Ana sehife

Duqlas Kouplend. X nesil
IKS NƏSLİ
(roman)

Alış-veriş iş deyil ki, qürrələnəsən

Əvvəli ötən saylarımızda

Bürküdən taqətsiz olan itlər "saab"ın kölgəsində uzanıb dal ayaqlarını oynada-oynada xəyallarındakı dovşanları qovurlar. Deqlə mən itlərin yaxınlığında, nəşəli-koma halında və yaxşı "dinləyici" əhval-ruhiyyəsindəyik. Kler öz hekayəsini danışmağa başlayır. Hekayətin "Texlaxoma əhvalatları" sırasından olmasını sevinclə qarşılayırıq; Texlakoma - bizim bir çox hekayələrimizdə cərəyan edən hadisələrin baş verdiyi düşünülmüş dünyadır. Bu, vətəndaşları "Seven-Eleven" mağazalarındakı işindən daim qovulmağa məhkum kədərlilər Diyarıdır; onların övladları narkotiklərlə məzələnir və yerli gölün sahilində ağlı başdan çıxaran yeni dəbli rəqslərə yiyələnməkdən ötrü məşqlər edirlər, habelə kimyəvi maddələrdən zəhərlənmiş sudan bədənlərinin yanıqlarını nəzərdən keçirə-keçirə böyüyüb dövlətdən vəsait qoparacaqları zamanların xəyalıyla yaşayırlar.

Texlaxomalılar dükanlardan üçqəpiklik əldədüzəlmə ətriyyatı qapır və şükran bayramında ənənəvi şam masası arxasında bir-birlərini təbrik edirlər. Burda yeganə xoşagələn şey texlaxomalıların qürur duyduğu - küt prozaik taxıl əkinidir; qanunla bütün vətəndaşlar maşınlarının bamperlərində bu yazını yapışdırmalıdırlar: "Fermerlər olmasa - yemək də olmaz". Həyat darıxdırıcıdır, amma hərdən bu həyatın öz sevincləri də olur. Yaşlı əhali kamod yeşiklərində bir qalaq necəgəldi tikilmiş al rəngli "seksual" alt paltarı saxlayır. Tuman və elektroqıcıqlandırıcılar Koreyadan raketlə gətirilir - niyə raketlə, ona görə ki, Texlaxoma yerin ətrafında uçan asteroiddir. Burda əbədi 1974-cü il, neft krizisindən sonrakı birinci il, Amerika Birləşmiş Ştatlarında real əməkhaqqının yerində saydığı vaxtdır. Atmosfer kislorod, cırbıt və orta diapozonlu radio dalğalardan ibarətdir. Məzəyçün bir gün burda qalmaq da olar, amma sabahısı hara gəldi qaçarsan.

Bir sözlə, dispozisiya aydındır, keçək Klerin hekayətinə.

- Bu hekayət Bak adlı astronavt haqqındadır. Bir dəfə necə oldusa, Bakın idarə etdiyi kosmik gəmi onun sözünə baxmadı və o, Texlaxomada Monro ailəsinin şəhər kənarındakı həyətində yerə enməyə məcbur oldu. Əngəl ondan ibarətiydi ki, gəmi Texlakomanın cəzbini nəzərdən qaçırmışdı - yerdəki müdiriyyət Bakı bu asteroidin varlığından xəbərdar etməyi unutmuşdu.

- Həmişə belə olur, - Bakı kosmik gəminin yanından yelləncəklərin qarşısıyla evə ötürən missis Monro qeyd etdi, - Kanaveral burnunda bizi tamam unudublar.

Günortaydı. Missis Monro Baka kalorili isti nahar təklif etdi: göbələk sousunda küftə və konservləşdirilmiş qarğıdalı. Missis Monro qonağın gəlişindən məmnun idi; onun üç qızı işdəydi, əri isə xırmana getmişdi.

Nahardan sonra o, Bakı qonaq otağına, birlikdə televiktorinaya baxmağa də’vət etdi.

- Əslində bu vaxtlar qarajda əzvaydan hazırlanan kosmetikanın invertarizəsinə məşğulam. Amma son zamanlar nəsə alver getmir.

Bak başını tərpətməklə həmrəylik bildirdi.

- Öz astronavt karyeranızı bitirdikdən sonra əzvay məhsullarının alverinə girişmək barədə düşünməmisiz ki?

- Xeyr, mem, - Bak dedi, - düşünməmişəm.

- Bir fikirləşin, əsas öz başçılığın altda bir qrup satıcılar şəbəkəsini yaratmaqdır. Gözüvü qırpmağa macal tapmamış daha işləməyivə ehtiyac olmayacaq. Otur özünçün, pul kəs.

- Mmm, həə, Allah kəssin, - deyib, daha sonra Bak qonaq otağındakı masanın üstdə iri konyak rumkasının içindəki suvenir kibrit qutuları kolleksiyasını xoş sözlərlə təriflədi.

Bu yerdə gözlənilməz hadisə baş verdi. Missis Monronun gözləri qarşısında Bak yaşıl rəng almağa başladı, başı dördbucaqlı şəklə düşüb Frankenşteynin başı kimi damarlarla örtüldü. Bak (əlinin altında olan yeganə şey) balaca cib güzgüsünə baxdı və nə baş verdiyini o dəqiqə anladı; bunlar kosmosdan zəhərlənmə simptomları idi. İndi o, qorxunc bir şeyə çevriləcək və tezliklə az qala əbədi sürəcək hərəkətsizliyə düçar olacaqdı.

Missis Monro isə düşündü ki, onun küftələri xarab olubmuş, öz kulinar səhvi ucundan astronavtın təkcə gözəl xarici görkəmini deyil, bəlkə karyerasını da məhv edib. O, Bakı yerli xəstəxanaya aparmağı təklif etsə də, Bak e’tiraz etdi.

- Bəlkə elə-belə yaxşıdı, - missis Monro razılaşdı, - onsuz da xəstəxanada peritonitə qarşı vaksindən və xilasedicilərin istifadə etdikləri metalkəsən qayçıdan savayı heç nə olmur.

- Siz mənə uzanmağa bir yer göstərin, - Bak xahiş etdi, - mən kosmosdan zəhərlənmişəm, bir neçə dəqiqədən sonra bədənim soyuyacaq, deyəsən, bir müddətdən sonra mənə qulluq eləmək lazım gələcək. Siz mənə qulluq eləməyə söz verirsiz?

- Əlbəttə, - pis reputasiyadan qurtulduğuna sevincək olan missis Monro cavab verdi. Bak dərhal divarları yarıyacan taxta əvəzi qalın kartonla örtülmüş sərin zirzəmi otaqla təmin olundu. Otaqda kitab rəfləri missis Monroya məxsus idman prizləri və onun qızlarının oyuncaqları; Snupi adlı bir qalaq oyuncaq itlər, Cem adlı gəlinciklər, plasmas "möı’cüzə peç"lər və Nensi Dryu adlı xəfiyyə qız haqqındakı kitablarla doluydu. Bakın çarpayısı dar və balaca, uşaq çarpayısı idi - çəhrayı rəngli krujevalı mələfələrlə örtülmüşdü. "Fortrel" firmasının bu mələfələri elə qoxuyurdu ki, elə bil uzun illər sekond-hənddə atılıb qalmışdı. Çarpayının qabaq söykənəcəyində Holli Hobbi, Veronika Loc və Betti Kuperin şəkilləri yapışdırılmışdı. Deyəsən, bu şəkilləri sonradan qoparmaq istəmiş, amma heyfləri gəlmişdi. Aşkar görünürdü ki, otaqdan çoxdandı istifadə olunmur, amma Bak üçün nə fərqi. Təki dərin bir yuxuya gedib, hər şeyi unudaydı. Elə də elədi.

Monronun qızlarının qonaq otağında dərin uyğuya dalan qorxunc astronavtın olduğunu biləndə necə sevindiklərini təsəvvür eləmək çətin deyil. Bir-birinin ardınca Arlin, Darlin və Sirina zirzəmiyə enib köhnə uşaq çarpayısında yatan Baka tamaşa edirdilər. Hələ də özünü Bakın xəstələnməsində günahkar bilən missis Monro qızlarını ona tamaşa eləməyə qoymadı və onları otaqdan qovdu. Axır ki, həyat öz axarına döndü. Darlin və Sirina əvvəlki kimi yerli dükanın ətriyyat şöbəsindəki işlərinə gedir, missis Monronun əzvay biznesi son zamanlar canlandığına görə tez-tez o da qonağı tərk etməli olurdu. Mister Monro hələ xırmandan qayıtmamışdı. Və buna görə Bakın qayğısını çəkmək təzəliklə "Seven-Eleven" mağazasından qovulmuş evin böyük qızı Arlinin üzərinə düşdü.

- Yeməyinə yaxşı fikir ver, - "bonvil"in yerindən tərpənməsiylə duzdan yeyilmiş mavi oturacağından missis Monronun çığırmağı bir oldu. Arlin əlini yelləyib, vanna otağına keçdi, öz açıq, tel-tel boyanmış saçlarını daradı. Üzünə cəlbedici makiyaj yaxdı, (kosmosdan zəhərləndiyinə görə) gündə yalnız bir kərə, o da yarım saatlığına yuxudan ayılan Bak üçün nəisə ləzzətli bir yemək düzüb-qoşmaq dalınca mətbəxə cumdu. O, Vyana sosislərini bişirdi, tikələrə doğradı, hər birini diş qurdalayan çöpcüklərə taxıb üzərini narıncı rəngli balaca pendir kublarıyla bəzədi. Sonra zövqlə onları yerli ticarət mərkəzi "Sintvid"in loqotipi şəklində sağ tərəfə daha çox əyilmiş "S" hərfi kimi düzdü. Yerli qəzet bir neçə əsr öncə mərkəzin açılışını "Gələcəyin qaranquşu" deyə təqdim eləmişdi, o vaxt da indiki tək 1974-cü iliydi. Dediyim kimi, Texlaxomada bu, əbədidi; heç olmaya, tarixi xronikaların yarandığı andan bəri. Məsələn, Yerdə ticarət mərkəzləri yenilikdi. Texlakomalıları isə bu mərkəzlər milyon illərdi ki, krasovkalar, ucuz bijuteriya və gülməli təbrik açıqcaları ilə təmin edir.

Belə. Arlin əlində nimçə zirzəmiyə cumdu. Kreslonu çarpayıya yaxın çəkib əyləşdi və özünü kitab oxuyurmuş kimi göstərdi. Günortadan bir saniyə sonra yuxudan ayılan Bak yanında kitab oxuyan qızı gördü və heç şübhəsiz, onu ideal gözəl hesab elədi. O ki qaldı Arlinə, məlum məsələdir, lap Bak qorxunc Frankenşteynə bənzəsə belə, romantik genez ürəyinin ritmini yüngülcə oynatdı.

- Mən acam, - Bak Arlinə dedi. O isə cavabında:
- Mənim sosisli-pendirli kababımdan yeməzsiz ki? Keçən il bu kabablar Klem dayının yasında yaman yeyilirdi, - söylədi.
- Yasında? - Bak soruşdu.
- Hə, onun kombaynı məhsul yığımı zamanı çevrilmişdi. İki saat kabinənin içində əliqayçılı xilasediciləri gözləyib. O, vəsiyyətini kabinənin damında qanıyla yazmışdı.

Bu andan e’tibarən ümumi dil tapdılar, tədricən aralarında məhəbbət yarandı. Amma bu işdə bir əngəl vardı ki, bu da kosmosdan zəhərlənən Bakın hər dəfə yeməyini yeyəndən sonra yuxuya getməsiydi. Bu, Arlini çox kədərləndirirdi.

Nəhayət ki, bir dəfə yarıxulu Bak Arlinə dedi:

- Arlin, mən səni çox sevirəm. Sən necə, məni sevirsənmi? Şübhəsiz, Arlin cavab verdi ki, hə. Onun cavabında:
- Mənə kömək etmək üçün riskə getməyə razılaşarsan? Biz birlikdə olarıq və mən sənə Texlaxomanı tərk etməyə kömək edərəm.

Arlin hər iki təklifdən sevindi və cavab verdi: "Hə, hə." - Və Bak nə etmək lazım olduğunu ona başa saldı. Aydındır ki, sevən qadından ayrılan dalğalar kosmik gəminin göyə qalxması üçün lazım olan tezlikdəydi. Əgər Arlin onunla gəmiyə qalxsa, onlar uçacaq və Bak Aydakı bazada zəhərlənmədən müalicə oluna biləcək.

- Mənə kömək edərsən, Arlin?
- Əlbəttə, Bak.
- Bir əngəl var.
- Nədi ki? - Arlin quruyub-qaldı.
- Bilirsən, biz uçduğumuz gəmidə hava ancaq bir nəfərə çatar. Qorxuram ki, sən havasızlıqdan öləsən. Bağışla. Amma əlbəttə ki, Aya çatdığımız zaman mən səni e’tibarlı cihazın köməyilə dirildəcəm. Ona görə də əslində qorxulu heç nə yoxdu.

Arlin Baka baxdı. Yanağından bir damcı yaş süzülüb dodağından dilinə dəydi və sidik kimi duzlu göründü.

- Məni bağışla, Bak, mən bunu eləyə bilmərəm. - Arlin dedi və onu da əlavə etdi ki, indən belə görüşməsələr, yəqin bu, onların hər ikisi üçün daha yaxşı olar. Mə’yus, amma təəccüblənməyən Bak yenidən yuxuya getdi. Arlin isə yuxarı qalxdı.

Xoşbəxtlikdən həmin gün ailənin kiçik qızı Darlini ətriyyat şöbəsindən qovdular. İndi daha o Baka qulluq edə bilərdi. Arlinsə qəlyanaltıxanaya işə düzəldi. Ona görə də onun Baka hətta öz pərtliyindən danışmağa belə vaxtı yoxuydu.

Bak çox mə’yus, Darlinin isə asudə vaxtı çox olduğundan yeni sevginin çırtlaması üçün cəmi bir neçə dəqiqə lazım oldu. Bir neçə gündən sonra Bak bizə mə’lum təkliflə Darlinə müraciət etdi: "Mənə kömək elə, mən səni dəlicəsinə sevirəm."

Amma elə ki, Bak gəlib Darlinin öləcəyi məqama çatdı, o da bacısı kimi dəhşətdən quruyub-qaldı.

- Bağışla Bak, mən bunu eləyə bilmərəm. - Eynən Arlinin söylədiyi sözlərlə anlatdı ki, artıq Baka qulluq eləməsə, daha yaxşı olar. Kədərlənən, lakin bir damcı da olsun təəccüblənməyən Bak yenidən yuxuya getdi, Darlin isə yuxarı qaçdı.

Hər şeyin təkrar olunduğunu deməyə ehtiyac varmı? Darlin yol kənarındakı kafelərdən birinə işə düzəldi, ortancıl bacı Sirina isə bu vaxt "Vulvort"dakı şöbəsində işindən qovuldu; indi də zirzəmidə təbərrik deyil, ağır yük olan Bakın qayğısını çəkmək onun üzərinə düşdü. İtə yemək vermək növbəsi üstə uşaqlar arasında mübahisə düşər-ha, bax elə. Bir dəfə günortaüstü Sirina nahar yeməyi gətirəndə Bak bir bunu deyə bildi:

- Ay Allah, qızlar, birinizi də qovdular? Görəsən, niyə işdə qərar tuta bilmirsiz?

Sirina incimədi:

-Bu elə-belə, cüzi qazanclardı, - dedi. Mən rəssamlıq sənətini öyrənirəm. Nə vaxtsa elə bir rəssam olacam ki, Nyu-Yorkdan, "Leo Kastelli" sənət qalereyasından mister Leo Kastellinin özü mənim dalımca xilasedici ekspedisiya yollayacaq və məni Allahın da unutduğu bu asteroiddən aparacaq. - Və bir nimçə çiy kərövüzlü kökü Bakın sinəsinə dürtüb dedi: - Kərövüz ye və az çərənlə. Deyəsən, sellülözün çatmır.

Beləliklə, Bak əgər əvvəllər vurulduğunu düşünürdüsə, indi anlamışdı ki, öz-özünü aldadırmış və onun Həqiqi məhəbbəti Sirinaymış. Sonra bir neçə həftə öz yarım saatlarının ləzzətini çıxara-çıxara Sirinaya kosmosdan səmanın necə göründüyündən danışır və qızın əgər planetləri görsəydi, onları necə çəkərdi kimi söhbətlərinə qulaq asırdı.

- Mən sənə səmanı göstərərəm. Sənsə Texlaxomanı tərk etməyə kömək edərsən. Əgər mənimlə uçmağa razılıq versən, Sirina, sevgilim, - deyə Bak qaçış planını danışıb-qurtardı. Sirina biləndə ki ölməlidi, sadəcə bunu dedi: "Anlayıram".

Ertəsi günü Bak yuxudan ayılan kimi Sirina onu çarpayıdan qaldırdı və yuxarı apardı; yolda Bakın toxunub yerə saldığı çoxdan çəkilib çərçivəyə salınmış ailə şəkilləri ayaq altda qalırdı. "Dayanma, - deyirdi Bak, - vaxt keçir".

Boz, soyuq bir gün idi; Sirina Bakı saralmış çəməndən keçirib gəmiyə gətirdi. İçəridə əyləşib qapıları örtən kimi Bak var gücüylə mühərriyi işə saldı və Sirinanı öpdü. Həqiqətən də Sirinanın sevən ürəyindən ayrılan dalğalar gəmini göyə qaldırdı və gəmi Texlaxomanın cazibə dairəsindən çıxdı. Havasızlıqdan huşunu itirib ölməzdən öncə Sirina Bakın çəhrayıyanaq gənc astronavtı gizləmiş çöhrəsindən Frankenşteynin açıq-yaşıl kərtənkələ dərisinin parça-parça qopub cihaz lövhəsinin üstünə töküldüyünü, çöldə isə qara fonda üstü süd damlaları - ulduzlarla ləkəli açıq-mavi yumurta-Yerin parıldadığını gördü.

Bu arada aşağıda Texlaxomada işdən qovulmuş Arlin və Darlin evə qayıdırdılar - həmin dəm idi ki, onların bacısı stratosferdə qeyb olub arxasınca yalnız uzun, ağ bir iz qoymuşdu. Evə girməyə halları olmadığından yelləncəyə əyləşib gəmidən qalan izin itdiyi nöqtəyə baxır, zəncirlərin cırıltısına və preri üzərində əsən küləyin vıyıltısına qulaq kəsilmişdilər.

- Yəqin anlamamış olmazsan, - Arlin dedi, - Bakın bizi diriltmək barədə verdiyi vədlər it nəcisinə belə dəyməzdi.

- Bilirəm, əlbət ki, - Darlin cavab verdi. - Amma yenə də bərk paxıllığım tutur; nə edəsən ki, yazılana pozu yoxdu.

- Hə, yoxdu.

Və iki bacı hava qaralanadək Yerin soyuq parıltısı fonunda yelləndilər; - kim daha hündürə? - deyib-yarışdılar.

Ardı var

Copyright © by Media LTD,2001 E-mail:webmaster@media-az.com