|
|
|
|
#89(313)
|
 |
Bağışlanmış ömür
Taleyini anasına pay verən Vəfa Fətullayeva
|
Əvvəli ötən
sayımızda
""Yaxşı aktrisa
ola bilsə..."
Çox sonralar, Vəfa bizim tanıdığımız məşhur Vəfa olandan sonra Hökümə xanım müsahibələrinin birində qızının ilk rolunu belə dəyərləndirirdi:
"Vəfa ilk görüşdən qalib çıxdı. Amma qələbə də asan olmadı. Bu xəbəri Moskvadan qayıdanda eşitdim. Elə gözlənilməz oldu ki, təsəvvür edirsinizmi, birdən-birə böyük bir səhnədə... Həm də bu rolu ona tapşıranda tamaşanın başlanmasına 24 gün qalırdı. Vaxt az idi, qorxurdum ki, bacarmasın. O isə qüvvəsinə inanırdı. Çox həyəcanlıydım. Ana ürəyidir. Sakit ola bilərdimmi? Hər addımını, hərəkətini... Kiçicik bir səhv edəndə, az qala ürəyim düşsün. O ki, hələ gəncdir.
Uşaqlıqdan inadkardır. Gecə-gündüz məşq edirdi. İllər necə də tez ötürmüş. Hələ dünən 8 yaşlı dəcəl qızdı. Rejissor Ələsgər Şərifov "Qış nağılı"nda ona Mamli rolunu tapşırmışdı. Amma mən bunu ötəri həvəs bilirdim. Axı, o özü də heç aktyor olmaq istəmirdi. Yox, yox, narazı deyiləm, yaxşı aktrisa ola bilsə...".
Hökümə xanım artıq Vəfa onun ümidlərini doğruldanda, onun öz gəncliyində oynadığı rolları oynamağa başlayanda e’tirafabənzər açıqlamalar verir, qızının sənətə gəlmək istəməməsi ilə bağlı ifadələr işlədirdi. Amma hər kəlməsində Vəfadan qürur duyduğunu və qızının taleyinin belə bir dönüş almasından razı qaldığını gizlətmirdi. O, balasının taleyini əvvəlcə zorən, sonralar isə könüllü şəkildə idarə edirdi. Vəfa həm qadın, həm də ana kimi qismətini öz anasına bağışlamışdı. Vəfaya qalan bir aktrisa taleyi idi ki, onu da yaşayırdı.
Birinci rolun sevinci ürəyinə təskinlik gətirmişdi. Sənətdə nəsə edə biləcəyinə ürəyində az-çox inam yaranmışdı. Ən əsası isə rejissorlar onu görmüşdü. Vəfa ikinci rolunu gözləyirdi.
Bu da ikinci rol. Sabit Rəhmanın "Küləklər" pyesində Alagöz...
Yenə gərgin məşqlər, yuxusuz gecələr...
Lakin bu tamaşada Vəfanın ifası arzuolunan səviyyədə olmadı. Alagöz Fəridənin oyatdığı təəssüratı kölgələdi. Uğursuz Alagözün taleyinə hamıdan çox kədərlənən isə Hökümə xanım oldu.
Amma Alagöz gecikmişdi. Vəfa artıq anasının də’vət etdiyi bu yolu axıradək getməyi qərara almışdı. Onu bu yolda nə gözləsə də, geri qayıtmayacaqdı. Bir də ki, geridə qoyub gəldikləri daha onu çağırmırdı da...
Ən ağır rolunu
oynadı anan,
anan - səhnəmizin
parlaq ülkəri.
Dünyanın əzəli
tamaşasından
bu rolu sən seçdin
ondan ötəri.
Neyləsin, taleyin
hökmü acıydı,
ilk dəfə üzürdü
bu hiss ananı.
Anan - teatrda
tamaşaçıydı,
sən bu faciənin
baş qəhrəmanı.
Nəriman Həsənzadənin Vəfanın vəfatı xəbərindən kədərlənib yazdığı şe’rindəndir bu misralar...
"
Səhnənin
dan ulduzu
Ana-bala hər ikisi səbirisizliklə üçüncü rolu gözləyirdi.
Nəhayət, o gün gəldi - İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsərində Gülgəz. Rejissorun rol bölgüsü hamını təəccübləndirmişdi. Hətta bütün əsərlərində gənclərin qüvvəsinə arxalanan, onlara inanan İlyas Əfəndiyev də narahat idi. Amma görünür, əbəs yerə. Gülgəz - Vəfa tamaşaçıların sevimlisi oldu. Gülgəz Alagözü unutdura bildi.
Yolunu uşaqlıqdan tanıdığı teatra Vəfa Gülgəzdən sonra ürəklə gəlib-getməyə başladı. Və beləcə, zirvəyə aparan rollar sıralandı.
"Vəfa, sən indi bizim səhnənin dan ulduzusan. O gün olsun günəşi olasan!
Səni öz doğma bacısı kimi sevən Həsən Turabov. 3 aprel 1971-ci il." - bu, həmin narahat vaxtlarda Vəfaya ünvanlanan xeyir-dualardandır.
İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesində Fəridə obrazı, Nəbi Xəzrinin "Sən yanmasan..." əsərində Tənzilə, "Əks-səda"da Xəyalə, Bəxtiyar Vahabzadənin "Yollara iz düşür"ündə Göyərçin, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Nəriman Həsənzadənin "Atabəylər"ində Narınc xatun, Hüseyn Cavidin "İblis"ində Rə’na və s. və i.a.
Televiziya tamaşalarındakı işləri də - Mehdi Hüseynin "Alov"unda Rəfiqəsi, İslam Səfərlinin "Göz həkimi"ndə İradəsi, İlyas Əfəndiyevin "Atayevlər ailəsi"ndə Lətafəti onu Vəfa Fətullayeva zirvəsinə aparan pillələr oldu.
Amma rollar nə qədər çox olsa da, ilk çıxış heç vaxt yaddan çıxmadı, unudulmadı ilk məhəbbət kimi.
Vəfa artıq bu sənətdə özünü doğma sanırdı. Onu görür, dəyərləndirirdilər. Təəssüf ki, filmlərə demək olar ki, çəkilməyib Vəfa. "Firəngiz" adlı bədii televiziya filmində Firəngizdən başqa onun kinoda elə bir işi olmayıb.
Firəngizi o dəyərləndirir və sevirdi. Bəlkə də kinoda ilk işi olduğundan. Qeydlərində Firəngiz haqqında yazırdı:
"Mən kino sahəsində ilk addımımı mürəkkəb yüksək insani hisslərə malik olan Firəngiz obrazı ilə atmışam. Qadın səmimiyyəti, qadın məlahəti ilə bərabər Firəngizdə sərtlik, amansızlıq və barışmazlıq da var. Onun bu xüsusiyyətlərini ekranda canlandırmaq ifaçıdan böyük məs’uliyyət və məharət tələb edirdi. Əlbəttə, bu haqda əsl sözü tamaşaçılar özləri deyəcəklər.".
Bir yaz mövsümündə açan tək güldün,
Bəs niyə belə tez soldun, ay Vəfa?
Bəlkə bu dünyanı vəfasız bildin,
Axıb ürəklərə doldun, ay Vəfa...
- bu misralar Vəfa Fətullayeva ifasının, sənətinin vurğunu olan şairə xanım Xuramanın onun xatirəsinə ithafən yazdığı şe’rdəndir.
Həyatın qəribə dönüşləri var. Kiminin qabağına çıxır,
kimininsə yanından ötür. Bu qəribə dönüş Hökümə xanımın taleyində idi, yoxsa Vəfanın, demək çətindir. Çün ana-balanın həyatı bir-birində o qədər qaynayıb-qarışmışdı ki, onları ayırmaq çətindi. Kədərli qəribəlik isə budur ki, Hökümə xanımın öz yeri üçün yetişdirdiyi Vəfa anasını qabaqladı. Bu dəfə hökmlü Hökümə xanımın istəyi ilə hesablaşmadan, onunla məsləhətləşmədən qabaqladı. Vəfa anasından əvvəl dünyasını dəyişdi və sanki yeniyetməliyindəkitək sərbəstliyinin, özəlliyinin təsdiqi mə’nasında, sonuncu cəhdini etdi. Bu dəfə onu dayandırmağa Hökümə xanımın qüvvəsi çatmadı...
"Vəfanın qırxı çıxmamış mən onun haqqında veriliş hazırladım. Verilişin adı belə idi - "Ömür vəfa etsə idi". Hökümə xanım verilişi görəndən sonra məni qucaqlayıb ağladı." - Hafiz Fətullayev belə xatırlayır.
Vəfa Fətullayeva 1987-ci ilin mayında dünyasını dəyişdi. İki ay sonra Nüsrət Fətullayev, bir il sonra isə Hökümə xanım vəfat etdi.
Bu kədərli qismətə həmin günün tarixini yazan Nəriman Həsənzadənin misraları ilə nöqtə qoyuruq:
Nigaran gözlərdə
qəm oxuyuram,
Gəlib tabutuna
çiçək qoyuram,
sənə gül verdiyim
düşür yadıma.
Yatıbsan, çətindi
səni oyatmaq,
adın dil-dil gəzir
şəhər içində.
Sonuncu rolundu
tabutda yatmaq,
burda da itibsən
güllər içində.
|