|
|
|
|
#87(311)
|
 |
Əsl tacirlər
Hələ eramızdan əvvəl Aristotel finikiyalıların ticarətdə, frakiyalıların döyüşkənlikdə misilsiz olduğunu qeyd etmişdi. Qədim finikiyalılar sözün əsl mə`nasında mahir dənizçilər və zəngin tacirlər olmuşlar. Sur, Soyda və Trabulus onların əsas liman şəhərləri idi. Müasir livanlılar özlərini finikiyalıların mədəni varisləri hesab edir, əcdadlarının və habelə özlərinin ticarət məharəti ilə fəxr edirlər. Ərəb dünyasında da əksər livanlıları dinamik və risksevər tacir kimi tanıyırlar. Məncə, bu fikirdə yanılmırlar. Livanlıların bu adı üzərlərinə götürməyə haqları çatır. Lakin bununla yanaşı, fransızlar ölkəyə ayaq açdıqdan sonra finikiya fenomenindən öz məqsədləri üçün istifadə etməyə çalışaraq Livanı ərəb dünyasına qarşı qoymaq istədilər. Bu cəhd Livan üçün müəyyən dövrlər başağrısı olsa da, ölkə əhalisi fransızların əsl niyyətlərini başa düşüb hal-hazırda "ərəb sifətinə" qayıtdaqlarını e`tiraf edirlər.
İranın barmağı...
Livan xalqı son ikiminillik tarixində heç vaxt vahid etnosa və ya vahid dinə mənsub olmayıb. Müəyyən dövrdə ölkədə şiələr, daha sonra druzlar və sünnilər, nəhayət, maronilər daha üstün mövqeyə malik olmuşlar. 1920-ci ildə ölkədə fransız mandat dairələrinin himayəsi altında hazırkı sərhədlərlə Livan Respublikası e`lan edildi. Bu dövrdə maronilər ölkənin siyasi həyatında ən aktiv iştirak edən etnokonfessiyak idi. 1943-cü ildə fransızlar ölkəni tərk edən zaman maronilər üstün mövqelərini saxlamaqla yanaşı, daha əlverişli vəziyyətdə idilər. Maroni və sünni icmalarının liderləri arasında bağlanmış centlmen razılaşmasına görə, prezident maroni, baş nazir sünni, parlamentin spikeri isə şiə olmalı idi. Bu razılaşma digər icmaların narazılığına səbəb olsa da, bu günə kimi davam etməkdədir.
Bununla yanaşı, vətəndaş müharibəsinin sonucu kimi, 1989-cu ildə Səudiyyə Ərəbistanı Krallığının himayəsi altında Taif müqaviləsi imzalandı ki, bu da prezidentin və baş nazirin səlahiyyətlərində bir sıra dəyişikliklər edir. Belə ki, müqaviləyə görə, baş nazirlik strukturu əsas icraedici orqan olmaqla ona əvvəllər prezidentin icra etdiyi bir sıra səlahiyyətlər verildi. Bu da Livanın siyasi-inzibati idarə olunmasında müsəlmanların üstünlüyə malik olmaları demək idi. Digər maraqlı fakt budur ki, 1943-cü ilə qədər maronilər ən çoxsaylı icma olduqlarına görə, ölkənin siyasi həyatında ən üstün paya sahib olmalarına haqq qazandırırdılar. Lakin 1943-cü ildən sonra iki vətəndaş müharibəsi baş verdi və demoqrafiyada bir çox dəyişikliklər yarandı. Ən çox təbii artıma malik olan şiələr demoqrafik cəhətdən son zamanlar Livanın ən böyük icmasına çevrilmişlər. Əlbəttə, bu da onlara bir çox məsələlərə yenidən baxılmasına prioritet verir. Belə ki, son zamanlar şiələr prezident kürsüsünə iddia edirlər. Əlbəttə, bu da bir həqiqətdir ki, Livan şiələrinin aktivləşməsində İrandakı İslam inqilabının və habelə İslam inqilabını eksport etmək istəyən bu ölkə rəsmilərinin Livanda İslam dövləti yaratmaq ideyasının böyük rolu olub. Bu gün Qərbi Beyrutu və habelə şiələrin kompakt halda yaşadığı Cənubi Beyrut məhəllələrində Xomeyninin, Xamneyninin saysız-hesabsız portretləri də bunu sübut edir.
Çoxlu-çoxlu
məktəb...
Livan savadlıların ümumi sayına görə ərəb ölkələri arasında birinci yeri tutur. Hələ XIX əsrin ortalarından Beyrutda Amerika Universiteti fəaliyyət göstərirdi. Fransız mandat komissiyası dövründə Fransız universiteti və Camal Əbdül Nasirin panaərəbizm dalğası dövründə yaranan Beyrut Ərəb Universiteti təhsil müəssisələri arasında rəqabəti gücləndirdi.
Universitetlər Livanda çoxdur. Hətta kiçik əyalət şəhərində universitet var. Əlbəttə, bu, Livanın çoxicmalı cəmiyyətinin yaratdığı yerli xüsusiyyətdir. Hamı istəyir özünəməxsus təhsil müəssisəsi olsun. Beyrutdakı universitetlərdə illik təhsil haqqı 4-15 min dollar arasındadır. Ən bahalı təhsil Amerika universitetindədir - 15 min dollara qədər. Əyalətlərdə isə təhsil haqqı xeyli ucuzdur: 400-1000 dollar arasında.
Livana elmi mə’zuniyyətlə bağlı gəldiyimdən kitabxanalarla daha yaxından tanış ola bildim. Hamısı kompüterləşdirilib. İstədiyin kitabı həm kompüterdə oxuya bilər, həm də sifariş verərək dərhal əldə edə bilərsən. Kitab mağazalarında müəllimlər, tədqimatçılar və alimlər üçün qiymətlər güzəştlidir.
Dözümlü ölkə
Əmin oldum ki, Livan dünyanın nadir ölkələrindən biridir. Yəqin elə buna görədir ki, Oksfordda Livan tədqiqatları mərkəzi adlı xüsusi institut fəaliyyət göstərir. Bu institut Livan iqtisadiyyatı, tarixi, etnoqrafiyası, demoqrafiyası və bir çox başqa problemlərdən bəhs etməklə məşğul olur.
Livan təcrübəsi bir çox ölkələr üçün örnək ola bilər. Livanın prezidenti ilə görüşümüzdə prezident Emil Ləhhud təcrübə məsələsinin livanlıların zaman-zaman qazandıqlarını bildirdi. Onun sözlərinə görə, artıq Livan xalqı o qədər bərkə-boşa düşmüşdür ki, bütün bu dərslər onu ağıllı olmağa məcbur etmişdir. Görəsən nə idi bu Livan təcrübəsi? Bütün livanlılar bu təcrübəni yaxşı başa düşürlər: dini və etnik tolerantizm (dözümlülük), hamının haqqını vermək, hər şeyin yerini bilmək və s... İlk baxışdan paradoksal görünən Beyrut küçələrində məhz bu tolerantizmi görmək mümkündür. Bu baxımdan xarici görkəm - forma xüsusilə maraqlıdır: çadralı müsəlman qızları və açıq-saçıq geyimli xristian qızları. Və yaxud, müsəlman kişisi şortda küçəyə çıxmadığı halda, xristianlar üçün bu, adi bir hal sayılır. Lakin bütün bunlar istər müsəlman, istərsə də xristianlar tərəfindən normal qarşılanır, hər iki tərəf bir-birlərinin seçimlərinə hörmətlə yanaşır. Bütün bunlarla belə, bu multikonfessional cəmiyyətdə təbii rəqabət mövcuddur. Hər bir konfessiya özünün üstünlüyünü göstərməyə çalışır. Hər bir livanlı 3-4 dildə müstəqil danışa bilir. Hər bir icma öz irsini, kimliyini, mədəni xüsusiyyətlərini qoruyub inkişaf etdirməyə çalışır. Bunu həm sözdə, həm də praktikada görmək olar. Bax bütün xüsusiyyətlərinə görə, Livan cəmiyyətinin inkişafı özünəməxsus sayılır.
Livan və
Azərbaycan
Livanlılarla azərilər arasında bir çox oxşarlıqlar var. Bu cəhətdən dəri rəngi və iqlim birinci yerdə gəlir. Oxşar problemlər və habelə tarixdəki bə`zi paralellər həmin qəbildəndir. Amma Livanda Azərbaycan haqqında mə`lumat azdır. Livanda görüşdüyüm rəsmi və qeyri-rəsmi şəxslər arasında ölkəmiz haqqında deyəsən, ən çox mə`lumata malik Livan müqavimət hərəkatının lideri Seyyid Həsən Nəsrullah idi. Azərbaycan əhalisinin türk, hətta İranda Ərdəbil və Təbriz kimi mərkəzlərin türklərə məxsus olduğunu göstərən Nəsrullah bir çox maraqlı fikirlər söylədi. Bu şəxsin mə`lumat kanalının haradan qaynaqlandığını duymaq çətin deyildi. 2000-ci ildə özünün rəhbərlik etdiyi müqavimət ordusu ilə İsraili Cənubi Livandan çıxaran Seyyid Nəsrullah axırda bizə dedi: "İsraillə münasibətdə ehtiyatlı olun, yəhudilər hansı ölkəyə nüfuz ediblər, oranı korlayıblar"...
Biz Livanda bu qəbildən olan nəsihətlərə qulaq assaq da öz nəticələrimizi özlüyümüzdə çıxarmaq qərarıyla Bakıya döndük. Ancaq mənə hələ də elə gəlir ki, Livan Azərbaycana çox oxşayır, daha doğrusu, bizdəki kontraslar o ölkədə də var, yaxud əksinə. Bu oxşarlığı "Bizim ƏSR"in oxucularıyla bölüşə bildimmi? Qoy bunu oxucular desinlər...
|