Aləm

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#88(312)
Yol ayrıcında
Tə’sir əks-tə’sirə bərabərdir
Taliban yumşalır
QİÇS can verir
Buş bacarığını həkimlikdə sınayır
Ağ eləmə!


Yol ayrıcında
  London silahsızlaşdırma planı üzərində baş sındırır

Olster yunionistlərinin rəhbəri Devid Trimbl bəyan edib ki, hələlik respublikaçılar Şimali İrlandiya sülhünün qorunub saxlanması üçün bütün imkanları itirməyiblər. Trimblın fikrincə, bunun üçün respublikaçılardan bircə şey tələb olunur. O da silahların təhvil verilməsidir.
Yunionistlərin çıxışından belə anlaşılır ki, ingilispərəstlərin əsas məqsədi silahsızlaşdırma planının onlara sərf edən şəkildə islah edilməsidir. Nə qədər ki, bu planın təfərrüatları Londonun tələbləri ilə üst-üstə düşmür, Birləşmiş Krallıq yunionistlər vasitəsilə, ya da birbaşa sülh danışıqlarını pozacaq. Mərkəzləşmə tərəfdarları bunun üçün müəyyən təzyiqlərə də getməyə hazırdır. Hər halda Trimblın aşağıdakı sözlərini daha çox Londona təklif deyil, İrlandiyanın müstəqilliyi tərəfdarlarına hədə-qorxu kimi dəyərləndirmək daha düzgün olardı: "İrlandiya respublika ordusu (İRO) silahlar məsələsinə münasibətində köklü dəyişiklik yaratmasa, Böyük Britaniya hökuməti Şimali İrlandiya Assambleyasını müəyyən müddətə buraxmaq haqda qərar qəbul etməlidir. O zaman bu məsələləri araşdırmaq və silahsızlaşdırmaq problemləri ilə dərindən məşğul olmaq üçün respublikaçıların daha çox vaxtı qalar". Hiss etmək çətin deyil ki, Trimblın məqsədi respublikaçıların iş qrafikini yox, sıralarını seyrəltməkdir.
Xatırladaq ki, İRO srağagün silahsızlaşdırma ilə bağlı planı açıqlayıb. Bu plan ordunun silahsızlaşdırılmasının skeletidir, burada bəlkə də illəri əhatə edə biləcək tədbirin mərhələlərlə həlli yolları, bu etapların ardıcıllığı göstərilib. Əslində yunionistlərin lideri bu çıxışı ilə respublikaçıların yeni planına münasibətini ortaya qoyub. Mərkəzçilər hesab edirlər ki, yeni silahsızlaşdırma planında mərhələlərin təfərrüatı düzgün izah edilməyib və sənəd "çiy"dir, onu ciddi qəbul etmək, danışıqlar masasının üzərinə qoymaq olmaz.
Göründüyü kimi, əslində İRO danışıqların davam etdirilməsi və keyfiyyətcə daha sıx əməkdaşlıq səviyyəsinə nail olmaq üçün lazım olan şəraitə daha yaxın məxrəcdə manevr edir. Hətta belə bir fikir mövcuddur ki, bu yaxınlıq "təhlükəli" həddə çatıb - "Şinn Feyn"in ortaya qoyduğu təkliflər onun həyata keçirməyə hazır olmadığı planlardır. Guya, İRO-nun belə tələm-tələsik tərksilah edilməsi müstəqillik tərəfdarlarının siyasi rəhbərliyinin imicinə ciddi zərbələr vura bilər (bu düşərgədə əksəriyyət hesab edir ki, silahsızlaşdırma 1998-ci il razılaşmasının - "Müqəddəs Cümə"nin həyata keçirilməsinin şərti yox, təbii nəticəsi olmalıdır) və "Şinn Feyn" çeynəyə biləcəyindən xeyli böyük tikə dişləyib. Bəs Cerri Adams komandasının İRO-nun tərksilah edilməsi ilə bağlı yeni təkliflər irəli sürməsinin səbəbi nədir? Əslində İRO və onun siyasi qanadı olan "Şinn Feyn" Londonun yeni təkliflərə qısqanclıqla yanaşdığını və heç vaxt onu qəbul etməyəcəyini bildiyinə görə bu amildən yararlanmaq, beynəlxalq səviyyədə hakim olan separatçı imicini əvəzləməyə çalışır. Mə’lumdur ki, Böyük Britaniya nüfuzundan istifadə edərək milli və dini münaqişələrin həll edilməsində əsas götürülən beynəlxalq sənədlərin qəbul edilməsində Şimali İrlandiya azadixahlarının "terrorçu" və "separatçı" adlandırılmasına nail olub. Böyük Britaniya danışıqlara başlamaq üçün silahsızlaşdırmanı əsas şərt kimi ortaya qoyub. İRO bu tədbiri beynəlxalq müstəviyə çıxarmaq istəyir - ordunun rəhbərliyi yalnız bu il Şimali İrlandiyada silahsızlaşdırma üzrə xüsusi komissiyanın ekspertləri ilə səkkiz uğurlu görüş keçirib. Komissiyanın şefi Con de Şasteleyn dəfələrlə qeyd edib ki, silahsızlaşmanın bu tempi bütün paytaxtları qane edəcək qədər sür’ətlidir və aradan ötən müddət ərzində onun rəhbərlik etdiyi qrupla İRO arasında heç bir anlaşılmazlıq və ya cığallıq halları qeydə alınmayıb. Möhürlənmiş silah anbarlarıdan heç biri təzədən açılmayıb. İstər-istəməz Şimali İrlandiya vətənpərvərlərinin nüfuzu artır. Böyük Britaniyanın cığallığı isə getdikcə daha çox mühakimə olunur. London və onun yerli dayaqları silahsızlaşdırma planını rədd etsə, bu daha çox "Şinn Feyn"ə sərfəli olacaq.
Hamı bir daha açıq şəkildə görəcək ki, London qarşı tərəfi silahsızlaşdırmaya də’vət etdiyi halda regionda Britaniya hərbi kontingentini, polisin səlahiyyətlərini azaltmaq haqqında düşünmək belə istəmir. Ona görə də hazırda Britaniya və onun maraqlarına xidmət edən yunionistlər yol ayrıcındadırlar. Yaxın günlər Londonun bu təhrikə baş qoşacağını, yoxsa Cerri Adamsın "dilindən tutacağını" göstərəcək. ÿ

Tə’sir əks-tə’sirə bərabərdir
  Makedoniya ordusunun son hücumları bölgədə vəziyyəti daha da ağırlaşdırıb

Makedoniyada vəziyyət son dərəcə gərginləşib. Yerli informasiya kanalları Tetovo şəhəri və ona bitişik rayonlarda hökumət qoşunları ilə alban yaraqlıları arasında qanlı toqquşmaların yenidən şiddətləndiyini xəbər verirlər.
Toqquşmalar əvvəllər itirilmiş əraziləri öz nəzarəti altına almaq istəyən hökumət qoşunlarının ciddi hərbi əməliyyatlara başlamasından sonra daha da güclənib. Avropa Birliyinin Makedoniyadakı xüsusi elçisi, qarşıduran tərəflər arasında sülh razılaşmasının əldə edilməsi üçün vasitəçilik edən Fransua Leotarın sözlərinə görə, o, həmin sənədin tezliklə imzalanacağına ümid etmir. Dünən cəhbə bölgəsində alban yaraqlılarının pusqusuna düşərək həlak olmuş 10 makedoniyalı əsgərin dəfn mərasimi keçirilib. Bu hadisədən sonra Makedoniya Silahlı Qüvvələri Baş Qərargahının komandanı, ordu generalı Pande Petrovski vəzifəsindən iste’faya göndərilib.

Taliban yumşalır
  Bu ölkədə xristianlara donuz əti yeməyə icazə verilib

Əfqanıstanda hakim olan Taliban hərəkatı ölkədə çalışan əcnəbilərin davranışını tənzimləyəcək yeni, 14 saylı dekretin mətnini açıqlayıb.
BBS-nin yerli müxbirinin mə’lumatına görə, dekret ilkin variantına nisbətən xeyli yüngülləşdirilib. Xatırladaq ki, əvvəllər əcnəbilərə Əfqanıstanda donuz əti yemək və spirtli içkilər qəbul etmək, eləcə də musiqiyə qulaq asmaq yasaq idi. Hətta bu tələblərin yerinə yetirilib-yetirilməməsini yoxlamaq üçün taliblər xaricilərin yaşadıqları evlərdə mütəmadi reydlər keçirirdilər. Yeni qanuna görə, əcnəbilər yalnız ictimai yerlərdə müsəlman qayda-qanunlarına əməl etməlidirlər. Bundan sonra onlara öz evlərində donuz əti yemək, spirtli içki içmək və sakit səsli musiqiyə qulaq asmağa icazə verilib.

QİÇS can verir
  Bu dəfə ABŞ və Britaniya laboratoriyalarında

Böyük Britaniya və ABŞ alimləri immun çatışmazlığı yaradan virusun insan orqanizminin toxumalarına daxil olmasının qarşısını ala biləcək yeni zülalın strukturunu yaradıblar.
Alimlər güman edirlər ki, onlar bu yolla QİÇS-ə qarşı səmərəli vaksin hazırlaya biləcəklər. Alimlərin dediyinə görə, yeni zülal QİÇS virusunu dövrəyə alaraq onun formasını dəyişir. Beləliklə, zülalla birləşən virus insan toxumalarının divarını dəlib keçmə xüsusiyyətini itirir və orqanizm üçün təhlükəsiz varlığa çevrilir. İmmun çatışmazlığı yaradan virus qan toxumalarının bə’zi növlərinə yoluxdurularaq, genlərdə yoluxucu xəstəliklərə olan müqaviməti neytrallaşdırır. QİÇS bəşəriyyətin bütün tarixi ərzində ən ciddi yoluxucu xəstəliklərdən sayılır. Alimlərin son tapıntısı olan bu zülal digər yoluxucu xəstəliklərin yayılmasının qarşısını ala bilər.

Buş bacarığını həkimlikdə sınayır
  ABŞ prezidenti Parkinson xəstəliyinin müalicəsi yollarını göstərir

Corc Buş ötən gün bəyan edib ki, ABŞ müəyyən məhdudiyyətlər qoyulması şərtilə insan embrionları toxumaları üzərində elmi eksperimentləri maliyyələşdirəcək.
ABŞ prezidentinin fikrincə, embrion toxumaları ilə aparılan eksperimentlər alimlərə Altsqeymer və Parkinson kimi sağalmaz xəstəliklərə qarşı dərman hazırlamağa imkan verəcək. Ağ Evin indiki sahibinin bu qərarı ölkəsində birmə’nalı qarşılanmayıb. Katolik kilsəsi, ABŞ-ın mühafizəkar və fundamentalist təşkilatları insan embrionları üzərində sınaqların aparılmasına qarşı kəskin mövqe tutublar.

Ağ eləmə!
  "Phillir Morris" müştərisinin 3 milyard dollarlıq iddiası baş tutmadı

Kaliforniya məhkəməsi ağ ciyər xərçənginə tutulmuş Riçard Bokenə "Phillir Morris" tütün şirkətinin verməli olduğu cərimənin məbləğini xeyli azaldıb. Xatırladaq ki, hələ iyul ayında məhkəmənin çıxardığı qərara görə, "Phillir Morris" şirkəti 3 milyard ABŞ dolları həcmində cərimə ödəməli idi.
Bu, indiyə kimi bir iddiaya görə kəsilən ən böyük cərimə sayılırdı. İndi isə bu məbləğin həddən artıq izafi olduğunu bildirən Kaliforniya məhkəməsi kompensasiyanın həcmini 100 milyon dollaradək azaldıb. "Phillir Morris" şirkəti siqaretin insan orqanizminə zərərli olmasını gizlətməkdə günahkar bilinib. ÿ

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd