Aləm

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#89(313)
Kamikadze hərəkatı genişlənir
Missionerlərə Əfqanıstanda yer yoxdur
İranda daşqın
Daha bir güzəşt
Berlin divarı - 40
Qara qitə Malavidə toplaşır


Kamikadze hərəkatı genişlənir
  "Təhlükəsizlik tədbirləri" Fələstin müqavimətini gücləndirir

Fələstində vəziyyət yenidən gərginləşib. Ötən həftənin cümə axşamı günü baş verən mə’lum qəlyanaltıxana partlayışının (bu təxribat nəticəsində əksəriyyəti İsrailin dinc sakinləri olmaqla 16 nəfər ölmüş, 80 nəfər yaralanmışdı) doğurduğu əks-səda Təl-Əvivin siyasi dairələrində tam ciddiyyəti ilə müzakirə olunmamış, bazar günü gecə ikinci partlayış olub. Bu dəfə İsrail tərəfindən ölən olmasa da, 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Təxribat əməlinə görə məs’uliyyəti "İslam Cihadı" təşkilatı öz boynuna götürüb. Partlayışı bu təşkilatın sıravi üzvü törədib. Hadisə zamanı könüllü döyüşçünün özü həlak olub. Xatırladaq ki, cümə axşamı günü baş verən partlayış da məhz "İslam Cihadı" təşkilatının üzvü tərəfindən həyata keçirilmişdi. Dünən İsrail əsgərləri ilə silahlı fələstinlilər arasında baş verən atışma zamanı yeddi yaşlı fələstinli qız aldığı yaradan ölüb. Bu hadisə onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirib.
Baş verən son hadisələr göstərir ki, İsrail tərəfinin atdığı sərt addımlar qarşı tərəfin müqavimət qüvvəsini nəinki sarsıtmır, əksinə, onu daha da gücləndirir. Münaqişə tarixində yenidən güclənən kamikadze tendensiyası hər iki tərəfi çıxılmaz vəziyyətdə qoyub. Doğrudur, İsrail son təxribat əməllərində Ərəfatın bilavasitə cavabdeh olduğunu bildirir və deyir ki, Fələstin administrasiyası ən azı bu təxribatlara cavab vermədiyinə görə onları dəstəkləmiş sayıla bilər. Əslində belə deyil. Hiss etmək çətin deyil ki, Fələstində ümumi vəziyyət Ərəfatın nəzarətindən çıxır. Ərəfat fələstinlilər arasında güclü nüfuza malik olsa da, son zamanlar bu düşərgədə yekdillik hiss edilmir. Mə’lum olduğu kimi, beynəlxalq ictimaiyyətin fəal dəstəyini qazanan İsrail "İslam Cihadı" və "Həmas" təşkilatlarının nəzarəti altında olan döyüşçülərin həbs edilməsini istəyir. Təl-Əviv rəsmiləri hesab edirlər ki, Ərəfat bu həbsləri sanksiyalaşdırmaq istəmir. Əslində Ərəfat islamçıların nəzarətdən çıxmasında maraqlı deyil. Muxtariyyətin təhlükəsizlik qüvvələri ara-sıra radikalları həbs edirlər. Lap elə bu günlərdə Fələstin polisi bir qədər əvvəl Qüdsdə baş vermiş bomba partlayışına görə suçlu bilinən iki "Həmas" üzvünü - Abdullah və Bilal Bərqutini həbs etmişdi. Amma Ərəfat bundan uzağa gedə bilmir. Belə addımlar onun xalq arasında nüfuzuna ciddi xələl gətirir. Məsələ təkcə Fələstinə aid olsaydı, bəlkə də Ərəfat İsraillə vahid məxrəcə gələ bilərdi. Fələstin məsələsi artıq bu ərazidə yaşayan ərəblərin problemi çərçivəsindən çoxdan çıxıb. Bu halda Ərəfatın rolu onun özündən asılı olmadan kiçilir. Bir yandan da İsraildəki mövcud hakimiyyətin təbiəti münaqişənin inkişafını gücləndirir. Hadisələr göstərir ki, Şaronun hakimiyyətə gəlişindən sonra bunadək Fələstində o qədər də güclü dayaqlara malik olmayan "Hizbullah"ın fəaliyyəti xeyli güclənib, Livan ərəbləri ilə fələstinlilər arasında müttəfiqlik güclənib. Mə’lum olduğu kimi, Livanda Şaronun şəxsiyyəti müharibə elçisi kimi qəbul edilir. Göründüyü kimi, Ərəfat barrikadaların arasında qalmaq təhlükəsi ilə üzləşib. İslam mücahidlərinin kafirlərə təhvil verilməsi onu sosial və siyasi dayaqlardan məhrum edə bilər. Belə bir vəziyyətdə muxtariyyət liderinin Təl-Əvivlə açıq sövdələşmələrə girməsi mümkün deyil.
İsrail də dinc durmaq niyyətində deyil. Ariyel Şaronun nümayəndəsi Raanan Gissin bildirib ki, Kiryat Motskində baş verən terror hadisəsindən sonra İsrail tərəfi "oyun qaydalarını dəyişmək" qərarına gəlib. Çox güman ki, İsrail mə’muru bununla İslam döyüşçülərinə münasibətdə daha sərt xətt yürüdüləcəyini nəzərdə tutub. Amma hiss etmək çətin deyil ki, bu cür mübarizə İsrailə sərfəli deyil. Fələstin yarası irinlədikcə, İsraildə hakimiyyət zəifləyir, yəhudilərin kütləvi şəkildə İsrailə köçürülməsi işi yubanır, ən əsası isə ölkənin məxfi xidmətlərinin dünyanın ən bacarıqlı və tə’minatlı qurumu olması amili belə, terrorçuların mənbəyinə çıxmağa imkan vermir. Görünür, elə buna görədir ki, İsrail tərəfi Fələstinə müharibə e’lan etmək istəyir. Daha doğrusu, bu müharibə e’lan edilib, sadəcə olaraq tərəflər arasında cəbhə xətti deyilən məfhum yoxdur. Ərəblərlə yəhudilər hər yerdə var və ordu, polis təhlükənin hansı tərəfdən gözlənməli olduğunu aydınlaşdıra bilmir.
Təl-Əvivin atdığı son addımlar göstərir ki, hazırkı hakimiyyətin əsas məqsədi bu cəbhə xəttini yaratmaqdır. Görünür, elə buna görədir ki, İsrail zaman-zaman məhz Fələstin administrasiyası ilə münaqişəyə girməyə sə’y göstərir. Hər halda İsrail qüvvələrinin Fələstin muxtariyyətinə aid olan binaları zorla ələ keçirməsi və onu BMT rəhbərliyinin kəskin e’tirazlarına rəğmən geri qaytarmaq istəməməsi deyilənləri təsdiqləyir.

Missionerlərə Əfqanıstanda yer yoxdur
  Taliban xristian elçilərini ölkədən qovdu

Əfqanıstanda hakim "Taliban" hərəkatı bu ölkədə xristianlığı yaymaqda ittiham edilən humanitar təşkilatın əcnəbi nümayəndələrini ölkədən çıxarmaq haqqında qərar verib.
Kabil radiosunun mə’lumatına görə, hərəkatın ali rəhbəri molla Məhəmməd Ömər həmin təşkilatın 8 əcnəbi nümayəndəsinin ölkə hüdudlarından çıxarılması haqqında sərəncam imzalayıb. Adı ölkədən qovulanlar siyahısına düşən iki amerikalı, dörd alman, iki avstriyalı yaxın bir neçə gün ərzində ölkədən çıxarılacaq. Ötən şənbə günü isə taliblər həmin təşkilatın əməkdaşlarının tə’siri altına düşərək xristian dininə ibadət etdiklərinə görə həbs edilən 65 uşağı azad ediblər. Qeyd edək ki, həmin uşaqlarla birlikdə onların ataları da dustaqxanaya salınmışdı.

İranda daşqın
  Təbii fəlakət yüzlərlə adamın ölümünə səbəb olub

Ötən gün İranın şimal-şərqində güclü daşqın olub. Verilən xəbərlərdə 100 nəfərə yaxın insanın həlak olduğu deyilir. İtkin düşənlərin axtarılması üçün hərbi vertolyotlardan istifadə edilir.
Bu ölkədən verilən mə’lumatlarda deyilir ki, daşqın Gülüstan əyalətində son iki gündə 1500 evi yuyub, yolları, qaz kəmərlərini, telefon xətlərini dağıdıb. Gülüstan əyalətinə qonşu olan Xorasan və Şərqi Azərbaycan əyalətlərində daha çox insan tələfatının olduğu deyilir. Ölkənin fəlakət rayonlarına verilən elektrik enerjisi kəsilib. Kənd təsərrüfatına yararlı olan minlərlə hektar torpaq su altında qalıb. Bu, son iki yüz ildə ölkədə baş vermiş ən dağıdıcı daşqındır. Hazırda xilasedicilər lil və palçığın altından insan cəsədləri çıxarır, salamat qalan sakinlər nisbətən dağlıq ərazilərə köçürülür. Gülüstan milli parkında xilasedicilər ən azı üç turist avtobusunun palçığın altında qaldığını bildirirlər. Ölkə prezidenti Məhəmməd Xatəmi təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hökuməti əlindən gələni etməyə çağırıb.

Daha bir güzəşt
  London Şimali İrlandiya parlamentini buraxmadı

Böyük Britaniya Şimali İrlandiyanın Qanunverici Assambleyasının statusunu yenidən bərpa edib. Bu orqan 1998-ci ilin aprel ayında imzalanmış sülh müqaviləsinə əsasən yaradılmış regional idarəetmə strukturudur.
Xatırladaq ki, onun fəaliyyəti Olster sülh tənzimləməsində meydana gəlmiş mürəkkəb vəziyyətə görə tə’xirə salınmışdı. İndi hərbi birləşmələrin (İRO-nun) tərksilah edilməsi ilə bağlı yeni qaydaların, onun icra müddəti ilə bağlı mübahisəli məsələlərin həlli üçün əyalətin siyasi partiyalarına altı ay vaxt verilib. Bu müddət ərzində tərksilahla bağlı ciddi irəliləyişə nail olunmasa, London yenidən çətin seçim qarşısında qalacaq. Bu halda o, ya vaxtından əvvəl seçkilərin keçirilməsini təşkil etməli, ya da assambleyanın fəaliyyətini dayandırmalı olacaq.

Berlin divarı - 40
  Almanların ideyaca birləşməsi hələ də baş tutmayıb

Dünən Almaniyada bu ölkənin ikiyə bölünməsinin və "soyuq müharibə"nin simvolu kimi yaddaşlarda qalan Berlin divarının tikilməsinin 40 illiyi qeyd edildi.
Bu məqsədlə şəhərdə xüsusi tədbirlər və mitinq keçirilib. 1961-ci ildə inşa edilmiş və uzunluğu 155 kilometr olan Berlin divarları 30 il mövcud olub və 1989-cu ildə sökülüb. Divarları Şərqi Almaniya kommunistləri alman ailələrinin Qərbə axınının qarşısını almaq üçün tikmişdilər. Xatırladıq ki, Qərbə keçmək istəyən 200-dək alman ADR sərhədçiləri tərəfindən güllələnmişdi. Divarların sökülməsinə və vahid Almaniyanın yaranmasına baxmayaraq, sosializm və kapitalizm ideyalarını daşıyan siyasi qüvvələr arasında çəkişmə indinin özündə də davam etməkdədir. Almaniya mühafizəkar Partiyasının rəhbərliyi Kommunist Partiyasının xələfi olan Demokratik Sosializm Partiyası ilə hakim koalisiyaya girməyə hazırlaşan Sosial Demokrat Partiyasının planlarını kəskin tənqid edib.

Qara qitə Malavidə toplaşır
  Cənubi Afrika dövlətləri problemləri birlikdə həll etməyə çalışır

Malavidə Afrikanın cənubunda yerləşən 14 ölkənin rəhbərləri arasında zirvə görüşü keçirilib.
Görüşdə QİÇS-lə mübarizə, Konqo və Anqolada davam edən münaqişələr, Zimbabvedə hazırkı durum diqqət mərkəzində olub. Qeyd edək ki, Konqo və Anqoladakı münaqişələr bu ölkələrdə sosial-iqtisadi vəziyyəti pisləşdirib, Zimbabvedə isə ağlara məxsus olan fermaların talanması və zorla ələ keçirilməsi prosesi davam etmədədir. Zirvə görüşündə çıxış edən CAR prezidenti Tabo Mbeki Zimbabveyə qarşı sanksiyanın tətbiq edilməyəcəyini deyib. Onun sözlərinə görə, Zimbabvedə problemin həlli üçün ən yaxşı yol dialoqun davam etdirilməsidir.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd