|
|
|
|
#88(312)
|
 |
İyulun 24-də İran hərbi təyyarələri, bunun ardınca hərbi donanmasına məxsus katerləri Xəzərin cənubunda, Azərbaycan sektorunda kəşfiyyat işləri aparan BP şirkətinin gəmisini zor tətbiq edəcəyi ilə hədələyərək, burada aparılan işləri dayandırmağa nail oldu.
Son hadisələr göstərir ki, Tehran Xəzərdə enerji resurslarının ABŞ və Türkiyə tərəfindən istifadə olunmasına biganə qalmaq istəmir və burada aparılan işlərin dayandırılması üçün əlindən gələni edir.
Bir sıra müşahidəçilər hesab edirlər ki, Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı problemin həllinin uzanması gələcəkdə burada lokal hərbi münaqişələrin yaranmasına yol aça bilər. İranın bu kimi zorakı əməllərə və hədə-qorxulara əl atması Rusiya mətbuatında bir neçə səbəblə izah edilir.
Əvvəla, Buş administrasiyası İranla əməkdaşlıq edən bütün şirkətlərə qarşı mövcud sanksiyaların müddətini artırmaq niyyətində olduğunu yaxın günlərdə bir daha bəyan edib.
Bundan başqa, indi ABŞ-ın icraedici və qanunverici orqanları arasında gedən mübahisələr Tehrana qarşı sanksiyaların ləğvi tələbi ətrafında deyil, onun qüvvədə qalma müddətinin ətrafında dövr edir. Ağ Ev sanksiyaların iki il müddətinə, Konqres və Senat isə beş il müddətinə qədər uzadılmasını tələb edirlər.
İkincisi, bir sıra qaynaqların, o cümlədən Türkiyə qəzetlərinin yazdığına görə, Vaşinqton son dövrlər Ankaraya təzyiq göstərərək ondan tələb edir ki, İrandan təbii qaz almasın. İran isə Türkiyə ilə 1996-cı ildə imzaladığı müqaviləyə əsaslanıb, məhz sənəddə nəzərdə tutulan təbii qazın nəqli üçün müvafiq infrastrukturun tikintisini öz ərazisində artıq başa çatdırıb. İndi isə tələb edir ki, Türkiyə razılaşdırılmış həcmdə qazı ya qəbul etsin, ya da onun çatdırılmamasına görə haqq ödəsin. Çünki, iki ölkə arasında imzalanmış razılaşma məhz bu şərti nəzərdə tutur.
Üçüncüsü, ABŞ Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsini tə’kid edir. Hərçənd, Xəzər regionundakı xarici operatorlar neftin İran ərazisindən nəql edilməsinin daha ucuz başa gələcəyini deməkdən çəkinmirlər.
Bütün bunlara əsaslanaraq ehtimal etmək olar ki, Xəzərin Azərbaycan sektorunda çalışan xarici şirkətlərə qarşı İranı bu addımı atmağa Corc Buş administrasiyası vadar edib. Digər tərəfdən də son hərbi aksiya deyəsən, Tehranın gözlədiyi və istədiyi nəticəni verib. Xəzərin cənub bölgəsində kəşfiyyat işləri aparan BP şirkəti həmin sahədəki fəaliyyətini məhdudlaşdırıb. Hətta bu şirkətin Bakıdakı nümayəndəsi BP-nin baş qərargahına müraciət edərək Xəzərdə İranla Azərbaycanın sərhəd məsələsində vəziyyət yaxşılaşmayınca layihədən çıxmaq istədiklərini deyib.
Region dövlətlərinin bir-birinə hədə-qorxu gəlməklə hadisələri tündləşdirməyə doğru sürükləməsi pis nəticəyə, hətta hərbi toqquşmaya belə gətirib çıxara bilər. Yeri gəlmişkən, İranın Xəzərdə hərbi gücü kifayət qədərdir. Və həmin qüvvələr hələ İraqa qarşı müharibə dönəmindən döyüş hazırlığı vəziyyətinə gətirilib. İrandan nümunə götürən və Xəzərdəki Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsinə dair Azərbaycanın planlarına qarşı çıxan Türkmənistan da gələcəkdə hərbi katerlərini işə sala bilər. Qazaxıstanın və əlbəttə ki, Rusiyanın da Xəzərdə hərbi gəmiləri var. Hərçənd burada hərbi toqquşmaların baş verməsi o qədər də inandırıcı görünmür.
Türkmənistan və İran hökumətləri Xəzərin statusu məsələsi hüquqi baxımdan həll edilməyincə burada neft-qaz yataqlarının işlənməsinin qəbuledilməz hesab etdiklərini bir daha təsiqləyiblər.
Bunu Türkmənistan prezidenti Saparmurat Niyazovla görüşdən sonra İranın xarici işlər nazirinin müavini, İran prezidentinin Xəzərin hüquqi statusu üzrə xüsusi nümayəndəsi Əli Əhani deyib. İran diplomatının sözlərinə görə, Türkmənistan prezidenti ilə söhbət zamanı tərəflər Xəzərin statusu ilə bağlı prinsipial məsələlərdə Aşqabadla Tehranın mövqelərinin üst-üstə düşdüyünü yenidən dilə gətiriblər. Əli Əhani İran prezidenti Məhəmməd Hatəminin Türkmənistana səfərə gəlmək istəyini Türkmənistan prezidentinə çatdırıb.
|