Pauza

Ana səhifə
Xəbərlər
Reportaj
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#86(310)
Dördlük, yoxsa beşlik?

Xəzərin hüquqi rejimini müəyyənləşdirmək üçün dörd MDB ölkəsinin zirvə görüşünün keçirilməsi təşəbbüsü Türkmənistan tərəfindən mənfi qarşılandı. Aşqabadın mövqeyinin taktiki mülahizələrə əsaslandığı şübhə doğurmur. Amma onun İran faktoru ilə manevrlərinin uzun müddət davam etməsi də mümkün deyil.
Hövzənin statusu ilə bağlı müzakirələri dördtərəfli formata keçirmək təşəbbüsü lap əvvəldən Rusiyaya məxsusdur. Prezident Vladimir Putinin Soçidə səsləndirdiyi bu mülahizə hələ ötən ilin sonunda status barədə danışıqlar İran tərəfindən dalana salınarkən Rusiyanın Xəzər üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı tərəfindən irəli sürülmüşdü. Rusiya XİN başçısının müavini fikrini onunla əsaslandırmışdı ki, hövzənin hüquqi rejiminə dair beştərəfli danışıqlar formatı nəticə vermədiyindən (Tehranın 20 faizlik pay davası üzündən) məsələni mərhələli şəkildə həll etmək daha məqbuldur. Yə`ni Xəzərlə bağlı mübahisələr öncə hövzənin əsas payçısı (88 faiz) olmuş SSRİ-nin varisləri arasında sahmanlanmalı və müvafiq hüquqi sənəd imzalanmalı, sonra proses İranın da iştirakı ilə beynəlxalq öhdəçilik müstəvisində yekunlaşmalıdır. Kalyujnı bu bəyanatı hövzəyanı turne çərçivəsində Tehrana uğursuz səfərlərindən sonra vermişdi və Moskva beləliklə İranı fakt qarşısında ("Biz artıq SSRİ-nin mirasını bölüşdürmüşük") qoymaq istəyirdi.
Mövcud şəraitdə Rusiyanın təklifi tamamilə məntiqi sayılmalıdır. Madam ki, İran Xəzərlə bağlı mübahisənin hüquqi tarixini 1921 və 1940-cı illərdə Moskva ilə Tehran arasında bağlanmış aktlarla əsaslandırmaq istəyir (guya Xəzər SSRİ ilə İranın ortaq dənizi olub), onda məsələdə həqiqətən hüquqi varislik prinsipi nəzərə alınmalıdır. Əvvəla, sözügedən sazişlər Xəzərdə gəmiçilik (naviqasiya), balıq ovu və ekoloji məsələləri ehtiva edirdi və bu sənədlərdə hövzənin karbohidrogen ehtiyatlarının istismarına dair heç bir müddəa, yaxud qarşılıqlı öhdəlik yer almayıb. Sənədlərdə əks olunan 10 millik (təxminən 19 kilometr) sahil zolağı da beynəlxalq dəniz hüququna əsaslanan prinsip ("ərazi suları"na digər ölkənin gəmilərinin daxil olmasını qadağan edir) idi. Gerçəkdə isə Xəzərdə SSRİ ilə İran arasında suverenlik hüdudu (sərhəd) məhz Astara (Azərbaycan-İran sərhəd nöqtəsi) - Həsənqulu (Türkmənistan-İran sərhəd nöqtəsi) xətti boyunca müəyyənləşib. Təkcə onu xatırlamaq kifayətdir ki, 1934-cü ildən başlayaraq SSRİ "NKVD"si (o vaxt sərhəd xidməti bu qurumun səlahiyyətində idi) İranla dəniz sərhədini məhz həmin xətt boyunca mühafizə edib. Deməli, iki ölkənin Xəzərdə iddia etdiyi pay (istər hövzənin dibi, istərsə də su qatı) bu sərhəd üzrə bölünmüşdü. Digər tərəfdən, 1949-cu ildən SSRİ (Azərbaycan) neft-qaz sənayesi Xəzər şelfində karbohidrogen ehtiyatların istismarına başlamış və təxminən 40 il ərzində SSRİ neftinin 60 faizi buradan hasil olunmuşdur. Bu müddət ərzində İran Moskvaya hər hansı iddia bildirməmiş, əksinə, mövcud bölgü ilə razılaşaraq özü də Ənzəli yaxınlığında dənizdən neft çıxarmışdır. Bu isə o deməkdir ki, SSRİ-nin dağılması ilə hövzə ətrafında yaranmış yeni situasiya yalnız dörd postsovet ölkəsinin səlahiyyətinə aid olan məsələdir və onlar (Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan) keçmiş imperiyanın hüquqi varisləri kimi həmin 88 faiz payı öz aralarında (İransız) bölüşdürməkdə haqlıdır. Düzdür, təklif olunan orta xətt prinsipi İrana müəyyən jestin edilməsini də nəzərdə tutur. PA-nın bölmə müdiri, Xəzərin hüquqi rejim üzrə mütəxəssisi Rüstəm Məmmədovun sözlərinə görə, İran bu bölgü ilə razılaşarsa, payı 12-dən 14 faizədək arta bilər. Təbii ki, Rusiya prezidentinin Soçidə verdiyi təklif İranın ambisiyalarına müəyyən su səpəcək və Tehran ən azı Moskvanın bu mövqeyinə birbaşa qarşı çıxmayacaq. Üstəlik, rəsmi Bakı yaranmış vəziyyətdə əlamətdar manevr imkanı qazanıb. Azərbaycan, Rusiya və Qazaxıstan prezidentlərinin Soçi görüşündə Xəzərdəki Astara-Həsənqulu xətti MDB-nin xarici sərhədi kontekstində gündəmə gəlib və mə`lumatlara görə, Putin bu sərhədin birgə qorunmasını təklif edib. Azərbaycan prezidenti də Soçidən qayıdarkən bu məqamı önə çəkib. Bakı indiyədək MDB-nin xarici sərhədlərinin birgə mühafizəsi ideyasına qarşı çıxsa da, görünür, cari situasiyada məsələyə baxışını qismən (yalnız Xəzərdəki sərhədlə bağlı) dəyişmək niyyətindədir. Hər halda İrana yerini göstərmək üçün bu cür manevr (müvəqqəti də olsa) zəruridir. Öz növbəsində İran da hələlik küncə sıxılmış görünmür. Tehran Aşqabadın siyasi ərköyünlüyü ilə manevr edərək Xəzərlə bağlı dördtərəfli danışıqları əngəlləmək niyyətindədir. Xatırladaq ki, Kalyujnının sözügedən təklifi də məhz Türkmənistanın mövqeyi üzündən (Türkmənbaşı İranı kənarda qoymayaraq beştərəfli zirvə görüşünə ev sahibliyi etmək təşəbbüsünü irəli sürdü) gerçəkləşməmişdi. Hərçənd burada Aşqabadla Tehranın eyni mövqedən çıxış etdiyini söyləmək düz olmazdı.
Bununla belə, Türkmənistan anlayır ki, "dördlüy"ün görüşü barədə təklifi artıq orta mə`mur Kalyujnı yox, Rusiyanın prezidenti verib və Moskva ilə münasibətlərinin fərqində olan Türkmənbaşı ərköyün davranışını yalnız müəyyən həddədək (Rusiya "gözünü ağardanacan") davam etdirə biləcək.

 Ana səhifə | Xəbərlər | Reportaj | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Mədəniyyət | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd