İdman

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#89(313) 
XI milli çempionat startda
K.Tuayev "Neftçi"də təmizləmə aparır
"Araz" gedər oldu
Berti Foqts yeni vəzifədə
"Real" uduzdu
Gənc ağırlıqqaldıranlar Avstriyaya gedir
"İvan Poddubnı"dan 1 gümüş


XI milli çempionat startda
2001/2002-ci il mövsümü fərqli sistemlə keçiriləcək

Azərbaycanın futbol üzrə XI milli çempionatı avqustun 18-də başlanacaq. Bundan əvvəlki çempionatdan fərqli olaraq, ölkənin futbol birinciliyi 2001/2002-ci il mövsümü iki mərhələdən ibarət "pley-off" sistemi üzrə keçiriləcək.
Xatırladaq ki, XI milli futbol çempionatının püşkatma mərasiminin keçirilməsi əvvəlcə avqustun 3-ə tə’yin edilsə də, tədbir bir neçə klubun AFFA-ya olan üzvlük haqqını ödəyə bilməməsi üzündən tə’xirə salınmışdı. Beləliklə, avqustun 10-da baş tutan püşkatma mərasimi çempionatda qarşılaşmaların ardıcıllığına aydınlıq gətirdi. Güclülər dəstəsində çıxış edən klublar mübarizəyə avqustun 18-də başlayacaqlar. Burada bir haşiyə çıxaraq qeyd edək ki, AFFA əvvəlcə futbol çempionatının avqust ayının axırlarında başlanacağını desə də, sonradan onun başlanma tarixini irəli çəkdi. Bu da Azərbaycan milli komandasının Dünya çempionatının seçmə yarışlarına hazırlıq planı ilə əlaqədardır. Ölkə birinciliyində 12 komanda iştirak edəcək. Bunlar ötənilki çempion "Şəmkir"(Şəmkir), "Neftçi" (Bakı), "Viləş" (Masallı), "Şəfa" (Bakı), "Dinamo/Bakılı" (Bakı), "Xəzər Universiteti" (Bakı), "Kəpəz"(Gəncə), "Qarabağ-Azərsun" (Ağdam), MOİK (Bakı), "Turan"(Tovuz), "Ümid" (Bakı), "Şahdağ" (Qusar) klublarıdır. Qeyd edək ki, AFFA-ya olan üzvlük haqqını gecikdirdiklərinə görə, son günlərə kimi üç klubun - "Turan", "Dinamo/Bakılı" və "Araz"ın çempionatda iştirakı sual altında idi. İş o yerə çatmışdı ki, AFFA "Real" (Bakı) və ya "Bakılı" (Bakı) klublarının güclülər dəstəsinə buraxılması məsələsini nəzərdən keçirməli olmuşdu. Sonuncu dəfə iclasını keçirən AFFA İcraiyyə Komitəsi və Operativ Məsələlər üzrə Şura "Turan" klubunu çempionatdan çıxararaq, onun əvəzində Qusarın "Şahdağ"ını güclülər dəstəsinə çağırmalı olmuşdu. Ancaq son anda "Turan" və "Dinamo/Bakılı" çempionatda iştirak üçün tələb olunan 36 milyon manatlıq məbləği ödədiklərinə görə çempionata buraxıldılar. Üzvlük haqqını AFFA-nın bank hesabına ödəməyə gecikən "Araz" isə çempionatdan kənarda qaldı. İndiki çempionata qatılacaq 12 komanda iki dövrədən ibarət dairəvi sistemdə (evdə və səfərdə) oyunlarını martın 16-dək keçirəcək. Bu mərhələdə 1-6-cı və 7-12-ci yerləri tutan klublar mübarizənin final mərhələsini ayrı-ayrı yarımqruplarda martın 22-dən başlayaraq davam etdirəcəklər. Final mərhələsində də matçlar iki dövrədə dairəvi sistem üzrə keçiriləcək. Qeyd edək ki, ölkə çempionatı tarixində bu sistemdən artıq istifadə edilib. O zaman çempionatın əvvəlki mərhələlərində komandaların xalları final mərhələsində nəzərə alınmışdı. Ancaq bu dəfə belə olmayacaq. Çempionat mayın 24-də başa çatacaq. Sonda turnir cədvəlində 11-12-ci yerləri tutan komandalar güclülər dəstəsini tərk edərək, birinci liqaya keçəcəklər. Azərbaycan kuboku uğrunda yarışlar isə mayın 28-də başa çatacaq. Beləliklə, 18-19 avqustda keçiriləcək ilk turda aşağıdakı komandalar qarşılaşacaq:

"Şəfa" - "Kəpəz"
"Ümid" - "Neftçi"
"Xəzər Un." - "Turan"
"Qarabağ-Azərsun" - "Dinamo/Bakılı"
"Şəmkir" - MOİK
"Şahdağ" - "Viləş"

K.Tuayev "Neftçi"də təmizləmə aparır

Hələ ötən həftə "Neftçi" klubunun baş məşqçisi vəzifəsinə tə’yin edilmiş Kazbek Tuayev komandada müəyyən vəzifə dəyişikliyi aparmağa başlayıb.
Komandanın ikinci məşqçisi Yaşar Vahabzadə, qapıçılarla işləyən Camaləddin Əliyev və klubun bə’zi işçiləri vəzifələrindən uzaqlaşdırılıblar. Bunlarla yanaşı klubda yeni tə’yinatlar da var. Belə ki, Kazbek Tuayev bir il əvvəl "Xəzər Universiteti"nə həm məşqçi, həm də futbolçu kimi fəaliyyət göstərən tanınmış hücumçu Samir Ələkbərovu özünün köməkçisi tə’yin edib.

"Araz" gedər oldu

"Lids" klubunun prezidenti Piter Ridsdeyl və onun iki kiçikyaşlı qızının ünvanına hədə-qorxu dolu məktub gəlib. Məktubu yazanlar prezidenti və onun qızlarını öldürəcəkləri ilə hədələyiblər.
Bu hadisə ilə əlaqədar "Elland Road" stadionuna polis çağırılıb. Həmin məktubların komandanın azarkeşləri tərəfindən gəldiyi ehtimal edilir. Məsələ bundadır ki, klub rəhbərliyi komandanın bu günlərdə Qarfortda tikilməsi planlaşdırılan yeni stadiona köçəcəyini bildirib. Klubun yeni stadiona köçəcəyindən xəbər tutan namə’lum fanatlar "Lids"in prezidentinin ünvanına hədə-qorxu gəliblər. Piter Ridsdeyl bu məsələ ilə bağlı azarkeşlərlə məsləhətləşəcəyini bildirib. Xəfiyyə məktubların qrafoloji analizini aparır, məktublar gələn bağlama və hətta poçt markaları da yoxlamadan keçir.

Berti Foqts yeni vəzifədə Bu dəfə o, Küveyt komandasını yarışlara hazırlayacaq

Almaniya seçmə komandasının keçmiş baş məşqçisi Berti Foqts bundan sonra Küveyt milli futbol komandasına başçılıq edəcək. Müqavilə bir il müddətinə imzalanıb.
Küveyt Milli Futbol Federasiyasının baş katibi Məhəmməd Otman deyib ki, Foqts artıq sentyabr ayında öz vəzifəsini icra edə bilər. Maraqlıdır, bir ay əvvəl B.Foqts Küveyt milli komandasına başçılıq edəcəyi haqqında xəbərləri qətiyyətlə təkzib edirdi. 54 yaşlı alman mütəxəssisin son iş yeri Leverkuzenin "Bayer" klubu olub. O həmin klubda cəmi 189 gün işləyib. Vaxtilə Almaniya seçmə komandasının hey’ətində 96-cı dəfə meydana çıxan Berti Foqts 1992-1998-ci illərdə milli komandasının baş məqşçisi kimi çalışıb və onu 1996-cı ildə Avropa çempionluğuna qovuşdurub.

"Real" uduzdu
Zidan, Fiqu və Raul komandasının karına gələ bilmədilər

İspaniyanın "Deportivo" klubu La-Korunye şəhərində keçirilən ən’ənəvi "Teresa Errera" turnirinin qalibi olub. Klub finalda özünün "Riasor" stadionunda Madridin "Real" komandasına 2:1 hesabı ilə qalib gəlib. Görüş son dərəcə gərgin və qarşılıqla hücumlar şəraitində keçib.
Madrid klubundan Fiqu, Zidan və Raul hesabı açmaq üçün bütün imkan və bacarıqlarını ortaya qoysalar da, birinci hissədə hesab açılmayıb. Hesabı ikinci hissənin elə ilk dəqiqəsində Luiş Fiqu açıb. Ancaq 52-ci dəqiqədə Roy Makkay "kral klubu"nun qapısından bərabərlik topunu keçirib. 73-cü dəqiqədə Dieqo Tristan ikinci topu "Real"ın qapısından keçirərək 2:1 hesabı ilə komandasına qələbə qazandırıb.

Gənc ağırlıqqaldıranlar Avstriyaya gedir
Kadetlər qitə birinciliyində iştirak edəcəklər

Avstriyada gənclər arasında ağır atletika üzrə növbəti Avropa Çempionatının start götürməsinə az qalır.
Bu yarışda Azərbaycanı Zaur Abdullayev (56 kq) və Maarif Abbasovdan (62 kq) ibarət kiçik hey’ət təmsil edəcək. Gənc ağırlıqqaldıranları qitə birinciliyinə təcrübəli mütəxəssis, respublikanın əməkdar məşqçisi Məmməd Useynov çıxaracaq. Xatırladaq ki, ən yaxın vaxtlaradək M.Useynov milli komandanın baş məşqçisi postunu tuturdu. Son zamanlar federasiyada baş verən çəkişmələr təcrübəli məşqçini iste’fa ərizəsini imzalamaq məcburiyyətində qoyub.

"İvan Poddubnı"dan 1 gümüş

Rusiyanın Podolsk şəhərində, MOİK-in universal-idman zalında, məşhur rus pəhləvanı İvan Poddubnının xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə beynəlxalq turnir başa çatıb. Sayca 39-cu olan turnirdə 14 ölkənin güləşçisi iştirak edib.
8 çəki dərəcəsində keçirilən beynəlxalq turnirdə Azərbaycan beş pəhləvanla - Natiq Eyvazov (58 kq), Nurəddin Rəcəbov, Taleh İsrafilov, Elbrus Məmmədov (69 kq) Rəşid Mənsurovla (76 kq) təmsil olunub.
Daha uğurla çıxış edən Nurəddin Rəcəbov öz çəkisində turnirin gümüş medalına sahib olub. Xatırladaq ki, güləşçilərimizi bu yarışa Azərbaycanın əməkdar məşqçisi Hüseynağa Ələsgərov hazırlamışdı. Turnir sentyabrda ABŞ-ın Nyu-York şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyırdı.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd