|
|
|
|
#87(311)
|
 |
"Pillələri bir qız enirdi. Əlində tutduğu kağızı bərk-bərk sinəsinə sıxmışdı. Gözlərindən fərəh tökülürdü. Gülüşləri şəlalə tək şaqraq idi. Sevincini insanlarla, səma ilə, dəniz üzərində dövrə vuran qağayılarla bölüşürdü. Avqustu sevirdi. Bu ay ona səadət gətirmişdi. Vəfa tələbəlik illərinin ülviyyətini indidən yaşayırdı."
1 may 1972-ci il tarixli "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Vəfa" adlı məqalədən götürülüb bu sətirlər. Hələ ki, cəzbedici tələbəlik həyatının işığına can atan Vəfadır müəllifin qəhrəmanı. Hələ ki, onu SSRİ xalq artisti Hökümə Qurbanova ilə xalq rəssamı Nüsrət Fətullayevin qızı kimi tanıyır və təqdim edirlər. Bu qızın gələcəyi haqda belə inamlı danışmağa isə müəllifin haqqı var. Vəfa Fətullayeva bütünlüklə özünü sənətə vermiş, milli mədəniyyətimizin inkişafının xidmətində durmuş sənətkar ailəsinin Fətullayevlərin davamçısıdır. Gələcəkdə teatr sənətinin parlaq ulduzlarından birinə çevriləcək bu qız üçün isə hər şey hələ irəlidədir.
Həyatın
nağıl variantı
Mirzə Möhsün Fətullayev tacir olsa da, dövrünün gözüaçıq, tərəqqipərvər adamlarından idi. Dörd oğlunu ziyalı, təhsilli görmək arzusundaydı. Bunu bəlkə də çoxları bilmir, tanıdığımız Fətullayevlərin hamısı Mirzə Möhsün kişinin nəslindən, məşhur Fətullayevlər sülaləsindəndirlər. Fateh, Nüsrət, Şəmsəddin, Nurəddin Fətullayevlər qardaşdırlar.
Böyük qardaş Fateh Fətullayev milli mədəniyyətimizə aktyor kimi daxil olub. Daha çox teatr aktoyru olan Fateh Fətullayevin kinolentlərin yaddaşında qalmaq qisməti varmış - "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy kimi.
Nüsrət Fətullayev iste’dadlı teatr rəssamı, əvəzsiz bədii tərtibatçı kimi xatırlanır. O, bütün həyatını Milli Dram Teatrında səhnələşdirilmiş əsərlərin tərtibatına həsr edib. İki bəstəçi qardaşı - Şəmsəddin və Nurəddini də kimsə unutmayıb.
1973-cü ildə dördüncü qardaş - Nurəddin dünyasını dəyişib. İki il sonra onun həmkarı Şəmsəddin, 1986-cı ildə böyük qardaş Fateh, 1987-ci ildə isə Nüsrət Fətullayev bu dünyaya vida deyib.
Fətullayevlərin özlərindən sonra iki davamçısı qalıb - Nüsrət Fətullayevin qızı - Vəfa, Nurəddin Fətullayevin oğlu - Hafiz.
"Mən səhnəni çox sevirəm, lap çox. Mənə elə gəlir ki, bu vaxtadək nə etmişəmsə, çox azdır. Ona görə də səhnədə mənim yarada bilmədiklərimi gənc nəsil və onun bir nümayəndəsi kimi Vəfa həyata keçirəcək. Bir də ki, aktyor tək öz həyatını yaşamır; müxtəlif adamlarla görüşür, xarakterlərlə tanış olur. Bu da onun ayıq yaşamasına kömək edir. Bəlkə irsi keçid də, müəyyən mə’nada, rol oynayıb. Axı onun əmisi də aktyordur. Fateh Fətullayevi deyirəm." - çox sonralar Hökümə xanım qızının sənətə gəlişinə belə əsas verirdi.
Uşaq vaxtı çox dəcəl, gülərüz, mehriban, istiqanlı olub Vəfa. Səmimiliyi onu hamı ilə yaxınlaşdırıb. Anasında olan hökmranlıq, zabitəlilik, bə’zən də qaraqabaqlıqdan onda əsər-əlamət olmayıb. Həyat hər tərəfdən onun gözləri önündə yamyaşıl, güllü-çiçəkli görünüb. Həyatın nağıl variantına inanıb Vəfa. Başqalarının üfürə-üfürə içdiklərini bəd şeylər barədə düşünmədən Vəfa birnəfəsə başına çəkib. Yəqin buna görədir, öz həyatı da tez başlayıb Vəfanın.
"Aktrisa deyəndə ki, biz elə uşaqlıqdan aktyor idik. Bir dəstəmiz var idi. Teatr aktyorlarının, rejissorların uşaqlarından ibarət dəstəmiz. Rəhmətlik Rza Əfqanlının uşaqları idi, Leyla xanımın qızları idi. Biz o tamaşalara baxandan sonra gəlib İçərişəhərdə təzədən özümüz o tamaşaları oynayırdıq." - Hafiz Fətullayevin xatirələrindəndir bu.
Cazibədən
qurtarmağın yolu
M.İbrahimovun "Kəndçi qızı" əsərinin məşqləri zamanı balaca bir qız zalda oturub aktyorların hərəkətinə göz qoyar, diqqət yetirərdi. Məşqdən sonra isə onlara yaxınlaşıb uşaq sadəlövhlüyü ilə aktyorların bugünkü məşqini təhlil edərdi. Hamı onun təhlilinə gülərdi. O özü də gülərdi. Amma sonradan ciddi görkəm alıb deyərdi: "Eybi yoxdu, gülün. Məktəbi qurtarandan sonra teatrşünaslığı oxuyub sizi tənqid edəcəyəm.".
Vəfanın ilk rolu 8 yaşında olarkən Şekspirin "Qış nağılı" əsərində Mamli olub. Anası və əmisi Fatehlə bərabər oynadığı bu rola təsadüfi bir hadisə kimi baxıb və ciddi yanaşmayıb.
İllər keçib, uşaqkən acıqla dediyi bu sözləri sonralar həqiqət olub. Orta məktəbi qurtardıqdan sonra Vəfa, doğrudan da, İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alır.
Baxmayaraq ki, teatra həvəsi, səhnəyə atımı anasının - Hökümə Qurbanovanın istədiyi qədər də deyildi.
Vəfa nə istəyirdi, həyatını necə təsəvvür edirdi? Hökümə xanım ona seçim qoymamışdı. Qızının taleyini özü müəyyən etmişdi. Hökümə Qurbanovanın güclü xarakteri və hər şeyi onun əvəzindən fikirləşib qərarlaşdırmaq hikkəsi Vəfanın bütün qalan yollarını bağlamışdı.
Amma Vəfa öz həyatının sahibi olmaq üçün ilk cəhdini məktəb illərində etmişdi. Hələ məktəb illərində rastlaşdığı ilk məhəbbətini itirmək istəməmişdi. Zaur adlı idmançı oğlanla arasındakı dostluğu sevgi adlandırıb və Hökümə xanımın ciddi yanaşmadığı bu qarşılıqlı məhəbbətini qorumağa çalışıb Vəfa. Dünyalarca sevdiyi anasının cazibəsindən qurtarmaq, özünü, müstəqilliyini təsdiq etmək və nəhayət, sevgisinə qovuşmaq üçün Vəfa qəti addım atmaqdaydı. Atdı da. Hamının "Çox tezdir" deməsinə baxmayaraq, erkən yaşında sevdiyi ilə ailə qurdu.
Bu illərin ötəri sevgisi Vəfanın həyatında beləcə öz ciddi izini qoydu. Vəfa anasının tə’kidindən birdəfəlik yaxa qurtardığını zənn edirdi. Amma Hökümə xanım həyatını bağladığı və qurbanına çevrildiyi teatr sənətində onunla yanaşı öz yerini görməyən qızını rahat buraxmaq fikrində deyildi. Vəfa mütləq onun yerində olmalı, onun sənətini davam etdirməliydi. Hökümə xanım bu iste’dadı qızında görür və bunun hədər getməsini, Vəfanın başqa bir həyata qapılarını açmasını özlüyündə səhv addım adlandırır, qarşısını almağa çalışrdı. O, Vəfa üçün nəyin yaxşı, nəyin pis olduğunu daha dəqiq bilir və qızını başdan-ayağa səhnə üçün yetişdirmək istəyirdi.
Bilirsən anamı necə sevirəm?!
Qadınlı-kişili ətrafındakıları öz cazibəsinə salan, hökmünə tabe etdirən Hökümə xanımın bu istəyinin qarşısında Vəfa necə dayana bilərdi? Buna qüvvəsi çatardımı? İllah da ki, qarşısındakı dünyalarca sevdiyi bir adam ola. Vəfa Hökümə xanıma - onun istəyinə məğlub olur. Və çox sonralar bu məğlubiyyəti, anasına məhəbbəti qarşısındakı zəifliyi ona mə’nəvi əzab verməsin deyə, özünə həyatını şəxsi istəyilə, heç kimin, hətta dünyalarca sevdiyi anasının müdaxiləsi olmadan qurması fikrini aşılayırdı. Əslindən, həqiqətdən xəbərdar olanlar tərəfindən Vəfanın bu tərzdə açıqlamaları təəssüfqarışıq kədərli qarşılansa da, ətrafına inandırıcı görünürdü.
"Bilirsən anamı necə sevirəm?! Dünyalar qədər, göy qədər, yer qədər, dəniz qədər! Anam kimi aktyor olmaq arzusu bir an da olsun məni tərk etmirdi. Fürsət düşən kimi, xəlvətcə paltarlarını geyər, ona bənzəməyə çalışardım. Rejissorluq fakültəsində oxusam da, hiss edərdim ki, bura mənim yerim deyil. Səhnə sirli bir dünya kimi, məni çəkirdi. Yaxınlaşmağa qorxurdum. Cəsarətim çatmırdı. Sonra..."
Ardı var
|