|
|
|
|
#89(313)
|
 |
Ölkə prezidentinin icra hakimiyyəti orqanlarında işə qəbul üçün testlərin tərtibi haqqında imzaladığı fərman müxalif siyasi dairələrdə də razılıqla qarşılanıb. Mə’lumat üçün deyək ki, qaydalar bu il sentyabrın 1-dən qüvvəyə minəcək "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq hazırlanıb. Qanuna görə, icra hakimiyyətlərində vəzifə tutacaq şəxslər müvafiq testlərdən keçməli olacaqlar.
Məsələ ilə bağlı "Bizim ƏSR"ə açıqlama verən ALP İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan icra hakimiyyəti orqanlarına işə düzəlmək üçün test sisteminin tətbiq edilməsini uğurlu addım sayır. O hesab edir ki, sözügedən fərman dövlət idarəetmə sistemində çalışanların intellektual səviyyəsinin yüksəlməsinə və bürokratik amillərin nisbətən məhdudlaşmasına səbəb olacaq: "Bu, irəliyə doğru atılmış bir addımdır. Ölkə başçısının bu fərmanını yalnız alqışlamaq olar. Çünki artıq intellektual minilliyə daxil olmuşuq. Bu əsrdə dövlət mə’murlarının intellektual səviyyəyə görə seçilməsi olduqca vacibdir. Elə qanunlar tətbiq olunmalıdır ki, hər bir mütəxəssis öz üzərində işləməyə məcbur olsun. Ancaq biz istəməzdik ki, bu qanunun tətbiqində qanunsuzluğa, saxtakarlığa yol verilsin".
Əvəz Temirxanın sözlərinə görə, idarəetmənin bütün sahələrində test sisteminin tətbiq olunmasına tərəfdardır. Onun fikrincə, deputatların və prezidentliyə namizədlərin də test sistemi ilə seçilməsi vacibdir: "Üç il əvvəl bu təkliflə çıxış edəndə çoxları bizə gülürdü. İndi sevinirik ki, uzun illərdir, irəli sürdüyümüz təkliflər dövlət idarəetmə sisteminə gətirilir. Arzu edərdik ki, bütün dövlət strukturlarında insanları məhz intellektual potensialına görə seçib işə götürsünlər. Qədim Çində - 2000 il əvvəl bütün mə’murlar Konfudzi tə’limindən imtahan verirdilər. Bundan sonra isə vəzifələrə tə’yin olunurdular. Biz hesab edirik ki, yaxın 10-15 il müddətində həmin tələbləri deputatlara və prezidentliyə namizədlərə də şamil etmək lazımdır. Eləcə də müəllimlər, həkimlər mütəmadi olaraq testdən keçirilməlidir".
Əvəz Temirxan deyir ki, ilk olaraq ölkə siyasətçiləri testdən keçirilməlidir: "İlk olaraq "Siyasi Partiyalar Haqqında" qanundan başlamaq lazımdır. Siyasətə gələn adamın heç olmasa, dünya tarixindən xəbəri olmalıdır. Eləcə də diplomatiyadan, siyasətdən, geopolitikadan nəsə bilməlidir. "Siyasi Partiyalar Haqqında" qanunun əsasında intellektual yarış prinsipi durmalıdır. Partiyanın rəhbərliyində olan şəxslər intellektual testdən keçməlidir. Azərbaycanda təhsil də yarış prinsipi əsasında qurulmalıdır. Hər bir uşaq gündəlik öz biliyini testlə nümayiş etdirməlidir. Bunu mütləq etmək lazımdır ki, cəmiyyət günü-gündən kamilləşsin".
AXCP-nin AMİP-lə imzalayacağı saziş "islahatçı" Demkonqresə daxil olan partiyaların ciddi e’tirazına səbəb olub. Müttəfiqləri Əli Kərimovun AMİP sədri E’tibar Məmmədovun liderliyini qəbul etməsi ilə qətiyyən barışmaq istəmirlər.
VHP funksioneri Elçin Mirzəbəyli "Bizim ƏSR"in müxbiri ilə söhbətində bildirib ki, AXCP-AMİP sazişi Demkonqres üzərinə heç bir məs’uliyyət qoymayacaq. Onun sözlərinə görə, VHP-nin prezident seçkilərində öz namizədi olacaq: "Bununla bağlı VHP-nin öz qərarı var və bu qərarı yalnız qurultay dəyişə bilər. Demkonqresin əsasnaməsinə görə, Sədrlər Şurasının qərarı olmadan heç bir partiya başqa Demkonqresdən kənar partiya ilə blok yarada bilməz. Bu, artıq vahid namizəd məsələsini istisna edir. İkinci bir tərəfdən, AXCP-nin öz üzərinə götürdüyü öhdəliklərin Demkonqresə heç bir dəxli yoxdur. O cümlədən, hər hansı partiya konkret Demkonqresi təmsil edə bilməz. Ola bilər ki, AXCP AMİP-lə əməkdaşlıq sazişi imzalayacaq. Amma bu prosesdə VHP iştirak etməyəcək. Çünki VHP-nin AMİP-lə imzalamaq istədiyi sazişdə vahid namizəd məsələsi yoxdur".
Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı Rail Rzayev Azərbaycan sərhədlərini pozan İran təyyarələrinin "cavabının veriləcəyini" bildirib. Onun sözlərinə görə, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri artıq gücləndirilmiş iş rejiminə keçiblər.
Ehtiyatda olan Zabitlər Birliyinin sədri, polkovnik İsa Sadıxov da Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanının açıqlamasını müsbət qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycanın hava qüvvələrinin sərhədləri pozan təyyarələri cəzalandırmaq üçün hər cür imkanı var: "Yaxşı ki, Azərbaycan Müdafiə Nazirliyi öz sözünü dedi. Bu, əslində, İrana xəbərdarlıq kimi başa düşülməlidir. Bir qədər gecikmiş bəyanat olsa da, yəqin ki, öz tə’sirini göstərəcək. Azərbaycanın buna hər cür imkanı var".
Polkovnikin sözlərinə görə, Azərbaycanın hava sərhədlərini pozan təyyarələrin "cəzalandırılması" iki formada mümkündür: "Əvvəlcə, təyyarənin endirilməsinə cəhd göstərilir, bu mümkün olmadıqda isə vurulur. Eyni zamanda öz təyyarələrimizi mütəmadi olaraq sərhəd zonasına qaldırmalıyıq ki, qarşı tərəf belə hərəkətlərdən çəkinsin. Əslində növbətçi əsasnamələri var ki, buna görə, yuxarıdan əmr gözləmək lazım deyil. Yə’ni sərhəd pozulan kimi, atəş açılmalıdır".
Hərb tarixində sərhədləri pozan təyyarələrin vurulması ilə çoxsaylı hadisələrin olduğunu deyən İsa Sadıxov hesab edir ki, beynəlxalq ictimaiyyət də buna kəskin reaksiya vermir: "Hər bir ölkənin sərhədləri pozulursa, onun güc göstərməklə özünü müdafiə etmək hüququ var. Vaxtilə Koreyanın mülki təyyarəsi səhvən SSRİ-nin sərhədlərini pozmuşdu. İçində sərnişinlərin olmasına baxmayaraq həmin təyyarə dərhal vurulmuşdu. SSRİ mövqeyini o vaxt belə izah etmişdi ki, həmin təyyarə onun hərbi obyektlərinin üstündən uçurmuş. 1986-cı ildə isə həvəskar yüngül idman təyyarəsi Moskvada "Qızıl Meydan"a qonmuşdu. Buna görə, Müdafiə Nazirliyində çoxlu sayda adam cəzalandırıldı, Sokolov işdən çıxarıldı".
Yenə yollar ayrılır...
Fazil Qəzənfəroğlu: "İslahatçılar"ın Elçibəyin vəfatının ildönümü ilə
bağlı təşkilat komitəsində iştirak etməyə mə’nəvi haqqı çatmır" |
Mərhum AXCP lideri Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı yaradılmış təşkilat komitəsinə Əli Kərimov və digər "islahatçılar" buraxılmayıb. Bu məsələdə ayrıseçkiliyə yol verilməsini düzgün hesab etməyən bir çoxları təşkilat komitəsində "islahatçılar"ın da təmsil olunmasının vacibliyini önə çəkirlər.
Məsələ ilə bağlı müraciət etdiyimiz AXCP (klassiklər) sədrinin müavini Fazil Qəzənfəroğlu isə bildirir ki, "islahatçılar"ın təşkilat komitəsində iştirakına problem yaradılmayacaq. Onun sözlərinə görə, təşkilat komitəsi bütün Azərbaycan vətəndaşları üçün açıqdır: "Onlar özləri təşkilat komitəsində olmaq üçün təşəbbüs göstərməyiblər. Ona görə də adları həmin komitə üzvləri arasında yoxdur. Elçibəy ümummilli liderdir və onunla bağlı məsələdə iqtidar-müxalifət söhbəti yoxdur. İmkan vermərik ki, onlar bu məsələdən öz reklamları üçün istifadə etsinlər".
Bununla belə, AXCP funksioneri hesab edir ki, "islahatçılar" arasında təşkilat komitəsində təmsil olunmağa layiq kimsə yoxdur: "O tərəfdə qalanlar istisnasız olaraq Elçibəyə mənfi münasibətdə olan şəxslərdir. Əli Kərimov özü isə Elçibəyə xəyanət mövqeyində olub. İndi bə’ziləri riyakarlıq edərək müxtəlif fikirlər söyləyə bilərlər. Amma fakt odur ki, onlar Elçibəyi yox, Əli Kərimovu seçiblər. Ona görə də mən zənn etmirəm ki, onların arasında Elçibəyə mə’nən yaxın olan adamlar var. Yə’ni onların heç birinin təşkilat komitəsində olmağa mə’nəvi haqqı çatmır. Allah yollarını uğurlu eləsin, görək hara qədər gedirlər".
Fazil Qəzənfəroğlu Müsavatyönümlü Demkonqresin ictimai qınaqlara mə’ruz qalması barədə deyilənləri də qəbul etmir. "Əslində ictimaiyyətin bütün ziyalıları həmin təşkilat komitəsində iştirak edir. Ona görə də hansısa qınaqdan, fikir ayrılığından söhbət gedə bilməz. Hamı bilir ki, Elçibəy yolunda olan insanlar kimdir, ona daim zərbə vurmağa çalışanlar kim".
İsveçin Molmö şəhərində keçirilən Dünya azərbaycanlılarının V konqresi dünən öz işini yekunlaşdırıb. Millət vəkili İqbal Ağazadənin sədrlik etdiyi qurultay iştirakçıları Şuşanın işğal günü olan 8 mayın Beynəlxalq Qaçqınlar günü e’lan edilməsi haqda qərar çıxarıblar.
Qurultayda həmçinin İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Azərbaycan sərhədlərini mütəmadi pozması hallarına münasibət bildirən bəyanat qəbul edilib. Bəyanatda İranın Azərbaycana qarşı tutduğu mövqe pislənilib. Dünən qurultay iştirakçıları həmçinin Stokholmdakı İran səfirliyi qarşısında da piket keçiriblər.
|