Firqələrdə

Ana səhifə
Xəbərlər
Reportaj
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#87(311)
"Ehtiyatlı olmalıyıq"
"BAB və CAMAH-ın fəaliyyəti dayandırılsın..."
"Ciddi rəqabət olacaq"
"E`timad" məhkəmədə cəzalandırılmalıdır"


"Ehtiyatlı olmalıyıq"
Zərdüşt Əlizadə: "Mətbuatın antiiran əhval-ruhiyyəsi formalaşdırmaq cəhdləri ziyanlıdır"

Rusiya, Qazaxıstan və Azərbaycanın Xəzərin statusu ilə bağlı yaxınlaşmasına İranın adekvat reaksiyasını gözləmək üçün çox vaxt lazım gəlmədi. Xatırladaq ki, hər üç dövlətin başçısı problemin həllində güc amilinə söykənən İranın mövqeyini pisləmişdi. Üstəlik rəsmi Bakı İranın mövqeyindən asılı olmayaraq neft yataqlarının tədqiqi ilə bağlı işlərin davam etdiriləcəyini bəyan etmişdi.
Rəsmi Tehran "üçlüy"ün bu bəyanatına kəskin reaksiya verərək Xəzərlə bağlı mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb. İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, rəsmi Tehran Xəzəryani dövlətlərin öz hüquq və maraqlarına hörmət gözləyir. Həmçinin bildirilir ki, Qərb şirkətləri Xəzərin hüquqi statusu müəyyən olunanadək dənizin "20 faizlik İran sektorunda" qazma işlərinin aparılması üçün İrandan xüsusi icazə almalıdır. Əks halda İran tərəfi bu firmalara qarşı qəti tədbirlər görmək niyyətindədir.
Yaranmış vəziyyəti şərh edən ASDP həmsədri, ekspert Zərdüşt Əlizadə İranın öz mövqelərindən geri çəkilmək istəməsini təbii sayır. O, problemin həlli perspektivinə də nikbin yanaşır: "Hər bir dövlətin öz mövqeyini müdafiə etməsi təbii haldır. Bütün diplomatik danışıqlarda mövqelərin uyuşmazlığı mərhələsi olur. Sonradan danışıqlar nəticəsində tərəflər bir-birinə yaxınlaşırlar.
Beləliklə də məsələnin güzəştli həllini tapmaq mümkün olur. Xüsusən də status məsələsi müəyyənləşəndə belə dövlətlərarası gərginliklər də aradan qalxacaq. O ki qaldı İranın Qərb şirkətlərini hədələməsinə, mən buna o qədər də ciddi yanaşmıram. Bu şirkətlərin öz bazarı və neft mənbələri var. İran onların fəaliyyətini məhdudlaşdıra bilən hər hansı addımlar ata bilməyəcək. Başqa məsələdir ki, İran mübahisəli adlandırdığı ərazilərdə hansısa neft şirkətlərinin fəaliyyətinə mane ola bilər. Amma bunun həmin şirkətlər üçün heç bir əhəmiyyəti yoxdur. Çünki İran dünya bazarında neftin sabit satıcılarından biri kimi tanınır".
nİranla münasibətlərin gərginləşdirilməsinin əleyhinə olduğunu deyən Zərdüşt Əlizadə əlavə edib ki, mübahisələr dövlətlərarası düşmənçiliyə gətirib çıxarmamalıdır. Ekspert İranın Xəzərlə bağlı danışıqlardan təcrid olunmasını da düzgün saymır: "Hazırkı fikir müxtəlifliyi heç də o demək deyil ki, ölkələr düşmən olmalıdırlar. Əksinə, iki ölkənin eyni məsələyə eyni mövqedən baxması nadir haldır. Xəzər ümumi hövzədir. Bu məsələdə hansısa dövlətin maraqlarını nəzərə almamaq, kimisə kənarda saxlamaq mümkün deyil".
nZərdüşt Əlizadənin fikrincə, hazırda ölkədə antiiran əhval-ruhiyyəsinin formalaşdırılması olduqca ziyanlıdır. O, mətbuatı da bu həssas məsələdə məs’uliyyətli olmağa çağırır: "Bu gün İranla Azərbaycan arasında münaqişə üçün obyektiv zəmin yoxdur. Bu dövlətlə münasibətlərimizdə ehtiyatlı olmalıyıq. Ola bilsin ki, hansısa qüvvələr yaranmış vəziyyətdən istifadə edib özləri üçün siyasi divident qazanmaq istəyirlər. Ölkədə antiiran əhval-ruhiyyəsinin formalaşmasına maraqlı olan qüvvələr var. Təəssüf ki, mətbuat da bu məsələdə emosiyalara qapılır və antimilli mövqe tutur".

"BAB və CAMAH-ın fəaliyyəti dayandırılsın..."
Qurban Cəbrayıl: "Bu qurumlar dövlətlərarası münasibətləri gərginləşdirməyə çalışırlar"

Xəzərlə bağlı mübahisələrin qızışması Azərbaycandakı müxtəlif təmayüllü siyasi qüvvələr arasındakı münasibətlərə də tə’sirsiz keçməyib. BAB funksioneri, Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli mətbuata açıqlamasında bir sıra müxalif partiyaların İrandan maliyyələşdiyini iddia edib. O, Azərbaycan İslam Partiyasının sədri Hacı Əlikramın hazırda İranın Rum şəhərinin rəsmiləri ilə görüşlər keçirdiyini və Azərbaycan əleyhinə müvafiq tə’limatlar aldığını bildirib.
AİP sədrinin İranda səfərdə olduğunu partiyanın mətbuat xidmətinin rəhbəri Qurban Cəbrayıl da təsdiq etdi. Lakin Qurban Cəbrayıl Əliyar Səfərliyinin ittihamlarını əsassız saydığını bildirdi: "İnsanın sağlamlığı ilə siyasi alver etməzlər. Hacı Əlikramın müalicə məqsədilə məhz İranı seçməsinin səbəbi odur ki, bu ölkədə müalicə xərcləri o qədər də baha deyil. Hacı Əlikram gözünü müalicə etdirmək üçün Avropa ölkələrində 4-5 dəfə artıq pul xərcləməlidir. Şəkərli diabeti gözündə cərrahiyyə əməliyyatı aparmağa imkan vermir. Ona görə də tez-tez İrana gedərək həkimlərin müayinəsindən keçməli olur. İranda ləngiməsinin səbəbi isə odur ki, həkimi Avropada beynəlxalq simpoziumda iştirak edir".
AİP-ə ünvanlanan ittihamları rədd edən Qurban Cəbrayılın sözlərinə görə, hazırda İran-Azərbaycan münasibətlərinin sün’i şəkildə gərginləşdirilməsində maraqlı olan qüvvələr var: "Əliyar Səfərli niyə bu faktları İranda səfir işlədiyi vaxtlarda demirdi? Hər halda, AİP 1992-ci ildən fəaliyyət göstərir. İrandan gələndən sonra Əliyar Səfərli dövlətlərarası münasibətləri gərginləşdirmək istiqamətində canfəşanlıq edir. Belə ittihamlar təkcə AİP-ə qarşı deyil, AQB-yə daxil olan bütün partiyalara qarşı yönəlib. Bunun da yeganə səbəbi odur ki, AQB-çilər dövlətlərarası münasibətlərin bu cür gərginləşməsində maraqlı qüvvələrin olduğunu deyirlər. Onlar Azərbaycan daxilindəki bə’zi qüvvələrdən də bu məqsədlə istifadə edirlər. Məsələn, Piruz Dilənçi, Cahandar Bayoğlu və digərləri adlarını "siyasi mühacir" qoyaraq dövlətlərarası münasibətlərin gərginləşməsində xüsusi fəallıq göstərirlər. CAMAH, BAB kimi qurumlar Azərbaycan dövlətçiliyi üçün təhlükəli olan qüvvələrdir. Onların fəaliyyəti tezliklə dayandırılmalıdır".
AİP funksionerinin sözlərinə görə, İranla münasibətlərin gərginləşməsindən Azərbaycan heç nə qazanmayacaq: "Bizim indi əlavə düşmən qazanan vaxtımız deyil. Azərbaycanın bütün qonşularla münasibətlərini gərginləşdirməklə bir yana gedib çıxa bilmərik."

"Ciddi rəqabət olacaq"
Fuad Əliyev:
"İlham Rəhimliyə qalib gələcəyimə inanıram"

87 saylı Tovuz Seçki Dairəsində keçirilən təkrar seçkilərə qatılmaq niyyətində olan ALDP sədri Fuad Əliyev artıq sənədlərini MSK-ya təqdim edib.
Həmin dairədə Ədalət Partiyası funksioneri İlham Rəhimlinin də namizədliyinin irəli sürülməsinə gəlincə, Fuad Əliyev burda problem görmür: "Təbii ki, namizədlərin sayının çox olması problemlər yaradır. Çünki ciddi rəqabət olacaq. Amma İlham Rəhimli ilə hər hansı danışıqlar aparmağa ehtiyac duymuram. Hər halda seçim yerli camaatın olacaq". "Seçkilərə 7 aydan çoxdur ki, hazırlaşırıq", - deyən Fuad Əliyev Ədalət Partiyasının həmin dairədəki namizədi İlham Rəhimliyə qalib gəlmək əzmində olduğunu deyib. Partiyanın Tovuz təşkilatının kifayət qədər güclü olduğunu deyən Fuad Əliyev imza toplanılmasında da problemlə üzləşməyəcəyini vurğulayıb.

"E`timad" məhkəmədə cəzalandırılmalıdır"
Əflatun Amaşov: "İnsanların heysiyyatı ilə oynamaq ciddi mətbuata yaraşan hal deyil"

Qafqaz Müsəlmanları İdarəsinin sədri, ali dini rəhbər Hacı Allahşükür Paşazadə barəsində "E’timad" qəzetində dərc olunmuş yazı ilə bağlı narazılıq dalğası hətta ölkə hüdudlarını da adlayıb.
Qəzetin baş redaktoru E`tibar Mansuroğlu yazının texniki səhv üzündən çapa getdiyini deyərək Şeyxdən üzr istəsə də, dindarlar sakitləşmək bilmir. Vəziyyət o yerə çatıb ki, artıq Dağıstan müsəlmanları da ayağa qalxaraq Şeyxin şərəf və ləyaqətinə toxunan yazı dərc edən qəzet redaktoru barəsində ölüm hökmü çıxarıblar. Qafqaz Müsəlmanları İdarəsi isə öz növbəsində qəzetə qarşı iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edib.
"RUH" Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşov hesab edir ki, qəzet rəhbərliyi məs’uliyyətsiz yazı ilə vəziyyəti bu yerə çatdırmamalıydı. Bununla belə, o, məsələnin qanun çərçivəsində həlli tərəfdarıdır: "Zor gücünə, hansısa problemi həll etmək istəyəcəyiksə, onda hüquqi dövlət qura bilməyəcəyik. Kiminsə ölümünə fitva vermək hüququ cəmiyyətdə yaxşı hal deyil. Qəzet günahkardırsa, rəhbərliyi məhkəmədə öz cəzasını almalıdır. Mən əminəm ki, Şeyx özü məsələlərə müdaxilə edib dindarları sakitləşdirəcək".
Əflatun Amaşovun fikrincə, ölkənin ali dini rəhbərinin şərəf və ləyaqətinin mətbuatda təhqir olunması qətiyyən yolverilməzdir: "Ümumiyyətlə, qəzetdə adi vətəndaşın təhqir olunması da yolverilməzdir. Şeyx nəinki Azərbaycanın, bütün Qafqaz müsəlmanlarının dini rəhbəridir. Və Azərbaycanı müəyyən danışıqlarda təmsil edir. Ən azı bu baxımdan Şeyxlə bağlı tənqidi yazılarda jurnalistlər diqqətli olmalıdırlar. İnsanların heysiyyatı ilə oynamaq ciddi mətbuat orqanına yaraşan hal deyil".

 Ana səhifə | Xəbərlər | Reportaj | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd