Xəbərlər

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#88(312)
Dini təşkilatlar qeydiyyatdan keçəcək
Şantal Puare Fransanın Azərbaycandakı yeni səfiri olacaq
Xəzərdə konfrontasiya fayda gətirməyəcək
Siyavuş Kərimi Milli Konservatoriyanın rektoru tə`yin edilib
Mütəllibov birliyə çağırıb
İran Cənubi Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirir
BAB "İmdad Xomeyni"nin qarşısında e`tiraz aksiyası keçirib
Elçibəyin vəfatının ildönümü qeyd olunacaq
Mübahisəni özümüz çözməliyik...
İmtahan nəticələrini "Azercell"dən öyrənin
Rabitəçilər latına keçib
4 azərbaycanlının həbsi yalandır
Qatil meşədə yaxalandı
İran Azərbaycanın notasına cavab verib
Türkmənistan "Göygöl"ə iddia edir


Dini təşkilatlar qeydiyyatdan keçəcək

"Azərbaycanda iki minə yaxın dini qurum fəaliyyət göstərir. Onların yalnız 410-u dövlət qeydiyyatından keçib". Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
R.Əliyev deyib ki, Dövlət Komitəsi bu ilin oktyabrından başlayaraq dini qurumlara dövlət qeydiyyatından keçmələri üçün müraciət edəcək. Qeydiyyatdan keçmə məsələsi 6-7 ay ərzində başa çatacaq. Dini təhsillə məşğul olan mədrəsələrə gəlincə, onların 90 faizi dövlət qeydiyyatından keçməyib. Eyni zamanda mədrəsələrin bir çoxunda qanuna zidd olaraq xarici vətəndaşlar dərs deyir. R.Əliyev həmçinin qeyd edib ki, dini dərsliklər və proqramlar Dövlət Komitəsi tərəfindən ekspertiza olunacaq. Xaricdən ölkəyə gətirilən dini ədəbiyyatlara toxunan komitə sədri deyib ki, qanuni fəaliyyət göstərən hər bir dini icma dini ədəbiyyat ala bilər. "Ancaq 50 nəfər üzvü olan dini icma 5000 nüsxə ədəbiyyat gətirirsə, bu artıq təbliğat xarakteri daşıyır",-deyə Əliyev vurğulayıb. Vəhabizmdən danışan R.Əliyev bildirib ki, ölkədə "vəhabizmin ekstremist formasının" yayılması təhlükəsi var. Vəhabizm tərəfdarlarının toplaşdığı məscidlərin fəaliyyətini Səudiyyə Ərəbistanı və başqa ölkələrdə təhsil alan adamlar tənzimləyir. Əliyevin sözlərinə görə, vəhabizm əsasən Azərbaycanın şimal rayonlarında və Bakıda yayılıb. Azərbaycanlıların xristianlığı qəbul etməsini şərh edən R.Əliyev deyib ki, bu barədə dəqiq statistik mə`lumat yoxdur. Təsdiq edilməmiş mə`lumatlara görə, onların sayı 5-6 min nəfərdir. Gəncədə adventistlərin fəaliyyətinə toxunan komitə sədri bildirib ki, adventistlər onların məzhəbini qəbul edənlər üçün sex açır, çörək, hər ayın sonunda pul verir, işlə tə`min edir.

Şantal Puare Fransanın Azərbaycandakı yeni səfiri olacaq

Fransanın Azərbaycandakı yeni səfiri xanım Şantal Puare olacaq. Bu barədə mə`lumatı diplomatik mənbə bildirib. Xanım Puarenin Bakıya gəlişi sentyabrın ortalarına planlaşdırılıb.
Mənbənin sözlərinə görə, bundan öncə Şantal Fransa XİN-də çalışıb, BMT və beynəlxalq təşkilatlar məsələsilə məşğul olub. Yeni səfir gələnə kimi Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin vəzifəsini siyasi məsələlər üzrə müşavir Tibo Furye icra edəcək. Avqustun 14-də hazırkı səfir Jan Pyer Ginyüt səlahiyyət müddəti başa çatdığı üçün Bakını tərk edəcək. Vətənə qayıtdıqdan sonra o, Fransa nümayəndə hey`əti başçısının müavini kimi, Nyu-Yorka-BMT Baş Assambleyasının sessiyasına yola düşəcək.

Xəzərdə konfrontasiya fayda gətirməyəcək

ABŞ-ın Xəzərdə baş verən son hadisələrə kifayət qədər ləng və həvəssiz reaksiya verməsilə bağlı tənqidi fikirləri şərh edən ABŞ Dövlət Departamenti mətbuat xidmətinin əməkdaşı "Turan"ın müxbirinə deyib:
Biz iyulda, İran güc tətbiqi barədə hədələrə əl atanda öz narahatlığımızı aydın şəkildə bildirdik. İranın belə hərəkətləri Xəzərdə sərhəd probleminin sülh yolu ilə həllinə mane olur". "ABŞ regionda bazar iqtisadiyyatını və Xəzərdə enerji resurslarının kommersiya baxımından sərfəli şəkildə, məhsulun bölünməsinə dair müqavilələr əsasında işlənməsini dəstəkləyir",-deyə mənbə vurğulayıb. Buna görə də ABŞ sözügedən məsələlərin həllilə bağlı sahilyanı ölkələr arasında danışıqları dəstəkləyir. "Konfrontasiya yaxşı məqsədlərə xidmət etmir",- deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Siyavuş Kərimi Milli Konservatoriyanın rektoru tə`yin edilib

Prezident Heydər Əliyevin sərəncamı ilə Siyavuş Əşrəf oğlu Kərimov yeni təhsil ocağının - Azərbaycan Milli Konservatoriyasının rektoru tə`yin edilib.
Eyni zamanda dövlət başçısı "Milli Konservatoriyanın maddi-texniki bazasının yaradılması haqda" sərəncam imzalayıb. Sənədə görə Təhsil Nazirliyi 10 gün ərzində Milli Konvervatoriyanın (MK) yaradılmasını tə`min etməli, Musiqi Kollecini və İncəsənət Gimnaziyasını onun tərkibinə daxil etməlidir. Bundan əlavə, Təhsil Nazirliyi sözügedən müddətdə MK-nın strukturunu müəyyən etməli, Bakı Musiqi Akademiyasının (keçmiş Konservatoriya) xalq musiqisi ixtisası üzrə müvafiq kadrlarını və tələbə kontingentini ora köçürməlidir. İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb ki, 10 gün müddətində MK-nı bina ilə tə`min etsin. Ölkə prezidentinin bugünkü fərmanına görə, Bakı Musiqi Akademiyası klassik və estrada musiqisi üzrə ixtisaslaşaraq bundan sonra da fəaliyyət göstərəcək. Bakı Musiqi Akademiyasının prorektoru, sənətşünaslıq elmləri doktoru, professor Elxan Babayev bildirib ki, MK-nın yaradılması xalq musiqisi tədrisinin yaxşılaşmasına və ifaçılıq sənətinin inkişafına tə`sir göstərəcək. Onun sözlərinə görə, əgər Bakı Musiqi Akademiyasında xalq musiqisi üzrə bir neçə kafedra fəaliyyət göstərirdisə, bundan sonra ali məktəb bütünlüklə bu işlə məşğul olacaq. E.Babayev deyib ki, yeni ali məktəbin yaradılması Bakı Musiqi Akademiyasının nüfuzuna və təhsilin keyfiyyətinə xələl gətirməyəcək.

Mütəllibov birliyə çağırıb

Azərbaycanın eks-prezidenti, Vətəndaş Birliyi Partiyasının (VBP) sədri Ayaz Mütəllibov Dünya Azərbaycanlıları Konqresinin 5-ci qurultayına məktub göndərib.
Məktubda qurultayın qəbul edəcəyi qərarların siyasi baxımdan bütün soydaşlarımız üçün əhəmiyyətli olacağı vurğulanır, xaricdə yaşayan azərbaycanlılar arasında siyasi passivliyin fəallıqla əvəzlənəcəyinə inam ifadə olunur. Qarabağ probleminin meydana çıxmasından 13 il keçməsinə baxmayaraq həllini tapmaması xüsusi qeyd edilir, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməməsindən narahatlıq ifadə edilir. Eks-prezident məktubunda problemi xalqın problemi sayaraq onu elə xalqın da həll etməli olduğunu bildirir. Onun fikrincə, problemin uğurlu həlli üçün iqtidar və müxalifət qüvvələri birləşməli, Azərbaycanın haqq səsini dünyaya çatdırmalı və Ermənistanı təcavüzkar dövlət kimi tanıtmaq üçün bütün səylər birləşdirilməlidir.

İran Cənubi Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirir

Tehran rejimi Azərbaycan Respublikasına təzyiqləri gücləndirərək eyni zamanda Cənubi Azərbaycan əyalətlərində polis rejimini gücləndirir.
Bütöv Azərbaycan Birliyi (BAB) mətbuat xidmətindən verilən mə`lumata görə, Təbrizdə və Urmiyədə faktik olaraq fövqəla`də vəziyyət tətbiq edilib. Polis adamların qrup halında hərəkətinə mane olur və bunu ictimai asayişin qorunmasının zəruriliyilə izah edir. Mənbə bildirib ki, bir neçə gün öncə Təbrizdə Cənubi Azərbaycan milli azadlıq hərəkatının 95 illiyini qeyd etmək üçün Tuqa qəbiristanlığında toplaşmış nümayişçilərlə polis arasında toqquşma verib. Aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma 3 saata yaxın davam edib. Onlarla nümayişçi həbs edilib və Təbriz təhlükəsizlik idarəsinə aparılıb. Onlara qarşı cinayət işi qaldırılıb.

BAB "İmdad Xomeyni"nin qarşısında e`tiraz aksiyası keçirib

Dünən Bütöv Azərbaycan Birliyinin (BAB) 100-ə yaxın üzvü İranın Bakıdakı "İmdad Xomeyni" xeyriyyə cəmiyyətinin binası qarşısında (Üzeyir Hacıbəyov küçəsi, 5) yürüş-piket keçirib.
BAB mətbuat xidmətinin rəhbəri Cahandar Bayoğlunun verdiyi mə`lumata görə, aksiya son vaxtlar İranın Azərbaycana qarşı təcavüzünə e`tiraz olaraq keçirilən tədbirlərdən biridir. Aksiyada İranın Azərbaycana təcavüzü pislənib, piket iştirakçıları İranı Azərbaycanın hava və su sərhədlərini pozmağa son qoymağa çağırıblar. Aksiya iştirakçıları "Azərbaycan", "Fars, erməni - bunlar türkün düşməni" şüarları səsləndiriblər. Piketdən sonra aksiyanın qətnaməsi oxunub. Sənəddə bildirilib ki, İran Azərbaycana qarşı təcavüzkar hərəkətlərə son qoymasa e`tiraz aksiyaları davam edəcək. C.Bayoğlunun sözlərinə görə, polis əməkdaşları aksiyaya müdaxilə etməyiblər. Piket insidentsiz ötüşüb.

Elçibəyin vəfatının ildönümü qeyd olunacaq

Avqustun 22-də Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin vəfatının ildönümü tamam olur. Bu məqsədlə yaradılmış Təşkilat Komitəci dünən Bakı Mətbuat Klubunda ilk toplantısını keçirib.
Tədbirdə çıxış edən Xalq Cəbhəsi Partiyasının (klassiklər) sədri Mirmahmud Mirəlioğlu komitənin tərkibini e`lan edib. Quruma Türkiyədən olan rəsmi və qeyri-rəsmi şəxslər də daxildir. Planlaşdırılan tədbirlərin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. M.Mirəlioğlunun təklifilə şair Ramiz Rövşən qurumun sədri seçilib. Daha sonra ildönümünün qeyd olunması ilə bağlı təkliflər irəli sürülüb. Qərara alınıb ki, tədbir ümumxalq yürüşü və gəzintisi kimi qeyd edilsin, Ə.Elçibəylə bağlı şe’r müsabiqəsi keçirilsin, mətbuatda onun barəsində məqalələr dərc edilsin, həmin müddətdə siyasi qüvvələr bir-birinə qarşı ittihamlara son qoysun.

Mübahisəni özümüz çözməliyik...
Moskva "Xəzər beşliyi"nin gələcəkdə regional çoxsahəli əməkdaşlıq strukturuna çevriləcəyini istisna etmir

Bu barədə mətbuata açıqlama verən Rusiya prezidentinin Xəzər məsələləri üzrə təmsilçisi Viktor Kalyujnı bildirib ki, Xəzəryanı dövlətlərin başçılarının payızdakı görüşündən sonra münasibətlərdə dönüş olacaq, bölgədə əməkdaşlığın inkişafına güclü təkan veriləcək və regionda sülh və sabitliyin möhkəmlənməsinə imkanlar açılacaq.
Rusiya rəsmisinin fikrincə, sammit Xəzərin hüquqi statusunun baza prinsiplərinin müəyyən edilməsi və regionda ən aktual problemlərin çözülməsində ümumi mövqenin ifadə edilməsinə dair Deklarasiyanın imzalanmasıyla nəticələnə bilər. "Xəzəryanı dövlətlərin ümumi maraqları çoxsaylıdır", - deyə sözünə davam edən Kalyujnı təklif olunan regional əməkdaşlıq strukturunun formasını "bu, gələcəyin işidir" kimi xarakterizə edib. Rusiya prezidenti təmsilçisinin mövqeyini şərh edən "Media- PRESS" agentliyi bunun diplomatik görüntüdən başqa bir şey olmadığını bildirib. Heç kəs mübahisə etmir ki, Xəzər dövlətlərinin ümumi maraqları var. Məhz bu kontekstdən yaxın qısa vaxt ərzində "beşliy"in regional struktura çevrilməsini gözləmək sadəlöhvlük olardı. Agentliyin qeyd etdiyinə görə, əgər sammit baş tutarsa çox çətin ki, o "əlamətdar hadisə" kimi yadda qalsın. Regionda sülh və təhlükəsizliyin möhkəmlənməsi üçün öncə Xəzəryanı dövlətlərin dənizin hüquqi statusu ətrafında birgə mövqeyə gəlmələri vacibdir. Hələ ki, tərəflər arasında belə mövqe müşahidə olunmur. Hələ indiyədək Xəzərin dəniz və ya göl olduğu barədə ümumi fikir yoxdur. Bu isə ən prinsipial əhəmiyyətli məsələdir. Resursların və suyun səthinin bölünməsi, milli sektorların və ərazi sularının tə`yin olunması məhz bundan asılıdır. Digər tərəfdən, Xəzər dövlətlərindən İran və Türkmənistanın Azərbaycana münasibəti qarşıdakı sammitin müvəffəqiyyətinə zəmanət vermir. Lakin Azərbaycan prezidentinin İrana qaraşıdakı səfəri zamanı ikitərəfli münasibətlərdə sıçrayışlar da istisna olunmur. Belə düşünməyə rəsmi Bakının son vaxtlar İran təyyarələrinin tez- tez Azərbaycanın hava sərhədlərini pozmasına səbr nümayiş etdirməsi də əsas verir. Bu heç də Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirməmək istəyindən irəli gəlmir. Prezidentin səfəri zamanı iki ölkə arasında müxtəlif sahədə çoxlu sayda əməkdaşlıq müqavilələrinin imzalanması nəzərdə tutulub. Belə qənaətə gəlmək olar ki, Tehran "hər ölkəyə 20 faiz pay prinsipindən" çətin əl çəksin. Əvvəla, bu prinsipin hüquqi əsası olmadığından heç kimin qarşısında öhdəlik qoymur. Lakin Tehrana Xəzərin cənubunda yerləşən bə`zi Azərbaycan yataqlarına iddia irəli sürməyə imkan yaradır. Tehranın belə hərəkəti Aşqabada da əl-qol açmağa meydan verir. Rusiya və Qazaxıstanı bu vəziyyət bəlkə də qane etməsə də, onları bir o qədər də həyəcanlandırmır. Belə ki, onların maraqlarına zərrə qədər də toxunulmur. Rusiya və İranın Xəzərin dostluq, mehriban qonşuluq və əməkdaşlıq bölgəsinə çevrilməsinə dair birgə bəyanatı deklarasiyadan başqa bir şey deyil. Belə nəticə əldə etmək olar ki, hər bir dövlət öz mövqeyində qalır. Mübahisəli yataqlar isə hələ gözləyər. Onlara də növbə çatar.

İmtahan nəticələrini "Azercell"dən öyrənin

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2001-ci ilin iyul-avqust aylarında keçirilən qəbul imtahanında bütün qruplar üzrə istifadə olunmuş test tapşırıqları və onların düzgün cavablarını "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc edib.
Abituriyentlər nəticələr e`lan edilənə qədər jurnalın köməyi ilə öz doğru və səhv cavablarını öyrənib, topladıqları balları hesablaya bilərlər. Gələcək abituriyentlər də növbəti tədris ili üçün ali məktəbə mükəmməl hazırlaşmaq üçün həmin test kitabçalarından elmi-metodiki vəsait kimi yararlana bilərlər. Ali məktəblərə qəbul olunanların siyahısı isə avqustun 17-dən sonra "Abituriyent" jurnalında dərc edilməklə yanaşı, TQDK-nın internet saytında yerləşdiriləcək. Qeyd edək ki, bu il imtahanların nəticələrini mobil telefon vasitəsilə daha tez öyrənmək mümkün olacaq. "Azercell"-lə TQDK arasında bağlanan müqavilə əsasında nəticələr şirkətin rabitə xidmətinə ötürüləcək. Abituriyent öz kodunu qeyd etdikdən sonra 777 nömrəsini yığaraq qəbul olunub-olunmamasını öyrənə bilər. Həmçinin, mobil telefon vasitəsilə topladıqları bal və daxil olduğu ixtisas haqda mükəmməl bilgi ala bilərlər. İmtahanın nəticələri e`lan edildikdən sonra təhsil formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent lazimi sənədləri 10 gün ərzində qəbul edildiyi təhsil müəssisəsinə təqdim etməlidir. Göstərilən müddətdə təhsil ocağında qeydiyyatdan keçməyən şəxs ali məktəbə qəbul olunmayacaq. Qəbul olunmayan abituriyentlər isə öz imtahan nəticələri barədə arayışları bilavasitə sənəd verdikləri komissiyadan əldə edə bilərlər.

Müsəlman Demokrat Partiyası yarandı

Rabitəçilər latına keçib
Respublika prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun tarixli fərmanında nəzərdə tutulan məsələlər həll olunmaqdadır. Bu məqsədlə Rabitə Nazirliyində Nadir Əhmədovun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb. Respublikanın bütün rabitə müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə latın qrafikasına keçidlə bağlı xüsusi tapşırıqlar verilib. Nazirliyin mətbuat xidmətinin verdiyi mə`lumata görə, artıq iyul ayının sonundan rabitə müəssisələrində istifadə edilən blanklar, möhür və ştamplar, reklam və tablolar latın qrafikası ilə hazırlanıb. Həmçinin, təşkilatlararası yazışmalar, çap maşınları, Mə`lumat Hesablama Mərkəziində, Layihə Axtarış Kontorunda və dihər müəssisələrdə kompüterlərin yeni əlifbaya keçirilməsi başa çatdırılıb. Onu da qeyd edək ki, Bakı teleqrafında latın qrafikasına keçidlə bağlı bütün işlər uğurla başa çatdırılıb. Nəticədə işin keyfiyyəti yüksələrək bə`zi əməliyyatlar asanlaşıb.

4 azərbaycanlının həbsi yalandır
MTN-in Sərhəd Qoşunları İdarəsi belə mə`lumatları təxribat kimi dəyərləndirir

Avqustun 6-da axşam Xəzərdə Rusiyanın ərazi sularında 4 azərbaycanlının həbs edilməsi ilə bağlı sözügedən ölkənin KİV-də yayılan mə`lumatları həqiqətə uyğun deyil.
Bu barədə mə`lumat yayan MTN Sərhəd Qoşunları İdarəsindən bildiriblər ki, Rusiya tərəfinin bu barədə açıqlamalarından sonra müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, avqustun 5-də Xudat dəniz limanından yollanmış sərhəd alayının motorlu qayıqları qarafik üzrə geri dönüblər. Bundan başqa Rusiya Federal Sərhəd Qoşunları Xidmətinin Dərbənd alayı ilə əlaqə saxlanılıb. Onlar da Rusiya KİV-də gedən mə`lumatı təkzib ediblər. Mə`lumatda bildirilir ki, namə`lum qayıq Azərbaycan millətindən olan Rusiya vətəndaşlarına məxsus ola bilər. Sərhəd Qoşunları İdarəsi 4 nəfər azərbaycanlının həbs edilməsi barədə yayılan yalan mə`lumatları hər iki ölkə arasında əlaqələrin inkişafın əleyhinə olan təxribat aksiyası kimi qiymətləndirir.

Qatil meşədə yaxalandı
O, bir həftə axtarışda olub

Şəki Şəhər Baş Polis İdarəsinin əməkdaşları Oğuz rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçirərək, 1975-ci il təvəllüdlü Vüqar Lətifovu həbs ediblər. Polislər qəsdən adam öldürməkdə təqsirləndirilən V.Lətifovu həmin rayonun meşə massivində tutublar. Bununla bağlı bölgə müxbirimizdən dünən aldığmız mə`lumata görə, o, bir həftə əvvəl Şəkidə qətl hadisəsi törədib. Belə ki, V.Lətifov Şəki şəhər sakini, 1941-ci il təvəllüdlü Akif Akayevin idarə etdiyi "VAZ-2106" markalı taksiyə əyləşib. Maşını sür`ətlə sürməyi əmir edən Vüqarın sözlərindən sürücüyə mə`lum olub ki, o, kiminləsə "haqq-hesab" çürütməyə tələsir. Bundan ehtiyatlanan A.Akayev maşını saxlayaraq, Vüqardan düşməyi tələb edib. V.Lətifov daha da qəzəblənib. O, başqasından hayif çıxmaq üçün hazırladığı bıçaqla taksi sürücüsünə bir neçə zərbə endirib və hadisə yerindən qaçıb. A.Akayev üzündən və döş qəfəsindən ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İran Azərbaycanın notasına cavab verib

İyulun 23-də Xəzərdə baş vermiş insidentlə əlaqədar Azərbaycanın İrana göndərdiyi rəsmi notaya əks tərəfdən cavab gəlib.
Bu barədə mə`lumat verən baş nazir Artur Rasizadə bildirib ki, İran tərəfi əvvəlki mövqeyində qalır. "Mən hesab edirəm ki, bu məsələ ətrafında danışıqlar davam etdirilməlidir", -deyə Rasizadə bildirib. Baş nazirin fikrincə, problemin başqa həlli yolu yoxdur. Rasizadəyə görə, yalnız danışıqlar yolu ilə Azərbaycan haqlı olduğunu sübut edə bilər. Onun sözlərinə görə, beynəlxalq və hüquqi praktika göstərir ki, Azərbaycan haqlıdır.

Türkmənistan "Göygöl"ə iddia edir

Türkmənistan baş nazirinin müavini Ella Qurbanmuradova bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri tərəfindən kəşf edilmiş "Sərdar" (Kəpəz) blokuna aid olan "Göygöl" perspektiv strukturu heç bir şübhə olmadan Türkmənistana məxsusdur.
Türkmənistanın daha bir iddiasını şərh edən ARDNŞ-dəki mənbələr bildiriblər ki, mütəxəssislər "Göygöl" adında yataq kəşf etməyiblər. ARDNŞ-də qeyd ediblər ki, "Kəpəz" yatağının cənubundan "Araz"-"Alov"-"Şərq" strukturlarınadək heç bir yataq aşkar olunmayıb. Ona görə də başa düşülmür bu dəfə Türkmənistan konkret olaraq hansı yatağa iddia edir.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd