|
|
|
|
#88(312)
|
 |
"Pillələri bir qız enirdi. Əlində tutduğu kağızı bərk-bərk sinəsinə sıxmışdı. Gözlərindən fərəh tökülürdü. Gülüşləri şəlalə tək şaqraq idi. Sevincini insanlarla, səma ilə, dəniz üzərində dövrə vuran qağayılarla bölüşürdü. Avqustu sevirdi. Bu ay ona səadət gətirmişdi. Vəfa tələbəlik illərinin ülviyyətini indidən yaşayırdı."
1 may 1972-ci il tarixli "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Vəfa" adlı məqalədən götürülüb bu sətirlər. Hələ ki, cəzbedici tələbəlik həyatının işığına can atan Vəfadır müəllifin qəhrəmanı. Hələ ki, onu SSRİ xalq artisti Hökümə Qurbanova ilə xalq rəssamı Nüsrət Fətullayevin qızı kimi tanıyır və təqdim edirlər. Bu qızın gələcəyi haqda belə inamlı danışmağa isə müəllifin haqqı var. Vəfa Fətullayeva bütünlüklə özünü sənətə vermiş, milli mədəniyyətimizin inkişafının xidmətində durmuş sənətkar ailəsinin-Fətullayevlərin davamçısıdır. Gələcəkdə teatr sənətinin parlaq ulduzlarından birinə çevriləcək bu qız üçün isə hər şey hələ irəlidədir.
"O, Vəfasız
yaşaya bilməzdi"
Vəfaya müstəqilliyinin təsdiqi kimi görünən, yalnız öz qərarının nəticəsi olan ailəsi onun Hökümə xanıma güzəştə getdiyi andan çat verməyə başladı. Özü qurduğunu özü də dağıtmalı oldu. Ailəsi onun aktrisa olmasını istəmirdi. Həyat yoldaşı da onu ev xanımı, gələcək uşaqlarının anası kimi qəbul edib ailə qurmuşdu. Vəfa bunu gözəl bilirdi. Amma şərti özü pozurdu. Görünür, Hökümə xanımın cazibəsindən qurtarmaq mümkün deyildi.
Günlərin birində Vəfa Fətullayeva yenidən anasının yanına qayıdır.
"Vəfa onun həyatı idi. Vəfanı Allah qadın yaratmışdı. Bə’zən görürsən gözəl, məlahətlidir, amma xanımlığı yoxdur. Vəfada bunların hamısı var idi. Vəfa evdar qadın olmaq üçün yaranmışdı. O qədər səmimi, gülərüz idi ki! Onda o qədər həyat eşqi var idi ki, qoymazdı bir adam onun yanında darıxsın. Həmişə eyniaçıq idi. Hökümə xanımın həyatındakı boşluğu o doldururdu. Bir-birilərini hədsiz dərəcədə çox sevirdilər. Hökümə xanım Vəfanı tək qızı kimi deyil, bir rəfiqəsi, dostu, sirdaşı kimi sevirdi. O, Vəfasız yaşaya bilməzdi. Onların arasında heç vaxt soyuqluq olmayıb. Ömrümdə görməmişəm ki, aralarında söz olsun." - Hafiz Fətullayevin bu sözləri Vəfanı geri almaq üçün Hökümə xanımın əl atdığı bütün vasitələrdə ona haqq qazandırır. Həyatının mə’nası hesab etdiyi şəxsə doğru var qüvvəsilə can atan, yüyürən hər birimizin haqlı olduğu qədər Hökümə xanım da bütün davranış və qərarlarında haqlı görünür. Amma bu birtərəfli haqlılıq idi. Bu, ananın öz balasının xoşbəxtliyi naminə güzəştə getdiyi, ondan tələb etmədiyi haqqı idi. Bu haqqını güzəştə getməməsi Hökümə xanımı haqsızlaşdırır.
"Məhv olmuş gündəliklər"
Dəyərləndirdiyi, amma seçmədiyi bu sənətdən dəymədüşərcəsinə har an üz çevirə bilərdi Vəfa. Məsələn, günlərin birində onun rejissorluq fakültəsini teatrşünaslığa dəyişməsinin əksəriyyətə qeyri-ciddi görünən bir səbəbi olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa rəhmətlik Məhərrəm Haşımovun - Rus Dram Teatrının baş rejissorunun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində "Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini tə’yin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində mə’lum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib... Keçib teatrşünaslığa.
Aktrisa olmağı bəlkə də canı ilə, qanı ilə istəsəydi, belə asanlıqla arzusuna qovuşmazdı. Ürəkdən istəmədiyindən idi ki, hər şey sanki öz-özünə alınırdı.
Hökümə xanımın qəlbən, xəyalən istədiklərini Milli Dram Teatrın rejissoru Tofiq Kazımov gerçəkləşdirir. Tofiq Kazımov "Məhv olmuş gündəliklər" əsərini işləmək fikrinə düşür. Və Vəfanı xatırlayır. Hökümə xanımın ürəyindən olan bir xahiş edir ondan: qızını teatra gətirsin. Vəfanın aktrisa taleyi Tofiq müəllimin xeyir-duası ilə başlayır. O, sonralar da Vəfanın həyatında mühüm məqamlarda xatırlanır. Vəfanın anasına məktubunda Tofiq Kazımovun onun sənət taleyindəki yeri daha aydın görünür.
"Salam, mənim əziz anam! Biz özümüzü çox yaxşı hiss edirik. Düzdür, burda bir az istidir, amma eybi yox, dözmək olar. Ana, narahat olma, evlə bağlı dediyin bütün işləri çoxdan görmüşəm. Nənə köynəyi çox bəyəndi, sənə minnətdardır. İndi özünü pis hiss etmir və tez-tez Nailə ilə 2-3 günlüyə bağda olur. Mənim də işlərim pis getmir. Dünən Tofiqin yanında olmuşam. Məni çox yaxşı qarşıladı və biz oturub xeyli dərdləşdik. Mən ona hər şeyi dedim. Dedim ki, Gülgəzdən sonra bir dənə də olsun xoşuma gələn rolum olmayıb. Dedim ki, əhvalım yaxşı deyil. Çox narahatam. O mənə dedi ki, mənim yanımda özünü çox günahkar hiss edir. Çünki vaxtilə məni teatra gətirməyini özü səndən xahiş edib, amma indi bir əsər də işləyə bilmir mənimlə. Bu sözlərindən sonra mən ona deyə bilmədim ki, nəinki səndən, o mənim özümdən də dəfələrlə teatra gəlməyimi xahiş edib. Mən başa düşdüm ki, o, hər şeyi çox gözəl xatırlayır. Yadına salmağa ehtiyac yoxdur. Dedi ki, məni də’vət eləməyib ki, indi mən belə narahat olam, əsəbləşəm. Ana, deyim ki, onun özünün əhvalı mənim xoşuma gəlmədi. O hətta görkəmcə də dəyişib. O özü də e’tiraf etdi ki, indi bütün sahələrdə ona həmişəkindən daha çətindir. Sonra da dedi ki, səndən ötrü bərk darıxıb. Səni görmək, oturub söhbət etmək istəyir. O mənə məişət qayğılarından, onu narahat edən problemlərdən danışdı. Xahiş etdi ki, ona tez-tez baş çəkim və onunla söhbətə vaxt ayırım. Qısası, biz həmin gün xeyli dərdləşdik.
Sən təsəvvür edə bilməzsən ki, gənc aktyorlarımız sənin üçün nə qədər darıxıblar. Səni hər gün məndən soruşurlar, salam göndərirlər. Xahiş edirlər sənə çatdırım ki, tez gələsən. Yolunu səbirsizliklə gözləyirlər. Sən görərdin Moskvadan qayıdanda onlar mənim üstümə necə düşdülər... Qısası, onlar səni çoz sevir və yolunu gözləyirlər. Bütün kollektivin sənə salamı var. Hələlik bu qədər. Məktubunu gözləyirəm. Mənə görə narahat olma, tez-tez nənəgildə oluram.
Öpürəm. Vəfa."
nBeləcə, teatra ilk addımını Vəfa 1970-ci ildə İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə ilə atdı. Fəridə onun taleyini birdəfəlik teatra bağladı.
Səhnəyə atılmış ilk kövrək, bərkiməmiş qədəmlər hardasa onun özünəinamsızlığından irəli gəlirdisə də, hamı bu fikirdə idi ki, Vəfa "son dərəcə anasına bənzəyən gözəl qız", "ilk dəfə səhnəyə çıxan təcrübəsiz uşaq" deyil.
Tamaşa müvəffəqiyyətlə keçirdi. Vəfanın səhnədəki hər bir hərəkəti, hər bir jesti, hər bir kəlməsi salonda tamaşaçılar arasında oturan Hökümə xanımda reaksiya doğururdu. O özü oynayırmış kimi yerində sakit otura bilmirdi. Özündə səhnə həyatı üçün heç bir qabiliyyət görməyən və yalnız anasının istəyinə zidd getməmək üçün belə bir addım atan qızının bu seçimində yanılmamasına onun da əmin olmasını arzulayırdı Hökümə xanım. Vəfa anasının səhv etmədiyini, onu öz yerinə layiqli davamçı bildiyini başa düşməli, ona inanmalıydı. Vəfanın gələcək səhnə həyatının taleyi indi Fəridədən asılı idi.
Ardı var
|