Kriminal

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#88(312)
50 min dollarlıq vəzifə
Sumqayıtda oğurluq


50 min dollarlıq vəzifə
Bu pulla Nizami Süleymanov Ağdam rayon icra başçısı olacaqdı

Barəsində söhbət açacağımız hadisə vəzifə hərislərindən birinin başına gəlib. Vəzifə başına keçmək istəyi onu qadın hiyləsinin qurbanı edib... Bu ilin aprelində Könül Rüstəmov şikayət ərizəsi ilə Bakı Şəhər Prokurorluğuna müraciət edib. O, bir il əvvəl vəzifəyə keçmək üçün Rə`na Seyidovaya 70 min dollar rüşvət verdiyini, lakin müsbət nəticə alınmadıqda qadının pulu qaytarmadığını bildirib. Daha sonra əsl zərərçəkən, yə`ni pulun sahibi Nizami Süleymanov da eyni ərizə ilə prokurorluğa şikayət edib.
Faktla bağlı cinayət işi qaldırılıb və mayın 17-də R.Seyidova həbs edilib. Bəs görəsən, bu qədər pul alan qadının görəcəyi iş nədən ibarət olub?
İstintaq materiallarında göstərilir ki, 1955-ci il təvəllüdlü R.Seyidova €dliyyə Nazirliyinin KPİ-də baş mütəxəssis işləyib. O, N.Süleymanovu Ağdam rayon icra başçısı vəzifəsinə tə`yin ediləcəyinə söz verərək 50 min dollar rüşvət alıb. Bütün bu işlərdə vasitəçilik K.Rüstəmovun üstünə düşüb...
K.Rüstəmov istintaqdakı ifadəsində göstərib ki, iki il əvvəl tanışı Lali Palaqaşvili Rə`nanı ona işgüzar və savadlı şəxs kimi təqdim edib. Hətta o, Rə`nanın kredit işləri ilə məşğul olduğunu da bildirib. Həmin ərəfədə Könül Beynəlxalq bankdan kredit almağa cəhd göstərib və bununla əlaqədar Rə`nadan kömək istəyib. Lakin qadının yardımı nəticə verməyib.
Ötən ilin sonlarında Könülün yaxın dostu Vidadi ondan 30 min dollar borc pul istəyib. O həmin pulun qohumu N.Süleymanova lazım olduğunu bildirib. Öz işini yarıtmadığı halda, Könül nədənsə, Vidadini Rə`nanın mənzilinə gətirib. Söhbət zamanı mə`lum olub ki, pul Nizamiyə Ağdam rayonuna icra başçısı vəzifəsinə düzəlmək üçün lazımdır.
Bunu eşidən Rə`na öz imkanlarının genişliyindən danışaraq, bu işi daha ucuz qiymətə düzəltməyə qadir olduğunu söyləyib. O, işi 15 min dollara həyata keçirəcəyini deyib. Daha sonra R.Seyidova onların yanında telefonla bir neçə nəfərə zəng vuraraq, məsələnin müsbət həll olunacağına söz verib və 3-4 gündən sonra görüşməyi təklif edib. Görüş yeri isə A.Sultanova heykəlinin yaxınlığında yerləşən N.Süleymanova məxsus mebel mağazası olub.
Həmin görüşdə Rə`na "vəzifə" pulunu baha oxuyub. Belə ki, Nizami həmin məbləğin üzərinə hələ 20 min dollar da qoymalı idi. O, əvvəlcə razılaşmasa da, sonradan Könülün "məsləhəti" ilə fikrini dəyişib. Yenə həmin mağazaya çağırılan Rə`naya 50 min dollar verib. Onları toruna salan hiyləgər qadın ələ keçirdiyi pulları mütləq Beynəlxalq bankda öz adına qoymağın vacibliyini uydurub. Bu yalanı da asanlıqla həzm edən "kişi"lər qadından pulların banka qoyulması haqda heç bir sənəd istəməyiblər.
R.Seyidovanın və`dinə əsasən, martın 10-da N.Süleymanov Ağdam rayonunun icra başçısı "kürsüsündə" əyləşəcəkmiş. Səbirsizliklə gözlənən həmin gün yetişəndə ortalığa daha bir əmma çıxıb. Rə`na deyib ki, Prezident Aparatında qəbullar cədvələ əsasən keçirildiyindən üç gün gözləməlidir. Üç gün üç ay olduğundan, gözləməkdən gözünün kökü saralan Nizami qadının onu aldatdığını anlayıb.
O, R.Seyidovanın DİN-in xəstəxanasında stasionar müalicə aldığını eşidəndə birbaşa buraya gəlib və pulunu geri istəyib. Xəstəxanada Rə`nanın həyat yoldaşı Qəhrəman onu hədələyərək bir daha arvadına yaxınlaşmamasını tapışırıb... Kor-peşman geri dönən Nizami heyfini Könüldən çıxıb. "Pulları sən vermisən, sən də qaytarmalısan" deyib.
İşi belə görən Könül özü Rə`nanın qapısına "elçi" düşüb, lakin bu da heç bir nəticə verməyib. Qadın növbəti dəfə pulları Prezident Aparatında işləyən yüksək vəzifəli şəxsə verdiyini və onun da hazırda ölkədən qaçıb getdiyini söyləyib. Lakin bu yalanlardan doyan Nizami pulu qaytarmadığı təqdirdə polisə şikayət edəcəyini bildirib. R.Seyidovanın sonuncu yalanına görə, guya işi həll etmək üçün pulları Leyla Tahirbəyovaya verib.
Qeyd edək ki, L.Tahirbəyova həmin vaxtlarda dələduzluqda təqsirləndirilərək, 8 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Hazırda 4 saylı islah-əmək müəssisəsində cəzasını çəkən L.Tahirbəyova ifadəsində Rə`nanı bir neçə il öncə tanışı Minavərin vasitəsilə tanıdığını söyləyib. O zaman Leylanın satmaq istədiyi evə Rə`na müştəri çıxsa da, sonradan evi almaqdan imtina edib. Rə`nanın onu təqsirləndirməsinə gəlincə, L.Tahirbəyova fikrini belə əsaslandırıb ki, həbsdə olmasından istifadə edən qadın günahı onun üzərinə atmaq istəyib.
İstintaqda üzləşdirilərkən, R.Seyidova çıxılmaz vəziyyətdə qaldığından belə dediyini bildirib. Növbəti ifadəsində R.Seyidova pulun 20 min dollarını Könülün aldığını, qalanını isə "Çiniçi" mağazasından oğurlandığını bildirib. Könül isə Rə`nadan bir manat da almadığını söyləyib.
Hazırda müttəhimlər kürsüsündə əyləşən dələduz qadın tə`kidlə puldan xəbərsiz olduğunu deyir. Arzusu ürəyində qalan N.Süleymanov isə pullarını tələb edir.

Sumqayıtda oğurluq
Cəzaçəkmə yerindən qaçan məhkum yenidən oğurluq edib

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə mühakimə olunan Elçin Rəcəbovun və Zülfüqar Talıbovun məhkəməsi başa çatıb. Onlar oğurluqda təqsirli biliniblər. E.Rəcəbov 1961-ci ildə Sumqayıt şəhərində anadan olub, ilk dəfə 24 yaşında həbsxana divarları arasına düşüb. 5 dəfə azadlıqdan məhrum edilən Elçin 19 il məhbus həyatı yaşayıb. Axırıncı dəfə ötən il avqustun 17-də yenidən həbs edilib. O, bu il yanvarın 28-də Sumqayıt şəhərində yerləşən 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçaraq, yenidən oğurluq edib. Onunla yanaşı müttəhimlər kürsüsündə əyləşən Z.Talıbov da Sumqayıt şəhərində doğulub. Şəxsi işində əvvəllər də azadlıqdan məhrum olduğu göstərilib.
Hökmə görə, E.Rəcəbov Z.Talıbovla əlbir olaraq, ötən il yanvarın 9-da saat 22 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə 5/5 saylı evin 48-ci mənzilinin pəncərəsini sındıraraq, Vaqif Məmmədova məxsus mənzilə daxil olublar. Onlar evdən 400 min manat dəyərində Rusiya istehsalı olan "Qorizont" markalı televizoru, 220 min manatlıq "Formula" markalı nömrəyazan telefon aparatını, 25 min manatlıq "Sina" markalı divar saatını, 150 min manatlıq "Vostok" markalı kişi qol saatını, dəyəri 100 min manat olan stolüstü saatı, 800 min manatlıq gümüş qaşıqları, 420 min manat dəyərində 12 ədəd Almaniya istehsalı olan yataq dəstlərini və başqa qiymətli ev əşyalarını oğurlayıblar. Bundan başqa, Elçin və Zülfüqar bir gün sonra eyni ssenari ilə Sumqayıt şəhəri 1-ci mikrorayondakı 45 saylı mənzilə giriblər. Ev sahibi Hafiz İbrahimovun evdə olmamasından istifadə edən oğrular "CVS" markalı rəngli televizoru, büllur çilçırağı, "Terminator" markalı oyun kompüterini, qadın gödəkçəsi və pencəyini oğulayıblar. Bundan sonra "fəaliyyət"lərinə ara verən oğrular yanvarın 28-də yenidən "hərəkətə" keçiblər. Belə ki, onlar həmin gün Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sverdlov küçəsindəki 22/29 saylı evin 5-ci mənzilinin dam örtüyünü sökərək, E`tibar Əhmədovun evinə soxulublar. Evdən "CVS" markalı televizoru, videomaqnitofonu, "Artex" audiomaqnitofonu, Belçika istehsalı olan 2 ədəd xalçanı, 2,5 qram qızıl boyunbağını, 1 ədəd Gəncə xalçasını, 1 dəst çay servisini, 4 ədəd özəlləşdirmə payını qarət ediblər. Oğrular martın 10-da daha bir cinayət hadisəsi törədiblər. Elçin və Zülfüqar bu dəfə Sumqayıt şəhəri, 2-ci mikrorayondakı 33/75 saylı evin 19-cu mənzilində yaşayan Mətanət Rəhimovanın evini hədəf seçiblər. Eyvanın pəncərəsini sındıraraq, mənzilə girən oğrular "Supra" markalı rəngli televizoru, 600 min manat nağd pulu, 18 qram çəkidə qızılları, "Kama" su mühərrikini və 1 ədəd audiokaseti ələ keçiriblər. Bu əməllərindən sonra daha da şirniklənən Elçin aprelin 17-də yenidən M.Rəhimovanın evinə gəlib. O, evdən bir ədəd qadın saatı və 37 min manat nağd pul götürüb. Ev yiyəsinin mənzilə daxil olması səbəbindən Elçin başqa əşyaları oğurlaya bilməyib. E.Rəcəbov noyabrın 28-də Sumqayıt şəhər sakini Tahirə Hüseynovanın mənzilinə də "əl gəzdirib". O, 14,5 qram çəkidə medalyonla birlikdə qızıl zənciri, 6 qram çəkidə qızıl üzük və 300 min manat dəyərində Atatürkün şəkli həkk olunmuş medalyonu oğurlayıb. Hökmdə E.Rəcəbovun və Z.Talıbovun, Vaqif Cəfərovun Rəsmiyyə İsgəndərovanın, Vaqif Nəcəfovun, İran İslam Respublikası vətəndaşı Bayrami Fəridənin, Həqiqət Hüseynovanın mənzilindən oğurluq edərək, onlara külli miqdarda ziyan vurduqları da göstərilib. Hökmdə hətta E.Rəcəbovun həbsxanadan qaçdığı gün Sumqayıt şəhər sakini Turqay Paşayevin mənzilinə gəldiyi, lakin özündən asalı olmayan səbəblərə görə, evdən heç bir şey oğurlaya bilmədiyi də göstərilib. Hakim İmaməli Əsgərovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmü ilə E.Rəcəbov 10 il, Z.Talıbov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd