Reportaj

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#88(312)
"Azərbaycan soyuqqanlı olmalıdır"
"Heç nə sübut edə bilməyiblər"
"Şeyxi təhqir etmək yolverilməzdir"
"Əli Kərimov söz verib"
Türkmənistan gəmilərimizə hücum edib


"Azərbaycan soyuqqanlı olmalıdır"

İqtidaryönlü partiyaların siyasi bloku kimi fəaliyyət göstərən Məşvərət Məclisinin (MM) İranın Bakıdakı səfiri Əhəd Qəzai ilə görüşmək cəhdləri nəticəsiz qalıb. Məsələ ilə bağlı "Bizim ƏSR"ə açıqlama verən AVP-çi millət vəkili Zahid Oruc bildirib ki, səfirlik müxtəlif bəhanələrlə görüşdən yayınmağa çalışır: "Görüş barədə razılaşma olub. Amma qarşı tərəfdən belə fikirlər səslənib ki, bu görüş İranın xarici işlər nazirinin Bakıya səfərindən sonra həyata keçirilsin. Təəssüf ki, səfirlik görüşün vaxtını uzatmağa çalışır".
Millət vəkili əlavə edib ki, görüş baş tutarsa, MM-ə daxil olan partiyalar İran səfirinə son vaxtlar regionda baş verən hadisələrlə bağlı mövqelərini çatdıracaqlar. "Bizi son vaxtlar ona görə qınayırdılar ki, Məşvərət Məclisi Azərbaycandakı ictimai-siyasi proseslərə tə’sir göstərə bilmir, hadisələrin arxasınca sürünür. Bu baxımdan, səfirin Məşvərət Məclisinə də’vət olunması təqdirəlayiq haldır. Ancaq bu, heç də Azərbaycan iqtidarının mövqeyi kimi qəbul olunmamalıdır. Məşvərət Məclisinə daxil olan partiyalar özləri bu təşəbbüslə çıxış ediblər və səfirə kəskin e’tirazlarını bildirəcəklər. İranın son dövrdəki aqressiv siyasətini pisləyəcəyik", - deyə, Zahid Oruc bildirib.
İranın son addımlarını şərh edən AVP funksioneri qeyd edib ki, bu dövlətin güc nümayişi indiki halda daha çox Qərbə qarşı yönəlib: "Azərbaycanın bölgədə çox nüfuzlu bir dövlətə çevrilməsi, geopolitik mövqeyinə görə diqqət mərkəzində olması İranı çox ciddi narahat edir. Bu mə’nada Qərbin də Azərbaycanda və Cənubi Qafqazdakı siyasətinin getdikcə genişlənməsi uzun müddət bölgədə dominantlıq etmiş qüvvələri ciddi narahat edir. İranın güc nümayişi əslində Azərbaycandan da çox, Qərbə, geopolitik toqquşmalara bir mesajdır. Biz istəməzdik ki, Azərbaycan geostrateji maraqların poliqonuna çevrilsin. Hərçənd İranın bundan sonra da Azərbaycanın Qərbyönümlü siyasətinə qarşı ciddi addımlar atacağı istisna olunmur. Nəzərə alsaq ki, İran bir çox ölkələrdə dəhşətli terror hadisələri törədib, analoji situasiyanın hətta Azərbaycanda da təkrarlanacağı istisna olunmur. Bu dövlətin beynəlxalq terrorizmə yardımçı olduğunu Qərbdə də çox yaxşı bilirlər".
Millət vəkilinin fikrincə, Azərbaycan proseslərə soyuqqanlı yanaşaraq yeni hərbi münaqişəyə getməməlidir: "Son addımlar bir tərəfdən Azərbaycanı güzəştə məcbur etmək, digər tərəfdən, İranın daxilindəki hərəkat rüşeymlərinin qarşısını almaq məqsədinə hesablanıb. Burada Azərbaycanı hərbi qarşıdurmaya cəlb etmək niyyəti də aydın görünür. Odur ki, Azərbaycan tərəfi bu məsələdə son dərəcə soyuqqanlı olmalıdır".

"Heç nə sübut edə bilməyiblər"
Narkotik və psixotrop maddələrin saxlanılmasında ittiham olunan XVİP sədri, azərbaycanlı biznesmen Füzuli Məmmədov (Frenk Elkaponi) barəsində seçilmiş həbs qəti imkan tədbirinin vaxtı bir ay da uzadılıb. Bu barədə partiya funksioneri İlham Məmmədli müxbirimizlə söhbətində bildirib.
Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları Məmmədova qarşı irəli sürülən ittihamları sübuta yetirə bilmədiklərinə görə, belə bir addım atmağa məcbur olublar: "İstintaqçılar bu iki ay müddətində Füzuli Məmmədovun günahkar olduğunu təsdiqləyən heç bir fakt ortaya qoya bilməmişdilər. Ona görə də bizdə elə qənaət yaranmışdı ki, onun barəsində seçilmiş həbs-qəti imkan tədbiri dəyişdiriləcək. Ancaq heç bir sübutun olmamasına baxmayaraq həbs-qəti imkan tədbirinin vaxtı qanunsuz olaraq bir ay da uzadılıb. Bu fakt onun həbsinin sifarişli olduğunu bir daha təsdiqləyir".
İstintaq işinin obyektiv aparılmadığını bildirən İlham Məmmədli əlavə edib ki, bununla belə, vəkilləri Füzuli Məmmədovun günahsızlığını sübut etmək əzmindədirlər: "İndiyə qədər hadisənin iştirakçıları, cangüdənlər, sürücülər danışdırılmayıb. Füzuli Məmmədovdan heç bir izahat alınmayıb, ona həbsinin səbəbləri barədə rəsmi mə’lumat verməyiblər. Faktiki olaraq onu bu gün Rusiya hüquq-mühafizə orqanlarının sifarişli girovu adlandırmaq olar. Lakin vəkillər ciddi iş aparırlar. Hələ ki, Rusiya hüquq-mühafizə orqanları Füzuli Məmmədovun günahkar olduğunu sübut edə bilməyiblər. Yəqin ki bu bir ayda da heç nəyə nail ola bilməyəcəklər".
XVİP funksionerinin sözlərinə görə, Füzuli Məmmədovun tərəfdarları Moskvada mütəmadi olaraq kütləvi aksiyalar keçirirlər. O hesab edir ki, partiya sədri Moskvada həbs olunduğundan, Bakıda eyni aksiyaları təkrarlamağa ehtiyac yoxdur: "Beynəlxalq təşkilatlara müraciətlər isə hər gün davam edir".

"Şeyxi təhqir etmək yolverilməzdir"
Elçin Qəmbərov: "Jurnalistlər peşə etikasına riayət etməlidir"

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin "E’timad" qəzetində təhqirə mə’ruz qalması ölkənin siyasi palitrasında da narazılıq doğurub. Məsələ ilə bağlı mövqeyini açıqlayan VBP sədrinin müavini Elçin Qəmbərov ali dini rəhbərə qarşı belə sayğısız münasibətin yolverilməz olduğunu deyib.
Bununla belə, partiya funksioneri problemin hüquq çərçivəsində həllinə tərəfdar olduğunu söyləyib: "Təəssüf ki, bir sıra jurnalistlər etik normalara əməl etmədiyindən, hadisələr yaxşı sonluqla nəticələnmir. Bununla belə, hesab edirəm ki, baş vermiş münaqişə məhkəmə yolu ilə həll edilməlidir və günahkar cəzasını almalıdır. Eyni zamanda, yaranmış insidentdən kiminsə sui-istifadə etməsi yolverilməzdir".
Elçin Qənbərov əlavə edib ki, mətbuat Şeyxlə bağlı yazılarda ehtiyatlı olmalıdır: "Unutmayaq ki, ona qarşı atılan hər hansı düşünülməmiş addım düşmən dəyirmanına su tökməyə xidmət edir. Arzu edərdim ki, KİV-də çalışan jurnalistlər peşə etikasına riayət etsinlər və belə hallara yol verməsinlər".

"Əli Kərimov söz verib"
Qüdrət Həsənquliyev: "Bu sazişdən nə AMİP, nə də AXCP qazanacaq"

AXCP (islahatçılar) Ali Məclisinin sədri Qulamhüseyn Əliyevin sağ-mərkəzçi partiyaların prezident seçkilərində vahid namizədlə çıxış etməsi siyasi dairələrdə müxtəlif söz-söhbətlərə rəvac verib. Söylənilənlərə görə, AMİP-lə əməkdaşlıq perspektivinin olmadığını anlayan "islahatçılar" yenidən Müsavata sığınmaq məcburiyyətində qalıblar. Qulamhüseyn Əliyevin təklifi də elə Əli Kərimovun mövqeyi kimi qələmə verilir. Guya ki, AXCP sədri Müsavatla münasibətlərin normallaşacağı təqdirdə, İsa Qəmbəri sağ-mərkəzçi qüvvələrin vahid namizədi kimi dəstəkləyəcəyinə eyham vurub.
AXCP Rəyasət Hey’ətinin üzvü Qüdrət Həsənquliyev isə İsa Qəmbərin prezident seçkilərində "islahatçılar" tərəfindən dəstəklənməsini mümkünsüz sayır. Onun sözlərinə görə, partiyalar arasındakı mövcud münasibətlər bu məsələnin gerçəkləşməsini mümkünsüz edir: "Bu, xoş niyyətlə deyilmiş bir arzudur. Azərbaycan müxalifətinin seçkilərdə vahid namizədlə çıxış etməsi çox yaxşı olar. Hərçənd müxalifətdaxili prosesləri izləyən bir şəxs kimi deyə bilərəm ki, bu, olduqca çətin, bəlkə də həlli mümkün olmayan problemdir. Bə’zi ambisiyalı partiya liderləri var ki, seçkilərdə mütləq iştirak etmək niyyətindədirlər. Onların qətiyyən bir-birinə güzəştə getmək fikri yoxdur. Vahid namizədin müəyyənləşməsi prosedurunun özü çox çətindir. Müxalifət partiyaların rəhbərliyində olan şəxslərin normal insani münasibətləri belə yoxdur - onlar bir-birinə nifrətlə yanaşırlar. Odur ki, bu ideyanın gerçəkləşəcəyi inandırıcı deyil".
AMİP-lə aparılan danışıqlara gəlincə, Qüdrət Həsənquliyev E`tibar Məmmədovun əvvəlki mövqelərindən geri çəkildiyini deyir: "E’tibar Məmmədovun müsahibələrindən də belə başa düşülür ki, Əli Kərimov mə`zuniyyətdən qayıdandan sonra danışıqlar davam etdiriləcək. Bir müddət bu danışıqlar AMİP-in günahı ucbatından dayandırılmışdı. AMİP israr edirdi ki, partiyaların vahid namizədi indidən müəyyənləşdirilsin. Lakin indi mətbuata verdiyi açıqlamalarından belə görünür ki, E’tibar Məmmədov əvvəlki mövqelərindən geri çəkilir. Əli Kərimov da bu sazişin imzalanmasında israrlıdır. Görünür, o, E’tibar Məmmədova söz verib. AMİP sədri də əminliklə bildirir ki, artıq bütün məsələlər razılaşdırılıb. Yəqin ki, saziş imzalanacaq. Amma bu sazişdən nə E’tibar Məmmədov istədiyini alacaq, nə də AXCP qazanacaq".

Türkmənistan gəmilərimizə hücum edib

Redaksiyaya daxil olan mə`lumata görə, Azərbaycanla Türkmənistanın su sərhədində qalmaqal baş verib. Azərbaycana məxsus balıqçı gəmiləri Xəzər dənizinin bizə aid sektorunda Türkmənistan gəmilərinin həmləsinə mə`ruz qalıb. Hadisə təxminən iki gün əvvəl baş verib. Mə`lumatı balıqçı gəmisində işləyən şəxs verib.
Həmin şəxsin dediyinə görə, Türkmənistana məxsus gəmilər gözlənilmədən Xəzər dənizinin Azərbaycana aid sektoruna keçib. Bunun ardınca onlar balıqçı gəmilərinə yan alıblar. Mənbə bildirdi ki, Türkmənistan gəmisi balıqçı gəmisinə yan tərəfdən toxunub. Və nəticədə Azərbaycana məxsus gəmi qəza vəziyyətinə düşüb. Maraqlısı odur ki, Türkmənistan gəmisi yaxınlaşarkən heç bir hədə və ya tələb olmayıb. Şəxsin bildirdiyinə görə, gəmilər toqquşandan sonra Türkmənistan tərəfi sakitcə yenidən öz ərazilərinə qayıdıb.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd