|
|
|
|
#86(310)
|
 |
İran Xəzər dənizində öz sektorunun müdafiəsi üçün kifayət qədər yaxşı təchiz olunub. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Həmid Reza Asəfi Tehranda bugünkü mətbuat konfransında bildirib.
Xəzərin hüquqi statusu müəyyən edilənədək İran Tehranın razılığı olmadan "ölkənin ərazi sularının 20 faizlik sektorunda" fəaliyyət göstərməyə cəhd edən xarici şirkətlərə qarşı qəti tədbirlər görəcək.
"Biz öz müdafiəmiz üçün kifayət qədər yaxşı hazırlaşdığımızdan Xəzərin statusu ilə bağlı narahat deyilik", - deyə o bildirib. İran və Azərbaycan arasında gərgin münasibətləri şərh edən Asəfi deyib ki, "Tehran belə gərginliyi dəstəkləmir, çünki tərk-silah siyasəti aparır". O həmçinin ümid etdiyini bildirib ki, mübahisəli məsələlər dinc yolla və qarşılıqlı anlaşma şəraitində həll ediləcək.
Asəfi İran XİN başçısının yaxın 10 gündə Bakıya səfər edəcəyi barədə Azərbayan KİV-də yayılan mə`lumatları təkzib edib. "Xərrazinin Bakı səfəri payıza planlaşdırılıb", - deyə o bildirib.
Gürcüstan prezidenti Eduard Şevardnadze Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişinə dair sazişlərin imzalanma mərasimində iştirak etmək üçün bu ay Bakıya səfər edəcək. Bu barədə Gürcüstanın dövlət başçısı milli radioya müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, qaz kəmərinin çəkilişinə dair hökumətlərarası sazişlər imzalanmaya hazırdır. Bə`zi müddəalar dəqiqləşdirilməlidir.
Bugünkü brifinqdə prezident yenidən qeyd edib ki, Bakıya səfəri iyulun 27-nə planlaşdırılmışdı. Lakin Tbilisidə telejurnalist Georgi Sanayanın qətlə yetirilməsilə bağlı səfər tə`xirə salındı. "Çoxları mənə səfərin məqsədyönlü olduğunu deyirdi. Lakin vicdanım və əsaslandığım prinsiplər belə şəraitdə ölkəni tərk etməyimə haqq qazandırmırdı. Layihənin imzalanma mərasimini iki-üç həftə tə`xirə salmağı qərara aldım. Belə ki, mənim borcum xalqla bir yerdə olmaqdır",- deyə Şevardnadze vurğulayıb.
İran Dövlət Məsləhət Şurasının sədri, ölkənin eks- prezidenti ayətullah Haşəmi Rəfsəncani Azərbaycan-İran münasibətlərinə zərbə vurmağa cəhd göstərən bə`zi xarici qüvvələrin mövcudluğunu bəyan edib.
İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin mə`lumatına görə, bu barədə Rəfsəncani bu gün Tehranda Azərbaycan müəllimlərindən ibarət nümayəndə hey`ətilə görüşündə bildirib.
Xəzər mövzusuna toxunan Rəfsəcnani "İran və Azərbaycanın müsəlman xalqlarının əlaqələrinə kölgə salmaq üçün yadelli düşmənlərin təxribatları qarşısında ayıq-sayıqlıq və prinsipial mövqe tutmasının vacibliyini" vurğulayıb.
Xəzərin sahilyanı dövlətlər arasında əməkdaşlıq nöqtəsinə çevrilməsi barədə fikirlərini bildirən Rəfsəncani qeyd edib ki, anlaşma, işbirliyi ilə bölgəni sülh və dostluq dənizinə çevirmək olar".
Ölkə prezidentinin "Milli Mətbuat, teleradio, internet Şurasının yaradılması haqqında" fərmanına uyğun olaraq artıq ayrı-ayrı ictimai təşkilatlar, həmkarlar ittifaqları, jurnalist birlikləri, siyasi partiyalardan təkliflər toplanır.
Bu barədə Prezident Aparatı ictimai-siyasi şö`bəsinin müdiri Əli Həsənov mə`lumat verib.
Ə.Həsənovun sözlərinə görə, təkliflərə müvafiq olaraq prezident milli Mətbuat Şurasının tərkibini təsdiq edəcək. Bundan sonra Şura üzvləri özlərinin sədr və müavinlərini (mətbuat, teleradio, internet məsələləri üzrə komissiya sədrlərini) seçib fəaliyyətə başlayacaq.
Ötən çərşənbə axşamı İnternet şəbəkəsində aktivləşən və artıq 300 min kompüterə ziyan vuran Code Red Worm ("Qırmızı kod") virusu yeni, daha təhlükəli versiyada aktivləşir. Los-Ancelesdə yerləşən sistem və şəbəkə təhlükəsizliyi İnstitutunun mə’lumatına görə, yeni virus modifikasiyası ötən bazar günü aşkar edilib.
Londondan daxil olan digər mə’lumatlara görə, Code Red Worm korlanmış serverdə kənar şəxsin kompüterdə olan proqram və informasiyanı əldə etməsinə imkan verən proqram yaradır.
İyulun 31-dən virus aktivləşdiyi vaxtdan planetdə, əsasən ABŞ-da minimum 300 min kompüterə zərər vurub. Pentaqonun bir sıra kompüter şəbəkəsi, o cümlədən Amerikanın adları açıqlanmayan bir sıra iri şirkətlərinin İnternet-saytları sıradan çıxıb.
Proses avqustun 20-dək davam edəcək. Virus müəlliflərinin fikrinə, ABŞ administrasiyası səhifələrinin ünvanına göndərilən bütün sıradan çıxmış serverlərdəki mə`lumatlar onun işində ciddi pozuntular yaratmalıdır. Halbuki iyulun 19-da birinci hücumdan sonra İnternet ünvanı dəyişdirildiyindən Ağ Evin saytına virus zərər yetirə bilməz.
Kompüter sistemini virusdan qorumaq istəyənlər pulsuz olaraq "Maykrosoft" proqramçılarının hazırladığı proqrama qoşula bilər. "Maykrosoft"un mə`lumatına görə, milyondan çox istifadəçi artıq bu proqramı öz kompüterinə yazıb.
Mərhum akademik Fəraməz Maqsudovun mənzilinə silahlı basqından, akademikin qızının və həyat yoldaşının öldürülməsindən xeyli vaxt ötsə də hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri hələlik nəticəsiz qalıb. Silahlı basqın zamanı ağır yaralanan Tamilla Maqsudova isə indi Maqsudovlar ailəsinə məxsus olan mənzillərdən birində yaşayır.
Mərhum Fəraməz Maqsudovun Ü.Hacıbəyov küçəsindəki mənzilini Səbail rayon Polis İdarəsinin əməkdaşları qoruyur. Hadisə baş verən mənzildə indi heç kim yaşamır. Qeyd edək ki, silahlı basqın edilən mənzilin qonşuluğunda Maqsudovlar ailəsinə məxsus 3 mənzil yerləşir. Bu mənzillərin ikisində - hadisə baş verən və ondan bir neçə mərtəbə yuxarıda yerləşən mənzillərdə hələlik yaşayış yoxdur. Bakı şəhər prokurorluğunun müstəntiqləri hər iki mənzilin seyf qapılarını möhürləyiblər. Mənzillərə keşik çəkən polislər bildirir ki, Maqsudovlar ailəsinin üzvləri hələlik bir müddət bu evlərdə yaşamaq istəmir. Qonşuların bildirdiyinə görə, indi T.Maqsudova və ailənin bir neçə üzvü həmin binadakı başqa bir mənzildə yaşayır. Amma onlar mənzilin qapısını özləri heç kimə açmaq istəmirlər. Onu da qeyd edək ki, T.Maqsudova M.Nağıyev adına xəstəxanadan xeyli vaxt əvvəl evə buraxılsa da, onun səhhəti tam normal deyil. Qonşuluqda yaşayan sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl Tamilla Maqsudovanın səhhəti gərginləşib və xəstənin üstünə tə`cili yardım çağırılıb.
Rusiya vitse-premyeri Viktor Xristenkonun MDB məkanında rusların və rus dilinin vəziyyəti ilə bağlı Azərbaycanı nümunə göstərməsi Ermənistanda ciddi narahatlıq doğurub. Ermənilər rus dilinə necə diqqətcil olduqlarını göstərmək üçün Rusiya mətbuatında növbəti "piar" kampaniyasına başlayıblar.
Ötən həftə internet-forumda iştirak edən Rusiya baş nazirinin MDB siyasəti üzrə müavini Viktor Xristenko Azərbaycanda yaşayan rusların vəziyyəti, rus dilinin tədrisi və ona göstərilən qayğı barədə müsbət qeydlərini söyləmişdi. O belə bir cəhəti də xüsusi vurğulamışdı ki, SSRİ dağılandan sonra digər respublikalardan fərqli olaraq Azərbaycanda fəaliyyət göstərən rus məktəbləri, o cümlədən MDB məkanında üç analoji ali məktəbdən biri (Moskva, Bişkek, Bakı) olan indiki Slavyan Universiteti nəinki bağlanmamış, əksinə, dövlət onların inkişafına böyük diqqət ayırmışdır. Bəllidir ki, postsovet ölkələrində rusların və rus dilinin vəziyyəti (habelə Rusiya teleradio kanallarının translyasiyası) geniş mə`nada siyasi faktordur və Moskva ilə münasibətlərin tənzimlənməsində ciddi rol oynayır. Rəsmi Bakı da bu məqamı real dəyərləndirir. Eyni zamanda Ermənistan sözügedən məsələdə Rusiya qarşısında əlverişli vəziyyətdə olmadığını yaxşı bilir. Ermənistan müstəqil olandan sonra ölkədə nəinki rusların sayı (6 dəfə), həmçinin rus dilində tədris imkanları xeyli azalmış, təkəmseyrək rus məktəbləri bağlanmışdır.
nTəsadüfi deyil ki, bir qrup erməni alimi "Nezavisimaya qazeta"da dərc olunan məqalədə məhz bu cəhəti mümkün qədər "retuş" edərək abırlı şəklə salmaq niyyəti güdür. Ermənistan hökumətinin bütün azlıqların (ermənilərin rusları azlıq adlandırması Rusiya-Ermənistan münasibətləri fonunda həqiqətən qəribə səslənir) dilinə hörmətlə yanaşıldığını vurğulayan alimlərin arqumentinə görə, ölkədə rus dilində tədrisin həcmi ona görə azalıb ki, bütün etnik qruplar kimi, ruslar da erməni dilini öyrəniblər və bu dildə təhsilə üstünlük (?) verirlər. Ermənistanda bir müddət rus dilinə qarşı "yanlış mübarizə" aparıldığını e`tiraf edən müəlliflər axır illər vəziyyətin qismən düzəldiyini deyirlər. Sən demə, Yerevanda bir nesə rus məktəbi bərpa edilib (həmin məktəblərdə Ermənistandakı rus hərbçilərinin uşaqları oxuyur), bir sıra ali məktəblərdə rus dili daha dərindən öyrədilməyə başlanıb, 1999-cu ildə isə o vaxtkı baş nazir Vazgen Sarkisyanın (parlamentdə öldürülüb) sə`yi ilə Yerevanda Rus-Erməni Universiteti açılıb. Erməni alimləri Rusiya oxucusuna və`d edirlər ki, perspektivdə vəziyyət bir az da düzələcək və Ermənistan rusların dostu olaraq qalmaqdadır. Təbii ki, qeyd edilən faktlar "Necə olur ki, Ermənistanda rusların (rus dilinin) belə acınacaqlı vəziyyəti Moskvanın Yerevana hərtərəfli himayədarlığını azaltmır?" sualını növbəti dəfə aktual edir. Onun cavabını sözügedən himayədarlığın gerçək (geosiyasi) motivində axtarmaq gərəkdir.
1988-ci ildə Dağlıq Qarabağda baş verənlər indi də Gürcüstanda - Cavaxetiya quberniyasında tüğyan etməyə başlayıb. Cavaxetiyada yaşayan ermənilər bir araya gələrək qubernator Qiqla Baramidzeni məcburi şəkildə iste`faya göndərmək istəyirlər. Hətta iş o yerə çatıb ki, həmin quberniyadan deputat seçilən Məlik Raisyan prezident Eduard Şevardnadzeyə ermənilərin ultimativ tərzdə yazılmış giley məktubunu da çatdırıb.
Maraqlıdır ki, günü-gündən gərginləşən vəziyyət o həddə çatıb ki, ermənilərin muxtariyyət istəyəcəkləri də gözlənilir. Vəziyyət bu cür davam etsə, regionda növbəti müharibə dalğası baş verə bilər. Müsavat başqanının müşaviri Hikmət Hacızadə vəziyyətin Gürcüstanda yaşayan azəraycanlılar üçün yaxşı heç nə və`d etmədiyini dedi: "Cavaxetiya olaylarını Azərbaycan üçün həddindən artıq zərərli hadisə hesab edirəm. Açıq-aşkar görünür ki, rus hərbi bazalarının həmin ərazilərdən çıxarılması məsələsi gündəmə gələndən sonra problem daha da qabardı. Hesab edirəm ki, bu, Gürcüstanın kövrək suverenliyinə də pis tə`sir edəcək. Təbii ki, bu, paralel olaraq Azərbaycanda da eyni vəziyyəti yaradacaq".
Hikmət Hacızadə Azərbaycanın xaricə əsas sərbəst çıxışı olan ölkənin Gürüstan olduğunu nəzərə alıb "narahatlıq üçün əsas var" dedi. Onun sözlərinə görə, pis-yaxşı, regionda Gürcüstan Azərbaycanın güvəndiyi əsas müttəfiqlərdəndir. Hacızadə hesab edir ki, bu dəfə də "açar" Rusiyanın əlindədir: "Təbii ki, Rusiya Cavaxetiya ermənilərinə lazımi və davamlı yardımı göstərsə, əvvəl-axır Gürcüstan çökəcək. Vəziyyət təxminən Qarbağdakı kimi olacaq. Hətta istisna deyil ki, bu, Ermənistan-Gürcüstan müharibəsinə də gətirib çıxara bilər. Çünki Qarabağ münaqişəsinin başlama xranalogiyası da təxminən bu cür idi".
AXCP (klassiklər) sədrinin müşaviri vəzifəsindən uzaqlaşdırılandan sonra açıqlamaları ilə gündəmə gələn Taleh Zəfərlinin proqnozlarından biri doğrulmaq ərəfəsindədir.
Taleh Zəfərli bundan öncə bilirimişdi ki, Mirmahmud Mirəlioğlu yaxın vaxtlarda AXCP-dən uzaqlaşacaq. Onun sözlərinə görə, AXCP sədri əvvəlcə özünə partiya yaradıb sonra belə bir addım atacaq.ÿTaleh Zəfərli hətta partiyanın adı ilə də bağlı təxmini açıqlama vermişdi. Zəfərlinin iddiasına görə, Mirmahmud Mirəlioğlunun yaradacağı partiya islamçıları bir araya gətirəcək və adı Azərbaycan İslam Demokrat Partiyası (AİDP) olacaq.
Elə bu günlərdə Müsəlman Demokrat Partiyasının (MDP) yaradılması barədə mə`lumatın yayılması Mirmahmud Mirəlioğlu ilə bağlı şübhələri daha da artırdı. Şübhəli məqamlardan biri odur ki, MDP-ni konkret olaraq kimin yaratdığı hələ də təfərrüatı ilə açıqlanmır. Bu barədə yayılan mə`lumat təkcə ondan ibarətdir ki, MDP-ni xaricdə dini təhsil alan gənclər və İlahiyyat fakültəsinin tələbələri yaradıb. Gənclərin partiya yaratmaqda əsas məqsədi İslam dininin demokratikləşdirilməsi istiqamətində iş aparmaqdır.
Avqustun sonuncu dekadasında Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Hüseyn Kıvrıkoğlunun Bakıya səfəri gözlənilir. Bu barədə diplomatik mənbələrdən əldə etdiyimiz mə`lumata görə, generalın Azərbaycana səfərinin əsas məqsədi Bakı Birləşmiş Ali Ümumqoşun Zabitləri Məktəbinin ilk mə`zunlarının təntənəli buraxılış tədbirlərində iştirak etməkdir. Qeyd edək ki, həmin tədbir avqustun 25-də keçirilməlidir.
Bildirək ki, sözügedən məktəbin ilk mə`zun zabitləri Türkiyə hərbi mütəxəssislərinin köməyi nəticəsində NATO standartlarına uyğun olaraq hazırlanıb. Sonda bildirək ki, səfər gedişində Hüseyn Kıvrıkoğlunun Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişlənməsi istiqamətində müdafiə naziri Səfər Əbiyev və digər hökumət rəhbərləri ilə görüşəcəyi gözlənilir.
2001-2002-ci tədris ili üçün respublikanın ali məktəblərinə qəbul imtahanlarının sonuncu mərhələsi avqustun 5-də keçirilib. Həmin gün iki ixtisas qrupu üzrə keçirilən imtahanlarda 24647 nəfər abituriyent iştirak edib. Onlardan 10390 nəfəri ikinci, 14257 nəfəri isə beşinci qrup ixtisaslarını seçənlərdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mə`lumatına görə, imtahan prosesinə nəzarət etmək üçün Bakı və Sumqayıt şəhərlərindən 1765 müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün Bakı şəhərində 41, Naxçıvanda isə 3 bina ayrılıb.
İmtahandan əvvəl TQDK sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi brifinqdə son bir həftədə komissiyada görülən işlərdən danışıb. Mə`lum olub ki, avqustun 6-dan e`tibarən imtahan suallarının düzgün cavabları internet səhifəsində veriləcək. İmtahanın nəticələri isə avqustun 17-də açıqlanacaq.
M.Abbaszadə bildirib ki, ötən imtahanlar zamanı zala mobil telefon keçirdiyinə görə 3 nəfər imtahandan xaric edilib. Naxçıvanda isə bir nəfər xəstəliyi ilə əlaqədar zaldan çıxarılıb. TQDK sədri müxtəlif yollarla imtahan zalına əlavə vəsait keçirilməsi hallarını da istisna etməyib.
İyunun 30-da Zaqataladakı N saylı hərbi hissəyə silahlı hücum edən 4 nəfər Zaqatala sakininin tutulması barədə ötən sayımızda mə`lumat vermişdik.
Xatırladaq ki, həmin cinayət hadisəsində iştirak etmiş daha 3 nəfər Dağıstan ərazisində həbs olunmuşdu. Dünən bölgə müxbirimizdən aldığımız mə`lumata görə, Dağıstanda yaxalanan üçlük də Azərbaycan vətəndaşıdır. Ümumiyyətlə, bu məsələ respublikamızın şimal bölgəsində yaşayan milli azlıqlarla əlaqələndirildiyindən Milli Təhlükəsizlik Nazirliyi hər hansı bir informasiyanın KİV-ə sızmasından da ehtiyat edir. Buna görə də həbs olunanların şəxsiyyəti barədə mətbuata mə`lumat verilmir.
|