Kriminal

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#89(313) 
Adam oğruları
Xəstəxananı yarıblar
"PEGIO" aşıb
Əsgər intihar edib


Adam oğruları
Onlardan 24 nəfəri hələ də axtarışdadır

İndi kriminal terminologiyada tez-tez rast gəlinən "kidnepinq" ifadəsi əvvəllər uşaq oğurluğu ilə məşğul olanlara şamil edilirdi. Artıq böyüklərin oğurlanması halları artdığından bu ifadənin mə`nası da genişlənib. Azərbaycanda kidnepinqin başlanması 1994-cü ilə təsadüf edir. Respublikamızda bu cinayət növünü özünə peşə seçən ilk cinayətkar qrupun rəhbəri Nardaran qəsəbəsinin sakini, 1950-ci il təvəllüdlü Balaqardaş Dadaşov olub. Əvvəllər adam öldürdüyünə görə məhkum olunub. Onun Rusiyanın kriminal avtoritetlərinin bə`zisiylə əlaqələri olduğu söylənilir.
Deyilənlərə görə, respublikamızda adam oğurluğunun "ideya müəllifi" olduğu üçün bu cinayətlər zamanı alınmış pulların bir hissəsi ona çatıb. B.Dadaşov barəsində beynəlxalq axtarış e`lan edilib. Son mə`lumatlara görə, o, bir neçə ildir ki, respublikamızın hüdudlarından kənardadır. ...Mütəxəssislərin rə’yinə görə, Azərbaycandakı adam oğruları özlərinin Qərbdəki "həmkarları"ndan nisbətən rəhmlidirlər. Onlar, adətən, öz "qurbanları"na işkəncə vermirlər. Qərbdə isə girov götürülmüş şəxsin qohumları əksər hallarda pul ödəyib əvəzinə meyit alırlar. Çünki oğrular girovların onları satacağından ehtiyat edirlər. Bizim qanunlara əsasən, kidnepinqlə məşğul olanlara 5 ildən 12 ilə qədər azadlıqdan məhrum edilmə cəzası düşür. Qeyd edək ki, əvvəllər adam oğurluğu ilə bağlı zərərçəkənlər polisə mə`lumat vermirdilər. Lakin indi kidnepinqlə üzləşənlər polis orqanlarına mə’lumat verməkdən çəkinmirlər

" İlk "ov"ları məktəbli idi

B.Dadaşovun nüfuzu altında olan qruplardan birinə Nizami Əliyev rəhbərlik edib. Qrupun üzvləri 1995-ci il mayın 5-də saat 13 radələrində "Makarov" və "Naqan" tipli tapançalarla silahlanaraq, F.Xoyski küçəsindəki 200 saylı məktəbin qarşısından yeddinci sinif şagirdi Əli Gözəlovu oğurlayıblar. Girovun əl-qolunu, gözlərini bağlayaraq, maşınla A.Babayevə məxsus "Könül" restoranına aparıblar. Axşam düşənədək onu burada saxlayıb, sonra isə başqa bir yerdə düz bir həftə gizlədiblər. Ə.Gözəlovun girov kimi sonuncu ünvanı dəstə üzvü Xanlar Quliyevin yaşadığı Yeni Suraxanı qəsəbəsindəki Çaparidze küçəsi olub. Uşağın valideynlərinin imkanlı olduqlarını bilən cinayətkarlar 30 min dollar tələb ediblər. Valideynlərin polisə şikayət edəcəyi təqdirdə isə uşağı öldürəcəklərini bildiriblər. Nəhayət, iyunun 21-də 20 min dollar və 10 min dəyərində qızıl-zinət əşyası alan oğrular Ə.Gözəlovu azad ediblər.

" Anbar direktorundan 20 min dollar alıblar

Növbəti cinayət epizodu yenə də N.Əliyevin dəstəsi reallaşdırıb. Onların bu dəfəki "qurban"ı Bakı şəhər sakini Eldar Aşurov olub. Qohumları onun azad edilməsi üçün 30 min dollar xərc çəkiblər. Cinayətkarlar bir neçə gündən sonra Suraxanı rayon ət məhsulları anbarının direktoru Xanlar Müzəffərovu oğurlayıblar. X.Müzəffərov onlara pul verəcəyini və’d etdikdən sonra azad olunub. O, sözünə sadiq qalaraq pulu özü deyil, dostu, "Atəşgah" restoranının sahibi Nəzər Nəzərov vasitəsilə oğrulara çatdırıb. Bu dəfə onlar 20 min dollar qazanıblar. İstintaq zamanı adam oğrularının şəxsiyyəti müəyyən olunub. Cinayətdə iştirak edən bir nəfər Dağıstan vətəndaşından başqa, digərləri - Ş.Tahirzadə, R.Rəhimov, T.İbrahimov, Ə.Abbasov barədə istintaq bütün mə`lumatları toplayıb.

" Polis mane olub

Kidnepinqlə məşğul olan daha bir cinayətkar qrupun üzvləri də ifşa ediliblər. Onlara da ümumi rəhbərliyi B.Dadaşov həyata keçirib. Qrupun başçısı Laçın rayonunun keçmiş sakini Şakir Nəbiyevdir. 1996-cı il avqustun 17-də saat 24 radələrində cinayətkarlar "Mersedes" markalı avtomaşınla Bakı şəhər sakini Həsən Abbasovun yaşadığı evə gəliblər. Burada özünü polis əməkdaşı kimi qələmə verən Ş.Nəbiyev "şö’bəyə aparmaq" adıyla H.Abbasovu maşına mindirib. Onu Bakıxanov qəsəbəsinə, Bünyadov küçəsindəki 21 saylı evə gətiriblər. Xətai rayon polisinin onların izinə düşdüyünü duyan oğrular 3 gündən sonra H.Abbasovu azad etmək məcburiyyətində qalıblar. Ş.Nəbiyev vaxtında gizlənsə də, dəstənin digər üzvləri həbs ediliblər.

" Qohumlar "risq"ə getdilər

Növbəti əməliyyat zamanı onlar Emil Xəlilovu girov götürüblər. Cinayətkarlar Emili həyət qapısından çıxarkən tutublar. Onu maşına basaraq, gizli bir yerə aparıblar və mobil telefon vasitəsilə valideynlərindən 60 min dollar istəyiblər. Lakin valideynlər bu qədər pulu verə bilməyəcəklərini bildirdikdə, məbləği 40 min dollara endiriblər. Həmin pulu alan dəstə üzvləri girovu gecə saat 4.30 radələrində valideynlərinə təhvil veriblər. Tofiq Hüseynovun oğurlanması isə çox qəribə sonluqla yekunlaşıb. 1999-cu il dekabrın 6-da saat 23 radələrində T.Hüseynovu şəxsi maşınında Binə qəsəbəsində saxlayaraq, onu na`məlum istiqamətə aparıblar. Bu epizodda B.Dadaşov özü iştirak edib. Cinayətkarlar girovun azad olunması üçün 1 milyon 500 min dollar istəyiblər. Lakin qohumları bu məbləği ödəməkdən imtina ediblər. Dekabrın 15-də girovun qardaşı M.Hüseynovla görüşərək, pulu verməyəcəkləri halda onu ölümlə hədələyiblər. Nəhayət, məbləğ 100 min dollara endirilib. Lakin M.Hüseynov yenə də onlara pul verməyəcəyini bəyan edərək, əgər qardaşını öldürsələr, dəfn etməkdən başqa çıxış yolunun olmadığını bildirib. Başqa çarə tapmayan oğrular dekabrın 16-da girovu buraxmaq məcburiyyətində qalıblar. Aydın məsələdir ki, Hüseynovlar qohumlarının öldürülməsini arzu etmirdilər. Lakin onların bu "risq"i uğurla nəticələnib.

" ...Və sonda

Adam oğurluğu hələ də davam edir. Kidnepinqlə məşğul olanlar yerinə yetirdikləri vəzifəyə görə 4 kateqoriyaya bölünürlər. Birinci qrup seçilmiş obyektin həyat tərzini öyrənir, ikinci qrup oğurluğu həyata keçirir, üçüncüsü girovun saxlanması, dördüncüsü isə dəstənin rəhbəri ilə girov götürülənin adamları arasında pul məsələsini həll edir. 1994-cü ildən bəri Bakıda 78 adam oğurluğu faktı qeydə alınıb. Onlardan 68-nin üstü açılıb. Ötən il 3 belə cinayət hadisəsi qeydə alınıb və hər 3-nün üstü açılıb. Həmin adam oğurluqları ilə bağlı müxtəlif cinayətkar qruplara mənsub 80 nəfər həbs edilib. Kidnepinqdə günahkar sayılan daha 24 nəfər isə axtarışdadır.

Xəstəxananı yarıblar

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə daha bir proses başa çatıb. Müttəhimlər kürsüsündə əyləşən Firudin Əsgərov və Rəhilə Gümüşova oğurluq etdiklərinə görə mühakimə ediliblər. Mə`lumat üçün bildirək ki, F.Əsgərov əvvəllər üç dəfə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, F.Əsgərov və R.Gümüşova əvvəlcədən cinayət əlaqəsinə girərək, ötən il dekabrın 9-da Lökbatan qəsəbəsində yerləşən 18 saylı xəstəxanadan oğurluq ediblər. Onlar tibb bacısının otağından 490 min manat ələ keçiriblər. Belə ki, tibb bacısının işdən çıxdığını görən Firudin Rahiləni gözətçi qoyub, otağın qapısını sındıraraq, içəri keçib. O, stolun üstündə olan pulu götürərək, "zəhmət haqqı" kimi Rahiləyə 160 min manat verib. Hadisədən bir gün sonra onların hər ikisi yaxalanıblar. Hakim Əlisultan Osmanovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmü ilə F.Əsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib, R.Gümüşova isə 3 il şərti cəza alıb.

"PEGIO" aşıb

Ötən gün səhər saat 9 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən "PEGIO" markalı mikroavtobus Ceyranbatan gölünün yaxınlığında qəzaya uğrayıb.
Yüksək sür`ətlə hərəkət edən maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə marşrutun sərnişini, 1981-ci il təvəllüdlü Ramin Məmmədov hadisə yerindəcə vəfat edib. Yaralananlar isə xəstəxanaya çatdırılıb.

Əsgər intihar edib

Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Taleh İsrafil oğlu Xudaverdiyevin əsgərlik xidməti cəmi 5 ay çəkib. Lənkərandakı N saylı hərbi hissədə qulluq etmiş T.İsmayılov intihar edib. Onun meyiti avqustun 12-də saat 13 radələrində hərbi hissənin ərazisində asılı vəziyyətdə tapılıb.
Aldığımız mə`lumata görə, T.İsmayılov ötən il aprelin 12-də Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 5 aylıq əsgərlik dövründə 9 dəfə evdə olub. Sonuncu dəfə avqustun 11-də evlərinə gələn Taleh elə səhərisi hərbi hissəyə qayıdaraq özünə qəsd edib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirdilər ki, intiharın səbəbləri araşdırılır və faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda cinayət işi açılıb. Mərhumun valideynləri isə komandirin oğlundan 300 min manat rüşvət istədiyini bildirərək, Talehin ölümündə onu günahlandırıblar. Qeyd edək ki, bu hadisə son bir ayda həmin hərbi hissədə baş verən sayca üçüncü ölüm faktıdır.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd