Aləm

Ana səhifə
Xəbərlər
Reportaj
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#87(311)
Xatəmi ikinci dönəmə başladı
Pulumuzu verin!
Şaron Türkiyəyə gəlib
İnsan insan yaratmaq eşqinə düşüb


Xatəmi ikinci dönəmə başladı
  Dini lider konstitusiya böhranını dərinləşdirmədi

Ayın 7-də İran Məclisi üzvlərinin gərgin sə’yləri öz bəhrəsini verdi - Konstitusiya böhranı aradan qaldırıldı. Məclis üzvü olan islahatçılar və mühafizəkarlar namizədliyi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinə irəli sürülən iki nəfərin dəstəklənməsi məsələsində ortaq məxrəcə gələ bildilər. Xatırladaq ki, islahat tərəfdarları namizədliyi mühafizəkarlar tərəfindən irəli sürülən şəxslərin dini-hüquqi savadının az olduğunu əsas gətirirdilər. Amma əslində məsələnin kökündə namizədlərin siyasi oriyentasiyasının dayandığını görmək çətin deyil. İslahatçılar "Sepahe Pasdaran"da rəhbərliyin yenilikçi qanada daha yaxın məxrəcdə olmasında maraqlıdırlar.
Dünən isə Məhəmməd Xatəmi İran prezidenti kimi and içdi. Xatəmi Qurana and içərək dini yad tə`sirlərdən, vətəndaşları zorakılıqdan mühafizə edəcəyinə söz verib. Ölkə parlamentinin - Məclisin spikeri Kərrubi deyib ki, avqustun 7-si Xatəminin hakimiyyətdə ikinci müddətinin ilk günü sayılır. Xatırladaq ki, yerli qanunlara görə, eyni adam ölkə prezidenti vəzifəsinə uzaqbaşı iki dəfə dalbadal seçilə bilər.
İran siyasi mühiti konstitusiya böhranını arxada qoymuş sayılsa da, əksər müşahidəçilər ölkədə baş verən son qalmaqalın Xatəmi hakimiyyətinin möhkəm olmamasının bariz təzahürü olduğunu iddia edirlər. Şəksiz demək olar ki, bu dəfə təhlükəli vəziyyəti elə ali dini rəhbərin özü sovuşdurdu. İlk günlərdən sükutu pozmamaq qərarına gələn dini lider sonradan Məsləhət Şurasına parlamentdə əvvəlkilərdən daha çox səs toplaya biləcək yeni adamların namizədliyi üzərində baş sındırmaq əmri verməklə Xatəmi tərəfdarları ilə qərəz saxlamadığını isbatladı. Bu hərəkət ayətullanın xeyir-duasını aldıqdan sonra verdiyi müsahibələrdən birində xalq, parlament və dini lider qarşısında cavabdeh olduğunu qabarıq şəkildə bildirən prezidentin həmin lütfkarlığına qarşı özünəməxsus cavab jesti sayıla bilər. Xatırladaq ki, dini rəhbərin andiçməni tə’xirə salması üçün əsası var idi. Belə ki, ölkə qanunlarına görə, innauqurasiya mərasimi mübahisə obyekti olan şuranın tam hey`ətlə iştirakı olmadan keçirilə bilməz.
Qalmaqal sülhlə başa çatdı. Bununla belə, hadisələrin bununla bitəcəyini güman etmək sadəlövhlük olardı. İranda hakimiyyət növləri və onların imtiyazları arasındakı sərhədlər dəqiqləşməyincə, bu münaqişələr zaman-zaman üzə çıxacaq. Yeni parlament hələlik yalnız prezidentin innauqurasiyası məsələsinin rüsvayçılıqla nəticələnməsinin qarşısını alıb. Hələlik "Sepahe Pasdaran"da əsas söz sahibi yenə də əvvəlkitək mühafizəkarlardır. Yeni seçilən iki nəfərin şəxsiyyətinin hər iki cəbhədə qəbul edilməsi isə sadəcə olaraq onların bir qədər neytral mövqe tutmaları ilə, daha doğrusu, hələlik onların siyasi oriyentasiyasının müəyyənləşməməsi ilə bağlıdır. İranda baş verən son olaylar göstərir ki, siyasi mühitin hələlik çox böyük bir qismi cəbhələşmədən kənardadır. Mühafizəkarlar dəfələrlə əslində siyasi baxışlarına görə onlara yaxın olan adamları həbs ediblər. Eyni zamanda islahat tərəfdarları da hər növ yenilikçiliyi qəbul etmirlər. İranda mövcud olan hazırkı islahatçılıq bir cərəyan kimi yalnız və yalnız dövlətin qorunmasına xidmət edir. Burada hansısa aşkar Qərb təmayüllərindən əsər-əlamət belə yoxdur və əgər varsa belə, onlar siyasi mühitə transfer ediləcək qədər ciddi deyil. "Sepahe Pasdaran" Şurasının yeni üzvlərinə gəlincə, onların haçansa siyasiləşə biləcəyi də istisna edilmir. Xülasə, parlament-prezident cütlüyü hələ uzun müddət radikallarla didişmə şəraitində fəaliyyət göstərməli olacaq. Bu münaqişə açıq fikirli adamların təzyiqlərlə üzləşməsinə səbəb olacaq, kütləvi repressiyalar yenidən baş qaldıracaq, parlament ölkə üçün lazım olan demokratik qanunların qəbul edilməsinə çətinliklə nail olacaq. Bununla belə, əksliklərin mübarizəsi onun vəhdətini doğuracaq - məhz siyasi didişmə, qütblərarası mübarizə bu qütblərin siyasi mücəssəməsini yonacaq, onun parametrlərini cızacaq, cəbhələşmə güclənəcək, bu isə öz növbəsində cəmiyyətdə daha sağlam mühit yaradacaq.

Pulumuzu verin!
  BMT ABŞ-ın təşkilata olan borcunu ala bilmir

BMT-nin baş katibi Kofi Annan ABŞ hökumətinə müraciət edərək Vaşinqtonu bu beynəlxalq təşkilata olan 580 milyonluq borcunu ödəməyi xahiş edib.
Hələ ötən ilin dekabr ayında Vaşinqtonla BMT arasında əldə edilmiş razılaşmaya görə, ABŞ borcunun bir hissəsini tezliklə ödəməli, bunun əvəzində isə təşkilat bu ölkə üçün üzvlük haqqının məbləğini aşağı salmalı idi. Fəqət, ABŞ Konqresi bu məsələyə hələ öz razılığını verməyib.
Bu günlərdə Kofi Annanın xüsusi nümayəndəsi Fred Ekhard xəbərdarlıq edərək deyib ki, yaxın vaxtlarda ABŞ borcunu qaytarmazsa, onun BMT-dəki liderliyi təhlükə altında qalacaq.

Şaron Türkiyəyə gəlib
  İsrail baş naziri Ankaranın vasitəçiliyinə ümid edir

İsrailin baş naziri Ariyel Şaron Türkiyəyə rəsmi səfərə gəlib. Bu səfərə çıxmaqda A.Şaronun məqsədi iki ölkə arasında əlaqələri daha da dərinləşdirməkdir. İsrail rəhbərinin fikrincə, Türkiyə hökuməti fələstinlilərin müstəqil dövlət haqqında tələblərini dəstəkləmək əvəzinə, ərəblərə tə’sir göstərərək, onları qanlı toqquşmalara son qoymağa çağırmalıdır.
Ankaradan verilən mə’lumata görə, Yaxın Şərqdə zorakılığın davam etməsi Türkiyəni çıxılmaz vəziyyətdə qoyub. Qeyd edək ki, Ankara hərbi və təhlükəsizlik sahəsində İsraillə yaxın əlaqələrə malikdir. Bundan başqa, Ankara bu ölkə ilə ticarət əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Ancaq bir tərəfdən də Fələstin tərəfi Türkiyədən İsraillə bütün əlaqələri kəsməyi tələb edir.

İnsan insan yaratmaq eşqinə düşüb
  Klonlaşdırma tərəfdarları ABŞ-da toplaşıb

Beynəlxalq qadağalara baxmayaraq, insanın klonlaşdırılması istiqamətində eksperimentlərə hazırlaşan bir qrup tibb mütəxəssisi ABŞ-da növbəti konfranslarını açıblar.
Klonlaşdırmanın ən qatı tərəfdarlarından olan Panos Zavos və Severino Antinori genetik yolla insanın surətini yaratmağa hazır olduqlarını deyiblər. Ancaq onların dedikləri konfrans iştirakçıları üçün gözlənilməz olmayıb. Əksinə, həkim Bricit Buaselyenin açıqlaması əsl sensasiyaya səbəb olub. O, insanın ilk surətinin yaradılması üzərində işin artıq başlandığını konfrans iştirakçılarına xəbər verib. Onun dediyinə görə, özünün də daxil olduğu bir qrup alim klonlaşdırmanın ilkin mərhələsini başa çatdırıblar. Qrup əldə etdiyi genetik materialı artıq yumurtalığa daxil edib. İndi embrion özünün inkişaf mərhələsini yaşayır.
Alim çıxışını bu cür yekunlaşdırıb: "Bizdə artıq müəyyən nəticələr var və onları açıqlamağa hazırıq".
Konfransda çıxış edən B.Buaselye, P.Zavos və S.Antinori ABŞ Elmlər Akademiyasının ekspertlərini inandırmağa çalışıblar ki, insanın klonlaşdırılması problem yaratmayacaq. Əksinə, həmin problemləri həll etməyə yönələn texnologiya olacaqdır. Onların fikrincə, laboratoriya şəraitində körpə yetişdirmək mümkündür və bunu etmək lazımdır. Çünki, sonsuzluq problemi ilə üzləşən bir çox ailələrə məhz bu yolla kömək etmək olar.
Klonlaşdırma tərəfdarlarının çıxışlarına baxmayaraq, digər mütəxəssislər onların təşəbbüsünü kəskin təndiqlə qarşılayıblar. Vaxtilə Dolli adlı keçinin surətini yaradan kollektivə başçılıq etmiş Yan Vilmut üzünü həmkarlarına tutaraq eksperimentlərin nə kimi nəticələr verə biləcəyi haqqında onları xəbərdar edib: "Hər hansı bir canlının mükəmməl surətini yaratmaq hələlik mümkün deyil. Mənə elə gəlir ki, siz insan surətini yaratmaq istərkən vaxtilə bizim qarşımıza çıxan problemlərlə üzləşəcəksiniz. Eksperimentlər zamanı vaxtından əvvəl doğulmanın, dölün ölü, yaxud eybəcər şəkildə doğulması qaçılmaz olacaq".
Alimlərin bir qismi bu qənaətdədir ki, klonlaşdırma nəticəsində dünyaya gələn heyvanların yalnız 1-5 faizi yaşamaq qabiliyyətinə malik olur. Onlar çox zaman eybəcər və anadangəlmə xəstəliklə doğulurlar. Donuzların klonlaşdırılması ilə məşğul olan şotlandiyalı alim Alan Kolman isə fikrini belə izah edib: "Əlbəttə, bu sahədə uğur qazanmaq üçün təcrübə gərəkdir. Ancaq mən təcrübənin insanlar üzərində aparılmasına tərəfdar ola bilmərəm".
Bütün bunlara baxmayaraq, klonlaşdırma tərəfdarları ilk insanın surətinin yaradılması üçün hazırlığa noyabrdan gec olmayaraq başlayacaqlarını bəyan ediblər.

 Ana səhifə | Xəbərlər | Reportaj | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd