|
|
|
|
#87(311) |
 |
Bu günədək Qəbələ RLS-in elektrik enerjisi ilə
təchizatına görə Rusiyanın Azərbaycana borcu
300 min dollar təşkil edir.
Bu barədə baş nazir Artur Rəsizadə jurnalistlərə bildirib.
Rusiyanın sözügedən hərbi obyektinin gələcək taleyinə gəlincə, bu günlərdə RLS-in ətraf mühitə tə`sirini öyrənən Azərbaycan-Rusiya komissiyası öz işini başa çatdıracaq. Komissiyanın gəldiyi nəticəyə əsasən tərəflər stansiyanın statusu haqda saziş imzalayacaq.
Dünən Bakıda prezident Heydər Əliyevlə Belarus baş naziri Vladimir Yermoşinin görüşündə ikitərəfli iqtisadi və siyasi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Qonaq bildirib ki, Belarus maşınqayırma, yüngül və ağac e`malı sahələri Azərbaycan üçün maraq kəsb edə bilər. Öz növbəsində Azərbaycanın da pambıqçılıq, tütün və turizm sahələri Belarusda maraq doğurur.
Baş nazir iqtisadi məsələlər üzrə ikitərəfli hökumətlərarası komissiyanın yaradılmasına tərəfdar olduğunu bildirib.
Siyasi sahədə əməkdaşlığa toxunan Yermoşin deyib ki, iki ölkədə səfirlik və ya nümayəndəliyin açılması faydalı olardı. O həmçinin azərbaycanlı müşahidəçiləri Belarusda keçiriləcək prezident seçkilərində iştiraka də`vət edib.
Heydər Əliyev cavab sözündə Yermoşinin təklifini dəstəkləyərək deyib ki, səfirliyin açılması və hökumətlərarası komissiyanın yaradılması məsələsinə baxılması haqda göstəriş verəcək. Ölkə başçısı həmçinin Azərbaycan müşahidəçilərinin Belarusda keçiriləcək prezident seçkilərində iştirakını və`d edib.
Danışıqlardan sonra iki ölkə nümayəndə hey`ətinin üzvləri altı hökumətlərarası sənədlər paketini imzalayıb:
- "Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında";
-"Yüksək ixtisaslı elmi, elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında";
-"İkiqat vergidən yayınma, mənfəət və əmlak vergisinin ödənilməsindən yayınmanın qarşısının alınması haqda";
- "İxrac-idxal əməliyyatları zamanı vasitəli verginin tutulması prinsipləri haqqında";
-"Azərbaycan və Belarus Maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında";
- "Bakı şəhər İcra Hakimiyyəti və Minsk şəhər İcraiyyə Komitəsi arasında ticarət- iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında".
Dünən Belarus prezidenti növbəti sərsəm bəyanatla çıxış edib. O deyib ki, Gürcüstan, Özbəkistan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUÖAM Belorus və Rusiya İttifaqının "acığına" yaradılıb.
Lukaşenkonun fikrincə, həmin ölkələrin prezidentləri Rusiya-Belarus tərəfdaşlığının inkişafına "qısqanclıqla yanaşıblar". O deyib ki, "GUÖAM MDB çərçivəsində yaradılmış mə`nasız qurumdur".
Qeyd edək ki, Lukaşenkonun bəyanatı Belarus baş nazirinin prezident Heydər Əliyevlə görüşündən və ikitərəfli hökumətlərarası sazişlərin imzalanmasından sonra səslənib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə Dağıstan müsəlmanlarının "E’timad" qəzetinin redaktoru haqda verdikləri ölüm fitvasını məqbul saymadığını bildirib. Onun fikrincə, bu məsələ sivil yolla həllini tapmalıdır.
"E’timad" qəzetinin avqust saylarından birində dərc edilən siyasi lətifədə ünvanına ağır təhqirlər olduğunu deyən A.Paşazadə onun müdafiəsilə bağlı keçirilən aksiyaları dindarların öz təşəbbüsü adlandırıb.
Ölkənin bir sıra bölgələrindən Bakıya gələrək qəzetin yerləşdiyi "Azərbaycan" nəşriyyatının önündə aksiya keçirmək istəyən dindarların qarşısını aldığını bildirən A.Paşazadə qəzet rəhbərliyinə "insan ləyaqəti və şərəfinə toxunmağın İslamda böyük günah olduğunu" xatırladıb.
A.Paşazadə bildirib ki, müdafiəsilə bağlı aksiyaların dayandırılması üçün dindarlara müraciət edib.
A.Paşazadə QMİ-nin qəzeti məhkəməyə verdiyini desə də, özünün bu məsələ ilə maraqlanmadığını bildirib.
QMİ sədrinin birinci müavini Hacı Salman isə bildirib ki, bu gün günortadan sonra Yasamal Rayon Məhkəməsinin məsələ ilə bağlı qərarı gözlənilir.
Rusiya milisi Sankt-Peterburqda narkotik maddələr alveriylə məşğul olan iki azərbaycanlını həbs edib. Onlarda bir kiloqrama yaxın heroin aşkar edilib.
Dindirmələr zamanı narkotika alverçiləri bu "mal" üçün 10 min dollar ödədiklərini bildiriblər. Məhkəmə tibb ekspertizasının verdiyi rə`y isə həm istintaqçılar, həm də narkotika alverçiləri üçün gözlənilməz olub. Belə ki, yüksək keyfiyyətli heroin əvəzinə onlara hamamda istifadə etmək üçün xüsusi maddə sırıyıblar. Qeyd edək ki, xarici keyfiyyətlərinə görə həmin maddə heroindən fərqlənməyib. Narkotika alverçiləri aldandıqlarını e`tiraf ediblər. Görünür, həmvətənlərimizi təkcə qanunsuz narkotika satdıqlarına görə yox, həm də dələduzluq üstündə mühakimə edəcəklər. Qeyd edək ki, müvafiq maddələrlə onları 3-4 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Ötən gün Nərimanov Rayon Məhkəməsi keçmiş Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibovun və onun müavini Barat Nuriyevin "Millətin səsi" qəzetinə qarşı iddiasını tə`min edib.
Məhkəmə sözügedən şəxslərin "Millətin səsi" qəzetinin 22-28 iyul 2001-ci il onların ünvanına böhtan yazması barədə dediklərini əsaslı sayaraq qəzetin bağlanması haqda qərar çıxarıb. Belə ki, qəzetdə dərc edilən məqalədə deyilir ki, Nəsibov və Nuriyev çex mənşəli biznesmen Viktor Kojenı ilə sövdələşmə bağlayıblar. Yazıda bildirilib ki, Nuriyev Kojenıya tezliklə ARDNŞ-in özəlləşdiriləcəyini və’d edib və ona xeyli miqdarda özəlləşdirmə vauçeri verib. Guya, Nuriyev şəxsən özü bu sövdələşmədən 2 mln. dollar qazanıb.
"Millətin səsi" qəzetinin baş redaktoru Şahbaz Xuduoğlu məhkəmənin qərarını şərh edərkən bildirib ki, məhkəmə kollegiyası redaksiyanın öz müdafiəsilə bağlı təqdim etdiyi materiallara məhəl qoymayıb. Söhbət Kojenının Azərbaycandakı fəaliyyəti və yerli mə`murlarla şübhəli əlaqələri barədə 80 səhifəlik ingilis, 43 səhifə isə rus dilində dərc edilmiş materialdan gedir.
Xuduoğlu qeyd edib ki, məhkəmənin qərarı o demək deyil ki, qəzet bağlanacaq. Onun sözlərinə görə, qərar bir aydan sonra qüvvəyə minir. Bundan əlavə redaksiya Apellyasiya Məhkəməsinə müraciət etmək niyyətindədir. Müsbət nəticə əldə edə bilməsə, Ali Məhkəməyə kassasiya şikayəti edəcək.
"Türkmənistanın Azərbaycanın borcları ilə bağlı iddiaları əsassız və uydurmadır",-deyə dünən Azərbaycan hökuməti baş nazirinin birinci müavini Abbas Abbasov jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Türkmənistana 18,7 mln. dollar həcmində dövlət borcunu ödəməyə hazırdır. Azərbaycanın təsərrüfat subyektlərinin isə 8 mln. dollar borcu var. Türkmənistanın borcların məbləğini artırmasının hüquqi bazası yoxdur və heç bir sənədlərlə əsaslandırılmayıb.
A.Abbasovun sözlərinə görə, bu yaxınlarda Aşqabadda aparılan danışıqlar zamanı Azərbaycan hökuməti dövlət borcunu ödəməyi və digər borclara dair mübahisəli məsələlərin müzakirəsini təklif edib. Lakin Türkmənistan problemi həll etmək istəyində olmadığını nümayiş etdirib.
"Azərbaycanı Beynəlxalq məhkəmə ilə hədələyən Aşqabad heç nəyə nail olmayacaq. Bakı müdafiə olunmağa hazırdır", - deyə Abbasov vurğulayıb.
Azərbaycan milli ordu birləşmələrindən birinin bölmələri hərbi tə`limlərə başlayıb.
Mə`lumatlı mənbənin verdiyi xəbərə görə, tə`limlərə hərbi-dəniz qüvvələri (HDQ) bölmələri də cəlb olunub. Müdafiə naziri Səfər Əbiyev tə`limlərin gedişini müşahidə edib. O həmçinin bir sıra HDQ obyektlərinə baş çəkib.
İran balıq tədqiqatları institutunun direktoru Zöhrab Rezvani hesab edir ki, ölkə 10 ildən sonra ildə 100-150 ton qara kürü istehsal edə bilər. Onun fikrincə, bu, Xəzərə böyük miqdarda körpə nərə balığı buraxılmasının sayəsində mümkün olacaq. İran hər il dənizə 15-25 mln. körpə balıq buraxmağı planlaşdırır.
Hazırda İran hər il 70 ton qara kürü ixrac edir. Bu, ölkəyə 100 mln. alman markası dəyərində gəlir gətirir. Kürünün 80%-i Avropaya, 10%-i Yaponiyaya və dünyanın digər ölkələrinə göndərilir.
Xatırladaq ki, bu ilin iyununda beynəlxalq təşkilatlar İran istisna olmaqla digər Xəzəryanı dövlətlərdən qara kürü ixracına qadağa qoyulmasına dair qərar qəbul edib. Qərara sözügedən ölkələrdə nərə balıqlarının qanunsuz ovlanmasının yüksək həddə çatması səbəb olub.
Beynəlxalq təşkilatların mə`lumatına görə, Xəzərdə nərə balığı ovu 70-ci illərin sonlarında 30 min ton təşkil edirdisə, 2000-ci ildə bu rəqəm 3 min tona enib.
Bu günlərdə Bakıda daha bir dini sektanın fəaliyyəti aşkar edilib. Q.Qarayev metrostansiyası yaxınlığında yerləşən "Bayram" şadlıq evinə sığınan bir qrup şəxs burada xristianlığın təbliği ilə məşğuldur. Təxminən 6 ay bundan əvvəl icarəyə götürdükləri şadlıq evindən əsər-əlamət qalmayıb. Yalnız çöl tərəfdəki yazılardan başqa binanın bütün quruluşu, hətta giriş qapısı dəyişdirilib. Əvəzində isə xristian kilsəsi yaradılıb. Maraqlıdır ki, buraya rus, erməni və qeyri millətlər, həmçinin, xristianlığı qəbul edən azərbaycanlılar toplaşır.
Həmin missionerlər kilsədən kənar yerlərdə İsa peyğəmbərə və onun dininə həsr edilən kitab və vərəqələr yaymaqla əhalini xristian sektasına cəlb etmək istəyirlər. "Kilsə"nin yaxınlığında işləyən bir nəfərin dediyinə görə, bura gələnlərin 90 faizi azərilərdir. Şadlıq evinin sahibi Çingiz adlı şəxs həmin obyekti qanuni yolla icarəyə verdiyini bildirib. Öyrəndik ki, "kilsə" sahibi bunun müqabilində hər ay ona 1800 ABŞ dolları ödəyir. Bütün bunlar dini sektanın ciddi maliyyə mənbəyinin olmasını deməyə əsas verir. Qeyd edək ki, "Bayram" şadlıq evinin yaxınlığındakı məhəllələrdən oraya xeyli adam gedir. Onlardan bir neçəsi ilə görüşüb söhbət etdik. Həmsöhbətlərimiz əsasən uşaqlar idi. Çünki böyüklər bu sekta barədə danışmağa ehtiyat edirdilər. Onların dediyinə görə, böyüklər həftənin bütün günləri, uşaqlar isə ancaq bazar günləri saat 11-dən 2-yə qədər kilsədə "tə`lim" keçirlər. Onlar şadlıq evinin girəcəyində çoxlu kompüterlər qoyublar, içəridəki otaqda isə böyük ibadət zalı təşkil ediblər. Böyük zalın baş tərəfində Azərbaycanın bayrağı ilə yanaşı dualar yazılmış lövhələr asılıb. Girən kimi uşaqları böyüklərdən ayırırlar. Uşaqlar üçün aşağı mərtəbədə ayrıca otaq təşkil ediblər. Öncə himn oxudurlar. Başçıları, bir də müəllimlər saqqal saxlayırlar. Mərasimlərdə iştirak etmiş Arzu adlı qızın dediyinə görə, onların qəribə musiqi sədaları altında rəqs etmələri, uşaqları əyləndirmələri ilk baxışda onu və dostlarını cəlb edib: "Bir dəfə gedəndən sonra istəyirsən yenə də gedəsən. Ancaq axırda bir nəfər əlini başıma qoyaraq, rusca dedi ki, "sizin adınız həyat kitabında yazılıb", sonra yenə nəsə dedi. Mən başa düşmədim və çox qorxdum. Bir daha oraya getməməyi qərara aldım." Arzu bildirdi ki, kilsədə onlara yemək də veriblər. Yeməyə başlamazdan öncə isə "Sposibo za edu, İssus!" deyə peyğəmbərlərinə dua ediblər. Kilsəyə gedən adamlara ianə verilib-verilməməsi ilə maraqlandıq. Arzu bildirdi ki, onlara heç nə verməyiblər: "Əksinə, oraya bir vedrə gətirdilər ki, yardım kimi həmin qaba pul ataq. Mən də min manat verdim."
Uşaqlarla söhbətdən aydın oldu ki, adı çəkilən kilsəyə xeyli azərbaycanlı toplaşıb. Ritual mərasimləri daha çox şənbə və bazar günləri keçirirlər. Xristianlığı qəbul edən azərbaycanlılar burada İsanın anadan olması, Milad kimi bayramları təntənəli qeyd edirlər. Oraya ilk dəfə gələnlərin adlarını siyahıya yazaraq, götürürlər. Bu onu göstərir ki, həmin şəxslər tək xristianlığın təbliği ilə məşğul deyil, həm də həmin siyahıları başqa məqsədlər üçün tərtib edirlər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabirin fikrincə, respublikamızda yayılan müxtəlif xristian sektalarının başında erməni diasporası durur. Bu vəziyyətin çox təhlükəli olduğunu vurğulayan Hacı Sabir həmin missionerlər barədə tə`cili ölçü götürülməzsə, daha acı nəticələr verəcəyini bildirib.
Dünən İdeal Mətbuat klubunda daha bir partiya - Azərbaycan Müsəlman Demokrat Partiyası tə`sis konfransını keçirdi. Konfransı giriş sözü ilə açan partiyanın təşkilat komitəsinin sədri Mirmehdi Quliyev bu gün ictimaiyyət arasında İslam dininin kifayət qədər düzgün yayılmadığını dedi.
O bildirdi ki, İslamda həmişə yenilik öndə olsa da bə`ziləri bunu möhfumatçılıq ideyası kimi əhaliyə çatdırıb. "Buna görə də biz gənclər yeni islam partiyası yaratmaq qərarına gəldik". M.Quliyev partiyanın qarşısına qoyduğu məqsədlərdən danışdı. "Bə`zi ruhanilər məscidləri alverxanaya çeviriblər. Din pərdəsi arxasında fəaliyyət göstərən dinşünaslarımız isə gəncləri İslam dinindən uzaqlaşdırırlar. 1998-ci ildən Azərbaycan İslam Partiyasında hansı oyunların baş verdiyinin də şahidi olduq. AİP-də yaşlı nəsillə gənclərin İslam barəsindəki fikirləri üst-üstə düşmürdü. AİP-dən ayrıldıqdan sonra fəaliyyətimizi "Fəzilət" cəmiyyətində davam etdirməyi qərara aldıq. Ancaq fəaliyyətimizi daha da genişləndirməyin vaxtı gəlib çatıb. Qeyd edim ki AMDP heç bir partiyaya alternativ olaraq yaradılmayıb. Partiya hüriyyətçilik, dövlətçilik, türkçülük, islamçılıq, müasirlik ideyaları əsasında qurulub. Digər islam partiyalarından fərqli olaraq, AMDP-nin məramnaməsində dövlətçilik, millətçilik ideyaları dindən öndə durur". M.Quliyev Azərbaycan dövlətinin gələcəkdə islam dövlətinə çevrilməsinin deyil, müasir unitar dövlətçiliyin tərəfdarı olduqlarını söylədi. O İran İslam Respublikasının Azərbaycana qərəzli münasibətini pislədi. "Dövlətçiliyimizə zidd siyasət aparan dövlətlərə müsəlman, xristian olmasından asılı olmayaraq münasibətimiz mənfi olacaq". Bundan başqa Mirmehdi Quliyev respublikadakı missioner təşkilatlarının faliyyətlərinə də toxunaraq onlara qarşı ciddi mübarizə aparacaqlarını vurğuladı.
JuHİ-nin bu il fevralın 15-dən həyata keçirilən "Əmək qanunvericiliyi və jurnalistlərin əmək hüquqlarının qorunması" proqramı çərçivəsində seminar və məşğələləri başa çatdı.
Xatırladaq ki, ötən həftə "Həmkarlar ittifaqlarında üzvlük və KİV işçilərinin fəaliyyətində onların rolu" mövzusunda məşğələ ilə tamamlanan proqram tədbirləri altı ay ərzində 25 jurnalistə tə`lim keçilməsini nəzərdə tuturdu. Bu müddət ərzində 12 seminar və 6 treninq keçirilib, 6 bülleten nəşr edilib. Bülletenlərin materialları JuHİ-nin htt://www.yuhiaz.org/layihe.htm İnternet səhifəsində yerləşdirilib. Bundan başqa, həmin səhifədə redaktorlara müraciət, proqram haqda mətbuatda dərc olunan materiallar və oxucuların rə`yləri öz əksini tapıb. JuHi-nin bu yönümlü ilk layihəni həyata keçirməkdə məqsədi diqqəti əmək qanunvericiliyi və əmək hüquqları məsələlərinə cəlb etmək, jurnalistlərin əmək qanunvericiliyi haqda bilgilərini genişləndirməkdir.
JuHİ başqanı, proqramın direktoru Azər H.Həsrətin sözlərinə görə, layihənin həyata keçirilməsi bir sıra məsələləri də üzə çıxardı. "Bə`zi işəgötürənlərin bu cür təbliğatdan açıq-aydın əndişə duyduğunu hiss etdik. Qanunlara məhəl qoymadan öz işçilərinə yuxarıdan aşağı baxmağa öyrəşmiş bə`zi işəgötürənlər işçi hüquqlarını qoruyan bir təşkilatın formalaşmasından rahatsız olduqlarını açıqca büruzə verməyə başlayıblar. Amma belələri ilə yanaşı bizim işlərimizdən faydalanaraq, öz işçiləri üçün daha yaxşı şərait yaradılması üçün çalışanlar da var. Artıq bir neçə müəssisədən fərdi əmək müqavilələrinin bağlanması üçün bizə müraciətlər daxil olub." deyən JuHİ başqanı layihədən irəli gələn məqsədlərə tez bir zamanda nail olunacağına ümid etdiyini bildirib. Onu da qeyd edək ki, proqramda iştirak edən jurnalistlərə JuHİ-nin müvafiq sertifikatı veriləcək, onlardan beş nəfəri təşkilatın tə`lim mərkəzinə cəlb ediləcək.
Bu ilin payızında Rabitə Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Rusiyanın ORT, RTR və NTV telekanalları ilə müqavilə bağlamağı nəzərdə tutur.
Bu barədə Rabitə Nazirliyindən verilən mə`lumata görə, ABA telekanalının yayımlanması dayandıqdan sonra müqavilə bağlamaq təklifi Rusiya tərəfindən gəlib. Çünki son vaxtlara qədər Rusiya telekanallarının respublikada yayımlanması qonşu dövlətin maraqlarını təmsil edirdi. İndi isə Azərbaycan tərəfi artıq əsasən əməkdaşlığın maliyyə aspektlərini özündə birləşdirən təkliflərini Rusiya tərəfinə göndərib. Hər iki tərəf razılığa gələndən sonra müqavilə bağlanacaq.
Dünən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin ofisində mərkəzin sədri Mübariz Əhmədoğlu İran İslam Respublikasının Azərbaycandakı səfirinin müşaviri A.Şərifi ilə görüşüb.
Görüşdə Xəzər dənizində İranla Azərbaycan arasında insident, İran-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib.
Mərkəzin sədri M.Əhmədoğlu kifayət qədər ciddi problemlərin aradan qaldırılması yollarını araşdırmaq üçün İran və Azərbaycan politoloqlarının iştirakı ilə Bakıda beynəlxalq konfrans keçirməyi təklif edib. İİR səfirinin müşaviri A.Şərifi təklifi ölkəsinin Xarici İşlər Nazirliyinə göndərəcəyini bildirib.
Kənd Təsərrüfatı Nazirliyi 4 mart 1999-cu ildən qüvvəyə minmiş "Etil spirtinə, alkoqollu içkilərə və tütün mə`mulatlarına xüsusi lisenziya verilməsi haqqında" qərarına dəyişiklik edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib.
Sözügedən nazirliyin belə müraciətinin məqsədi isə ölkədə filtersiz siqaretlərin istehsal edilməsinin ləğvi ilə bağlıdır. Belə ki, nazirliyin nəzdində olan lisenziyalaşdırma idarəsinin rəisi Mübariz Süleymanovun dediyinə görə, hazırda 10 kiçik sexin və 7 müəssisənin istehsal etdiyi filtirsiz siqaretlərin satışa buraxılması üçün icazə verilməsi barədə sənədlər daxil olub. Filtirsiz siqaretlərin qadağan olunması isə onunla izah olunur ki, filtir insan orqanizminə daxil olan nikatinin 60-70 faizə qədərini özündə saxlaya bilir. Ancaq filtirsiz siqaretlərdə isə nikatinin 97 faizi insanın ağ ciyərlərinə dolur.
|