Pauza

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#89(313) 
İsrail Xəzərə "baxır"...
  Türkiyə isə İranın hərəkətlərinə birmə`nalı qiymət verməyə tələsmir

Hövzədəki mübahisəli situasiyanın kəskinləşmə istiqamətində inkişafına çalışanların bu prosesdən öz mənafeləri xeyrinə istifadə etmək niyyətləri aşkardır. Odur ki, Azərbaycan bu mübahisədə ona edilən həmrə`ylik və dəstəyin mahiyyətinə diqqətlə varıb onun doğuracağı fəsadları axıracan göz önünə almalıdır.
Xəzərdə İranla Azərbaycan arasında davam edən mübahisə və Tehranın nümayiş etdirdiyi təhdid elementlərinə indiyədək münasibət bildirmiş ABŞ və Türkiyə ötən həftəsonu növbəti diplomatik addımlar atdılar. Hər iki ölkənin Azərbaycanla strateji tərəfdaşlığı, üstəlik onların mübahisə doğuran "Alov" strukturu üzrə beynəlxalq müqavilədə önəmli pay (kapital) sahibi olmaları bu cür addımları zəruri edir. Digər yandan, Bakı da bu addımlar fonunda İranla mükalimədə özünü daha arxayın hiss edir. Azərbaycanın İranın təhdidlərinə seyrçi qalmayıb adekvat cavab verəcəyi barədə ARDNŞ-in 1-ci vitse-prezidenti İlham Əliyevin və ölkə hərbiyyəsi rəhbərliyinin (HHQ komandası səviyyəsində) son bəyanatları da buna sübutdur. ABŞ Dövlət Departamentinin yeni (sayca ikinci) bəyanatında Azərbaycanın Xəzərdəki fəaliyyətinin təqdir olunması və dəstəklənməsi, İranın isə qeyri-konstruktiv hərəkətlərinin pislənməsi daha konkret ifadə olunub. Bir qədər əvvəl XİN sözçüsünün dili ilə bəyanatla çıxış edən Türkiyə də məsələyə münasibətini konkretləşdirib. Türkiyə XİN tərəfindən İranın Ankara böyükelçisi Hüseyn Lavasaniya təqdim olunan rəsmi notada İranın güc tətbiqi və bu yöndə təhdidlərinin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olduğu bir daha diqqətə çatdırılır. Türkiyə bu nota ilə İrana eşitdirir ("Azərbaycan bizim dost və qardaş ölkəmizdir") ki, Tehran Bakıya qarşı təhdidlərini davam etdirsə, qarşısında Türkiyəni görəcəkdir və Ankara vaxtilə İraqın Küveytə qarşı etdiyinin Xəzərdə təkrarlanmasına qətiyyən yol verməyəcək.
Təbii ki, bu nota Azərbaycan üçün çox əhəmiyyətlidir. Lakin Türkiyəni İranla münaqişəyə çəkmək istəyən digər qüvvənin motivi bu əsnada maraq doğurur. Tehran-Bakı münasibətlərindən mütəmadi olaraq öz xeyrinə bəhrələnməyə çalışan İsrail diplomatiyasının son addımı bu qəbildəndir. Baş nazir Ariyel Şaronun İrana qarşı İsrail-Türkiyə-Azərbaycan alyansını işə salmaq barədə təklifini məhz indi səsləndirməsi təsadüfi deyil. İsrail premyeri bu təkliflə ötən həftə Türkiyədə rəsmi səfərdə olarkən çıxış edib. Türkiyə KİV-nin yazdığına görə, Ariyel Şaronun mülahizələri rəsmi Ankara tərəfindən soyuq qarşılanıb. Bununla belə, Şaronun Türkiyə rəsmiləri ilə qapalı danışıqlarında müzakirə predmeti olmuş məsələ mediayaya yol tapıb və artıq ictimai rə`yin mövzusudur. Odur ki, onun mahiyyəti barədə bə`zi məqamları vurğulamaq vacibdir.
nİsrail baş naziri Türkiyəyə Fələstinlə münaqişənin ən kritik vaxtında və deməli, siyasi dəstək axtarışı ilə gəlmişdi. Çünki Türkiyə Yaxın Şərqdə İsrailin "stavka" edə biləcəyi yeganə və ciddi müttəfiqdir. Xüsusilə iki ölkənin hərbi-texniki, təhlükəsizlik və xüsusi xidmət sahəsində əməkdaşlığı son illər vüs`ət alıb. İsrail hərbiyyəsinin qabaqcıl texnologiyası üzrə Türkiyənin hərbi maşınları modernizə edilir, öz növbəsində Türkiyə hərbi poliqonları tez-tez İsrail HHQ sisteminə "icarəyə" (sınaq manevrləri üçün) verir. Türkiyə xüsusi xidmətinin illərdən bəri axtardığı Abdullah Öcalanın tutulmasında da "Mossad"ın xüsusi rolu olub.
Lakin Türkiyə Fələstin-İsrail münaqişəsində real vasitəçi olmaq üçün Türkiyə İsraillə tərəfdaşlığında çox dərinə gedə bilməz. Ariyel Şaronun Türkiyədə İran faktorunu önə çəkməsi də sadəcə, Təl-Əviv-Ankara münasibətlərini qabartmaq niyyətindən doğmayıb. Odur ki, İsrail premyeri İranı birgə "vurmaq" təklifini məhz Bakı-Tehran münasibətləri kontekstində səsləndirib. Axır vaxtlar İranın Xəzərdəki təzyiqləri qarşısında Azərbaycanın siyasi müttəfiq arayışı təbiidir. Təl-Əviv də bu məqamı öz prizmasından dəyərləndirərək Bakıya dəstəyini təklif edir və Ankaranı da çox incə seçim qarşısında qoyur. İsrailin qənatinə görə, əgər İran Azərbaycanı küncə sıxırsa, o zaman Türkiyənin Bakıya qahmarlıq etməsi zəruri olduğu qədər Təl-Əvivin də bu tərəfdaşlığa qoşularaq İrandan heyfini çıxması təbii görünməlidir.
İlk baxışdan təklif cəlbedici görünə bilər:
Azərbaycan-Türkiyə-İsrail üçlüyü İranı yerində oturtmaq gücündədir. Amma bu, böyük siyasətin dolaylarını və belə addımın mürəkkəb fəsadlarını öncədən dəyərləndirməyi bacarmayanlar üçün cazibədar ola bilər. Gerçəkdə isə İsrailin sözügedən təşəbbüsü Azərbaycan (və Türkiyə) üçün diplomatik təxribat səciyyəsi daşıyır. Bu cür alyans (hətta siyasi müstəvidə) ortaya çıxarsa, tək qazanan tərəf İsarail olacaq. Çünki özünün ən böyük düşməninə (İran) qarşı müsəlman Türkiyəsi və Azərbaycanın qismində ciddi sipər qazanan İsrail mühüm siyasi dividend əldə edir. Əvəzində bu cür anlaşma Bakının Tehranla münasibətlərini açıq böhrana salar və Xəzərin statusu üzrə hüquqi dartışmanı hərbi-siyasi münaqişə müstəvisinə çəkərək onu daha da qəlizləşdirər. Digər yandan, Azərbaycanın mövqeyinin hövzənin iki iri dövləti (Rusiya və Qazaxıstan) tərəfindən dəstəklənməsi artıq faktdır. Yə`ni Bakı Xəzər problemini əbəs yerə böyütmək istəmir və onu elə beş hövzəyanı dövlətin münasibətləri zəminində tənzimləmək imkanlarına malikdir və bu prosesə kənar qüvvələrin düşünülmədən cəlb edilməsi vəziyyəti yalnız ağırlaşdıra bilər. Azərbaycana indiki situasiyada kənardan siyasi (beynəlxalq) dəstək və həmrə`ylik kifayətdir. Onu da istər ABŞ, istərsə də Türkiyə artıq bəyan edib. Regional və beynəlxalq imici kifayət qədər mübahisəli olan İsrailin bu prosesə qoşulması həm "yuyulmamış qaşıq" effekti yaradar, həm də Xəzərdəki beynəlxalq-hüquqi mübahisəyə tamamilə lazımsız münaqişə elementi (Yaxın Şərq konflikti) qata bilər.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd