|
|
|
|
#87(311)
|
 |
"İncilləşdirmə-2002"
məxfi proqramı
2000-ci ilə kimi istəklərinə nail olmayan missionerlər 2002-ci ilə
kimi Azərbaycanlıların 20 faizini xristianlaşdırmaq əzmindədirlər
|
Azərbaycan vətəndaşlarının ideoloji dünyagörüşünün mühüm dairəsi çoxsaylı dini sistem və yalançı təriqət ideyalarının təcrübələri üçün sınaq meydanına çevrilib. Aparılan araşdırmalar göstərib ki, kədərli aqibəti mə`lum olan "Aum Sinrikö" də daxil olmaqla, dini-təriqətçi birliklərin demək olar ki, heç biri Azərbaycandan yan keçməyib.
Kommunizmdən sonrakı dövrünü yaşayan Azərbaycanda xristianlığın protestant qoluna aid müxtəlif təriqətlərin missioner briqadaları daha çox fəallıq göstərmişlər. 1991-ci ildən bəri keçən qısa müddət ərzində onlar tərəfindən 1000-dən çox təşkilat yaradılmışdır ki, müxtəlif göstəricilərə əsasən, 12 minədək köklü azərbaycanlı bu təşkilatlar tərəfindən təriqətlərə üzvlüyə götürülmüşdür. Respublika əhalisinin xristianlaşdırılması məqsədilə onlar tərəfindən 160 milyon ABŞ dolları xərclənmişdir. Azərbaycan ərazisində yüzlərlə seminar keçirilmiş, 100 minlərlə nüsxəyə yaxın ədəbiyyat paylanmışdır; dövri təbliğat ədəbiyyatının tirajı 50 mindən 100 min nüsxəyə qədərdir.
Təriqətçi missionerlərin məqsədini "İncilləşdirmə-2000" proqramı aşkar göstərirdi. Bu proqram 2000-ci ilədək hər beşinci azərbaycanlı ailəsində Bibliyanı yaymaq və respublika vətəndaşlarının beşdən birini xristian missioner təşkilatlarına fəal üzvlüyə qəbul etmək planlarını nəzərdə tuturdu. Lakin istəklərinə tam nail ola bilməyən missionerlər indi həmin proqramı "İncilləşdirmə-2002" adlandırırlar.
Təbiidir ki, bütün dünya dinlərinə məxsus əsasda xeyirxahlıq, humanizm, mərhəmət və səbr kimi ümumbəşəri prinsiplərin yayılmasını Azərbaycanın qabaqcıl gəncliyi və dövlət strukturları yalnız alqışlayırlar. Amma böyük təəssüf hissi ilə e`tiraf etməliyik ki, respublikamızı incilləşdirmək sahəsində ixtisaslaşan xristian təriqətlərinin əsas hərəkətverici motivi azərbaycanlıların tarixən inandıqları İslamla dinlərarası rəqabət aparmaq, təşəkkül dövrünü yaşayan xalqımızın milli ideologiya konsepsiyasının ən`ənəvi, tarixi və dövləti başlanğıclarını zəiflətməkdir. Təriqətçi moizələrində minlərlə həmvətənimizin və ulu əcdadlarımızın dini inanclarının "vəhşi", "totalitar" və "şeytan" adlarla təhqir edilməsi; təriqətlərə yeni qoşulmuş gənclərə xristianları öz müsəlman həmvətənlərindən üstün tutmaq barədə çağırışlar; xristian olmayanlarla (ailə üzvləri və yaşıdları da daxil olmaqla) əlaqəni kəsmək tə`limləri; təriqətçiliyə məxsus təkəbbür, cəmiyyətin qalan üzvləri ilə barışmazlıq, ölkənin ictimai-siyasi həyatına, vətənin taleyinə laqeydlik hisslərinin insanlarda tərbiyə edilməsi; Azərbaycanın sərhədyanı rayonlarında yaşayan milli azlıqların yeni "sivil" əqidəyə gətirilməsi ilə onların milli hisslərinin radikallaşdırılması və s. barədə çoxsaylı faktlar deyilənlərə əyani sübutdur.
Şübhəli təriqətçi tə`limlərin dünya üzrə yayılma təcrübəsi göstərir ki, ilk növbədə zərərsiz görünən "Tövbə et və başqalarını da tövbə etməyə inandır!" tipli çağırışların törətdiyi hərəkatlar necə acınacaqlı nəticələrə gətirib çıxarır. Constuan faciəsini xatırlamaq kifayətdir. Həmin hadisədə xristian vaizi Conun yarıməskunlaşmış adaya çəkilmiş 900 nəfərdən artıq ardıcılı hamilə qadınlara və uşaqlara da rəhm etmədən, kütləvi intihar mərasimi keçirmişdir. Bir neçə il bundan əvvəl ABŞ-da təhlükəsizlik qüvvələri ilə "David budağı" radikal xristian təriqətinin üzvləri arasında baş vermiş qarşıdurma bir neçə günlük qanlı toqquşmalara və çoxlu qurbanlara səbəb olmuşdu.
"Günəş övladları" adlı digər yeni xristian təriqətinin ardıcılları gənclərin və uşaqların belə iştirak etdikləri mə`nasız kütləvi intiharlarla dünya ictimaiyyətini heyrətə saldılar. Nəhayət, "Aum Sinrikö" mistik yapon təriqətinin üzvləri tərəfindən günahsız insanların kütləvi zəhərlənməsi bu faciələrin ən məşhuru sayılır. Asaxara da fəaliyyətə "ümumi xilas olma" və özünün məsihliyi barədə moizələrlə başlamışdı.
Tibbin qadağan etdiyi metodlarla insan psixikasına tə`sir göstərən "Həyat sözü" protestant təriqətinin fəaliyyəti Rusiya Səhiyyə Nazirliyi və Elmlər Akademiyasının müraciətləri nəticəsində zərərli bilindi, təriqət özü "totalitar tipli təşkilat" e`lan edilərək fəaliyyəti dayandırıldı.
Yalnız Yer kürəsi yayılmış bəşər faciələrinin yuxarıdakı siyahısı bizi üzümüzə açılan perspektiv mənzərədən dəhşətə gəlməyə vadar edə bilər. Mənzərə isə belədir: səpilən milyonlarla dollarlar, minlərlə ədəbiyyat nüsxələri, sel kimi axan missioner moizələri, azərbaycanlı gənclərin kütləvi halda xaç suyuna çəkilməsi, təşkil edilən yüzlərlə seminar və "humanitar yardım" adı ilə paylanan cırım-cındırlar yaxın gələcəkdə dinlərarası müharibə alovu, "zombiləşdirilmiş" minlərlə qız və oğlan, Azərbaycan dövlətçiliyini içəridən partladıb məhv etməyə qadir olan daxili parçalanmalar şəklində özümüzə qayıdacaqdır.
"Həyatverici lütf" təriqəti ilə əlaqəsini kəsmiş bir tələbənin dediyinə görə, əvvəlcə missionerlər respublikanın səciyyəvi xüsusiyyətlərini bilmədiklərindən çox ehtiyatla hərəkət edirdilər. Onların 1991-ci il planlarına yalnız rus və son məqamda rusdilli əhali arasında iş aparmaq daxil idi. Lakin sovet dövründən sonrakı ilk illərdə respublikanın daxili siyasi vəziyyətinə ötəri nəzər salmaqla onlar ideoloji sahədəki işlərə həm dövlət tərəfindən elementar nəzarətin, həm cəmiyyətin özünənəzarətinin olmamasına inandılar. Aydın oldu ki, Azərbaycanda missioner üçün elə gözəl iş şəraiti yaradılmışdır ki, hətta dövlət və kilsə arasında münasibətlərin qanun tərəfindən ciddi reqlamantə tabe etdirildiyi ABŞ-da belə, onlar bu cür şərait barədə düşünə bilməzdilər. Onlar özləri üçün aydınlaşdırdılar ki, Azərbaycanda missionerlərin fəaliyyəti ilə maraqlanmaq dövlətin heç yadına düşmür.
Xristian missioner təriqətçi təşkilatları: yaranma tarixi və inkişaf dinamikası
1. Kommunizm ideologiyasının qanadlarından azad olmuş fəzanı ilk mənimsəyənlərdən biri - mərkəzi Baltimorda (ABŞ, Merilend ştatı) yerləşən "Həyatverici Lütf Ümumdünya Kilsəsi"dir (ingiliscə adı "Great Gratce World Autreach"). Təşkilatın 1991-ci ildə Azərbaycana gəlmiş 12 nəfərlik keşiş briqadası təriqətin yerli dini icmasını ("Bakı Bibliya Cəmiyyəti"; bir müddət "Kitab" cəmiyyətinin nəzdində gizli fəaliyyət göstərmişdir) yaradıb qeydiyyatdan keçirdi. Az sonra onun nəzdində indiyə qədər qeydiyyatdan keçməmiş tədris mərkəzi - Bakı Bibliya İnstitutu (BBİ) yaradıldı.
Təşkilatın prezidenti - beynəlmiləl təriqətçi keşiş Con Palmer Azərbaycanda dəfələrlə keşiş missiyasında, başqa sözlə desək, təftiş səfərində olmuşdur. Belə müfəttişliklər operativ səfərbərlik adlanır.
Nüvə
12 nəfərdən ibarət keşiş briqadası; bunlardan 2-si azərbaycanlıdır.
Rəhbər
Keşiş Sirvio Matti (Finlandiya), "üçüncü dünya" ölkələrində iş təcrübəsinə malikdir, 7 dil bilir, 70-80-ci illərdə dəfələrlə Azərbaycanda olmuş, dini təbliğat üstündə buradan uzaqlaşdırılmışdır. O zaman qayıdıb ömrünü Bakının xristianlaşdırılmasına həsr edəcəyini nəzir demişdi. Tə`limat almaq üçün vaxtaşırı ABŞ-a gedir.
Azərbaycanlı fəallar
Müşfiq Bayramov - Quba rayonundandır, təcrübə qazanmaq üçün ABŞ-a getmişdir (yeri gəlmişkən, qeyd edək ki, bu təcrübə səfərlərinin üzvləri arasında erməni Qriqorian kilsəsinin və erməni diasporunun nümayəndələri tez-tez olurlar).
Fuad Tarıverdiyev - Bakı Bibliya İnstitutunda 1995-96-cı il dərs ilinin ə`laçısı. Təriqətin ABŞ-dakı Baltimor mərkəzində "müsəlman dövləti çətin şəraitində" işləmək üçün təcrübə kursu keçmişdir.
Ünvan
İcmanın mərkəzi ofisi və institutu Nizami adına Ədəbiyyat Muzeyinin 3-cü mərtəbəsində yerləşib (BBİ-nin düşmənçilik fəaliyyətindən xəbər tutan muzey rəhbərliyi tərəfindən oradan çıxarılmışdır). Hal-hazırda ünvan - "Vətən" kinoteatrıdır. Qeyd edək ki, ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən təriqətlər ünvanlarını tez-tez dəyişir.
Təriqətin və BBİ-nin əsas vəzifələri
- respublikanın müsəlman əhalisinin xristianlaşdırılması.
- müsəlman dini-etik konsepsiyası ilə mübahisəyə girərək İslamı ləkələyib hörmətdən salmağa çalışan tezislərin yayılması.
- yerli azərbaycanlılardan yığılmış missioner briqadasının hazırlığı.
- tamamilə özü idarə olunan Azərbaycan baptist icmasının təşkili.
- İrana, Türkiyəyə və Orta Asiyaya yol tapmaq məqsədilə, Azərbaycanda əməliyyat meydanının yaradılması.
İş formaları və
metodları
I mərhələ - insanlara və onların ruhi tərbiyəsinə, ümumi mə`nəvi həyatla birləşdirilməsinə qayğı; söz və bacarıq vasitəsilə insana yanaşıb, problemlərinin həllində ona kömək etmək arzusu ön plana çəkilir.
II - təriqətçi təbliğatla paralel olaraq, maddi yardım; şifahi şəkildə xristianlığı qəbul etməyə meyllilik; insanları ABŞ-da təhsil almaq, xarici ölkələrə e`zamiyyətə göndərilmək perspektivləri ilə maraqlandırmaq cəhdi.
Ardı var
|