|
|
|
|
#88(312)
|
 |
"Karma" adlı yeni musiqi albomunu eyni vaxtda 50 ölkədə sənətsevərlərin ixtiyarına verməyə hazırlaşan Tarkan üzünü həmvətənlərinə tutub: "Mənə dəstək verin. Dünya türkün səsini duysun".
İki il ərzində ərsəyə gətirdiyi yeni albomunun uğur qazanacağına ümid edən Tarkanın gümanı deyəsən, özünü doğruldacaq. İndidən ancaq sorağını aldıqları "Karma" musiqi albomu barədə pərəstişkarları ona çoxlu sayda suallar ünvanlayırlar.
Ən çox təkrarlanan sual isə budur: "Nədən Sezen yox".
Çünki Tarkan bütün musiqi albomlarında Sezen Aksunun mahnılarına müraciət edib. Sonuncu albomunda isə bu ən`ənəni pozub. Ciddi maraq doğuran bu sualı müğənni belə cavablandırdı: "Sezen Aksu mənim kraliçamdır. Bu albomda onun mahnısının yer almaması isə sırf təsadüf nəticəsində olub. Albomu hazırlayarkən Sezenə müraciət eləmişdim, o da həmişə olduğu kimi böyük həvəslə razılaşdı; bir-neçə mahnı da göndərdi. Sadəcə, müəyyən səbəblər üzündən, o mahnıları oxuya bilmədim. Gələcəkdə hazırlayacağım musiqi albomlarında isə Sezen Aksunun mahnılarını dinləyəcəyinizə əmin olun".
Albomun maya dəyəri ilə maraqlananları isə intizarda qoyan Tarkan heç bir və`də maliyyə məsələlərinə önəm vermədiyini söyləyib.
Azərin yeni mahnılar üzərində işləyir. Repertuarında ciddi dəyişikliklər olacağını vurğulayan müğənni yeniliklərini sona qədər açıqlamadı.
Payıza qədər səbr eləməyi məsləhət bilən müğənni istəyir ki, gözlənilən yeniliklər sürpriz olsun. Özü də bu təqdimat həm musiqi albomu şəklində, həm də konsert proqramı tərtibatında olacaq. Hələliksə, sözügedən albomun bütün mahnıları hazır deyil. Tələskənliyə yol vermək istəməyən Azərin ola bilər ki, sürprizin və`dini bir qədər uzatsın.
Türkiyənin "tacsız gözəli" sayılan Türkan Şoray neçə müddətdir ki, gedən qovğaya son qoymaq qərarını verib. Əslinə baxanda sənətçinin qarşılaşdığı bu problemin həllinə qanun keşikçiləri çoxdan əncam çəkmişdi.
Söhbət nədən gedir? Türkanın keçmiş həyat yoldaşı Ruchan Adil dünyasını dəyişdikdən sonra onun övladları vaxtı ilə atasının Türkanla birgə tikdirdiyi villasından onlara da pay çatdığını bəyanladı. Bu haqqın dərəcəsini uzun müddət araşdırdıqdan sonra məhkəmə orqanları öz qərarını verib. Ruchan Adilin övladlarının qaldırdığı vəsait qismən nəzərə alınsa da, son qərardan Türkan narazı qalmadı. Buna baxmayaraq, tərəflər hər dəfə bir əsasla bu işə yenidən baxılmasına cəhdlər göstərməkdədir. Deyəsən, bundan bezən Türkan villanı satmaqla, bu problemi bir dəfəlik həll etmək istəyir. Bu günlərdə satışa çıxarılacaq villanın maya dəyəri tam dəqiqləşdirilməsə də, hesablamalar göstərir ki, bu, Türkiyənin ən bahalı tikililəri sırasındadır.
Uzun müddətdir ki, gedim-getməyim dileması qarşısında qalan Abbas Əhməd artıq seçimini edib. O, bir daha Bakını tərk etməyəcək.
Xatırladaq ki, "Qaya" vokal-instrumental ansamblı dağıldıqdan sonra uzun illər Türkiyədə işləyən Abbas Əhməd iki-üç il öncə vətənə dönsə də, işlərini heç cür yoluna qoya bilmir. Ara-sıra çıxışlarını nəzərə almasaq, bu illər ərzində onun yaradıcılıq atmosferasını kənardan ancaq bir sözlə dəyərləndirmək olar: durğunluq. Əslində bunun günahı Abbas Əhmədin özündə deyil. Musiqi albomu çıxarmaq, konsert vermək üçün yetərincə yeni mahnıları olan müğənni mə`lum səbəblər ucbatından heç nə edə bilmir. Öz sözləri ilə desək, "O qədər planlarım var. Ancaq nə edəsən. Heç 50 faizini gerçəkləşdirə bilmirəm". Buna baxmayaraq, o, birdəfəlik qət edib ki, heç yerə getməsin. "Bakıdan ayrılıb, yenidən geri qayıdanda uzun müddət lazımdır ki, necə deyərlər, işinin ucunu tapasan. Bir də, daha qala bilmirəm, darıxıram". Yayı bağda keçirən müğənninin hələliksə, bir neçə proyekti var. Payız ayı onları həyata keçirmək fikrindədir.
|