|
|
|
|
#89(313)
|
 |
...Bir anlığa hər gün qarşınızda açılan süfrəni göz qabağına gətirin: meyvə və tərəvəz (təbii şəkildə) süfrədə şahlıq edirmi? Böyük əksəriyyətiniz "yox" deyəcəksiniz. Aydın olacaq ki, süfrəyə ağ çörək, ət və un xörəkləri, kolbasa, yağ-pendir, şirniyyat və s. düzülüb. Ən yaxşı halda bir-iki xiyarın qabığını soyub, bu "zəhər dağı"nın yanına qoyurlar. "Dağ" bir göz qırpımında əriyir, zavallı xiyar isə böynübükük qalır. Göy-göyərti də onun kimi... Halbuki tərəvəzi xörəyə əlavə kimi yox, xörəyi tərəvəzə əlavə kimi yemək lazımdır.
Burada qarınqululardan tez-tez eşitdiyim bir "arqument" yada düşdü. Meyvə və tərəvəzlə qidalanmağı məsləhət görəndə, mənə gülüb deyirlər: "Nə danışırsan! İnsan doyunca çörək, ət, yağ yeməsə, yaşaya bilər? Heyimiz olmaz, ayaqlarımızı uzadıb ölərik".
Mənim də öz arqumentlərim var:
1. Otuz kişinin cavabını verməyə qadir olan Qorilla, dünyanın ən güclü canlısı fil nə çörək yeyir, nə də ət-yağ. Heç şokolad, tort, mürəbbə də yemir. Bəs onlar bu qədər gücü, enerjini haradan alırlar?
2. Bizə ət və süd verən inək, qoyun, keçi həmin qidaları haradan toplayır? Otdan, yarpaqdan. Deməli otda, yarpaqda, tərəvəzdə, meyvədə, tumlarda kifayət qədər ət və yağ var.
3. Bəs nə üçün mən ət-yağ, çörək şkolad və s. yemədiyim halda, ayağımı uzadıb ölmürəm? Üstəlik, səhər saat 6-da stadiona gedirəm, 8 kilometr məsafəni asta addımlarla qaçıram, Nişinin mürəkkəb təmrinlərini yerinə yetirirəm, gündə 15-20 səhifə yazı yazıram, yeni kitablar oxuyuram, ev işləri görürəm, xəstələri qəbul edirəm, şahmat oynayıram, dost-tanışla söhbət edirəm, balaca bağçamın qulluğunda dururam, çöl-bayırda otlar yığıram... Hamısı da bir gündə. Mənə bu gücü, enerjini, həvəsi verən meyvə və tərəvəzlərdən aldığım Günəş enerjisi, təbii zülallar, yağlar, nişastalar, vitaminlər və duzlardır.
Maddi çətinliyi bəhanə edənlərə xatırlatmaq istəyirəm ki, təbii qidalanma maddi cəhətdən də çox sərfəlidir. Çətinliklə qazandığı pulu meyvə-tərəvəzə verən adam, onları düzgün qəbul etdikdə, pulunu təmiz qana çevirmiş olur. Belə adamın həkimə, dərmana, ekstrasensə, falabaxana, mollaya və s. ehtiyacı olmur. Öz pulunu "ölü" qidalara verib, qanını zəhərləyən insan isə külli miqdarda vəsait xərcləyib bəladan qurtarmağa çalışır, amma buna nail ola bilmir. Zəhərlənmə prosesi davam etdiyi və gücləndiyi üçün çəkilən xərclərin miqyası da get-gedə artır.
Qidalar haqqında söhbətimizə yekun vuraraq, aşağıdakı nəti cələri çıxarmalıyıq:
1. "Ölü" qidaları süfrədən çıxarmaq - sağlamlığın rəhnidir.
2. Menyüdə "ölü" qida "diri" qidanın, ən azı, dörddə birini təşkil etsə, çox zərər verməz.
3. Süfrədə meyvə və tərəvəzin, qoz-fındığın, tumların şahlığını yaradan ailə sağlamdır və xoşbəxtdir.
4. Meyvələri tərəvəz salatından 30-60 dəqiqə əvvəl yemək vacibdir, əks halda qidalar çürüyəcək. Qida qəbul edərkən su içməyin.
İndi papağınızı qabağınıza qoyun və yaxşı-yaxşı fikirləşin:
Hansı yolla getmək sərfəlidir - xəstəlik, yoxsa sağlamlıq yolu ilə?
P.S. Müəllif oxucuların bütün suallarına cavab verməyə hazırdır. Kontakt telefonu: 75-74-82/Bakı, hər ayın 20-dən 30-dək/, 5-21-37 /Quba, ayın 1-dən 20-dək/, mobil (850)316-81-97. Redaksiyaya məktub yaza bilərsiniz.
Almaniyanın iri əczaçılıq şirkəti "Bayer" özünün ən populyar dərmanlarından birinin bütün dünyada satışının dayandırıldığını bəyan edib. Bu qərar "Baycol/Lirobay" adlanan və qanda xolesterinin səviyyəsini aşağı salan preparatın tətbiqinin ölüm hallarına səbəb olması barədə mə’lumat alındıqdan sonra qəbul olunub.
ABŞ Qida Məhsulları və Dərmanlar İdarəsinin mə’lumatına görə, təkcə bu ölkədə həmin təhlükəli preparatla bağlı 31 ölüm hadisəsi qeydə alınıb. Preparatın əzələ ağrısı, ümumi halsızlıq, qusma, hətta qara ciyərin və digər orqanların fəaliyyətinin dayanması kimi bir sıra əks effektlər törətdiyi də aşkara çıxıb.
Mütəxəssislərin rə’yinə görə, belə hallar statin qrupuna daxil olan preparatların hamısı üçün səciyyəvidir, lakin bunlara "Baycol"un (kimyəvi adı serivastatindir) qəbulu zamanı daha tez-tez rast gəlinir.
"Bayer" şirkətinin pres-relizində bildirilir ki, əks effektlər və ölüm halları serivastatinin hemfibrozil preparatı ilə birlikdə qəbulu zamanı baş verə bilər. Halbuki, "Lirobay"ın yaddaşçasında belə tə’yinatın yolverilməzliyi göstərilib.
Hər halda şirkət pasiyentlərin həyatını təhlükədə qoymamaq üçün "Lirobay" preparatını satışdan çıxarmağa üstünlük verib.
Polşanın Milli Sağlamlıq İnstitutunda çalışan həkimlərin qrafoloqlar (xəttşünaslar) və psixoloqlarla birlikdə hazırladıqları test adamların bə’zi xəstəliklərə meylliyini onların yazı xəttinə əsasən müəyyənləşdirməyə imkan verir.
***
Beləliklə:
Heç bir cizgisi və daması olmayan tərtəmiz ağ vərəq götürün, onun üzərində karandaşla və ya diyircəkli qələmlə adət etdiyiniz qaydada 10 sətrə yaxın yazı yazın. Sonra aşağıdakı cədvəllə öz xəttinizi qiymətləndirin.
Xəttin ümumi keyfiyyəti:
Bütün sözlər səliqəsiz yazılıb - 3
Qarışıq üslubdadır, yarısı səliqəlidir, yarısı səliqəsiz - 8
Bütün sözlər səliqəli yazlıb - 12
Sözlərdə hərflərin birləşdirilməsi:
Hərflərin, demək olar ki, hamısı bir-birindən aralıdır - 22
Hərflərin, demək olar ki, hamısı bir-biri ilə birləşdirilib - 18
Qələmin kağıza sıxılması:
Güclüdür (kağızı "əzib") - 20
Orta həddədir - 14
Zəifdir (kağıza ehmallıca toxunub) - 7
Sətirlərin istiqaməti:
Getdikcə aşağı düşür - 0
Bərabərdir və düzdür - 11
Yuxarı qalxır - 15
Hərflərin forması:
Güncşəkillidir - 18
Qeyri-müəyyən formadadır - 9
"Dəyirmi"dir - 8
Hərflərin duruşu:
Düz yazılıb - 9
Çox sağa əyilib - 5
Azca sağa əyilib - 13
Azca sola əyilib - 4
Çox sola əyilib - 1
Hərflər:
Böyükdür (7 mm-dən yuxarı) - 19
Orta ölçüdədir (5-7 mm) - 16
Kiçikdir (3-5 mm) - 6
Xırdadır (3 mm-dən aşağı) - 2
Toplanmış xalların miqdarına əsasən hansı xəstəliyə meylli olduğunuzu müəyyənləşdirin:
48 xaldan az.
Belə xətt yaşlı adamlar və immun sistemi tamamilə zəifləmiş şəxslər üçün səciyyəvidir.
48-72 xal. Bu adamlar müxtəlif nevrozlardan əziyyət çəkirlər. Piylənməyə, allergiyalara, mə’də-bağırsaqda problemlərə meyllidirlər. Əsasən, az hərəkət edir və belə həyat tərzinin acı bəhrəsini dadırlar.
72-95 xal.
Dayanıqlı psixikaya malik insanlardır. Tez-tez soyuqdəyməylə xəstələnirlər, yaxşı yata bilmirlər. Endokrin xəstəliklərinə və infarkta meyllidirlər.
95-105 xal.
Belələri üçün yüksək arterial təzyiq səciyyəvidir. Çox vaxt həkim məsləhətinə əməl etmirlər. Artritlərə və diabetə meyllidirlər.
105 xaldan çox.
Bu xətt davakar adamlara xasdır. Onlar mə’də xorasından və ürək xəstəliklərindən əziyyət çəkirlər. Belələrində müxtəlif stimulyatorlardan (alkoqol, narkotik, sakitləşdirici preparatlar) asılılıq müşahidə edilir.
Yayın isti günlərində bir və ya bir neçə bardaq pivə cana təkcə sərinlik deyil, həm də fayda gətirir. Öz sağlamlıqlarının qədrini bildikləri üçün bütün qidaların xərçəngə tə’sirini çox ciddi şəkildə araşdıran yaponlar bunu bir daha təsdiqləyiblər.
Yaponiyalı təbiblərin apardığı araşdırmalar göstərib ki, pivə içən şəxslər şiş xəstəliklərinə daha az tutulurlar. Alimlər pivənin tərkibində xərçəng toxumalarını məhv edən maddə olduğunu aşkarlayıblar. "Xumulon" adlandırılan bu maddə, həmçinin, sümüklərdə kalsium toplanmasına yardım göstərir, D vitaminin tə’sirini gücləndirir və osteoporozun, sınıqların müalicəsində istifadə edilə bilər.
Ümuiyyətlə, pivənin tərkibi bioloji cəhətdən faydalı aktiv maddələrlə zəngindir. Sağlamlığınızın imkan verdiyi qədər bu içkidən istifadə etsəniz, ziyan görməzsiniz.
|