|
|
|
|
#88(312)
|
 |
"İncilləşdirmə-2002"
məxfi proqramı
Bu fəaliyyətin sabahkı mənzərəsi - Azərbaycana təhrik edilən "etnik separatizm ocaqları"na təşkilati və ideoloji dayaqlar qoymaqdır
|
Əvvəli ötən sayımızda
III mərhələ - xristianlığa sadiqliyin yoxlanılması; anket sistemi ilə insanların daha dərindən öyrənilməsi; missionerlərlə fərdi söhbətlər; müxtəlif kilsə strukturlarına buraxılış.
IV mərhələ - təriqətə yeni daxil olmuş şəxsdən "icmaya işləmək" sahəsində istifadə. Bu proqram 24 maddədən ibarətdir. Məsələn: uşaq bağçalarında, məktəblərdə, ali məktəblərdə, xəstəxanalarda, uşaq evlərində, hərbi xidmətçilər, ordudan tərxis olunanlar arasında, qaçqınların çadır düşərgələrində təbliğat aparmaq; əhalinin toplandığı yerlərdə dini ədəbiyyat yaymaq; audio və video kasetlərin prokat məntəqələrində işləmək; evlərdə fərdi "İncil" təbliğatı aparmaq.
V mərhələ - xaç suyuna çəkilmə ayini; ayrı-ayrı keşiş tapşırıqlarını yerinə yetirməyə cəlb edilmə.
Təriqətin ən iste`dadlı, sadiq və perspektivli üzvləri Bakı Bibliya İnstitutuna (BBİ) dinləyici qəbul edilirlər. Burada onlar dörd fakültədə xüsusi tə`lim keçirlər; missiya, dinşünaslıq (teologiya), kilsədə xidmət və inzibatçılıq, xristian təhsili.
Nəhayət, BBİ tələbələri içindən ən e`tibarlı gənclər Baltimor mərkəzinə, habelə, "Qreyter Qreys" tərəfindən bütün dünyada vaxtaşırı keçirilən seminarlara təcrübə toplamağa göndərilirlər. Belə seminarlara erməni qriqorian kilsəsinin yevangelistlər cəmiyyətinin nümayəndələri də tez-tez də`vət olunurlar. Mə`lumdur ki, ABŞ-da təcrübə səfərində olmuş Azərbaycan vətəndaşı keşiş Müşfiq Bayramov erməni qriqorian kilsəsinin ruhani alimləri ilə sıx əlaqə saxlamış, söhbətlər etmişdir.
Fəaliyyət zonası:
Bakı, Gəncə, Mingəçevir, Quba, İsmayıllı, Lənkəran habelə, İmişli və Sabirabaddakı qaçqın düşərgələri.
Təriqəti qəbul edənlərin sayı:
Təriqətçi missionerlərin moizələrində təqribən 800 nəfər daimi və 300 nəfər vaxtaşırı iştirak edir. Təriqətçiliyi qəbul edənlərin 70%-i qadınlar, 40%-ə yaxını azərbaycanlılar, 45%-i ruslar və 15%-i yəhudilərdir.
İş metodları:
Metro stansiyaları və əhalinin toplandığı digər yerlərdə dini məzmunlu audio- video yazıların və təriqətçi ədəbiyyatın böyük miqyasda yayılması. Azərbaycan dilində materialların çoxaldılmasına meyl müşayiət olunur. Birinci mərhələyə aid həftəlik kütləvi moizələrdə əlavə, bütün şəhər yaşayış massivini əhatə edən zonaların mərkəzindəki şəxsi mənzillərdə ayrı-ayrı missionerlər tərəfindən məşğələlər keçirilir (cəmi 15 ünvan).
"Yeni həyat yayıcıları" - "Qreyter Qreyts"ə yaxın baptist təriqət. Digər adı belədir: "Yevangeliya" (İncil) xristian-baptistləri təşkilatı".
Əsas məqsədi:
Birinci mərhələdə baptist ədəbiyyat və audio-video yazılar yazmaqla, ikinci mərhələdə isə kütləvi xaç suyuna çəkilmə mərasimləri vasitəsilə müsəlman əhalini xristianlaşdırmaq.
Fəaliyyət zonası:
Bakı, Şamaxı, Yevlax.
Struktur:
Təriqətlər içində ən məxfi daxili struktura malikdir. İki yarım-icmaya malikdir:azərbaycandilli və rusdilli. Keşişə yazılı və şifahi müraciətlər halında informasiya verən xəbərçilərin geniş şəbəkəsi yaradılıb. Təriqətin sıravi üzvləri üçün kəskin cəzalandırma sistemi tətbiq edilir.
Başlıca təbliğat obyektləri, İslah-əmək müəssisələrinin məhkumları arasında və hərbi hissələrdə iş aparmaq üçün xüsusi keşiş briqadalarına malikdir.
Təriqəti qəbul edənlərin sayı:
Təriqətçilərin tədbirlərində təqribən 900 nəfər daimi və 400 nəfər vaxtaşırı iştirak edir. Bunların 50-dən çoxu milliyyət e`tibarilə azərbaycanlılardır.
"Yəhva şahidləri" beynəlxalq təriqətinin yerli icması. Təriqətin qərargahı (bürosu) Bruklində (ABŞ) yerləşir.
Metod:
Əhalinin, xüsusilə də gənclərin fərdi yola gətirilməsinə üstünlük verilir. Əsas nəşriyyat orqanları - rus dilində çıxan (Almaniyada) "Oyanın!" və "Keşikçi qülləsi" jurnalları poçtla göndərilir, həm də fərdi paylanır. Təriqətin mərkəzi, yerli filiallar üçün metodik vəsait hazırlayarkən milli və ərazi səciyyələrini nəzərə alan, yaxşı təşkil edilmiş təbliğat aparatına malikdir.
İdeologiya:
Dünyanın sonu və İblislə son döyüş (Ümumdünya Armageddon astanasında xilas olmaq üçün yəhva ideologiyası çərçivəsinə sığışmayan hər cür başqa fikrin kökünü kəsmək məqsədilə dini tədbirlərdə iştirak etmək üçün təriqət üzvlərinə, xüsusilə gənc auditoriyaya çağırışlar edirlər.
Təriqət üzvlərinin sayı:
200 nəfər möhkəm inamlı fəal.
"Gideon qardaşlığı"
Qərargah:
ABŞ, Tennesi, 37214; Neşvill 2900, Lebanov Roud.
Səciyyəvi xüsusiyyət:
Əsas fəaliyyət istiqaməti hərbi xidmətçilərin xristianlaşdırılması və hərbi hissələrdə təbliğatdan ibarətdir. Təhsil ocaqları, səhiyyə obyektləri, mehmanxanalar və s. ictimai yerlərdə fəal iş mənzərəsi yaradılması təriqətin nüfuz etdiyi başlıca obyektləri maskalamaq məqsədi daşıyır.
Metodlar:
Təbliğat ədəbiyyatının külli miqdarda yayılması; yeni üzvlərlə başqalarından məxfi, fərdi iş aparılması; maddi stimuldan geniş istifadə edilməsi.
Üzvlərin sayı:
Göstərilən mühitdən təqribən 150 nəfər adam təriqətin fanatik fəallarıdır.
"Yeni apostol kilsəsi" beynəlxalq təriqətçi missioner təşkilatının yerli filialı. Azərbaycanda 6 ilə yaxındır ki, fəaliyyət göstərir. Mərkəzi Almaniyadadır. Rəhbəri Baş apostol Rixard Fer. Təriqət ideologiyasına görə, Baş apostolun şəxsiyyəti İsa Məsihin şəxsiyyətinə bərabər tutulur.
Təsnifatı: qapalı tipli totalitar. Qərb araşdırıcıları tərəfindən ekstremist ruhlu dini təşkilatlara aid edilir.
Yerli icma apostolun idarəsi altındadır; daha aşağı təbəqəyə aid missionerlər - keşişlər, diakonlar və s. ona qeydsiz-şərtsiz tabedirlər.
Metodlar:
Əsas məqsəd - əhalinin köklü (əsl) nümayəndələrini təriqətə cəlb etməkdir.
İdeologiya:
Təriqət üzvlərinin "Yeni apostol kilsəsi"nə aid olmayan ətraf mühitə qarşı mənfi davakar münasibət bəsləmələri təbliğ edilir. Təriqət qanunlarına ciddi riayət etmək (o cümlədən, təriqət moizələrinə həftədə 3 dəfə icbari surətdə getmək) və dünya həyatı ne`mətlərini rədd etmək tələb olunur.
Təriqətə yeni daxil olanlar arasında tez-tez müxtəlif xəstəliklərin nişanələri (o cümlədən, əsəb sisteminin pozulması, ağır depressiyalar) müşahidə edilir.
"Ümid səsi" müsəlman əhalinin xristianlaşdırılması üzərində ixtisaslaşmış beynəlxalq təriqətçi missioner təşkilat.
Əsas metod:
Müsəlman xristian təbliğatı aparmaq üçün missioner kadrları hazırlamaq. Təriqətin nəşr etdiyi ədəbiyyat kifayət qədər səthi, amma təbliğat baxımından istiqamətləndirilmiş "İslam tənqidi"ni əhatə edir. Bu ədəbiyyat müsəlman köklü missionerlər üçün nəzərdə tutulub, müsəlman mühitində təriqətçi-xristian dəyərlərinin "üstünlüyü" barədə gələcək təbliğata hazırlıq kimi, həmin təqəbəyə İslam teologiyası və ehkamının əsaslarını öyrətmək məqsədi daşıyır. Bu zaman İslamın mə`nəvi-əxlaqi dəyərlərinə tez-tez təhqiramiz və böhtanla dolu hücumlar edilir. Təriqət iki nəşriyyat qrupuna malikdir: "Həyat işığı" (Avstriya) və "Xeyirxah yol" (İsveçrə). Azərbaycana, həm də ayrı-ayrı şəxslərin ünvanına külli miqdarda ədəbiyyat göndərir (hərdən qaçaqmal yolu ilə). Müxtəlif yerli təriqətçi-xristian icma üzvlərinin anket və test sorğularını geniş həcmdə həyata keçirir. Təriqətin göndərdiyi 36 adda kitabı oxuyub, qiyabi yazılı imtahan verdikdən sonra şəxs missioner diplomu alır. Təşkilat 1993-cü ildə Bakıda konfrans keçirdi. həmin konfransda dünyanın hər yerindən axışıb-gəlmiş və guya təriqət nöqteyi-nəzərindən İslamın öyrənilməsi ilə məşğul olan missionerlər davakar dini xarakterli çağırışlarla Azərbaycan xalqının tarixi keçmişinə dair tənqidi çıxışlar etdilər.
"World Wision" - əsasən təriqətçi-missioner fəaliyyətini maliyyə-təşkilat baxımından müdafiə etməklə məşğul olan beynəlxalq xristian təşkilatının bir qoludur. Azərbaycanda humanitar təşkilat kimi qeydiyyatdan keçmiş və deklarasiya bəyanatına əsasən, qaçqınlara humanitar yardım göstərməklə məşğuldur. Təşkilat ABŞ-da yerli azərbaycanlıların, xüsusilə, İran mənşəli şəxslərin xristianlaşdırılması üzrə fəal iş aparır. Erməni qriqorian kilsəsinin Amerikadakı yeparxiyaları ilə sıx əlaqə saxlayır, "xristian həmrə`yliyi" və "ermənilərə yeni baxış" ideyalarını təbliğ edir. Beləliklə, məhz "World Wision" fəallarının təbliğati işinin nəticəsində Texas ştatında yaşayan 5000 nəfər azərbaycanlının 200-ü xristianlığı qəbul etmişdir.
Münaqişələr:
Təşkilatın Bakıdakı ofisinin keçmiş işçilərinin verdiyi mə`lumata əsasən, Azərbaycan hüquq-mühafizə orqanlarının yoxlamaları nəticəsində, humanitar məqsədlərə ayrılmış külli miqdarda vəsaitin təşkilat fəalları tərəfindən mənimsənilməsi faktları aşkar edilmişdir. Məsələn, Mingəçevir ərazisində məskunlaşmış qaçqınlara BMT himayəsi altında yardım üçün nəzərdə tutulmuş 3 milyon ABŞ dollarından yalnız 800 mini ünvana gəlib çatmışdır. Qalan məbləğ təşkilatın Bakıdakı ofisinin xarici və yerli vətəndaşlardan ibarət işçiləri tərəfindən mənimsənilmişdir.
Bütün ermənilərin katalikosu I Qareginin təriqətçi missioner rəhbərləri ilə bir neçə il bundan əvvəl keçirdiyi görüşdə söylədiyi açıqlama hər şeyi dəqiq göstərir: "Azərbaycana yola düşün".
Beləliklə, yuxarıda Azərbaycanda fəaliyyət göstərən əsas missioner təriqətlərinin siyahısı verilmişdir. Yuxarıda təqdim edilmiş göstəricilərdən aydın olur ki, bunlar təriqət ideologiyasına sadiq olan "zombi"ləri bütün Yer kürəsi boyu çoxaltmağa çalışan, təbliğat baxımından hazırlıqlı, maddi baxımdan yaxşı tə`minatlı beynəlxalq korporasiyalardır.
|