İş günü

Ana səhifə
Xəbərlər
Reportaj
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#86(310)
95 yaşlı bina təhlükədən qurtuldu
Hərbi hissələrdə dini vəzifə tə`sis edilsin
Tümen-Gəncə-Tümen aviareysi açılır?
Kadr agentlikləri Nazirlər Kabinetindən narazıdır
Qanlıgölün səviyyəsi aşağı düşüb
Hər 100 ailəyə 95 telefon düşür
301 kq nərə balığı müsadirə olunub


95 yaşlı bina təhlükədən qurtuldu
Mənzillərini tərk etmiş sakinlərə evlərinə qayıtmağa icazə verilib

Xəbər verdiyimiz kimi, ötən il noyabrın 25-də Bakıda baş vermiş zəlzələ nəticəsində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən, 1906-cı ildə inşa olunmuş 3 mərtəbəli bina qəza vəziyyətinə düşüb. Avqustun 3-də binanın 1-ci mərtəbəsində yerləşən keçmiş ərzaq dükanında tə`mir işləri aparmaq istəyən bir qrup fəhlə sütunların hər an uçmaq təhlükəsində olduğunu görüb.
Elə həmin gün axşam binanın 2-ci və 3-cü mərtəbələrində yaşayan sakinlərin hamısı köçürüldü. Mənzil sahibləri qeyd edirlər ki, zəlzələdən sonra binadakı çatlar tədricən çoxalmağa başlayıb lakin dövlət orqanları buna əhəmiyyət verməyiblər. Bir həftə əvvəl isə tikili uçmaq təhlükəsilə üzləşib. Avqustun 3-də axşamdan başlayaraq binanın 1-ci mərtəbəsində tə`mir-bərpa işləri aparan operativ briqadanın üzvləri ilə söhbətimizdə bildirdilər ki, tə`mir işlərinin nə vaxt başa çatacağı hələ mə`lum deyil. Bərpa işləri hələ ki, binanın 1-ci mərtəbəsindəki mağazadan başlayıb. Tə`mir tədricən yuxarı mərtəbələrdə davam etdiriləcək. O ki qaldı mənzillərin tə`mir edilməsinə bu məsələnin necə həll olunacağı hələ ki, qeyri-müəyyən qalır. Ən əsası odur ki, bina qəza vəziyyətindən çıxarılıb. Həftənin bazar günü isə avqustun 3-də mənzillərini tərk etmiş vətəndaşlara evlərinə qayıtmağa icazə verilib.
Qeyd edək ki, fövqəl`adə hallar üzrə dövlət komissiyası sədrinin sözlərinə görə, onun rəhbərlik etdiyi işçi qrup yalnız binanın qəza vəziyyətindən çıxarılmasına cavabdehdir. Mənzillərin tə`miri isə gələcəyin işidir.
Bu günədək Bakı və Sumqayıtda zəlzələdən zərər çəkmiş 280 binada bərpa işləri başa çatdırılıb. 290 binanın tə`miri davam etdirilir. Mehmanxanalarda müvəqqəti yerləşdirilən vətəndaşların sayı 45 nəfər təşkil edir. Onlar Azərbaycan prospektində uçmuş 4 mərtəbəli tikilinin sakinləridirlər. Qeyd edək ki, sözügedən uçmuş binanın yerində yenisinin inşa edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tender e`lan edib. Baş nazirin müavini Abid Şərifovun bildirdiyinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin hesabından bərpa işləri üçün ayrılmış 25 milyard manat vəsaitin hamısı xərclənib. Dövlət büdcəsindən bu məqsədlə cari ilin əvvəlində 18 milyard manat vəsait ayrılıb. Vəsaitin 3 milyard manatdan çoxu sərf olunub.

Hərbi hissələrdə dini vəzifə tə`sis edilsin
Qafqaz Müsəlmanları İdarəsi bu cür təkliflə çıxış edib

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın Silahlı Qüvvələrində dini xadim vəzifəsinin tə`sis edilməsi təklifini irəli sürüb. Bu barədə mə`lumat verən sözügedən strukturun sədri Hacı Allahşükür Paşazadə bildirib ki, adı çəkilən vəzifənin tə`sis edilməsi hərbçilər arasında inam, vətənpərvərlik hissini, mə`nəvi dəyərləri və s. möhkəmləndirə bilər.
Allahşükür Paşazadə qeyd edib ki, sözügedən təklifin qəbul olunması birbaşa hökumətdən asılıdır, ona görə də hələ ki, məsələ açıq qalır.
Bildirək ki, bir sıra hərbi hissələrdə şəxsi hey`ətin təşəbbüsü ilə namaz qılmaq və digər dini ainləri yerinə yetirmək üçün müvafiq tikililər ayrılıb.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayevin verdiyi açıqlamaya əsasən islah-əmək müəssisələrində də dini vəzifələrin tə`sis edilməsi təklif olunub. Hacı Akifin sözlərinə görə, Hacı Allahşükür Paşazadə belə müəssisələrdə olarkən məhbuslar özləri dəfələrlə bu cür təkliflə çıxış ediblər. Sonda bildirək ki, Azərbaycanda fəaliyyət göstərən xristian təriqətçi missioner təşkilatları ölkə ərazisində yerləşən bir sıra hərbi hissələrdə təbliğat apararaq hərbçiləri xristianlaşdırmaqla məşğuldurlar. Bu təşkilatlar arasında ən öndə gedəni "Həyatverici Lütf Ümumdünya Kilsəsi"dir ("Qreyter Qreyts Uorld Austriç". Bakıdakı rəhbəri əslən Finlandiyadan olan keşiş Sirvio Mattidir).
Missionerlərin moizələrində və təriqət üzvləri ilə şəxsi söhbətlərdə əsas yeri orduda xidmətdən imtina çağırışları tutur, ölkənin ərazi bütövlüyünün müdafiəsi və xarici düşmənlərlə mübarizə istiqamətində vətəndaşlıq borcuna laqeyd münasibət üçün zəmin yaradılır. Nəticədə bə`zi hərbi hissələrdə təriqətçilərin tə`siri altına düşmüş hərbçilərin hərbi and içməkdən, silah götürməkdən imtina halları müşahidə edilmişdir. Şübhəsiz, bütün bu qanun pozuntularının iştirakçıları, əksər hallarda, təşkilatçıları missioner keşişlərdir.

Tümen-Gəncə-Tümen aviareysi açılır?

Rusiya kütləvi informasiya vasitələrində yayılan mə`lumata görə, avqustun 13-dən e`tibarən "Tümenskiye avialinii" şirkəti yeni Tümen-Gəncə-Tümen reysini açmaq niyyətindədir. Yeni reysin açılmasına səbəb Tümendə neft biznesi və ticarətlə məşğul olan azərbaycanlı diasporunun bu marşruta böyük tələbatın olmasıdır.
Sözügedən informasiyaya şərh verən Azərbaycan Hava Yolları Dövlət Konsernindəki mənbələr bildiriblər ki, hələ Rusiya tərəfi yeni reyslə bağlı niyyətini rəsmi şəkildə təqdim etməyib. "AZAL"dan bildiriblər ki, qərar qəbul etməzdən öncə hər iki tərəf arasında danışıqlar aparılır. Razılıq əldə olunandan sonra isə müqavilə imzalanır.

Kadr agentlikləri Nazirlər Kabinetindən narazıdır
Onlar hökumətin öz qərarına yenidən baxacağına ümid edirlər

"Dirlomat Limited", "Nadeyda" və "English-Amerikan Bizness Service"in daxil olduğu 8 işədüzəltmə agentliyi Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 96 saylı qərarını ("İşədüzəltmədə lisenziyalaşdırma qaydalarına əlavə və dəyişikliklər haqqında", yaxud xidmətə görə ilkin ödənişlərin alınmasının ləğv edilməsi) ləğv etmək xahişi ilə sözügedən struktura müraciət etmək niyyətindədir.
Bu barədə açıqlama verən "Dirlomat Limited"in direktoru Konstantin Frenkin bildirib ki, Nazirlər Kabinetinin tətbiq etdiyi yeni qaydalar işədüzəltmə agentliklərinin işini olduqca çətinləşdirib. Belə ki, yeni qaydalara əsasən agentliklərin xidmət haqqını işə düzələn deyil, iş verənlər ödəməlidir.
Qeyd edək ki, əvvəllər lisenziya ilə fəaliyyət göstərən kadr agentlikləri vətəndaşı işə düzəltdikdən sonra onun ilk maaşından 25-50 min manat mükafat alırdılar.
Ona görə də, kadr agentlikləri vətəndaşları işə düzəltməkdə maraqlı idilər. Nazirlər Kabinetinin yeni qərarı qəbul olunandan sonra iş verənlər agentliklərə pul ödəməkdən qaçmaq üçün özləri müstəqil şəkildə işçi qəbul etməyə və axtarmağa üstünlük verirlər. Konstantin Frenkinin sözlərinə görə, Nazirlər Kabinetinin yeni qərarı gəlirlərini gizlədən, pullu anket təklif edən lisenziyasız fəaliyyət göstərən agentliklərin sayının artmasına gətirib çıxarıb.
Sonda bildirək ki, Azərbaycanda liisenziya əsasında 30 kadr agentliyi fəaliyyət göstərir.

Qanlıgölün səviyyəsi aşağı düşüb

Yasamal rayonu ərazisində yerləşən Qanlıgölün qurudulması prosesi davam etdirilir. Gölün səviyyəsi artıq 3 metrə qədər aşağı düşüb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindəki mənbələrin verdiyi mə`lumata görə, gölün qurudulması 3 güclü nasos vasitəsilə həyata keçirilir. Sutka ərzində nasoslar 2 min kubmetr suyu mərkəzi kanalizasiya sisteminə vururlar. Həmin su təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. ÿ

Hər 100 ailəyə 95 telefon düşür

2001-ci il avqustun 1-nə olan mə`lumata görə, Azərbaycanın telefon şəbəkəsinin tutumu 1 milyon nömrə təşkil edir. Onların 420 mini Bakının, 33 min 300-ü isə Naxçıvan Muxtar Respublikasının payına düşür. Rabitə Nazirliyinin telekommunikasiyaların inkişafı layihəsinə əsasən 2003-cü ilə kimi respublikanın telefon şəbəkəsinin tutumunun 1 milyon 750 min nömrəyə çatdırılması planlaşdırılır.
Hazırda Bakıda hər 100 ailəyə 95 (rayonlarda 20), hər 100 nəfərə isə 24 (rayonlarda 5) telefon düşür. 2003-cü ilə qədər məmləkətdə hər 100 nəfərə 20 telefon düşəcəyi gözlənilir.
Qeyd edək ki, fəaliyyət göstərən Avtomat Telefon Stansiyalarına yeni abonentin qoşulması Rabitə Nazirliyinə 110-120 dollara başa gəlir. Kabel çəkilərsə, həmin rəqəm 230-250 dollaradək yüksələ bilər.

301 kq nərə balığı müsadirə olunub

Vergilər Nazirliyinin operativ nəzarət idarəsinin əməkdaşları bu günlərdə qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə, xüsusilə də balıq məhsullarının satışı ilə məşğul olanların aşkara çıxarılması məqsədilə Bakının bazarlarında reydlər keçirib.
Yoxlamalar nəticəsində 301 kiloqram nərə balığı növləri və 10,5 kiloqram kürü müsadirə edilib. Mallar ekspertizadan keçirilmək üçün Casrian Fish Co. şirkətinə təqdim olunub. Müsadirə edilmiş malların əksər hissəsi istifadə üçün yararlı olub və şirkət tərəfindən qəbul edilib.

 Ana səhifə | Xəbərlər | Reportaj | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Mədəniyyət | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd