|
|
|
|
#88(312)
|
 |
Köhnə yeni məşqçi
"Hit Qoritsa" ilə matç ərəfəsində Kazbek Tuayev "Neftçi"nin baş məşqçisi tə`yin edildi
|
"Neftçi" ətrafında gəzən söz-söhbətlər yeni məşqçi tə`yinatıyla yekunlaşsa, çox şükür! Ötən mövsümün sonunda sözünün üstündə duran Oqtay Abdullayev baş məqçilikdən getdi.
Texnik direktor sarıdan bir müddət başsız qalan bayraqdar - komandaya, nəhayət, iyulun əvəllərində Rəşid Özbəyov gətirildi. Lakin dərhal da UEFA kuboku turnirində çıxış edəcək komandanı həm nüfuzlu yarışa, həm də növbəti ölkə çempionatına hazırlaşdıran bu adamın baş məşqçi vəzifəsinə müvəqqəti gətirildiyi barədə qeyri-rəsmi mə`lumatlar yayılmağa başladı. Deyilənlər tam ciddiliyi ilə təkzib edilsə də, tezliklə onların həqiqiliyi üzə çıxdı: avqustun 2-də - başqa sözlə, qitəmiqyaslı turnirdə çıxış etmək üçün iştirak ərizəsinin UEFA-ya göndərilməli olduğu gün ona qapını göstərdilər. Komandanın sükanı arxasına yenidən Oqtay Abdullayev keçdi. Bu aradasa Əhməd Ələsgərov "şəxsi işləriylə əlaqədar" Bakıda peyda oldu
("Neftçi"də işlərin qarışmasıyla Əhməd Lətifoviçin paytaxtdakı şəxsi işləri nədənsə həmişə üst-üstə düşür). Amma bu dəfə proqnozlar doğru çıxmadı - yə`ni Ə.Ələsgərov "Neftçi"yə baş məşqçi tə`yin olunmadı. "Neftçi"sevərlərin bu tə`yinatı gözlədiyi vaxt tale Kazbek Tuayevin üzünə güldü. Əlbəttə, kimi baş məşqçi tə`yin eləmək klubun daxili işidir, amma bu məqamda Ə.Ələsgərov variantı daha başadüşülən olardı, nəinki K.Tuayev. Çünki Ələsgərovdan fərqli olaraq, ikinci elə Bakıdaydı və onunla vaxtında anlaşmaq mümkün idi, bu isə yalnız komandanın xeyrinə işləyərdi. Kollektivin əldən-ələ düşməsinin acı nəticəsini isə "Hit Qoritsa" ilə qarşılaşmada gördük. Futbol adına ortaya heç nə qoya bilməyən həmyerlilərimiz 90 dəqiqə ərzində meydanda, demək olar, ancaq xaotik hərəkətləriylə diqqət çəkdilər. Sloveniya milli çempionatının startında dalbadal 3 görüşdə məğlub olan və həmin matçlarda 8 top buraxan qonaqların qapısı qarşısında bir dəfə də real qol vəziyyəti yarada bilməməyə haqq qazandırmaq mümkünmü?
Mövsümlərarası dövrdə hey`əti gücləndirmək məqsədilə (oxu: adıyla) Georgi Gilasoniyanı transfer etmək işə peşəkar yanaşmadırmı? İndi Azərbaycanın iki ən güclü komandası "Neftçi" və "Şəmkir"də ümid 33 yaşlı Gilasoniyaya, 37 yaşlı Badrilərə qalıb. Qurban Qurbanov bu səviyyə ilə söz yox ki, "Fakel" kimi zəif komandada da duruş gətirə bilməzdi və gətirmədi də!
Bununla belə, kadr dəyişikliyinin ümumi işin xeyrinə olacağına, "Neftçi"də proseslərin yaxşılığa doğru istiqamət alacağına inanmaq istərdik.
UEFA kuboku turnirindəki digər təmsilçimiz "Şəfa" isə Lüblyanada Sloveniyanın "Olimpiya" klubuna 0:4 hesabıyla uduzub. Meydan sahibləri hesabı 28-ci dəqiqədə açıb, fasilədən sonra daha üç dəfə (57, 59 və 75-ci dəqiqələrdə) fərqləniblər.
Çempionlar liqası ikinci təsnifat mərhələsi çərçivəsində "Makkabi" (Hayfa, İsrail) - "Haka" (Finlandiya) cütlüyündə qalib gələn (səfərdə 1:0, "ev"də 4:0) yəhudilər növbəti etapda İngiltərə "Liverpul"u ilə qarşılaşmaq arzusuyla yaşarkən, onlardan UEFA-ya şikayət edildi: finlər rəqib komandanın hey`ətində cəzalı futbolçunun çıxış etdiyini əsas götürərək tədbir görülməsini istədilər.
Aparılan araşdırmalar finlərin haqlı olduğunu aşkarladı və ... "Makkabi"nin "kitabı bağlandı".
Onların əvəzinə 3-cü seçmə mərhələsində "Liverpul"la qarşılaşan "Haka" doğma divarlar arasında oynamasına baxmayaraq, qapısından 5 cavabsız top buraxıb: topların 3-nü Maykl Ouen vurub. Daha bir "het-trik" "Borselona"lı Rivildodan gəlib: səfərdə Polşa çempionu "Visla" ilə görüşdə ispanlar çətinliklə qələbə qazanıblar - 4:3.
Bu mərhələdə keçmiş SSRİ məkanından 3 komanda mübarizə aparıb. Ukrayna təmsilçisi "Şaxtyor" öz meydanında Dortmund "Borussiya"sına layiqli müqavimət göstərsə də, 0:2 hesabıyla məğlubiyyətə uğrayıb. Digər Ukrayna klubu - ölkə çempionu Kiyev "Dinamo"su isə Buxarestdə yerli "Styaua" (Rumıniya) klubu idmançılarına qalib gəlib - 4:2. Rusiya vitse-çempionu Moskvanın "Lokomotiv" komandası Avstriya təmsilçisi "Tirol"la görüşdə üstün olub - 3:1.
Üçüncü təsnifat mərhələsinin digər 11 görüşünün nəticələri:
"Kopenhagen" (Danimarka) - "Latsio" (İtaliya) - 2:1
"Qalatasaray" (Türkiyə) - "Levski" (Bolqarıstan) - 2:1
"İnter" (Slovakiya) - "Rusenborq" (Norveç) - 3:3
"Halmstad" (İsveç) - "Anderlext" (Belçika) - 2:3
"Slaviya" (Çexiya) - "Panatinaikos" (Yunanıstan) - 1:2
"Ayaks" (Hollandiya) - "Seltik" (Şotlandiya) - 1:3
"Hayduk" (Xorvatıstan) - "Malyorka" (İspaniya) - 1:0
"Srvena Zvezda" (Yuqoslaviya) - "Bayer" (Almaniya) - 0:0
"Reyncerz" (Şotlandiya) - "Fənərbağça" (Türkiyə) - 0:0
"Parma" (İtaliya) - "Lill" (Fransa) - 0:2
"Porto" (Portuqaliya) - "Qrashoppers" (İsveçrə) - 2:2
Cavab görüşləri avqustun 21/22-də keçiriləcəkdir.
Ölkə çempionatında iştirak üçün üzvlük haqqını ödəməyə pul tapmayan Naxçıvan təmsilçisi güclülər dəstəsindəki yerini Qusarın "Şahdağ" komandasına təhvil verdi
Dünən futbol üzrə XI milli çempionatın püşkatması olub. Üzvlük haqqını ödəyə bilməyən "Araz" kollektivi iştirakçılar sırasından çıxarılıb, son anda pulu ödəyən "Turan" isə mübarizəni davam etdirəcək. Avqustun 18/19-da keçiriləcək ilk turda qarşılaşırlar: "Qarabağ/Azərsun" (Ağdam)-"Dinamo/Bakılı" (Bakı); "Ümid "(Bakı)-"Neftçi" (Bakı); "Şəfa" (Bakı)-"Kəpəz" (Gəncə); "Şəmkir"(Şəmkir)-MOİK; "Xəzər Universiteti" (Bakı)-"Turan" (Tovuz); "Şahdağ" (Qusar) -"Viləş"(Masallı).
YÜNGÜL ATLETİKA - Kanadanın Edmonton şəhərində keçirilən dünya çempionatındakı yeganə təmsilçimiz, Sidney olimpiadasının iştirakçısı Sergey Boçkov üç təkanla uzununa tullanmada 15 m 19 sm nəticəylə yalnız ikinci onluğa düşüb. Həmyerlimizdən 2 m 83 sm uzağa atdanan ingilis Conatan Edvard dünya çempionu adını qazanıb.
DAMA - 64 xanalı dama üzrə ölkə çempionatı gözlənildiyi kimi beynəlxalq qrossmeyster Üzeyir Abdullayevin üstünlüyü şəraitində keçir: eks-dünya çempionu 10 turdan sonra 8,5 xal malikdir və ən yaxın izləyicilərindən 1 xal irəlidədir.
Futbol üzrə Azərbaycan milli yığma komandasının sentyabr ayında keçirəcəyi görüşləri yönəldəcək referilər mə`lumdur.
Moldova - Azərbaycan matçının baş hakimi Ukrayna nümayəndəsi Vasili Melniçukdur. "Şəfa" stadionunda keçiriləcəyi planlaşdırılan Azərbaycan - Makedoniya qarşılaşması isə Şimali İrlandiyadan olan FİFA referisi Maykl Tomas Rossa e`tibar edilib.
|