin yetərincə məlahətli olan bu xanımının xeyirxah jesti (narkomaniyaya qarşı mübarizə kompaniyasına qatılan müğənni bu solo konsertdən yığılan vəsaiti "ağ ölüm"ə mübtəla olanlara yardım edəcək) sayəsində, pərəstişkarların də`vət etdiyi solo konsertində ilk öncə səhnəyə "Bakı payızı -2000" müsabiqəsinin qalibləri çıxdı. Təbii ki, bu, müğənninin öz seçimi idi. Bu seçimin arxasında gənc həmkarlarına dayaq olmaq istəyi dururdu.
Daha sonra isə, səhnədə səbəbkarın özü göründü. "Sən gedən gündən" mahnısının sədaları eşidilincə, səhnədə bu mahnının klipi nümayiş olundu. Zülfiyyə solo konsertində ən populyar mahnılarını ifa etdi. Sürprizsiz də ötüşmədi. Tamaşaçılar onun iki yeni mahnısını dinlədi. Vaqif Gərayzadənin bəstələdiyi "Hardasan" və musiqisi İsa Məlikova məxsus "Son görüş" mahnılarını.
Həmişə ətrafında səmimi aura yaratmağa müvəffəq olan Zülfiyyə tədbirin aparıcısı Nərgiz Cəlilovanın işini xeyli yüngülləşdirmişdi. Sonda onu deyim ki, anşlaqla keçən solo konsertdə tamaşaçılar arasında narahatlıq vardı. Yetərincə tamaşaçı ayaq üstə qalmışdı. Sözügedən tədbiri görmək istəyənlərin nəzərinə isə, "Media Ltd" şirkətinin informasiya dəstəyi verdiyi konsertin eksklüziv çəkilişi "Lider" telekanalına məxsus idi.
"Karvan" pop qrupu tez-tez qastrol səfərlərinə gedirdi. Həmişə bu səfərlərdə repertuarımızın rəngarəngliyinin qeydinə qalırdıq. Xüsusən də xaricdə yaşayan azərbaycanlılara ərməğan olaraq, ən müxtəlif janrlarda mahnılara müraciət edirdik.
Elə o vaxtdan bu seçim mənə sirayət edib. həmişə repertuarımda rəngarəngliyə can atıram", - deyən İlqar Xəyal yenə də özünə sadiqdir. O, Niyazinin simfonik orkestr üçün yazdığı "Arzu", o cümlədən Cahangir Cahangirovun simfonik orkestr üçün nəzərdə tutduğu "Aylı gecə" mahnılarını yeni oranjimanda səsləndirəcək.
Daha sonra onun ifasında musiqisi Eldar Mansurova məxsus "Bu həyat bir tamaşa", Natiq Qəzənfəroğlunun bəstələdiyi "Mələyim mənim", Aytən İsmixanovun "Ərköyün qız" mahnılarını eşidəcəksiniz.
İlqar Xəyal bildirdi ki, ilin sonuna adını çəkdiyi bəstələrdən ibarət musiqi albomu da buraxdırmaq fikrindədir.
Bu müğənninin musiqi yenilikləri, maraqlıdır ki, onun idmanla bağlı xəbərləri də var. Belə ki, sənətçilər arasında tennis turniri keçirilir. Şıx çimərliyində gerçəkləşən bu yarışmanın qalibini nə az, nə çox - Londona səfər gözləyir. Finala çıxacağı təqdirdə, İlqar Xəyalın gələn il Londonda keçiriləcək Uimbldon turnirində tamaşaçı qismində iştirak eləmək şansı var.
Səməd Səmədov "Toy axşamı" klipinin təqdimat mərasimini keçirmədi. Çünki, öz sözləri ilə desək, havalar çox istidir.
Bu cür isti havada tünlüyün nə mə`nası? Elə buna görə də, o, Bakıda da qala bilmir. Ya Qubaya gedir, ya da Nabrana. Ailəsi Nabranda dincəldiyindən, daha çox yolunu ordan salır. Bakıya isə yalnız zərurət yarananda, adətən də bu zərurəti hər hansı bir tədbir doğurur, gəlir. Səməd Səmədov sonda onu dedi ki, bir də Bakıya sentyabrda gələcək.
Norveç musiqiçiləri ilə birgə gerçəkləşən proyektin yaratdığı söz-söhbət səngiməmiş, yeni bir proyektin ərsəyə gələcəyi barədə xəbər aldıq.
İlk proyektdə iştirak edən, amma nədənsə, adı diqqətdən kənarda qalan İlqar Muradov da deyəsən, bu dəfə yolunu Norveçdən salacaq. Çünki onun yeni musiqi albomuna qatılmaq şansı var. Rəsmi surətdə də`vət almasa da, proyektdə iştirak edəcəyi istisna deyil.
Ötən gün Muğam Teatrında "Muğam" LTD şirkəti azərbaycanlı sənətçilərin Almaniyada yazdırdığı musiqi albomlarının təqdimat mərasimini keçirdi.
Xatirinizdədirsə, bir müddət öncə mətbuat səhifələrində sözügedən şirkətin yaranması barədə xəbərlər gedəndə, ilk diqqəti çəkən o olmuşdu ki, "Muğam" LTD şirkətinin yaradıcılarının əsas məramı şaxələnən, ən müxtəlif improvizələrlə zənginləşən digər musiqi janrları ilə rəqabətdə öncüllüyünü saxlayan muğamın ilkinliyini, əsrarəngizliyini qorumaq idi. Elə bu məqsədlə də onlar Azərbaycan sənətçilərinin musiqi albomlarını ən yüksək səviyyədə ərsəyə gətirirlər.
Gülxar Həsənova, Tükəzban İsmayılova, İslam Rzayev, Arif Babayev, Alim Qasımov, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səkinə İsmayılova və başqalarının qatıldığı bu toplantıda sözügedən musiqi albomları sahiblərinə təqdim olundu. Özü də şirkətin rəhbəri Əbdülqadir İnaltəkin təşəbbüsü ilə bu, ustad sənətkarların öhdəsinə düşdü. Yeni musiqi albomlarına gəlincə, onların müəllifləri E.Qeybalıyeva, M.Əyyubova, A.Bayramova, N.Hüseynova, M.İbrahimov, Z.Behbudova, Z. Nəbizadədir.
|