|
|
|
|
#87(311)
|
 |
Ötən gün "Sinema club"da Aygün Kazımova "Sevdim" klipinin təqdimat mərasimini keçirdi.
Alatoranlıq vaxtı başlayan mərasimdə media mənsubları sözügedən klipə tamaşa elədilər və müğənninin ən son xəbərləri ilə tanış oldular. Öncə "Sevdim" klipi barədə.
Onun mahnı variantı sizlərə tanışdır; türk müğənnisi Hülya Avşarın ifasında eşitmisiniz. Əslində, bu mahnı türk musiqi dünyasınının özünə də gəlmədir. Deyilənə görə, "Sevdim" mahnısının əsli, yə`ni musiqisi yunanlara məxsusdur.
Mətləbə keçməzdən öncə xatırladım ki, Aygün şəxsən özü deməsə də, yaxınlarından sızan mə`lumata görə, bu klipin təqdimatı sənətçinin mənzili yerləşən binanın ən sonuncu qatında, geniş eyvanda olmalı idi. Amma nədənsə, Aygün fikrini dəyişdi. Bakının göydələnini dəniz sahilində yerə, "Sinema club"a dəyişdi.
"Sevdim" uğurlu ekran əsəridir. Süjet xətti olmayan bu klipin mətləbini ayrı-ayrı görüntülər əks etdirir.
Klipin rejissoru Ülviyyə Könülün sözləri ilə desək, həmişə Aygünün kliplərində yüksək temp olur. "Bu adətən bizim iradəmizdən asılı olmur. Son nəticədə görürük ki, elə mahnı seçmişik, klipin qəhrəmanı elə xarakterdədir ki, burada lirik ovqata qətiyyən yer qalmayıb", - deyən müsahibimin fikrincə bu dəfə tamaşaçılara ayrı ekran görüntüsü təqdim eləməyə nail olublar. Həqiqətən də klip lirik ovqatdadır. Digər ekran görüntülərindən fərqli olaraq, bu dəfə Aygünün qəhrəmanı son dərəcə mülayim və pərişandır. Ekranda gördükləriniz sizə sonu ayrılıqla bitən bir eşq hekayətini nəql edir. Ancaq bu nəqletmədə nə ayrılığın əzabı yaşanır, nə də kədər görünür. Sanki "keçmiş olsun", - deyən qəhrəmanın simasında gözəllər e`tinasız olur, deyimi özünü bir daha doğruldur.
Klipin çəkilişləri əsasən şəhərin küçələrində və dənizkənarı bir imarətdə aparılıb. Aygün "Sevdim" klipinin çəkilişini xoş təəssüratla xatırlayır. Xüsusən də şəhərin küçələrində çəkilişlər apararkən, yol hərəkəti qaydalarını pozan pərəstişkarları onu tək qoymayıb. Yol boyu onu müşayiət edən maşınların hamısında Aygünün mahnıları səslənib. Avtoqraf almaq istəyənlərin isə sayı-hesabı olmayıb.
Aygünün bu klipində də yaradıcı hey`ət həməndir. Rejissor yozumu Ülviyyə Könülə məxsusdur. Operator isə Nadir Mehdiyevdir.
Aygünün yeni xəbərlərinə gəlincə, avqustun 10-11-də "Ulduzlar bağı"nda solo konserti olacaq. "Todes", "Abşeron step" qruplarının qatılacağı bu konsertdə Səməd Vurğun adına Rus Dövlət Dram Teatrının kollektivinin üzvlərini də görəcəksiniz. Aygünün onlarla birgə pərəstişkarlarına və`d verdiyi qeyri-adi sürpriz öz qüvvəsindədir. Xatırladım ki, ilk baxışda məntiqsiz görünsə də, bu sürprizi məhz belə adlandırmaq olar: səhnədə canlı klip. Vaqif Gərayzadənin, Xanım İsmayılqızının mahnıları əsasında səhnədə tamaşa göstəriləcək.
Ən nəhayət, yaxın zamanlarda onun daha bir klipini görəcəksiniz: "Şəklimi çək". Kimliyi gizli saxlanılsa da, klipdə məşhur bir rəssam Aygünün şəklini çəkəcək. Bütün bunlardan sonra isə Aygünü İstanbul səfəri gözləyir.
Bu səfərin vaxtını özü də heç dəqiq bilmir.
Ramiz Əzizbəyli Ramiz Rövşənin ssenarisi əsasında ekranlaşdırdığı "Ölü kimdir, diri kim" bədii filminin çəkilişinin davamına hələ də başlamayıb.
Xatırladaq ki, filmin çəkilişi maddi vəsaitin yoxluğu üzündən dayandırılmışdı. O zaman əlaqədar orqanlardan kömək görməyən rejissor üzünü sponsorlara tutsa da, axtarışı nəticəsiz qaldı. İndi isə çəkiliş meydanına həmişə yaxın zamanlarda dönəcəyini güman edən müsahibim tamam ümidsizləşib. Xüsusən də kino strukturunda aparılan dəyişikliklər, qurumun gələcək fəaliyyəti barədə onda tam təsəvvür oyatmır. "Kinostudiyanı bağlayıblar. Nə zaman açılacaq? Bunu heç kim bilmir",- qənaəti Ramiz Əzizbəylinin "Ölü kimdir, diri kim" bədii filmi barədə fikirləşməkdən daşındırır.
Hollivudun əfsanəvi ulduzu Merlin Monronun indiyə qədər yayımlanmamış şəkilləri bu günlərdə tapılıb. Merlin Monronun ölümündən düz bir ay öncə çəkildiyi ehtimal olunan bu şəkillər avqustun 16-17-də auksiona çıxarılacaq.
Auksionun bu satışının ən azı 50 min dollar gəlir gətirəcəyi istisna olunmur. Ancaq ictimaiyyəti ayrı mətləblər maraqlandırır; şəkillərin indiyə qədər üzə çıxmaması böyük maraq doğurur. Uzun araşdırmadan sonra mə`lum olub ki, sözügedən şəkillər Nyu-York yaxınlığında yaşayan sadə bir amerikalının evindən çıxıb. Bunları onun necə əldə eləməsi müəmmalı qalsa da, peşəkar və yaşlı fotoqraflar şəkillərlə tanış olduqdan sonra hesab ediblər ki, onları məşhur fotoqraf Bert Sternin çəkib. Hətta harda çəkdiyini də dəqiqləşdiriblər. O dövrün ən yaxşı otellərinin birində. Gözlənilməz və harda isə müəmmalı ölümündən sonra, Merlinin pərəstişkarları onunla bağlı hər şeyə böyük ehtiramla yanaşaraq, hətta vaxtı ilə kimlərə isə hədiyyə elədiyi şəkilləri də bir araya yığmışdı. Onun adi avtoqrafı belə ən qiymətli vəsait kimi bu
gün də qorunur. İndi isə Merlinə bağlı hər bir şeyin göz önündə olduğu güman edildiyi bir vaxtda, birdən-birə sözügedən şəkillər ortalığa çıxıb. Merlini unutmayan pərəstişkarları auksion gününü səbirsizliklə gözləyirlər.
|