Kriminal

Ana səhifə
Xəbərlər
Reportaj
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#87(311)
Yeniyetmə qatillər
Qatillər Gürcüstana qaçırdılar
Qardaşının cangüdənini öldürüb


Yeniyetmə qatillər
Sabir Abdullayev bir stəkan arağın qurbanı oldu

Qanunla valideyn nəzarətində olan yeniyetmələr və azyaşlılar bə`zən çox ağır cinayətlər törədirlər. Bakı şəhər sakinləri Tahir Kələntərov, Sarı Nəsibov, Oleq Smirnov və Bəhlul Quliyev bir məhəllədə yaşayırlar. Tay-tuş kimi həmişə bir yerdə oturub-duran qoçaqlar elə birlikdə də qəddarlıqla Sabir Abdullayevi qətlə yetiriblər.
Cinayət işinin materiallarına görə, ötən il oktyabrın 1-də saat 20 radələrində T.Kələntərov dostu Sarıgilə gəlib. 2 şüşə pivə alaraq, yolda içiblər. Hər ikisi spirtli içki qəbul etdikdən sonra dostları Oleq və Bəhlulla Bakıxanov qəsəbəsindəki Neftçilər küçəsində görüşüblər. Onları da öz içki məclislərinə qoşublar. Pivə qonaqlığı ilə kifayətlənməyən dostlar bir şüşə araq alıblar. Oleq evdən bir az yeyib-içmək də götürüb. Onlar pivə satılan köşkün qarşısındakı ağaclıqda qoyulan stolun arxasında əyləşiblər. Bu vaxt sərxoş olduğundan avtomobil yolunun ortası ilə gedən Sabir Abdullayevi görüblər.
T.Kələntərov əvvəllər tanımadığı bu şəxsi yanında əyləşdirib. Stolun üstündəki arağı görən Sabir ayaq üstə dura bilmədiyinə baxmayaraq, yenidən spirtin dadına baxmaq istəyib. O özü üçün araq süzəndə Tahir mane olub. Buna görə də Sabir onu söyməyə başlayıb. Sərxoşların arasında mübahisə düşüb. Sabir Tahirə sillə vurub. Yeniyetmə isə bunu şəninə sığışdırmayıb, onu itələyərək yıxıb. Bu zaman Sabirin pencəyinin cibindən pasportu düşüb. Sarı pasportu götürərək Tahirə verib. Bunu görən Sabir onu itələyib "Sergey-Sergey" deyə qışqıraraq, qaçmağa başlayıb. Kələntərov Abdullayevin dalınca yüyürüb, badalaq vuraraq, onu yıxıb və təpikləməyə başlayıb. Dostunun köməyinə çatan Sarı da Sabirə təpik vurub. S.Abdullayev onların əlindən qaçmağa cəhd göstərsə də, T.Kələntərov təkrar onu yaxalayaraq, döyüb.
Taqətsiz hala düşən Sabiri hadisə yerindən uzaqlaşdırmaq məqsədilə 557 saylı marşruta mindirmək istəyiblər. Lakin avtobusun sürücüsü S.Abdullayevin sərxoş olduğunu görüb maşını saxlamayıb. Sonra Sarı, Oleq və Tahir Sabiri yaxınlıqdakı məhəlləyə apararaq, gölməçəyə uzadıblar. Bununla ürəyi soyumayan Tahir səkidən kubik daşına oxşar daş götürərək, betona vurub. İki yerə bölünən daş parçasının birini özü, ikincisini isə Smirnov götürüb. Əvvəlcə Tahir sonra Oleq qan içində gölməçədə taqətsiz uzanmış Abdullayevin başına daşla zərbə endirib.
Sonra hamı onu döyməyə başlayıb. Tahir Oleqin çiynindən tutaraq, Abdullayevin sinəsinə çıxıb, tullanıb-düşməklə ona əzab verib. S.Abdullayevin öldüyünü görən qatillər şəxsiyyətini müəyyən etmək mümkün olmasın deyə mərhumun pasportunu yandırıblar. Hadisə yerindən uzaqlaşan cinayətkarların son ünvanı isə həbsxanadır.
Hakim Abid Abdinbəyovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmüylə T.Kələntərov 13 il, O.Smirnov, S.Nəsibov, B.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qatillər Gürcüstana qaçırdılar
Onlar 66 yaşlı qocanı qətlə yetirməkdə təqsirləndirilirlər

İki ay öncə Şəmkir rayonunda cinayət hadisəsi baş verib. Mayın 21-də saat 22 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi yaxınlığındakı daş karxanasında kişi meyiti tapılması barədə rayon polis şö`bəsinə mə`lumat daxil olub. Rayon polis şö`bəsinin əməkdaşları hadisə yerinə gəliblər. Meyitin üzərində aparılan müayinə zamanı mərhumun başından aldığı zərbələrdən öldüyü təsdiq edilir. Bu fakt isə qətlin küt alət vasitəsilə həyata keçirildiyini göstərirdi.
Mərhumun şəxsiyyətini müəyyənləşdirərkən mə`lum olur ki, o, Zəyəm qəsəbə sakini, 1937-ci il təvəllüdlü Həsən Xəlilovdur. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi qaldırılır. Cinayətkarların tapılması yönümündə əməliyyat qrupunun gördüyü tədbirlər tezliklə müsbət nəticəsini verir. H.Xəlilovu tanıyanların, xüsusilə qonşuların istintaqdakı ifadəsi qatilləri aşkar edir. Əvvəlcə şübhəli şəxs qismində mərhumun həmyerlisi, 1956-cı il təvəllüdlü Adil Şahverdiyev yaxalanır. O, elə ilkin dindirmədə cinayəti törətdiyini e`tiraf edir və digər qatillərin də adlarını söyləyir. Onlar Gürcüstan Respublikasının vətəndaşları - 30 yaşlı Ramiz Qasımov və 17 yaşlı Çingiz Şahverdiyevdir. "Həmkar"larının həbs edildiyini eşidən hər iki cinayətkar fürsəti əldən verməyərək, rayonu tərk edirlər. Qatarla Gürcüstana keçmək istəyən qatillərin arzuları ürəklərində qalır...
Əməliyyat qrupu dəmiryol stansiyasına çatanda qatar yola düşmüşdü. Qatarın dayandırılması üçün Ağstafa polis şö`bəsinə mə`lumat verilir. Məhz burada qatar saxlanılır və cinayətkarlar yaxalanırlar. Axtarış zamanı onların üzərində avtomat silah və patronlar aşkar edilir. İstintaq zamanı cinayətkarlar əməllərini sərxoşluğun nəticəsi adlandırıblar.
Müəyyən edilib ki, onlar H.Xəlilovu çoxdan tanıyırlar. hadisə baş verən gecə mərhumun mənzilinin həyətində yeyib-içiblər. Bundan sonra sərxoşlar ev sahibindən həyətdəki toyuqları kəsərək, bişirməyi tələb ediblər. Həsən kişinin e`tiraz etdiyini görən Adil özü bıçağı götürərək, toyuqların başını üzüb. İşi belə görən H.Xəlilov polisə şikayət edəcəyini deyir. Polis adını eşidən sərxoşlar toyuqlardan əl çəkib qocanın üzərinə hücum edib, onu döyürlər. Qocanı möhkəm əzişdirməklə kifayətlənməyib, daşı başına çırpırlar. Həsənin öldüyünü görəndə isə izi itirmək istəyirlər. Onlar köməkləşib cəsədi əlverişli yer hesab etdikləri daş karxanasının yaxınlığına gətirirlər. Sonra mərhumu buradakı sahibsiz tikiliyə atıb aradan çıxırlar.
Qeyd edək ki, istintaq artıq yekunlaşmaq üzrədir. Bu günlərdə hər üç cinayətkar müttəhimlər kürsüsündə əyləşəcəklər.

Qardaşının cangüdənini öldürüb
"Xəzri" kafesində baş vermiş qətl hadisəsi məhkəmədə araşdırılır

Bu il aprelin 11-də saat 14 radələrində "Maral-Veqa" şirkətinin prezidenti Çingiz Əsədovun cangüdəni - Azər Əmirovun öldürülməsi barədə mə`lumat vermişdik. Xatırladaq ki, onu Ç.Əsədovun qardaşı Elşən Əsədov qətlə yetirmişdi.
Həmin cinayət hadisəsi ilə bağlı ibtidai istintaq yekunlaşaraq, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə göndərilib. Prosesə hakim Eynulla Vəliyev sədrlik edir. İstintaq materiallarına görə, E.Əsədov anbar icarəyə götürmək üçün qardaşı Ç.Əsədovun olduğu "Xəzri" kafesinə gəlib. Lakin şirkət prezidentinin cangüdəni Azər Əmirov onun sərxoş olduğunu görərək, içəri buraxmaq istəməyib. E.Əsədov onu qardaşının yanına buraxmadığı üçün Azəri hədələyib. Cangüdən Elşəni itələyərək, küçəyə çıxarıb. Orada hər ikisi arasında dava-dalaş düşüb. E.Əsədov dəri gödəkçəsinin altından bıçaq çıxararaq, Azərə hədə-qorxu gəlib. Mübahisəyə Ç.Əsədovun digər cangüdəni Ceyhun da qoşulub. Elşənə sillə vuran Ceyhun guya, bu hərəkətiylə onları sakitləşdirmək istəyib. Lakin hadisə faciəsiz ötüşməyib. E.Əsədov qəfildən cumaraq bıçağı Azərin düz sinəsinə sancıb. A.Əmirov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onu da qeyd edək ki, məhkəmə istintaqında hakimlərin "axı onu niyə qardaşının yanına buraxmırdınız" sualına Ceyhun cavab vermədi. Ancaq ilkin istintaq zamanı qardaşını içəri buraxmamaq barədə Çingiz Əsədovun özünün göstəriş verdiyi söylənilirdi. Hər halda, adi bir məntiq var: "Cangüdən kimdir ki, göstəriş olmadan şefin qardaşını içəri buraxmasın?" Xatırladaq ki, hadisə zamanı E.Əsədov ağır bədən xəsarətləri almışdı.
Məhkəmə istintaqı davam edir.

 Ana səhifə | Xəbərlər | Reportaj | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd